"Salxım söyüd" Natavan Niyal
"Salxım söyüd" Natavan Niyal
Yenixeber.org: Davamı..
Qadın öz aləmində idi. Yenə ağaclarla danışırdı deyəsən. Fikirlərini ucadan ağacların eşidəcəyi şəkildə danışırdı. Adəti idi. Şənlik o tərəfə meyillənib bir neçə addım atdı. Eşitmək istəyirdi, qadının ağaclarla söhbətini. Ucundan–qulağından eşitməyə çalışdı. Bu anda ona qibtə etdi. Haradasa ən azı onun yerində olmaq istədi. Ağaclar, otlar, təbiətlə ünsiyyət quracaq halda olmaq istəyirdi. Amma nə yazıq ki, indi onun beynində çoxlu cavabsız suallar var idi. Anası ilə həyat yoldaşı arasındakı bu uçurum nə vaxt yarandı. Bu uçurum bağlana, üstü örtülüb unudula bilərdimi? Evində, ailəsində cövlan edən bu soyuq onları bir–birindən ayırmaq dərəcəsində təsirli idi. Ailə ocağına hiss olunmadan sivişib girən o soyuq nəfəs ailəni axır ki, pərən-pərən salmışdı.
Məqsədsiz, şəkildə həyət bacanı dolanıb küçə qapısından çıxdı. Yola düzəlib getməyə başladı. Bilirdi ki , bu yolun axır dayanacağı kənd kişilərinin yığışdığı meydandı. Bəs onun Bakıdan əlinə alıb indilik Niyala gətirən yol onu haralara aparacaq və o yol birdə Bakıya, o güllü-çiçəkli yaşıl bağçadakı aynabəndli evinə aparacaqdımı? Aparacaqsa bu nə vaxt baş verəcəkdi? Bütün bunları düşünə-düşünə bir də ayıldı ki, meydana yetişib. Meydanda söhbət qızışmışdı. Hərə bir şeydən danışırdı. Günün əsas mövsuzu isə Haram çayı idi. Haramın üzü dönmüşdü. Yenə coşub daşmış ,əndazədən çıxmışdı. Qəzəbli, qorxunc lehmə dəvə boynu keçmişdi. Nəriltisi evlərin pəncərələrində səslənirdi. Ağır daşları oyuncaq kimi qabağına alıb aşağılara doğru aparırdı. Suyun içində bir-birinə dəyən daşların vahiməli səsindən insan üşənirdi.Haram beləcə neçə gün niyallıları qorxuya saxlamışdı.
Vaxt keçdikcə su azalıb yatağına qayıtsa da, bulanmışdı. Lilli gəlirdi. Bəziləri danışırdı ki, çayın mənbəyində vulkan püskürüb. Kənd cammatı məəttəl qalmışdı. Çayın suyu qara lehmə axırdı. Haramın lehmə suyu qara burulğanlarla gəlib Böyük çayın ağappaq köpüklü suyuna qarışsa da, su bulanmamışdı. Lilli su bir tərəflə, ağ su isə digər tərəflə axırdı. Çox qəribə hal idi. Çaylar qovuşub hərəsi öz rəngi ilə axırdı. Çayın yatağı çox enli idi.
Çay kəndi iki hissəyə bölmüşdü. Cammaat arx açıb suyu bağlara, bostanlara yönəltmişdi. Çayın hər iki sahilində kənd əhli dədə-babadan arx açıb təsərrüfatlarını sulayırdılar. Hətta meydanda söhbət gedirdi ki, o taylılar Haramın qəzəbinə keçib. Təzadlı bir vəziyyət idi. Ağsaqqal-qarasaqqal qarışıq hamı təşviş içindəydi. Pərt olmuşdular. Çayın o tayında bir ovuc duru su tapmaq mümkün deyildi. Şənlik bağda gəzəndə gözlərinə inanmadı. Bağın axırındakı çökək hissədə lildən göl əmələ gəlmişdi. Yamyaşıl otlar lilli suyun altında qalmışdı. Arada bir iki gün su durulsa da yenə bulanırdı. Kənd cammaatı suyun başına getmişdi. Bu müəmmanı öyrənmək istəyirdi. Yaşlılar da hərəsi bunu bir cür yozurdu. Bu su pis insanların üzünə belə lil olub deyirdilər.
