İfrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludan ötən həftə Türkiyənin Stokholm səfirliyi qarşısında keçirdiyi qalmaqallı aksiyadan sonra Danimarkanın paytaxtı Kopenhagendə eyni təxribatı edib.
Yenixeber.org: O, Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında və məscidə yaxın ərazidə polisin mühafizəsi altında Quran yandırıb. Danimarkanın Ankaradakı səfiri Denni Annan Xarici İşlər Nazirliyinə çağırılıb və açıq şəkildə nifrət cinayətlərini ehtiva edən təxribat xarakterli hərəkətə yol verilməsi ən sərt şəkildə pislənib.
Müqəddəs kitaba qarşı bu cür hörmətsizlik bütün dünyada müsəlmanları ayağa qaldırıb. Pakistan, İraq, Livan və Əfqanıstanda keçirilən etiraz aksiyaları zamanı insanlar əllərində Quranla küçələrdə gəziblər. Beyrutda 200 qəzəbli nümayişçi İsveç və Hollandiya bayraqlarını yandırıb, Pakistanda isə etirazçılar polis tərəfindən dayandırılıb.
İsveç mediası Paludanın hərəkətinin və İsveçin NATO prosesindəki fasilənin hökumətdə çatlar yaratdığını iddia edib.
İsveç televiziyası SVT-nin internet saytında dərc olunan təhlildə baş nazir Ulf Kristerssonun müqəddəs kitabı yandırılan müsəlmanlara rəğbətinin İsveç Demokratlar Partiyasının (SD) lideri Cimmi Akessonun reaksiyasına səbəb olduğu yazılıb.
SVT-nin məlumatına görə, Cimmi Akesson ifadə azadlığını məhdudlaşdırmaq istəyənlərə rəğbət bəsləməyin “təhlükəli” olduğunu deyib. Eyni partiyanın digər üzvü, Məhkəmə-Hüquq Komitəsinin rəhbəri Riçard Comşof daha da irəli gedib və qalmaqallı ifadələr işlədib.
“Dagens industri”yə müsahibə verən Comşof deyib ki, Qurani-Kərimi yandırmaq ifadə azadlığını həyata keçirmək üçün yanlış bir üsul olsa da, Türkiyə bunu daha da şişirir.
O 100 Quran yandırmaq barədə çağırış da edib. “Əgər pis olurlarsa, 100 dənə də Quran yandırın”.