“Salxım söyüd” Natavan Niyal
“Salxım söyüd” Natavan Niyal
Yenixeber.org: Davamı...
Tələsik addımlarla maşına yaxınlaşıb arxa qapını açdı.
-Siz sifarişləmi gəlmisiniz?
-Bəli .
-O zaman təşəkkürlər!
Keçib əyləşdi. Evə tez çatıb axşama yemək hazırlamaq istəyirdi. Şənlik gələnə kim hər şey masanın üstündə olmalıydı.
İşdən gələndən yemək hazırlayırdı. Bişirdiyi yeməyin xoş ətri evi bürümüşdü. Tez-tez pəncərədən çölə baxırdı. Şənliyi gözləyirdi. Bir azdan gələcəkdi harada olsa idi. Süfrəni hazırlamağa başladı. Necə aludə olmuşdusa Şənliyin gəlişini duymadı. Şənlik mətbəxə keçib, bəh-bəh nə gözəl ətirlər gəlir buradan. Dönüb onu qarşısında görüb gülümsündü.
-Canım sən necə səssiz gəldin ki, mən duymadım?
-Beləsən də, sən mənim gəlişimi uzaqdan duymalıydın. Amma bu dəfə üzürlü sayıram. Yeməklərin ətri o qədər gözəldir ki, insanı bihuş edir.
Nərminin yaman xoşuna gəldi tərif. Nazlana-nazlana ərinə baxıb gözlərini süzdürdü.
Şənlik:
-Deyirəm gəlin ocağa gəlib də neynəmək olar. Yaxudda qaynananın tökdüklərini yığmısan.
-Xeyir! Mən hələ anamın tökdüklərini yığıb gəlmişdim.
Şənlik ona baxıb gülümsəyərək başını buladı. Sonra ona yaxınlaşıb əlindəki çörək qabını alıb stolun üzərinə qoydu. Dönüb Nərminin belindən tutaraq özünə doğru çəkdi.
-Mənim nazlı yarım. Bilirəm inciksən qaynanandan. Buna haqqın var, nə deyim. Amma əzizim, hər şey düzələcək. İnşallah siz yenə də gəlin-qaynana bir araya gəlib mehriban günlərimizə dönəcəksiniz.
Nərmin başını ərinin sinəsinə söykəyib əllərini arxadan bir-birinə çatdırmaq istəyirdi. Amma nə illah elədi əllərini bir-birinə çatdıra bilmədi. Eləcə qucaqlaşmış halda bir az da pıçıltı ilə danışırdılar. Amin : dedi Nərmin, Şənlik onun saçlarından öpüb, İnşallah gözəlim, dedi. Atalar deyib hər qaranlıq gecənin işıqlı bir gündüzü var canım, darıxma.
Şənlik vanna otağına keçib əllərini yuyub gəldi.
-Gəl gözəlim oturaq bir yerdə yemək yeyək. Səninlə söhbətim var.
-Nə söhbətdir elə.
-Gəl otur deyəcəm indi.
Yeməkləri stola düzüb, bir də diqqətlə baxdı. Stolu çəkib əri ilə yanaşı əyləşdi. Duz-istiot qoymamışdı. Ayaqa qalxmaq istəyəndə Şənlik əl atıb qolundan tutdu.
-Əyləş də, bir rahat yemək yeyək.
Canım, duz istiotu unutmuşam.
-Otur - dedi. Oturaq nə bilirik bir də nə vaxt qismət olacaq belə oturmaq. Sən və mən.
Nərmin dönüb təəccüblə onun üzünə baxdı.
-Bu nə sözdür danışırsan? Nə qismət ? Nədən danışırsan sən.
Şənlik onun üzünə baxanda özünü itirdi. Gəlinin bəti-bənizi qaçmışdı. Birdən elə bil yuxudan ayıldı. Axı ona heç bir söz deməmişdi gedəcəyi haqqında. Birdən gülə -gülə onun əlindən tutub, noldu ay qız səninlə zarafat etmək də olmur. Öz aləmində guya Nərmini hazırlayırdı. Qarşıdakı ayrılıq üçün. Amma elə qəfil və gözlənilməz oldu ki, dediyinə peşman oldu. Nərmin sualedici nəzərlərlə ona baxırdı.
-Bağışla gülüm, zarafat etdim. Yəni deyirəm sən hələ ki, Niyala getmirsən. Amma mən arada gedirəm. Ona görə dedim bu yaxınlarda Niyala gedəcəm. Onun üçün səninlə belə zarafat etdim.
