Paşinyan Arutyunyandan Azərbaycana tabe olmağı tələb edib -Praqa görüşünün gizlinləri ortaya çıxır
Ermənistan baş naziri Nikol Paşinyan Arayik Arutyunyanla son söhbətində rəsmi İrəvanın Qarabağı Azərbaycanın bir hissəsi kimi gördüyünü bəyan edib və bildirib ki, “Qərb Azərbaycanın tərkibində Qarabağ erməniləri üçün müəyyən status əldə etməyə söz verib”.
Yenixeber.org: Məlumatı erməni sosial media orqanları yayıb.
Məlumata görə, Paşinyan həmçinin bəyan edib ki, Ermənistan Qarabağa pul verir və İrəvandan bundan daha artığını gözləmək lazım deyil.
Nikol Arutyunyanı Bakı ilə qarşılıqlı anlaşmaya və inteqrasiya etməyə çağırıb. Arutyunyan bu yanaşmaya etiraz edib.
Paşinyanla Arutyunyan arasındakı söhbət yüksək tonlarda baş tutub.
Erməni qaynaqlarının iddiasına görə, Xandəndindən Azərbaycana tabe olmağı tələb edən təkcə Bakı deyil. Rəsmi İrəvan da eyni tələbi irəli sürür və bu da faktiki olaraq Qarabağın erməni əhalisinin ərazini boşaltdılması deməkdir.
“Görünür, ona görə də Laçın dəhlizi bağlanıb, çünki Praqada Nikol və Əliyev Laçın dəhlizinin statusunu redaktə ediblər, onu tamamilə gündəmdən çıxarıblar”, - erməni analitiklər belə düşünür.
Qeyd edək ki, Praqa görüşü ötən ilin oktyabr ayının 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Macron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilmişdi. Görüşdən sonra verilən bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər.
Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, ilin sonuna kimi Ermənistanla sülh sazişi imzalana bilər.
Bu bəyanatdan aydın olur ki, Praqa görüşündə Paşinyan həqiqətən Qarabağı Azərbaycanın ərazisi kimi tanımaqla razılaşıb və ermənilərin iddialarından vaz keçib. Azərbaycan Prezidentinin açıqlamaları göstərir ki, Laçın dəhlizindən imtina isə Münxen görüşündə baş tutub. ABŞ Dövlət Departamentinin sədri Antoni Blinkenin təşəbbüsü ilə keçirilən görüşdən sonra İlham Əliyev media qurumlarına verdiyi müsahibəsində demişdi: “Eyni zamanda bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi. Yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etmək üçün.
Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik”.
Görünür, Nikol Paşinyanın Münxen görüşündə istədiyi möhlət müddəti başa çatıb və o, Ermənistanın boynuna götürdüyü öhdəliyi Qarabağ ermənilərinin lideri Arayik Arutyunyana açıqlamaq məcburiyyətində qalıb.