Ermənistan “çiçəklənə” və “işıqlana” bilmədi - Paşinyandan radikal gözlənti
Bütün məlumatları topladıqda belə nəticəyə gəlmək olur ki, gözlənilən tarix elə də uzaqda deyil
Yenixeber.org: Ermənistanda yenidən növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə erməni mediasında məlumatlar yayılmaqdadır. Bildirilir ki, Baş nazir Nikol Paşinyan ölkədəki siyasi xaosu yatıra bilmədiyi səbəbindən yenidən seçki qərarı verə bilər. Yayılan məlumatlar məntiqdən uzaq deyil.
İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra Ermənistanın Baş naziri ölkənin siyasi böhrandan çıxmasının yolunu növbədənkənar parlament seçkilərinin keçirilməsində gördü. 2021-ci ilin mart ayının sonlarında yeni seçkilərin keçiriləcəyinin anonsunu verən Paşinyan aprel ayında seçkiləri rəsmən elan etdi. Bundan sonra daxildə hərəkətə keçən Nikol özü üçün “cib müxalifəti” rolu oynaya biləcək partiyalarla danışıqlar apardı. Çünki anlayırdı ki, rəhbərlik etdiyi partiya seçkilərdə qalib gəlsə də, çox üstünlük qazana bilməyəcək. Yəni məğlubiyyəti həzm edə bilməyən erməni cəmiyyətinin böyük kəsimi Paşinyanı dəstəkləməyəcək, parlamentdə müxaliflərin mandat sayı çox olacaq.
Xüsusən də, Nikolun qarşısına kifayət qədər təsirli güc çıxmışdı - Ermənistanda hakimiyyətdə olmuş Xocalı cəlladı, “Qarabağ klanı” kimi tanınan, Rusiyanın da kifayət qədər dəstəklədiyi Robert Köçəryanın “Ermənistan” seçki bloku. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəisi Artur Vanesyanla, daha bir Xocalı cəlladı, sabiq Prezident Serj Sarkisyanın birlikdəliyi ilə yaradılan “Şərəfim var” seçki bloku.
Beləliklə, Nikol anlayırdı ki, rəhbəri olduğu “Vətəndaş müqaviləsi” Partiyası seçkidə qalib gəlsə belə, bu qalibiyyət yüksək faizlə olmayacaq. Eyni zamanda, onunla düşmənçilik edən Köçəryanın, Sarkisyanın parlamentə düşəcəyi ehtimalı yüksəkdir. Belə olan halda isə Paşinyan istədiyi qərarları asanlıqla parlamentdən keçirə bilməyəcək. Bu səbbəbdən Qaqik Çarukyanın rəhbərliyində olduğu “Çiçəklənən Ermənistan” və Edmon Marukyanın lideri olduğu “İşıqlı Ermənistan” partiyaları ilə danışıqlara getdi. Hesab etdi ki, bu iki partiya ilə razılaşa bilsə, həm Köçəryanın və Sarkisyanın gücünü parçalayacaq, həm də qərarların qəbulu nisbətən asan olacaq.
Təxmin etmək olar ki, Paşinyan Çarukyan və Marukyanla razılaşa bilmişdi. Çünki hər iki müxalif partiya liderinin seçkilərlə bağlı ilkin açıqlamaları loyal idi.
Amma demək olar ki, Paşinyanın bu planı baş tutmadı. 20 iyunda keçirilən növbədənkənar parlament seçkilərində Paşinyanın “Vətəndaş müqaviləsi” 50 faizdən çox səs toplayaraq qalib gəlsə də, parlamentdə fraksiyalara yiyələnməsini istədiyi “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” seçki baryerini aşa bilmədi. Əvəzində isə Köçəryanın “Ermənistan”ı və Vanesyan-Sarkisyan cütlüyünün “Şərəfim var” bloku uğur qazandı. Onların parlamentdə fraksiyaya sahib olması siyasi böhranın davam edəcəyi faktını ortaya qoyur, Paşinyana əngəl yarada bilir. Düzdür, yenə də Nikol öndədir, qərarları qəbul etdirə bilir, amma rahat yox, çətinliklə. Eyni zamanda, siyasi böhran vəziyyəti davam edir, parlamentə etimadsızlıq artır - necə ki, bugünlərdə olduğu kimi.
