Ömrümün köç GÜNLÜYÜ - II
Günortaya qədər nənəmlə böyük dayımın qızı Xavər yükləri-bağlancaqları açdılar, yerbəyer elədilər, alaçığın içini dayadılar-döşədilər. “Ev”ə girəndə elə bil lap nağıllar aləminə düşmüsən.
Balaca dayım Həsən isə alaçığın yaxınlığında kiçik bir çuxur qazdı, çuxurun üstunə kənddən gətirdiyi armaturları düzdü. Elə bil məhbəs barmaqlıqlıqları idi. Onun üstünə isə iri lay dəmir qoydu. Hə, bura da bizim “mətbəx”imiz hesab olunurdu. “Ocaq yeri” yemək bişirmək üçün nəzərdə tutulub. Yaylaqçılar arasında bir adət vardı. İlk gün qazanda yemək bişirilməzdi. Heç qadınları ocağa tərəf qoymazdılar. Ona görə də, hər alaçığın qabağında odunlar baş-başa qoyular, bir tonqal qalanardı. Yemək işinə isə mütləq evin cavan kişiləri baxardı. Çay üçün onsuz da nikolaydanqalma bir samovarımız vardı. Günün bütün saatında tüstülənərdi.
Bir az kənarda haçalanaraq bir birinə bərkidilmiş 2 ağacın arasından dərisi soyulmuş, içi-içalatı təmişlənmiş bir erkək qoyun asılmışdı. Dayım Həsənin dediyinə görə, gecə qayadan uçubmuş, yaralı imiş, tez kəsib ki, ziyanlıq olmasın. Nə bilim, dayım elə dedi, düzünü o bilər... Dayım xəbəri “kədərli-kədərli” babama anladanda çox təsirləndim. Babam oğluna çəpəki bir baxış baxıb, başını aşağı- yuxarı yellədi... Başa düşdüyüm qədəri ilə, sanki “Ay oğul, day sus, mən uşaq deyiləm,“yemədim” dedi”.
Babam təndirxana yeri seçmək üçün bizdən aralanan kimi, dayım dodağının altında mahnı oxuya –oxuya işinə davam etdi. Nənəmdən aldığı sacın içinə əvvəl heyvanın quyruğunu və içalatını doğradı, sonra da duz-istiot əlavə edib gur ocağın üstünə qoydu. Bir əli ilə kəfkirlə sacdakı ətləri qarışdıraraq, o biri əli ilə sarı rəngli kaprondan olan su qabını (cürdək) göstərib dedi:
- Qaç bulaqdan su gətir.
Bayaqdan dayıma acıqla baxırdım. Qoyunun qayadan uçmasının qabağını almayıb, şikəst olmuş yaralanmış, ağrıdan bəlkə də ağlayan qoyunu qəddarcasına yıxıb kəsib, soyub, ağacdan asıb, hələ üstəlik oxuya-oxuya onu ocağın üstündə yandırır. Cürdəyi əlimə götürüb bulağa tərəf addımladım, əlacım olsaydı, dayımı ocağa itəliyərdim. Amma neynəyə bilərdim, əlacsızlıqdan sakitcə ocağın yanından sürüşüb keçdim. Ürəyimdə isə “mən bu qoyunun ətində yemərəm” deyib and içdim. Dönüb yenə hikkə ilə dayıma baxdım. Dayımın heç vecinə də deyildim. Alaçıqdan bulağa gedən cığır dərəyə tərəf əyilirdi. Tezdən kimsə bellə pilləkan qazıb-düzəltmişdi ki, qız-gəlin keçəndə çətinlik çəkməsin. Pilləkanları astaca düşüb bulağa endim. Obada hamı bura “bizim bulaq” deyirdi. İki böyük daşın arasından sızıb gəlirdi. Suyun sızdığı yerə dəmirdən “novdan”da pərcim eləmişdilər, deyə, cürdəyimi rahatlıqla doldurdum. Elə qabımı əlimə alıb pilləkanlara tərəf gəlmək istəyirdim ki, xalamın qızları özlərini çatdırdılar. Gülşən məndən bir yaş böyük olsa da , görünüşcə məndən bəlkə də bir-necə dəfə yekə idi. Vüsalə ilə Ballı məndən iki-üç yaş balacaydılar. Ballı ilə Gülşəni çox istəyirdim, amma Vüsalə ilə heç yola getməzdim. Ümumiyyətlə, babam da onu sevməzdi. Heç birimiz babamın cavabını qaytarmazdıq amma, Vüsalə acıqlananda babama cavab qaytarırdı, hələ bir “ağzını da əyirdi”. Babam əlinə nə keçdi Vüsaliyə tolamazı atardı. Ayaqqabı, cürdək, odun parçası.... “Zərbə tutmayanda” Vüsalə babama dilini çıxarırdı, “yandıq” verirdi, zərbə tutanda bir şüvən salırdı, bir qaraqışqırıq başladırdı , gəl görəsən. Bilirdi ki, heç kim babamı cəzalandırmayacaq . Ona görə də, acığından səsi bütün alaçıqlara yayılırdı.. Ən çox da elədiyi qarğış hamıda gülüş doğururdu: “ Kamıl, beyinin qatıxlaş olsun...” Nənəm də, nənəmin qonşuluqdakı bacılıqları Gülsüm nənə, Şəkər nənə, Gülxara nənə, Güllü nənə də gülərdilər. Bir sözlə, Vüsalə “əsəbləşəndə” hamı tamaşaya yığılardı.
