Sabah İspaniyanın paytaxtı Madriddə NATO-nun növbəti sammiti işə başlayır. Sammitdə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Stoltenberqin dəvəti ilə iştirak edəcək.
Yenixeber.org: Bu gün Ərdoğan Madriddə dördtərəfli sammitdə NATO-ya üzv olmaq istəyən, lakin Türkiyənin veto kartı ilə üzləşən Finlandiya və İsveç liderləri ilə də görüşəcək. Türkiyə əvvəlcədən bu iki ölkə ilə bağlı təhlükəsizlik narahatlığının həll edilmədiyini bildirib.
Madrid sammitinin Soyuq Müharibədən sonra NATO üçün ən kritik görüşlərdən biri kimi tarixə düşəcəyi gözlənilir. Dünyanın diqqət mərkəzində olan iclasda Alyans üçün yeni qərarların və güclü mesajların veriləcəyi proqnozlaşdırılır.
Türkiyə öz növbəsində problemin aradan qaldırılması üçün diplomatik səyləri son dəqiqəyə qədər davam etdirəcəyini diqqətə çatdırıb.
NATO-nun baş katibi Yens Stoltenberq görüşdən əvvəl tərəfləri bir araya gəlməyə dəvət edib. Bütün tərəflər dəvəti müsbət qarşılayıb. Bu kontekstdə bu gün sammitin özü qədər kritik olan dördlü zirvə toplantısı keçiriləcək. Görüşdə prezident Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinisto, İsveçin Baş naziri Maqdalena Andersson və Stoltenberq iştirak edəcək.
Sammitdə Türkiyə hansı mövqedə çıxış edəcək?
Türkiyə indiyədək aparılan danışıqlarda öz mövqeyini açıq şəkildə nümayiş etdirib. Ankara iki ölkənin terrorla mübarizə mövqeyində nəzərəçarpacaq dəyişiklik görmək istəyir. Bu dəyişikliyi görmək üçün hər iki ölkədən konkret addımlar atmağı və gözləntiləri qarşılayacaq, qeydə alınacaq öhdəliklər götürməsini tələb edir. İstər İsveç, istər Finlandiya, istərsə də digər NATO ölkələri Madrid Sammitində əhəmiyyətli irəliləyiş əldə etmək istəsələr də, Türkiyə bu görüşü son tarix və ya dönüş nöqtəsi kimi görmür.
Dünən mətbuat konfransı keçirən Stoltenberq də gözləntiləri artırmaqdan qaçaraq ehtiyatlı ritorikadan çıxış edib. Türkiyənin narahatlığının aradan qaldırılmasının lazım olduğunu bir daha vurğulayan Stoltenberq, “görüşün məqsədi əlbəttə ki, irəliləyiş əldə etməkdir, lakin mən heç bir vəd verməyəcəyəm. Məqsəd irəliləyiş əldə etməkdir, bunun baş verib-verməyəcəyini söyləmək hələ tezdir" deyib.
Türkiyənin narahatlığını aradan qaldırmaq üçün Finlandiya ilə müqayisədə daha sıx səylər göstərən İsveç də sammit öncəsi diplomatik təmaslarını gücləndirib. Sammit üçün Madridə getməzdən əvvəl İsveç nümayəndəsi NATO-nun Brüsseldəki mənzil-qərargahında Stoltenberqlə görüşüb.
Görüşdən sonra birgə mətbuata açıqlamasında Andersson deyib ki, İsveç terror üçün təhlükəsiz sığınacaq deyil və olmayacaq. Aidiyyəti orqanlar təhlükəsizliyə təhlükə yarada biləcək şəxslərin deportasiyası üçün intensiv iş aparır və hazırda baxılan xeyli sayda iş var.Türkiyəyə qarşı silah məhdudiyyətlərinə toxunan Andersson bildirib ki, hər bir üzv eyni hüquqa malikdir və İsveç terror təşkilatlarında iştirakın kriminallaşdırılmasına yol açacaq konstitusiya dəyişiklikləri hazırlayır.
Türkiyə iki ölkənin NATO-ya üzv olmasına niyə qarşı çıxır?
Türkiyənin belə sərt reaksiyasının bir çox səbəbi var. Türkiyə son 40 ildə xarici güclərin aləti olan separatçı terror təşkilatı PKK ilə mübarizə aparır. PKK terror təşkilatının ən böyük maliyyə qaynaqlarından biri İsveç və Finlandiyadır. Türkiyənin tələblərinə baxmayaraq, həmin ölkələrdən FETÖ-çular ekstradisiya edilmir.
FETÖ və PKK terror təşkilatının bədnam terrorçuları bu iki ölkədə sərbəst gəzirlər və onların dəstəklədiyi PKK-ya bağlı 6 millət vəkili hazırda İsveç parlamentindədir. Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının sərhəddə (İraq və Suriya) həyata keçirdiyi əməliyyatlar zamanı PKK-nın istifadəsində olan çoxlu sayda İsveç istehsalı “At-4” reaktiv yaylım atəşi qurğusu ələ keçirilib. İsveç istehsalı olan “At-4” reaktiv yaylım atəşi sistemlərindən türk əsgərlərin şəhid olduğu hücumlarda istifadə edildiyi müəyyən olunub.
Bundan əlavə, İsveç və Finlandiyada terror təşkilatı PKK-ya dəstək mitinqlərinin keçirilməsinə icazə verilib. Belə ki, PKK terror təşkilatının üzvləri bu ölkələrdə asanlıqla Türkiyəyə qarşı mitinqlər, toplantılar və etirazlar keçirə bilir. Bunu bildiyi halda Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətinə razılıq vermək niyyətində deyil.
İsveç PKK ilə münasibətlərini o qədər inkişaf etdirib ki, bu ölkənin xarici işlər naziri Ann Linde 2020 və 2021-ci illərdə terror təşkilatının Suriya qolu YPG-yə səfər edib. Bununla kifayətlənməyən isveçli nazir YPG-yə ildə 376 milyon dollar verəcəklərini açıqlayıb. Türkiyənin düşməni Ann Linde Suriyanın şimalında YPG-yə qarşı başlatdığı hərbi əməliyyatlardan sonra Avropa Birliyi ölkələrinə "Türkiyəyə silah embarqosu qoyun, bu, sağ qalmaq və bir qruplaşmanın yaranmasının qarşısını almaq məsələsidir" deyib.
İsveç Türkiyəyə silah embarqosu qoyan ilk Avropa İttifaqı ölkələrindən biri olub. Açığı, terror təşkilatlarına ev sahibliyi etməsi, hər cür dəstək verməsi, hətta bəzən terror təşkilatlarının sözçüsü kimi çıxış etməsi və bir çox başqa səbəblərə görə Türkiyə bu ölkələrin NATO üzvü olmasını istəmir.(modern)