Ermənistan Parlamentinin sonuncu iclasında hakim partiyanın deputatları ilə müxalif “Ermənistan” fraksiyasının deputatları əlbəyaxa oldular, biri digərinə butulka atdı. Müxalif deputat Qeqam Nazaryan onun gözünə dəyən yumuruq nəticəsində xəstəxanaya yerləşdirildi. Belə davaların çox olacağı istisna deyil. Paşinyan isə belə xaosu istəmir, siyasi sabitliyi bərqərar etmək, hakimiyyətini möhkəmləndirmək niyyətini ortaya qoyub.
Bu istəyini həyata keçirmək üçün təbii ki, Köçəryan və Sarkisyan fraksiyalarının uzaqlaşdırılmasını təmin etmək üçün yenidən növbədənkənar parlament seçkilərinə qərar verməsi inandırıcıdır.
“Ermənistan” fraksiyasının deputatı Artur Kazinyanın açıqlamaları da yeni parlament seçkiləri qənaətini gücləndirir. Kazinyan bildirib ki, hakimiyyət müxalifəti qorxutmaq istəyir: “Bizi qorxutmaq, sıxışdırmaq və susdurmaq məqsədi ilə mütəşəkkil proses gedir. Amma müxalifətə səs verən vətəndaşları əmin edirəm ki, Paşinyan hakimiyyəti müxalifəti qorxuda və susdura bilməyəcək. Biz mübarizə aparırıq və bu mübarizə dövlət, xalq naminədir. NATO qoşunları bizi susdurmaq üçün bura gətirilsə belə, uğur qazanmayacaq. Mübarizəmizi davam etdirəcəyik”.
Ermənistanın "Qraparak" qəzeti isə öz mənbələrinə istinadən yazır ki, yeni yaradılan və ötən həftə ilk iclası keçirilən, keçmiş nazirlər Mane Tandilyan və Mesrop Arakelyanın qurduğu "Həyat yurdu" Partiyası Nikol Paşinyanın layihəsidir. Qeyd edilir ki, partiyanın maliyyəçiləri isə xaricdəki iş adamları Ruben Vardanyan və Nubar Afeyan, eyni zamanda Qarabağ separatçılarının “rəhbəri” Arayik Arutunyandır.
“Mənbələrimizə görə, 20 iyun seçkilərinin ertəsi günü Paşinyan növbəti növbədənkənar seçkilərə hazırlaşmağa başlayıb. Çünki bu seçkilərin siyasi böhranı həll etmədiyini və qarşıdakı proseslərin – Azərbaycanla sərhədlərin demarkasiyasına, nəqliyyat dəhlizinin açılmasına əngəl ola biləcəyini görür. Yeni seçkilər ona görə lazımdır ki, Nikola köməkçi partiyalar 20 iyun seçkilərində gözləntiləri doğrultmadı”, - deyə nəşr qeyd edir.
Köməkçi partiyalar dedikdə, yuxarıda qeyd etdiyimiz “cib müxalifəti” nəzərdə tutulur. İddiada daha sonra bildirilir ki, Paşinyan 20 iyun seçkilərindən nəticə çıxarıb: “Yeni layihə, yəni yeni partiya yaratmaq ehtiyacı da buradan qaynaqlanır”.
Bütün məlumatları topladıqda belə nəticəyə gəlmək olur ki, Ermənistanda növbədənkənar seçkilərin elan ediləcəyi tarix elə də uzaqda deyil. “Paşinyan istəyinə bu dəfə nail ola biləcəkmi?” sualını cavablandırmaq isə hələlik çətindir. Bu, Ermənistanda növbəti növbədənkənar seçkilərin keçiriləcəyi günədək baş verəcək proseslərlə bağlıdır.(AYNA)