Yenixeber.org: Ermənistan Milli Assambleyasının “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Arsen Torosyan Qarabağ separatçılarının “müstəqilliyinin” tanınması cəhdlərinin perspektivsizliyi ilə bağlı bəyanat verib.

“2020-ci il müharibəsindən sonra yaranan status-kvo təhlükəlidir. Biz həmişə öldürülmək təhlükəsi altında yaşamaq istəyirik, yoxsa münaqişəni həll etməliyik? Bunun üçün 30 ildir müharibə və hərbi münaqişə şəraitində yaşayan erməni və Azərbaycan xalqlarının yaralarını sağaltmaq, düşmənçiliyi dərinləşdirməmək lazımdır. 25 min qurban verən, 600 min qaçqını olan Azərbaycan 1994-cü ildə müharibədə yara almışdı. Yoxsa qurbanlar yalnız bizik? Azərbaycanlılarla uzunmüddətli ədavət aparmaq bizim üçün tələdir. Biz düşmənçiliyi qızışdırmamalıyıq. Dövlət əvvəlki illərdə “Artsaxın” (Qarabağ – red.) müstəqilliyinə nail ola bilməyərək uğursuzluğa düçar olub. Bu fikir özünü aldatma idi. “Artsaxın” müstəqilliyini tanımaq şansları yoxdur və heç vaxt olmayıb. Biz çalışırıq ki, mina və ya gecikən partlayış “Artsax” probleminin həllinə çevrilməsin”, – deyə deputat bildirib.

Ümumilikdə götürdükdə, Torosyanın fikri olduqca sağlam düşüncədir. Onun Azərbaycanla sülh yolunda ən azı müəyyən addımlar atan hakim partiyadan olması təəccüblü deyil. Ancaq sual başqadır – Torosyanın fikri Ermənistan cəmiyyətində nə dərəcədə dəstəklənə bilər? Yoxsa onu hələ də marjinal qrupuna daxil etməliyik? Və yaxın gələcəkdə Ermənistan sakinlərinin ən azı yarısının öz dünyagörüşünü oxşar şəkildə dəyişəcəyinə ümid etmək olarmı? Bunun üçün ilkin şərtlər varmı?

“Qafqaz” Siyasi Təhlil Mərkəzinin direktoru Əhməd Əlili bildirib ki, cənab Torosyanın fikrini yeni və qeyri-adi adlandırmaq olar. Çünki Azərbaycan cəmiyyəti Ermənistan nümayəndələrindən belə bəyanatlar eşitməyə öyrəşməyib.

“Uzun müddət sülhməramlı missiya ilə məşğul olan biri kimi deyərdim ki, biz adətən diaspora ilə sıx bağlı olan rəsmilərin, diaspor nümayəndələrinin, ekspert dairələrinin fikirlərini eşidirik. Demək istəyirəm ki, biz Ermənistanın sadə sakinlərinin baş verənlərə baxışı ilə praktiki olaraq tanış deyilik. Bir dəfə Jirayr Liparityan (erməni və amerikalı diplomat, Ermənistan prezidentinin keçmiş müşaviri) bir vacib şeyi çox düzgün ifadə etmişdi – Ermənistanda erməni olmaq diaspordakı erməni olmaqdan tamam fərqlidir. Onun sözlərinə görə, Ermənistanda erməni olmaq “daimi işdir”, diaspora erməniləri isə yalnız şənbə-bazar günləri vətənpərvər erməni ola, müvafiq şüarlar səsləndirə bilirlər. Qalan günlərdə isə yaşadıqları ölkələrin cəmiyyətinin həyatına cəlb olunurlar. Onlar Rusiyada, ABŞ-da, Fransada öz işləri, ailələri ilə məşğuldurlar. Ona görə də, diaspora erməniləri adətən verdikləri bəyanatların nəticəsini hiss etmirlər.

Amma Ermənistanda yaşayan erməni şənbə və ya bazar günü radikal vətənpərvərlik şüarları səsləndirib, bazar ertəsi isə hər şeyin yaxşı olacağı yerə, o cümlədən qonşuluqda yaşayan azərbaycanlılarla, türklərlə və s. münasibətləri yaxşı olan yerə qayıda bilməz”, – ekspert bildirib. 

Əlili bildirir ki, Ermənistan ermənilərinin fikirləri çox spesifikdir və bizim bununla bağlı tam təsəvvürümüz yoxdur. 

“Çox vaxt guya erməni cəmiyyətinin media vasitəsilə bizə ötürülən fikirlərini də diasporun resursları yaradır. Ona görə də hesab edirəm ki, cənab Torosyanın səsləndirdiyi fikir Ermənistanın adi sakinlərinin nöqteyi-nəzəridir. Bu, öz qayğıları və idealları ilə yaşayan hakim elitanın və ya məmurların fikirləri deyil. Bu, şəhərin mərkəzində daşınmaz əmlakı və bütün mümkün maddi nemətlərə çıxışı olan İrəvan sakinlərinin fikri deyil. Başqa bir Ermənistan var və cənab Torosyan onun fikirlərini səsləndirdi.

Hesab edirəm ki, bu fikri Nikol Paşinyan səsləndirməli idi. O, ölkəsini sülh yolu ilə aparmalı idi. Amma çox təəssüf ki, onun yolunu azdığını görürük. Diasporun təsiri, kənar oyunçuların ona təsiri çox güclü oldu və biz artıq ondan Ermənistanın baş naziri seçilməzdən əvvəl səsləndirdiyi bəyanatları eşitmirik”, – deyə politoloq yekunlaşdırıb.(pressklub) 

Rauf Orucov