Yenixeber.org: İyulun 17-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda jurnalistlərin və ictimai fəalların telefonlarının izlənilməsinə dair yeni araşdırma yayıb. Əldə olunan dəlillərə görə, Azərbaycanda jurnalistlərin, aktivistlərin və digər maraq doğuran şəxslərin fəaliyyəti üzərində daimi nəzarət qurmaq üçün İsrailin kiber-izləmə qurğuları istehsal edən “NSO Group” şirkətinin casus proqramından istifadə olunub. Ümumilikdə bu siyahıda 200-dən çox şəxsin adı hallanır. Onların arasında müstəqil jurnalistlər, baş redaktorlar, təhlilçilər, blogerlər, vəkillər, hüquq müdafiəçiləri var. Maraqlıdır ki, siyahıda olan şəxslərin bir hissəsi hazırda hakimiyyətin siyasi kursunu dəstəkləyən və onunla əməkdaşlıq edən simalardır.
Hələlik Azərbaycan hakimiyyətindən bu hadisəyə hər hansı reaksiya verilməyib.
Keçmiş xüsusi xidmət zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, beynəlxalq səviyyədə ortaya atılan bu iddia ilə bağlı bir sıra suallar yaranır:
“Necə olur ki, burada ancaq jurnalistlərin və siyasi fəalların adları çəkilir? Bu cür sistemi ələ keçirən xüsusi xidmət orqanı yalnız jurnalistləri izləmək üçün bu proqramdan istifadə edir? Qatı cinayətkarları, terrorçu qrupları bu proqram vasitəsilə izləmək daha məntiqli və uyğundur. Əlbəttə, mən demirəm ki, Azərbaycanda siyasi fəallar və jurnalistlər izlənilmir. İzlənilir və biz hətta onların bir çoxunun şəxsi həyatlarına müdaxilənin şahidi olmuşuq. Xüsusən Eldar Mahmudov nazir olduğu dövrdə xüsusi xidmət orqanlarına bu cür çirkin işlər tapşırırdı. Amma indi fərqli situasiya var. Sual olunur ki, nədən gecə-gündüz iqtidarın təbliğatını aparan şəxslərin adları da izlənilənlər siyahısındadır? Ona görə də, bir qədər az inandırıcı görünür ki, burada əsas məqsəd jurnalistləri və siyasi fəalları izləmək olub. Onu da deyim ki, həmin proqram olduqca bahalıdır”.
İ. İsmayıl qeyd etdi ki, bu informasiyanın mənbəyi də maraqlıdır:
“Jurnalist konsorsiumuna bu məlumatlar necə sızdırılıb? Azərbaycan və İsrail xüsusi xidmət orqanları birgə işləyiblər? Əlbəttə, Azərbaycanda xüsusi xidmət orqanlarının telefonları izləmək, dinləmək səlahiyyəti var, bu da qanunla tənzimlənir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna görə, xüsusi xidmət orqanları bu fəaliyyəti həyata keçirə bilərlər, bir şərtlə ki, 24 saat ərzində məhkəmənin icazəsini alsınlar. Siz də bilirsiniz ki, Eldar Mahmudovun dövründə belə bir özbaşınalıq vardı. Bunun nəticəsində bu sahəyə rəhbərlik edən xanım general vəzifəsindən çıxarıldı və ona cinayət işi açıldı. Azərbaycanın indiki dönəmində Mirşahin, Eynulla Fətullayev, Rauf Arifoğlu kimin adamların izlənilməsi xüsusi xidmət orqanlarının nəyinə lazımdır? Bəlkə onların izlənilməsi Eldar Mahmudovun dövrünə düşüb? Heç o zaman da bu və ya başqa şəxslərin izlənilməsi dövlətə və hakimiyyətə maraqlı olmayıb. Çünki bu, həm də kifayət qədər maliyyə aparır. Bəli, siyahıda bəzi şəxslər var ki, onları izləyiblər. Amma indi bu siyahıdakı bir çox şəxslərin əməliyyat hədəfinə çevrilməsi inandırıcı deyil. Ola bilsin, 5 il əvvəl olub, amma indi siyahıdakıların 99 faizi əməliyyat hədəfi deyil. Bunu qanuniləşdirmək lazımdır, məhkəmənin qərarı olmalıdır. Bəlkə də kimsə xaricə informasiya ötürür və bu, dövlətin maraqlarına ziddir, ona görə adları o siyahıya düşüb. Bu məlumatı yayan jurnalist konsorsiumuna çoxlu suallar var ki, informasiyanı haradan, necə əldə ediblər? Onun həqiqət olması nə qədər doğrudur? Ona görə, demək olmaz ki, yayılan iddialar tamamilə həqiqətdir. Tarixən hakimiyyətlər öz rəqiblərini izləyiblər və ABŞ-da prezident Niksonun bu tip qalmaqala görə istefa verdiyini xatırlada bilərəm. Azərbaycanda da bu cür məsələlər vaxtında qabardılıb və çox iyrənc hal alıb. Ona görə də mən adları açıqlanan şəxslərin DTX-nın əməliyyat hədəfi olmalarına inanmıram”.
Hüquqşünas Hafiz Həsənov isə nəzərə çatdırdı ki, bu hal insanların Konstitusiyanın 32-ci maddəsi ilə təsbit olunan şəxsi toxunulmazlıq hüququnun kobud şəkildə pozulmasıdır:
“Həmin maddədə göstərilir ki, hər kəsin şəxsi toxunulmazlıq, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır”.
H. Həsənovun sözlərinə görə, bu hal Azərbaycanın müvafiq beynəlxalq hüquqi öhdəliklərinin də pozulmasıdır:
“Eyni zamanda, “Fərdi məlumatlar haqqında” qanuna görə şəxsin barəsində məlumatların toplanmasına yalnız onun razılığı olduqda yol verilir. Maraqlı burasındadır ki, elə Konstitusiyanın həmin maddəsində göstərilir ki, hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. İndiki halda isə bu hüquqları pozan elə həmin hüquqların qorunmasına təminat verən dövlət qurumlarıdır. Bu cür hərəkətlər insan və vətəndaşın konstitusion hüquq və azadlıqlarının əleyhinə olan cinayətlərdir və Cinayət Məcəlləsinin 155-ci (Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma) və 156-cı maddələri (Şəxsi həyatın toxunulmazlığını pozma) ilə cinayət əməlləri hesab olunur”.
Ekspert vurğuladı ki, bu cür qanunsuz əməllər üzrə dəymiş mənəvi zərərlə bağlı məsələlər məhkəmələrdə mübahisələndirilə bilər:
“Bunun üçün barələrində telefon danışıqlarının izləmələri aparılmış şəxslər prokurorluq orqanına və məhkəmələrə müraciət edə bilərlər”.(pressklub)
Turqut