Əks tərəfdə isə başqa mənzərə idi. Göz yaşı kimi dumduru su arxla kəndin evlərinə həyat bəxş edirdi. Suyun tədricən durulmasına ümüdləri azalmışdı. Cammaatın bu ilki təsərrüfatı zay olmuşdu. Lilli su bostan bitkilərini yandırmışdı. Heç nə yetişdirə bilmirdilər. Əkdikləri yanıb saralmışdı. Cammaatın əziyyəti zay olacaqdı belə getsə. Hər kəs həyətindən keçən suyun ağzını başqa səmtə göndərmişdi.
Güclü uğultu səsinə yuxudan oyandı. Atası usta işlədirdi. Ustalar deyəsən şəhərdən gəlmişdilər. Zauru evləndirmək istəyirdilər. Onun üçün bir mətbəx, iki də otaq tikirdi. Ev köhnə evə bitişik olsa da, hər şəraiti ayrıca olacaqdı. Ustalar qızğın işləyirdilər. Divarı deşib təzə evlə köhnə evi birləşdirmək üçün qapı açırdılar.
Bir xeyli yerində uzandı. Durmağa həvəsi yox idi. Yataqda o yanı, bu yanı üstə çevirldi. Yerindən qalxıb pəncərəyə yanaşdı. Həyətə nəzər saldı. Darıxdı. Ustanın nisbətən yaşlısı yuxarıda, damın üstündə işləyirdi. Cavan tayı isə aşağıda dayanıb onun göstərişlərini yerinə-yetirirdi. Şənlik durub otaqdan çıxdı. Pilləkənin başında durub qızılgüllüyə baxmağa başladı. Yenə qızılgüllük əvvəlki havasında idi. Bəzəkli gəlin otağının aynası açıq idi. Qızılgüllərin xoş ətri otaqa dolmuşdu. Gözəl bir gün idi. Qırmızı günəş doğmuşdu. Qızılgüllərin dibindən axan arxda su yox idi. Ərşad kişi arxı bağlamışdı ki, lilli su həyətə gəlməsin.
Birdən ustaların biri bərkdən qartal, qartal deyə bağırmağa başladı. Şənlik iki pilləkən aşağı düşdü. Başını qaldırıb göyə baxdı. Usta əlini gözünün üstünə qoyub yuxarı qartalın qalxdığı istiqamətdə baxmağa başladı. Qartal ovunu caynaqlarına alıb süzə-süzə dağlara tərəf meyillənmişdi.Şənlik baxışları ilə onu gözdən itənə qədər izlədi. Usta hələ də təəccübünü gizlədə bilmirdi. Təəssüflə əlini əlinə vurub, kaş çəkəydim onu. İndi kim mənə inanacaq ki, qartalı belə yaxından görmüşəm – dedi. Daha düşünmürdü ki, sən onu çəkə bilsəydin o daha qartal olmazdı.
Şənliklə danışandan özünə yer tapa bilmirdi. Bu nə deməkdir axı? Bu neçə vaxta gedib ki , hələ bir Niyalda qalır. Nərmin indi onu düşünürdü. Aralarında nifaq salan, evlərində hərlənən o soyuq nəfəsi düşünürdü. Axı necə oldu ki, Şənliyin doğmaca anası onların bu xoşbəxt ailəsinə qıydı? Amma tez özünü qınadı.
Mən nə deyirəm İlahi. Sən özün şahidsən.Sonra da başladı Allaha yalvarmağa, dua etməyə. İlahidən diləyi yenə əvvəlki kimi evlərində bir körpə hənirtisi, bir körpə qığıltısı idi. Bu onları yenə əvvəlki tək bir yerə yığacaqdı. Körpə səsi onların evinə, ailəsinə dolan o soyuq nəfəsi oradan didərgin salacaqdı. O , buna inanırdı.
Səhər telefon zənginə yuxudan ayıldı. Qulaqlarında Şənliyin şirin, təmkinli səsini eşidəndə elə bil dünyaları ona verdilər. Tez durub çarpayıda oturdu.
