NATO-dan qorxunc Rusiya açıqlaması

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə sülh razılaşmasının şərtlərini yenidən açıqlayıb.
Yenixeber.org: O bu barədə Macarıstan KİV-nə müsahibəsində danışıb.
"Rusiyanın irəli sürdüyü şərtlər aydındır. Buraya Ukraynanın hərbsizləşdirilməsi və “denasifikasiya” olunması, torpaq məsələsində Rusiyaya qarşı irəli sürülən tələblərin geri götürülməsi, sanksiyaların ləğvi, dondurulmuş Rusiya aktivlərinin geri qaytarılması aiddir. Kiyev hakimiyyəti “Cənub-Şərqi Ukraynanın vətəndaşları adından danışa bilməz” və buna görə də ərazi bütövlüyü prinsipinin tətbiqinə iddia edə bilməz".
Lavrovun sözlərinə görə, bu şərtlər sülh sazişində yazılmalıdır. Rusiya bundan başqa heç bir varianta razı olmayacaq.
Xatırladaq ki, bir müddət əvvəl, ABŞ prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
ABŞ Prezidenti telefon danışığından sonra ümidlərinin puç olduğunu deyib.
“Mən prezident Putinlə olan söhbətdən ciddi məyus oldum. Düzünü desəm, onun dayanmaq niyyəti yoxdur. Bu çox pisdir. O bu müharibəni dayandırmaq istəmir kimi görünür”, - deyə Tramp bildirib.
NATO-nun təhlilinə görə, Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir. Alyansın məlumatına əsasən, Rusiyanın iqtisadiyyatı tam şəkildə müharibəyə yönəlib, Kreml maliyyə vəsaitlərini hərbi sahəyə yatırır və daxili sosial problemləri təbliğatla gizlədir.
Müharibə Araşdırmaları İnstitutunun (ISW) ekspertləri hesab edir ki, Rusiya daha 12-16 ay fasiləsiz müharibə aparmaq gücünə malikdir. Büdcə və hərbi-texniki imkanlar bu dövrə qədər yetərlidir.
İyun ayının 24-də Rusiya prezidenti Vladimir Putin federal büdcəyə dəyişikliklər edib. Yeni dəyişikliklərdə büdcə kəsirinin artdığı görünür. Məsələn, neft və qazdan gələn gəlirlərin payı təxminən 25 faiz azalıb. Plana görə 10,8 trilyon rubl gəlir əldə olunmalı idi, lakin bu rəqəm yalnız 8,3 trilyon rubla çata bilər. Bu da müharibənin maliyyələşməsinə təsir göstərəcək.
Bundan əlavə, Rusiyanın Milli Rifah Fondunun vəsaiti 2022-ci ildən bəri 2 dəfə azalıb. Ekspertlər bildirirlər ki, büdcə kəsiri artmaqda davam edərsə, fondun vəsaiti 2027-ci ilə qədər tükənə bilər.(modern)