Qızlar onları gözləməyimi istədilər. Mən də cürdəyi yerə qoymadan onları gözləməyə başladım. Bacıların hər üçünün çiynində bir əl-üz dəsmalı, bir də sabun vardı. Yuxudan gec durduqlarına görə, yuyunmağa indi gəlmişdilər. Əl-üzlərini yudular, bir az çiləşdilər, bir az zarafatlaşdılar. Mən də niyə gəldiyimi unudub onlara tamaşa edirəm, gülürəm.
Nar cubuğu baldırımı yandıranda evə çoxdan qayıtmalı olduğumu anladım. Cürdəyi atıb ağlaya-ağlaya necə qaçdığımı xatırlayıram, xalam qızlarına dəyən çubuğu görməsəm də, səs-küydən anladım. Hamımız dayımın “bulaq suyu” qəzəbinə gəlmişdik. Alaçığa çatanda səsimi başıma atdım, bilirdim nənəm çıxacaq, məni qucaqlayacaq, tovlayıb-təsəlli verəcək. Hələ bəlkə dayımı da qınayacaq... Ayağımı sürüyə-sürüyə gedirdim.. ümidimi üzməmişdim... Nənəm çölə çıxmadı. Bu dəfə lap ucadan qışqırmağa başladım. Alaçığa girəndə isə hamı sakitcə çörək yeyirdi. Heç elə bil mənim səsimi eşitməyiblər. Babamın bircə baxışı bəs elədi ki, gözümün yaşını ətəyimə silib süfrəyə əyləşim. Həddim nə gəzirdi, çöldəki, “komediya”nı bir də içəridə göstərəydim. Hamı elə iştahla yeməyə girişmişdi ki, elə o an ac olduğumun fərqinə vardım. Lap mədəm üzülürdü ki... Haqq üçünə dayımın bişirdiyi saciçi çox dadlı cıxmışdı. Yeməyi yeyə-yeyə başımı qazana tərəf uzadanda nənəm astaca: “Çoxdu, çoxdu, narahat olma. Yeməyini ye” dedi.
Sonuncu tikəni ağzıma aparanda səhər içdiyim and yadıma düşdü. Keyfim pozulmuş halda alaçıqdan çıxdım. Günortadan sonra dayım “qayadan yıxılan” qoyunun yarıdan çox hissəsini götürüb tay-tuşları ilə harasa getdilər. İşini-gücünü bitirmiş qız gəlinlər, uşaqlar alaçıqların arxa tərəfində yerləşən təpənin üstünə-“Yastana” deyilən yerə yığışdılar. Bir azdan məktəbimizdə ingilis dili dərsi deyən İlqar müəlim əlində qarmonu təpəyə yaxınlaşdı. Bakıda-institutda tələbə olan Rizvanın əlində isə köhnə bir nağara vardı. Qaçıb “aşıqlara” evdən oturacaq gətirən uşaqlar özlərini də unutmadılar. Əllərinə keçən nə varsa- vanna, vedrə qazan- gətirib oturdular. Dairə cızıldı, oynamaq üçün yer düzəldildi. Nəhayət, İlqar müəllimin qarmonu dilləndi. Şən musiqinin səsi ətrafa yayıldıqca, o həndəvərdə nə qədər bekar adam vardı, hamı ora yığışdı. Böyüklər, qadınlar əl çaldı, biz məktəb yaşlı uşaqlar oynamağa başladıq. İstəsən də oynamalıydın, istəməsən də. Əsas məsələ odur ki oynamağımızı İlqar müəllim istəyirdi. Müəllim sözü bizə bəs edirdi. Gözümüzün biri onun “çıx” işarəsi verəcək gözünə, digər gözümüz isə bizi əl çalaraq oynamağa həvəsləndirən oba adamlarına dikilərdi. Xalamın dəstək nümayişi etdirən ”it də belə oynamaz, qurd da belə oynamaz” sözlərindən sonra hamı gülsə də, biz ortalıqda özünə “yara” vurub oynayanlar daha da ürəklənərdik. Bu dəfə də nazlana-nazlana oynayardıq. Təsdiq eləməliydik axı, doğrudan da nə it, nə qurd bizim kimi oynaya bilməz.