-Necəsən canım? Sən indi haradasan? –dedi- Ezamiyyə yerindənmi zəng vurursan?
Sonra da təəcüblə -nə yaxşı belə tezdən durmusan? dedi.
-Darıxmışam sənin üçün. Dedim səni də oyadım işə gecikməyəsən. Həm də danışım hal-əhval tutum. Şənlik ondan nigaran idi. Gedəndə tapşırmışdı ona . Bacın mütləq gəlsin yanında qalsın. Qorxarsan. Tək qalma demişdi. Nərmin də öz növbəsində bu günə kimi bacımla qalmışdım ki, bu gündən sonra da onunla qalım demişdi. Zəhmət çək tez qayıt evinə-eşiyinə deyə həmin dəqiqə cavabını vermişdi. Sonra da əzizim sənsiz darıxacağam, tez qayıt demişdi. Beləcə Şənliyi hər vəchlə heç bir yerdə yubanmamağa dilə tutmuşdu. Getmə qadan alım. Sənsiz mən yaşaya bilmərəm demişdi. Utanmışdı açıq danışa bilməmişdi deyə bilməmişdi ki, mənim müalicəm yenicə bitib. Həkim deyib ki, yoldaşın mütəmadi olaraq yanında olsa uşaqa qalmaq şansın yüz faizdir. Çox abır–həyalı dolanırdı. Əri də olsa heç vaxt açıq saçıq ifadələr işlətməzdi. Üstü örtülü şəkildə fikirlərini ona çatdıra bilirdi.
Bir xeyli danışdılar. Sonra uzun–uzadı sağollaşdılar. Şənlik:
- Sağ ol, əzizim, daha səni yubatmayım.
- Elə et ki, geçikməyəsən.
Könülsüz sağollaşıb vanna otağına keçdi. Əl-üzünü yuyub saçlarını daradı. Sonra mətbəxə keçib çaydanın altını yandırdı. Çaynikdə axşamdan qaynanmış su var idi. Bir-iki dəqiqədən sonra çaynik dızıldamağa başladı. Yataq otağına keçdi. Paltar dolabını açıb bir-bir paltarlara baxmağa başladı. Nə geyinsin?! Paltarların arasından zərif ipək parçadan olan yasəmən çiçəyi rəngində paltarı asılqan qarışıq götürüb çarpayının üzərinə qoydu. Daha sonra yenə paltarları seçməyə başladı. Əlinə qara yupka keçdi. Sonra əl atıb bir ağ göynəkdə götürüb sifətinə yaxınlaşdırdı. Gəşəng köynək idi. Düm ağ, zərif ipək köynəyin qolları əllə işlənmişdi. Köynək o qədər zərif və nəfis idi ki, sanki əlində heç nə yox imiş. Bunları da alıb yasəmən rəngli paltarın yanına qoydu.Yenə də paltar dolabını axtarıb daha bir libas çıxardı. Çəhrayı rəngli yüngül yay kotyumunu asılqandan çıxarıb baxdı. Qeyri ixtiyari olaraq elə bunu geyinəcəm deyə düşündü. Əlini belinə qoyub güzgünün qarşısında dayanmışdı. Birdən nə düşündüsə yasəmən rəngli paltarı götürüb bir də baxdı. Paltar əlində güzgünün qarşısına keçdi. Paltarın çiyinlərindən tutub çənəsi istiqamətində qaldırıb baxdı. Deyəsən çox xoşuna gəlmişdi. Birdən xatırladı ki, Şənlik də bu paltarı bəyənirdi. Gecə köynəyini soyundu. Sonra açıq bənovşəyi rəngdə alt köynəyi götürüb geyindi. Paltarı əyninə bir balaca dar gəldi elə bil. Sıyırıb əynindən çıxardı. Sonra nə düşündüsə altdan geyindiyi alt köynəyini də soyundu. Bir anlığa həkimin dediyi söz beynində qığılcım kimi alışdı. Həkim onu başa salmışdı ki, bu müalicədən sonra sən bir az əmələ gəlməlisən bir köynək ət lazımdır. Bir anlığa gülmsədi. Bu nədir belə elə deyəsən bir köynək artmışam. Anladı ki, köynəyi çıxarmasa paltar ona bir az sıx duracaq. Odur ki, ərinin çox xoşladığı bu paltarı götürüb geyindi. Yadına paltarı ilk dəfə geyinəndə Şənliyin dediyi söz düşdü. Onda bu paltarı geyinib güzgünün qarşısında hərlənəndə Şənlik yaxınlaşıb onun qolundan tutaraq ozunə tərəf çəkib qoxlamışdı. Nə gözəl paltardı. Yasəmən iylənirmi? Bəh-bəh yasəmən iylənirsən demişdi. Daha çox düşünmədən paltarı geyindi. İşə vaxtında çatdı.