-Birdə mənimlə belə zarafat etmə xahiş edirəm.
Şənlik pərt olmuşdu. Əlini üzünə çəkib dərindən nəfəs aldı. Yaxşı dedi. Gəl yeməyimizi yeyək. Əlini arvadının boynuna salıb özünə tərəf çəkdi.
-Mənim nazlı mələyim.
Nərmin kövrəlmişdi.
-Düzünü de, nə qarışdırırsan sən yenə? Ürəyim narahatdı.
-Heç bir şey. Düşündüyüm odur ki, bəlkə bisimillah edib çörəyimizi yeyək. Sonra da, duraq oturaq maşına gedək bir doyunca gəzək.
Bunu deyib əlini süfrəyə uzatdı. Nərmin də ona baxıb yeməyə başladı.
Səhərə az qalırdı. Nərmin oyanmışdı. Daha gözünə yuxu getməyəcəyini yəqin etmişdi. Axşamkı gəzintidən sonra böyründə mışıl-mışıl yatan ərinin qayğılı sifətinə nəzər saldı. Yuxuda gülümsəyirdi. Allah bilir yuxuda nə görürdü. Sifəti çox məsum idi. Hərdən gülümsəyir, hərdən də qaşlarını düyünləyirdi. Elə bil hiss etdi ki, kimsə ona baxır bir böyründən o biri böyrü üstə çevildi. Adəti idi, yuxuda danışırdı. Nə qədər dinlədisə bir şey anlaya bilmədi. Dərindən köksünü ötürüb qollarını yuxarı qaldırdı. Sonra qollarını qucaqlayıb sinəsi üstünə qoydu.
Səhər yeməyi hazırlayıb Şənliyi səslədi.
-Şənlik, canım qalx ayağa işə gecikirik.
-Dur. Gecdir.
Şənlik böyrü üstə çevirilib beş dəqiqə izn istədi arvadından.
-Allah xatirinə Nəminim izin ver bir az da yatım dedi. Dünən işdə çox yorulmuşam. Cəmi beşcə dəqiqə. Nərmin gülümsündü.
-Xeyir elə şey yoxdur. Bu işdir canım, işə gecikmək olmaz dedi.
Nərminin yadına tələbəlik illəri düşdü. Bu uca boylu,enli kürəkli bir az da utancaq oğlan yaman yatağan idi. Hər dəfə dərsə geçikər və danlanardı. Aradan illər ötməsinə baxmayaraq hələ xasiyyəti dəyişməmişdi. Onu oyatmaq elə də asan iş deyildi. Mətbəxdə işlərini yekunlaşdırıb yenidən otağa keçdi.
-Deyirəm bəlkə qalxasan ayağa?
Bilirdi ki, eşidir onu. Ayıq yatdığını bilirdi.
-Hə? Necə fikirdi? –deyə zarafatla ondan soruşdu. -Dayan indi mən səni yaxşı ayıldacam
-dedi. Arvadının sözündən şübhələnib, nəhayət gözlərini aça bildi.
-Dururam da ay insafsız . Daha o beş dəqiqəni haram etdin mənə. Mən dedim ki, beş dəqiqə, yəni sən daha məni çağırmayacaqdın.
-Yaxşı! hər şeyi bir yana qoyaq. Sən mənə izah elə görək o beş dəqiqədə hansı dağı, dağ üstə qoyacaqdın?
Nərmin sözünü bitrirməyə heç imkan tapmadı. Şənlik sıçrayıb yataqdan ayağa qalxmağı ilə onu alıb yatağa salması bir oldu.
-Neynirsən! İşə gecikirik burax deyə -onun əlindən çıxmaq istədisə də mümkün olmadı. Qollarından tutub onun üzərinə əyildi. Nərmin hələ də onun əlindən çıxmağa çalışırdı. Dodaqları bir-birinə qovuşanda əlini boynuna salıb ona sıxıldı.... Elə bil zaman dayanmışdı. Birazdan Şənlik ayağa qalxıb vanna otağına keçdi. Əl-üzünü yuyub qayıdanda Nərmin hələ də yataqda xumarlanırdı.
-Deyəsən çox xoşuna gəldi. Gəlimmi yenə.
-Yox, yox dururam ,deyə yataqdan qalxıb əynini geyinməyə başladı. Birlikdə yemək yeyib evdən çıxdılar.