“Konsert” bitər-bitməz obanın cavan qız-gəlinləri kəklikotu-qırxbuğum yığmağa hara getməyi müzakirə eləməyə başladılar. Hərə bir dağın, bir yamacın adını çəkdi. Axırda qərarlaşdırdılar ki, səhər tezdən Sarıyala qalxıb kəklikotu yığsınlar, sonra isə Qoruxçular təpəsinə enib ordadan da qırxbuğum dərsinlər. (Qırxbuğum demişkən, bu bitkidən olan göy kətəsi dünyada ən dadlı kətə hesab olunurdu. Adi xəmirdən yuxa açılırdı, doğranmış qırxbuğum yuxanın arasına qoyulurdu, içinə duz-istiot, gavalı qurusu, ya turş nar dənələnib tökülərdi, yaşıl söğan, olmasa da, baş soğan xırda-xırda doğranıb əlavə edilərdi. Sacda, çöl ocağında bişən kətələrə nehrə yağı vurulub üst-üstə yığılardı. Kətələr bir az ”nəfəs almağa” qoyulsa da, bizim səbrimiz çatmazdı. Xavərin yuxa açmağa , nənəmin ocağı üfürməyə başı qarışanda, iri ləyəndə üstünə süfrə salınmış kətəni götürüb kənara qaçardıq. Nehrə yağı barmaqlarımızın arasından axıb yaxamıza –paltarımıza bulaşsa da, üç dəqiqə ərzində qoşa əl böyüklüyündə olan kətədən bir qırığın da yerə düşməsinə imkan verməzdik).
Gəzməyə gedənlərin “uşaq aparmıq” ultimatumundan sonra hamımız kədərə qərq olduq. Aldığımız xəbərin ağırlığından “ev”ə də getmək istəmirdik. Yox eyyy, nəsə eləmək lazımdı, Sarıyala, Qoruxculara getməsəkdə, getməyə bir yer tapmalıyıq! Turş su! Kimdən əskikik? Bizdə gəzməyə getməliyik!
Yadımdan çıxdı, demədim , mənim dəstəm xalamın üç qızından, məndən 1-2 yaş kiçik olan dayım oğlu Elşaddan, qardaşım Həsrətdən və nəhayət “komandanın kapitanı” olan məndən ibarət idi.
Beləcə, sabah gəzməyə getməyin planını qurduq. Heç kəs bilməsin deyə uşaqları and içdirdim, bərk-bərk tapşırdım ki, kim evdə bu söhbəti açıb danışsa ata-anasını sel aparacaq , ya da meşədə canavar yeyəcək. Səhər tezdən dəstələnib dağlara üz tutan qız-gəlinlərin arxasınca biz obadan ayrıldıq. Həm də, onların getdiyi yerin tam əks tərəfinə! Maraqlı olduğu qədər də qorxulu, təhlükəli əhvalatlarla dolu bir gün yaşadığımızı illər keçsədə unuda bilmirəm!
P.S. Mən bir elin köçünü qələmə aldım. Üzü dağlara, üzü firavanlığa, üzü bərəkətə tərəf gedən bir elin hekayəsidir bu. Və o köçün acıları olacaq. O köç geri dönəcək. O zaman artıq köç olmayacaq, köçkün olacaq. 1993-cü il 2 aprel... O günə isə hələ xeyli var... (Davamı olacaq)
Əntiqə RƏŞİD