Yuxudan yenicə durmuşdu. Sabah gedəcəyini bildirəndə Bəyim arvad həyəcanlandı. Ay bala nə tez gedirsən? Bir neçə gün də qalaydın barı dedi. Eyvanda dayanıb həyətə baxırdı. Gözü bəzək ağacının yanında yenicə yarpaqlamış cavan şivlərə sataşdı. Əvvəlcə bir şey anlamasa da diqqət edəndə Nərminin sevimli söyüdünün yenidən canlanmasının şahidi oldu. Pillələri enib yavaş –yavaş bir vaxtlar adam əksik olmayan bəzəkli oturacağa yanaşdı. Kəsilmiş söyüdün özəyi quru görünsə də yanlardan təzə pöhrələr zoğ vuraraq yuxarı uzanmaqdaydı. Yüngül meh əsirdi. Söyüden yeni cavan budaqları hava axını istiqamətində əyilərək bir-birinə toxunurdu. Dönüb diqqətlə oturacağa baxdı. Çoxdandı kimsənin oturmadığı oturacaq insan təmasından məhrum omuş, unudulmuşdu. Daha heç kim Ərşad kişinin bəh-bəhlə sifariş etdirib gətirdiyi bu gözəl guşədə oturmurdu deyəsən.
Ötən payızdan üstünə tökülmüş yarpaqlar sərt qışın qarından şaxtasından çürüyüb, elə ordaca qalmışdı. Bəzək ağacının öz gözəlliyini tərifləməyə kiməsə acığ verməyə ehtiyacı yox idi. Salxım söyüdü kəsib, sonra da sürüyüb həyətdən çıxarandan sonra bəzək ağacı qorxudan susmuşdu. Nə bilmək olar birdən onu da kəsərdilər. Axı o bar vermirdi. Bəzək gözəl –göyçək ağac idi. Vəssalam. Daha onu nə salamlayan, nə də sığallayan var idi. Yaşayıb gedirdi özü üçün. Bir vaxt salxım söyüdə paxıllıq etdiyinə də peşman olmuşdu. İndi yanaşı olsaydılar nə gözəl olardı. Onda bu gözəl laklı oturacaq da belə unudulmazdı yəqin. O gözəl gəlində onları unutmuşdu . Daha gəlib onları nəvazişlə dindirib danışdırmırdı.Şənlik beləcə düşünə düşünə bir xeyli orada dayandı.
Bəyim arvad eyvanda dayanıb ona baxırdı. Oğlu yaman fikirli idi. Daha meydna da getmirdi. İki gün idi ki, ancaq həyətdə hərlənirdi. Bağı gəzirdi. Nə düşürdü? Soruşmağa da ürək eləmirdi. Hardasa qəlbinin dərinliklərində özünü qınayırdısa da yenə haqsız olduğunu qəbul etmək istəmirdi Lakin qəbul etsə də, etməsə də bu ocağa soyuqluğu o salmışdı. O soyuq bəzəkli gəlin evinə dolmuşdu. Oradan da Şənliyin qəlbinə, beyninə işləməyə başlamışdı. Nərmin qurduğu şirin xəyalları haradan gəldiyi bilinməyən bu soyuqluqdan üşüyürdü. Bəyim arvadın ucadan hönkürürüb ağlayaraq söylədiyi sözlər Nərminin beynini cırmaqlayaraq oradan ürəyinə enmişdi. O zaman Nərmin onu açıb ağartmamışdı. Şənliyə bir söz deməmişdi. Yalnızca o günün gecəsi bu bəzəkli gəlin otağına, onların yataq otağına süzülüb gələn soyuq Nərmin üçün tapmacalıqdan çıxıb aydınlığa çıxmışdı. O günün gecəsi gözünə yuxu getmirdi. Səhərə yaxın. Dan üzü ağarmamışdı hələ. O qəlbləri söküb dərinliyinə nüfuz edən Mələk sevgi nəğmənin qanadlarında gəlib onların yataq otağına dolmuşdu. Mələk sevginin qanadlarında ilk sevgili olduqları günlərə aparmışdı Nərmini. Sonra da Şənliklə Bakıya dönmüşdülər. O Mələk sevgi də, o soyuq nəfəs də onlarla Bakıya aynabəndli evlərinə gəlmişdi. O soyuq ki, qəlblərindəki Mələk sevginin qəsdinə durmuşdu. Onu birdəfəlik soyudub qəlblərini dondurmağa yönlənmişdi. Hələ bilinmirdi. İsti qəlblərdəki Mələk sevgi qalib gələcəkdimi. Yoxsa aralarına soyuq ilan kimi girən bu hənirtimi? Bunu da yaşanan günlər göstərəcəkdi.