Yanaşı oturmuşdurlar. Şənlik rulda Nərmində onunla yanaşı oturacaqda. Şənlik maşının radiosuna xod vermişdi. Tanınmış müğənni ilə reportaj gedirdi. Müğənni deyəsən yenicə zobdan əməliyyat olunmuşdu. Aparıcı müğənniyə müraciət edərək əməliyyat barədə suallar verirdi.
-Bilirəm, dedi, sizə maraqlıdır,səsimə, səs tellərimə zərər dəyibmi?
Yox! Səsim şükürlər olsun ki, yaxşıdır.
Gülərək: Hələ səsim var. Düzdür həkimlər deyirki, hələ oxumaq olmaz. Amma səbrim çatmadı tək olanda oxudum yoxladım.
Söhbət maraqlı idi. Müğənni gözlənilmədən asta səslə oxumağa başladı.
Çaylar sular durulmaz.
Sənsiz gülməz bahar yaz.
Müğənin məxmər kimi səsi beyinə işləyirdi. Onların da ovqatına uyğun idi. Bayaqdan səssiz danışırdılar.
Nərmin düşünürdü: şair necə də gözəl yazıb. Mənim gülüşüm də, yazım da, baharım da sənsən. Şənlik yola baxa-baxa düşünürdü: Gülüm, nə yaxşı ki varsan, həyatımdasan. Beləcə bir birinə xitabən düşünür danışırdılar.
Şənlik Nərminə baxıb özündən razı halda gülümsəyirdi. Nərmin oturacaqda yanakı oturub ona tərəf meyillənmişdi. Maşını Hüsü Hacıyev küçəsinin Nizami küçəsi ilə kəsişdiyi yerdə saxladı. Nərmin çantasını götürüb maşından düşdü. Sağ əlini qaldırıb yüngülcə yellədi. Şənlik sağ əlini açıb öpüb üfürdü. Nərmin gülə-gülə üzaqlaşdı. Keçən günləri xatırladı yenə. Tələbəlik illərini. Onu evlərinə ötürəndə beləcə sağollaşardılar.
Şənliyin qərarı qəti idi. Gedəcəkdi. Cəbhə bölgəsinə. Düzdü bu barədə arvadına heç bir söz deməmişdi. Ancaq bilirdi ki, gedəcək. Bu barədə hələ heç kimə heç bir söz deməmişdi. Əvvəlcə işi bişirəcək sonra bəyan edəcəkdi. İstəmirdi ki, kimsə bilib onu çəkindirmək istəsin. Əksinə hər işini, sənədləşməni qaydaya salıb, hazırlığını görüb yola düşməsinə bir gün qalanda deyəcəkdi. Bilirdi ki, çətin olacaq Nərmin üçün.
Amma daha geriyə yol yox idi. Bu qərara gəlməsinə vətən sevgisi, torpaqların işğal altında olması idi. Əvvəllər başqa sahədə işləməsinə baxmayaraq həmişə hadisələri izləyirdi. İndiki işi elə idi ki, bilavasitə hadisələrin içərisində idi. Çağırış məntəqəsi. Hələ meydan. Niyala gedib qayıdanda bir ara meydan əhval ruhiyyəsi ilə yaşayırdı. Elə bilirdi ki , ovqatı dəyişməyəcək elə bu ruhda davam edəcək. Amma günlər keçir Niyal da, ordakı Meydan da , meydanın tən ortasında basdırılmış hündür dirək də, onun yuxarısında bərkidilmiş radio-səs gücləndirici də yavaş-yavaş unudulurdu. Əslində yaddaşın mötəbər bir güşəsinə yönləndirmişdi. Digər tərəfdən, bəlkə də, anası ilə gəlinin münasibətləri də,öz işini görmüşdü. Aralarındakı bağlar qırılmışdı. Daha əvvəlki səmimiyyət qalmamışdı. Gəlin qaynana arasında açıq söz söhbət olmasa da, Bəyim arvad kəsəsinə ona çatdırmışdı öz mövqeyini. Gəlinin ürəyi sınmışdı. Qaynanasının sözlərini bir pud balla udmaq olmazdı. Bir yandan da ana vətən. Qanlı əsgər bağlamaları. Yüz illik qəriblikdən baxan qəmli ana baxışları. Beli bükülmüş, üz -gözünü saqqal basmış əsgər ataları. Vətənin müqəddəs bayrağını, oğul kimi sinəsinə sıxan oğul dağlı ataların sifətinə baxa bilmirdi.
