Ömrümün köç GÜNLÜYÜ- I
Şiş ucları buludlarla döyüşən,
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən
Tarlaları, düzləri var ölkəmin.
Unudulmaz şair-dramaturqumuz Cəfər Cabbarlının “Ölkəm” şeirinə bəstələnmiş eyni adlı mahnını dinləyərkən istər-istəməz gözlərim qarşısına öncə Kəlbəcər gəlir. O Kəlbəcər ki, ayaqyalın, başıaçıq, qayğısız uşaqlıq illərimin çoxunu buludlara döyüşən dağların, göy otlardan ipək paltar geyinən
düzlərin-yamacların qoynunda keçirmişəm.
Mayın sonunda kəndimizdə bir canlanma baş verərdi. Dağlara-yaylağa gedən ailələr köç həyəcanı yaşayardılar. Fərməşlər (yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça) palazlar,gəbələr topalanardı. Qab-qacaqlar yaylaqda geyəcəyimiz paltarlara sarınıb boxçalara, yorğan-döşəklər isə fərməşlərə doldurulardı. Amma anlamadığım səbəb üzündən həmişə yola gecəyarısı çıxardıq. Alaçığın çadırını qatlayan, nar çubuğundan olan dirəkləri komalayıb maşının “kuzov”una yığan Kamıl babamdan soruşmağa da ürək eləmirdim ki, “iki daşın arasında verdiyim suala” əsəbləşəcək “xoşun gəlimir getmə” deyəcək. Dərslərdən, məktəbdən tətil münasibətilə canımızı yenicə qurtarmışıq, hələ üstəlik bu sevincə köç sevinci də qarışıb, razı olardımmı “mənasız” sualla “göynən gedən keyfim” məhv olsun?
Dünyanın ən ipək nənəsi, köç mərasiminə ən az mənim qədər sevinən Bahar nənəmin əl –ayağı yerə dəyməzdi.Yaylağa gedəcək geyim, yatacaq, yemək, ehtiyat azuqə məsələlərini təkbaşına həll edərdi. Əşyalar maşına səliqə ilə yığılandan sonra axırda qalın örtük və yorğançalarda qoyulardı ki, gecə yol gedəndə üşüsək, yatası olsaq onları üstümüzə çəkək. Axşam radələrində maşın dolardı, arxa qapı örtülərdi. Sevincimizi saxlaya bilməyib maşına dırmaşmağa çalışdığımız anda babamın göy gurultusuna bənzəyən səsi istəyimizi qursağımızda qoyardı: - Gəlin çörəyinizi yeyin. Yol gedəssiniz.
Babamın xeyli mal-qarası vardı. Günortadan sonra yaylaqda qonşu olmağı planlamış qohumlar bir-birini haraylayar, heyvanlarını götürüb gündüzdən piyada yola çıxardılar. Qoyun-quzunun, inəyin-camışın səsi kəndi başına götürərdi. Hələ köç aparan kişilərin “sözəbaxmayan” mal-davarı pərən-pərən salan səsləri arabir məni də ürküdürdü. Kiçik dayım da babamın atına minib onlara qoşulub gedərdi. Dayım gedəndən sonra biz lap darıxardıq. Yola çıxmaq üçün lap səbirsizlənərdik.
Babamın “qıyya”sından sonra könülsüz-könülsüz həyətin ortasında açılmış süfrəyə yaxınlaşırdıq. Bir gözümüz yüklü maşında, bir gözümüz boşqabda.. yeməyimizi necə yediyimizdən xəbərimiz olmazdı. Nəhayət gecənin yarısı bizim yüklü maşın da asta-asta yerindən tərpənərdi. Kəndin ara yollarını keçib, üzü dağlara sarı irəliləyərdi. Bir tərəfdən əsrarəngiz ay işığı, sərin meh, gecənin qaranlığında maşının yırğalana-yırğalana gedişi, səssiz-səmirsiz çöllərdə motorun o ana qədər şahidi olmadığımız ahəngdar səsi, digər yandan da gündüzlər etdiyimiz nadincliyin- “qaçdı-tutdu”nun, “hoppan-düş”ün “acı” nəticəsi özünü göstərməyə başlayardı. Qardaşım, dayım oğlu, dayım qızı yükün üstündə artıq yuxulayıblar. Mən əsnəməkdən az qala çənəm çıxsa da, nənəmə sübut eləmək istəyirəm ki, bax, mən onlar kimi deyiləm. Nənəm nə zülüm çəkdiyimi görüb gülümsəyir: “Başını qoy, bir hovur da sən dincəl...”.
Nənəmin dodaqlarındakı ironiya qarışmış o təbəssümdən nə anladımsa, yuxum qaçdı. Ətrafa boylandım. Ay sanki dağların arasına düşmüşdü.Yox düşməmişdi, sanki güzgülənirdi. Ayın biri yerdə, biri göydə...
- Nənə, bura haradı?
- Xaçınstroy...
- Ora nədi elə?
- Dağlardan gələn çayların qabağını kəsiblər, suyu yığılıb bura.. olub göl..
İndiki kimi yadımdadı, necə qəzəbləndim...
- Deməli, ona görə bizin çayımıza (Xaçın) yayda su gəlmir? Hamı palazını-gəbələrini ona görə yazda, sel gələndə aparıb yuyur?