Həyətdəki qızılgüllükdəki çiçəklərin ətri otağa dolmuşdu. Şənlik bağı neçə dəfə dövrə vurub evə döndü. Pillələri qalxıb eyvana çıxdı. Mətbəxin qapısı açıq idi. Bəyim arvad mətbəxdə hərlənirdi. Bir stəkan pürrəngi çay süzüb uzunsov padnosa qoydu. Yanına da bir qab mürəbbə və çay qaşığı qoydu. Padnosu əlinə alıb mətbəxdən çıxmaq istəyəndə baxdı ki, mürəbbə üçün qab qoymayıb. Tez dönüb əlindəki sinini mətbəx stoluna qoydu. Ləməni açıb axtarmağa başladı.Mürəbbə üçün kiçik bir nəlbəki . götürüb siniyə qoydu. Yenidən sinini götürüb eyvana yönəldi. Çatıb sinini stolun kənarına qoydu. Diqqətlə oğlunun üzünə baxdı. Heç xoşuna gəlmədi. Şənlik əvvəlki Şənlik deyildi. Elə bil bir az da sınıxmışdı. Fikirli idi. Stəkanı alıb oğlunun qarşısına qoydu.
- İç oğlum. Ay bala, həyəti, bağı nə qədər gəzdin? Barı meydana çıxaydın bir. Darıxdın elə bil öz evində eşiyində.
- Gəzirdim ana, dedi -bağı çoxdandı belə gəzməmişdim.
- Çayını iç ,oğlum -dedi. Dərindən köks ötürüb ayağa qalxdı. Balamın taleyi niyə belə kəm oldu, İlahi? Onun taylarının uşaqları məktəbli idi. Hələ də balam həsrətlə baxır qucaqlara. Allah balama övlad qismət etmədi. Barı can sağlığı versin. Amin! deyib əllərini göyə açdı.
Şənlik anasının dalınca baxıb başını buladı. Sonra qalxıb otağa keçdi. Pəncərənin bir tayı açıq idi. Qızılı rəngli atlas pərdə yana çəkilmişdi. Qızılgül ətri otağı bürümüşdü. Fikrindən uzanıb bir az dincəlmək istədi. Sonra nə düşündüsə əlini cibinə salıb telefonu çıxardı. Düymələri basıb ekranda Nərminin adını tapıb düyməni basıb telefonu qulağına apardı. Çağırırdı. Səbrlə gözləyirdi. Açmadı Nərmin telefonu. Yəqin otaqda yoxdur deyə düşünüb düyməni basıb əlaqəni kəsdi. Telefonu beş santimetr aralıdan pəncərəyə qoyub əlinin yanı ilə yüngülcə irəli itələdi. Dönüb çarpayının yanındakı dolabın üstünə qoyduğu yol çantsını götürdü. Yan–yörəsinə baxıb paltarlarını yığmağa başladı. Hazırlaşırdı. Daha getmək vaxtı idi. Sabah yola çıxacaqdı. İş yerində olmalı idi.Bayaq Nərmin telefonu açmamışdı. Pəncərəyə tərəf gedib telefonu götürmək üçün əlini uzatdı. Telefon yox idi. Təəcüblə əyilib pəncərənin ensiz altlığına əlini sürtdü. Yox idi. Məəttəl qalmışdı. Pəncərənin hamar laklı səthi sürüşkən idi. Birdən fikrinə gəldi ki, bəlkə bayaq telefonu qoyub əli ilə itəlyib həyətə, güllüyün içinə salmışdı. Tez qapıdan eyvana çıxdı. Pillələri tez-tez enib pəncərənin altına güllüyə tərəf gəldi. Güllüyə girdi. Baxışları ilə qara telefon aparatını