Daha təsəlli verə bilmirdi. Bütün bunlar səbrini daşdırmışdı. Qəlbi üsyan edirdi. Erməni faşizminə. Torpaqlarımızın azadlığı uğrunda qurban gedən əsgərlərimizin qanını almaq istəyirdi. Şəhidlərimizin hər damla qanının bahasına bir erməni dığası ölməlidir deyirdi. Kollektiv xətirini çox istəyirdi.Onun qərarını eşidəndə otaqda sükut yaranmışdı. Əməkdaşlar bir birinin üzünə mənalı-mənalı baxıb pərt halda başlarını bulamışdılar. Şənlik heç təəcüblənməmişdi. Bilirdi ki, onu çox sevir kollektivi. Amma nə etmək olardı. Söz ağızdan çıxdımı, sənin deyil.Şənlik sözünün ağası idi. Onun xislətində dönüklük yox idi. Dedi deməli yerinə yetirəcəkdi. Rəisin yanına girib ordan burdan söhbət edəndə onu anlamışdı.
-Hara gedirsən? Bala? Sənin ailən var axı. Özün də bilirəm necə ailəcanlısan.
-Elə onun üçün də gedirəm. Gedim borcumu ödəyim. Mən qalibiyyətlə dönmək üçün gedirəm rəis. İnşallah biz qalib gələcəyik. Vətən torpağını xain düşmənin tapdağından kim xilas edəcək? Biz vətən oğulları.
Rəis istəməsə də, ərizəsinə qol çəkməli olmuşdu. Ona uğurlar, qələbə arzulamışdı. Razılıq edib otaqdan çıxmaq istəyəndə- amma sən bizə burda daha çox lazımsan demişdi. Sənin bizə köməyin çox oldu. Bir həftə ərzində sənədlərini qaydaya salıb gedə bilərsən demişdi. Üstü yazılmış ərizə əlində kadrlar şöbəsinə girib ərizəni stolun üzərinə qoydu.
Kadr şöbəsinin müdiri: bu nədir belə?
-İşdən azad olmaq haqqında ərizə.
Yaşlı kişi burnunun üzərinə enmiş eynəyini şəhadət barmağı ilə tarazlayıb rəisin uzaqdan diqqəti cəlb edən imzası olan kağızı əlinə alıb baxdı.
-Səndəmi gedirsən? Sərhədə?
-Sərhədə yox! Ön cəbhəyə gedirəm. Sərhədə inşallah ,gedəndən sonra çatacağam dedi.
Kişi gözlərini bərəldib ona baxırdı.
-Bunu nə vaxt düşündün oğul. Bir məsləhət filan edibsənmi? Ailəlisən axı.
-Bəli hər şey normaldır. Vətəni qorumaq hamımızın borcudur.
-Uğurlar oğlum. Atəşkəs olsa da hər gün özün bilirsən bu nankor qonşular pozurlar atəşkəsi. Özünü qoru.
-Elə danışırsız ki, elə bil qızğın döyüşə gedirəm.
-Qızğın döyüş bundan yaxşıdır, dedi kadrların müdiri. Bunlar namərddirlər. Hər an təhlükə var ön cəbhədə. Pəhlivan kimi oğullarımız nagahan, xain gülləsinin qurbanı olmurmu?
-Nə isə Əhəd müəllim. Bir həftəyə deyib rəis. Hazırlaşıb işləri təhvil verməliyəm.
Bir həftəyə çatdıracaqdımı bütün işlərini? Nərminə danışmalı idi. Bir işi yaxşı idi ki, gedəcəyi bölgəni özü seçə bilərdi.
Gərgin işləyirdi. Təhvil təslim başa çatırdı. Sənədlər idi hamısı. İnsan, əsgər taleyi idi. Hər bir sənədin arxasında bir nigaran ana boylanırdı. Şəxsi işlər, sənədlər. Hər sənədin bir hekayəsi var Bunları səliqə ilə ayırmışdı. Çağırış bir siyahidən ibarət idisə, bu siyahidən sonra yaranan qovluqlar siyahidəki oğulların, seçmə oğulların, yox seçmə talelərin nağılı, ağrılı-acılı, amma şərəfli nağılını saxlayırdı….
Ardı var...