Yenixeber.org: Müsavat Partiyasının və Milli Şuranın üzvü, Qarabağ qazisi Tofiq Yaqublunun polis tərəfindən amansızlıqla döyülməsi cəmiyyətdə hiddət yaradıb. Yaqublu bildirir ki, onu təkrar-təkrar döydükdən sonra Ələt qəsəbəsinə yaxın sahibsiz əraziyə atıblar. O, qızı Nigar Həzi ilə əlaqə yaradandan sonra evinə qayıda bilib.
Yaqublu kamera qarşısına hər iki gözü, sifəti zərbələrdən şişmiş halda çıxıb. Onun üzündə işgəncə əlamətləri olan fotosu sosial şəbəkələrdə min dəflərlə paylaşılıb və hakimiyyətdən bu cinayəti törədənlərin cəzalandırılması tələb edilib. Daxili İşlər Nazirliyindən bildirilib ki, T. Yaqublunun döyülməsi ilə bağlı xidməti araşdırma aparılır. Amma günün sonuna qədər nazirliyin cinayət törətmiş polis əməkdaşları ilə bağlı hansı tədbirləri gördüyü barədə açıqlama verilmədi.
Bəs bu hadisənin hüquqi və siyasi məsuliyyəti nədən ibarətdir? Qanunvericilik kütləvi aksiyanın zorakılıqla dağıdılması və orada iştirak edənlərin qəddarlıqla döyülməsi barədə nə deyir?
Mövzunu şərh edən hüquqşünas Hafiz Həsənov bildirib ki, Tofiq Yaqubluya ağır işgəncələr verməklə onu bu hala salmaq insanlığa qarşı ən ağır hərəkətlərdir. “Adamı heç bir qanuni əsas gətirmədən və prosessual qaydaları pozaraq tutmaq, onu polis maşınında, polis bölməsində döyərək işgəncə vermək, sonra oğurlayıb Bakıdan kənara kimsəsiz yerə aparmaq və burada da işgəncələri davam etdirmək, sonra da onu ağır vəziyyətdə təhlükədə qoymaq, bütün bunlar kompleks cinayət əməlləridir”, – H. Həsənov vurğulayıb.
Hüquqşünas bildirir ki, bu əməllər Cinayət Məcəlləsinin 113-cü maddəsi (İşgəncə), 144-cü (Adam oğurluğu), 126 (Qəsdən sağlamlığa ağır zərər vurma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (Vəzifə səlahiyyətlərini aşma) maddələri nəzərdə tutulan cinayət əməlləridir: “Hesab edirəm ki, bu cinayət əməlləri üzrə prokurorluq tərəfindən dərhal cinayət işi qaldırılmalı və istintaq araşdırmalarına başlanmalıdır. Bu əməlin törədilməsində birbaşa və dolayısı ilə iştirakı olan hər kəs, vəzifəsindən asılı olmayaraq, məsuliyyətə cəlb edilməlidir”.
Hüquqşünas, hüquq müdafiəçisi Ələsgər Məmmədli də bildirib ki, Azərbaycan Konstitusiyasında dinc aksiyaların keçirilməsi üçün icazə alınması nəzərdə tutulmayıb, sadəcə xəbərdarlıq məsələsi yer alıb. O, təəssüflə vurğulayır ki, bu barədə qanunvericilik konstitusiyaya ziddir:
“Bununla bağlı Avropa Məhkəməsinin bir neçə qərarı var ki, Azərbaycan qanunvericiliyi konstitusiyaya, Avropa hüquq sisteminə uyğunlaşdırılmalıdır. Yəni aksiyalara icazə məsələsi yığışdırılmalıdır, hökumət qurumlarının xəbərdar edilməsi kifayətdir. Son aksiyada da hökumət xəbərdar edilmişdi”.
Ə.Məmmədlinin sözlərinə görə, dinc məqsədli tədbirə adekvat olmayan güc tətbiqi, zorakı müdaxilə yolverilməzdir. Onun sözlərinə görə, aksiyada iştirak edən şəxslərə qarşı zor tətbiq etmək, qəddarlıq nümayiş olunması ciddi hüquq pozuntusudur: “İştirakçılardan birinin qolunun 3 yerdən sındırılması, Tovuq Yaqubluya bədən xəsarətləri yetirilməsi və üz-gözünün tanınmaz hala salınması hətta düşmən kəşfiyyatçı yaxalanan zaman ona qarşı yol verilməyən davranışlardı. Bu, ən qatı cinayətkara qarşı belə yol verilməyən cinayət əməlidir. Prokurorluq orqanları həmin şəxsləri dərhal müəyyən edərək, cəmiyyətə onları təhlükəli cani kimi təqdim etməlidir”,-ekspert vurğulayıb.
Hüquqşünas bildirir ki, bu əməli törədən şəxslər hüquq mühafizə orqanlarının poqonlarını daşımamalıdır: “Çünki bu tip insanların hüquq-mühafizə orqanlarında işləməsi cəmiyyətin əmin-amanlığı üçün təhlükədir. Onlar dərhal daxili işlər orqanlarından xaric edilməlidir. Amma dövlət qurumları bu addımı atmaqda gecikirlər. Bununla bağlı cəmiyyətdən, vətəndaş cəmiyyəti və media institutlarından ciddi bir tələb var. Hüquq mühafizə orqanında çalışan şəxsin zabit şərəfi, ləyaqəti olmalıdır, uniformasına sayğı göstərməlidir. Çünki bu formanı ona dövlət geyindirib. Bu baxımdan, o, heç bir halda dövlətə zərər vuran davranışa yol verməməlidir. Hesab edirəm ki, bu cinayət həm də dövlətə qarşı törədilib”.
Sözügedən zorakılıq faktlarının Azərbaycanın beynəlxalq imicinə təsirinə gəlincə, Ə. Məmmədli deyir ki, Tofiq Yaqublunun məlum fotosu kifayət edir ki, minlərlə hesabatı kənara atıb desinlər ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti budur. “Bir görüntü bəzən yüz minlərə başa gələn imicdüzəltmə fəaliyyətlərini bir anda zibilə atır. Bu görüntü yenidən Azərbaycanın siyasi hüquqları qorumayan, insanlara işgəncə verən, hüquq mühafizə orqanlarının özbaşınalıqlarının hökm sürdüyü ölkə olduğunu göstərir. Bu imici düşmən milyonlarla xərcləsəydi belə yarada bilməzdi. Amma bizim 3-4 özünübilməz məmur bu imici yarada bildi”,-ekspert vurğulayıb.
Ə.Məmmədli qeyd edir ki, burada həm də çox ciddi siyasi məsuliyyət məsələsi var: “Bu hadisəyə istər nazir, istər prezident səviyyəsində qərar verən şəxslər reaksiya verməlidir. Bəyan etməlidirlər ki, bu işgəncə formasını müdafiə etmirik, bizim idarəçiliyin işi deyil və s. Əks halda, bütün sorumluluq siyasi sistemin üzərində qalacaq”.(pressklub)
Turqut