axtarırdı. Gözünə dəymədi . Bir az da yaxına gedİb diqqətlə baxmağa başadı. Qızılgül kollaırnın arasında bir içi su ilə dolu vanna qoyulmuşdu.Vannaya boylandı. Qara telefon vannanın dibində idi. Əyilib götürdü. Sövqi-təbii silkələyib telefonu şalvarının dizinə sürtdü. Silmək istədi. Su ilə dolmuşdu. Düymələri basıb qulağına yaxınlaşdırdı. Sönmüşdü. Siqnal səsi gəlmirdi. Qanı qaraldı. Bəs Nərmini necə yığacaqdı? Onun üçün bu yaxınlarda yeni nömrə almışdılar. Təzə idi nömrəsi. Hələ onu əzbər bilmirdi. Ümumiyyətlə Şənliyin xasiyyəti idi. Beynini çox yükləmirdi. Çalışırdı ki, telefon nömrələrini əzbərləməsin. Əgər o nömrə telefonumda varsa, daha nədən mən beynimi artıq informasiya ilə yükləyim deyə düşünürdü. Peşman olmuşdu. Kaş bir kağıza yazıb cibinə qoyaydı Nərminin nömrəsini. Kor-peşiman eyvana qalxdı. Stolun arxasına keçib əyləşdi. Əlini uzadıb anasının stola qoyduğu üstü işləməli kiçik dəsmalı götürdü. Çevirib o üz bu üzünə baxdı. Dəsmal ağ rəngdə idi. Kənarları rəngli saplarla işlənmişdi. Telefonu açıb içərisindəki suyu qurulamağa çalışdı. Bir xeyli bu işlə əlləşdi. Quruda bildiyi qədər quruladı. Sonra hissələri yığıb düyməsini basdı. Lakin telefonun işığı yanmadı . İşləmirdi. Bu da bir tərslik deyə acı-acı düşündü. Oturmuşdu. Düşünürdü. Axı bu necə oldu. Hansı ara bu soyuq yellər əsməyə başladı onların arasında? Ürəyindən Nərminlə danışmaq keçdi. Telefonu əlinə alıb düyməni sıxanda xatırladı ki, axı telefon işləmir. Əlində tutduğu telefona xeyli baxdı. Sonra nə düşündüsə
-Ana ay ana, atam hardadır? -dedi.
- Meydanda olar ay bala. İşini bitirən kimi ora gedir. Oğlum sən niyə çıxmadın bu gün meydana? Gedib oturardın, eynin açılardı bir az.-dedi.
-Yox ay ana onun üçün yox. Atam telefonu özü ilə götürübmü? –deyə soruşdu.
Bəyim arvad mətbəxdən çıxıb yataq otağına keçdi. Kişinin telefonu çarpayının yanında qoyulmuş dolabın üstündəcə dururdu. Telefonu gətirib onun qarşısına qoydu. Şənliyin sifəti işıqlandı elə bil. Bu anasının gözündən qaçmadı.
-Nə olub ay bala telefonun işləmirmi?
-Hə, ana, telefonum hələ ki işləmir.
Şənlik telefonu əlinə alıb alınını qırışdıraraq düşünməyə, Nərminin yeni aldıqları nömrəsini xatırlamağa çalışdı. Lakin nə qədər düşündüsə yadına sala bilmədi. Öz telefonunu götürüb qapağını açdı. Nömrəsini götürüb atasının telefonunu açıb nömrəsini çıxardı, əlindəki nömrəni telefona salıb daşını qoydu. Sonra telefonu yandırıb düyməsini sıxıb gözləməyə başladı.
Ardı var...