Nənəm başı ilə təsdiqlədi. Bilmədim yüklü maşında, köç üstə, sevincli anlarımda hirsimi kimə-necə töküm? Axı, elə indicə duyuq düşmüşəm ki, yay aylarında Xaçına gələn suyun qabağını burdan kəsiblərmiş... ”Əliniz qurusun” deyəndən, bir az da Xacınstroya hikkəylə baxandan sonra ”əsəblərim” sakitləşdi.
- Nənə, bir belə suyu neyniyəcəklər?
- Yayda kolxozun tarlaların,camaatın bağın-bostanın suvaracaqlar ki, yanmasın.. O sudan içsinlər, bar gətirsinlər.
- Nənə, ora hansı kənddi? - Barmağımı uzaqdan sayrışan işıqları olan yerə tuşladım.
- Cinli.
Bu dəfə gözümü bərəldərək baxdım. Maşının qaranlığı yaran işıqlarının qarşısında bir anda görünüb, sonra qeyb olan dovşanlar da, ağacların xəfif pıçıltısı da, sirli görünüşü də mənə qəribə gəldi. Bir az da qorxuducu... Nənəmə tərəf yaxınlaşdım. Nənəmin dodağındakı bayaqkı təbəssüm bir də göründü.
- Nənə, bəs o işıq gələn yer haradı?
- Kolanı obaları... saa qurban olum, sən də bir az yat, dincəl...
Day, nənəm xahiş eliyir-deyə fikirləşib başımı nənəmin dizi üstünə qoyub yuxuya getdim.
Gözümü açanda Günəş dağların arxasından gülümsəyirdi. Şüasının biri düz gözlərimə düşüb sanki mənə ”yatma” deyirdi. Hə, bura Taxtabaşıdır. Sünbüllü yurd, Gülnazoğlu yurdu, Qərvənd yurdu, Hacı Pənahın yurdu, Buzxana yurdu, Boğaz yurdu, Gicitkanlı yurd, Çala yurd, Şurabad yurdu, Çullu yurd, Solaxayıçala yurdu, Köhnə binələr yurdu, Mahmudun yurdu, Ləzgi yurdu, Məndilin yurdu, Səlim bəyin yurdu deyilən ərazilər Taxtabaşı yaylağı adlanırdı. O adda kənddə vardı oralarda. Yaylaq Tərtər çayın iki böyük qolunun birləşdiyi yerdi. Birləşən çay burda böyük bir gurultuyla çökəyə tökülür, oradan da daha bol su ilə axıb gedir. Cayın həmin çökək yerinə Seyidbatıran deyirdilər. Deyilənə görə, hansısa bir seyid orda girib çimərkən qeyb olub. Yəni, sel onu dərinliklərə, quyu kimi açılan dibə çəkib.
Dörd tərəfimizi əhatəyə almış meşəli dağlara, köçümüzün düşdüyü yamaca sanki yaşıl bir örtük salınmışdı. Maşınlardan tökülən əşyalar sübh tezdən qurulmuş alaçıqlara yığılırdı. Gəlinlər, qızlar əllərinə keçən qabları götürüb bulaqlara qaçırdılar. Su gətirsinlər samovara od salsınlar, çay hazırlasınlar. Bir azdan samovardan çıxan ətirli tüstü ətrafa yayılacaq. Bulaq sarıdan bəxti gətirən yaylaq əhlinin əlacı olsaydı Şırşır bulaq, Sarı bulaq, Göy bulaq, Qara bulaq, Novlu bulaq, Yağlı bulaq, Qırmızı bulaq, Zeynəbin bulağı, Turşsu, Hacı Pənahın bulağı, Dam bulaq, Buzxana bulağı və adını saya bilmədiyim o biri bulaqların hamısının suyundan içərdilər. Buz kimi, bal kimi, dumduru göz yaşı kimi... Gözlərimi geniş acıb ətrafa baxdım. ”3 aylıq istirahət planı”mı hazırlamağın vaxtıydı: Ciyələk, göbələk yığmağa, odun-qamqalaq topalamağa qarşıdakı meşəyə gedəcəm. Gül-çiçək, kəkotu, baldırğan, qırxbuğum yığmağa Çilgəz dağına, İdırım dağına, çimməyə Alatlı şəlaləsinə... hər yerə gedəcəm...
Mamo dərəsi, Orucluyeri, Yəhərqaya, Abbasın quzeyi, Cəlilölən, Vışka, Çilgəz dağı, Oyuxlu dağı, Alatlı dağı, Mehdiəkən, Məzluməkən, Səlimin ziri, Səimin çay yeri, Qanqallı, Xırman təpələri, Darı yalı, Ənvərəkən, Murtulu, Sərinə, Ağqaya, Moruqlu, Bəyquş qayası, Arayeri, Uzundüz, Böyükdüz, Onhektar, Cıdıryalı, Əhmədəkən, Gəraybiçən, Ardışlıgüney, Gödəkburun, Qoruxçular təpəsi, Darı yeri, Mamo zağaları, İldırım dağı, İldırımın düzü, Çalqaya, Sarıyal, El olu, Qarazağa, Arpayeri, İldırım çayı, Alatlı çayı, Mamo dərəsinin çayı, Guppulzağa, Paşanın yeri, Qaçaybiçən çala, Porsuq deşikləri, Qızıltapılan, Suludərə, Oruclu yerinin qobuları, Yəhərqaya, Qatıruçan, Qarı dəyirmanı, Qənbərin çalası, İsmayılın çalası, Alının povorotu, Gizdilin yeri - hər tərəfi qarış-qarış gəzəcəm...
Göy gurultusu məni “planlar”ımdan ayırdı: Ay qız, gəl, gücün çatandan kömək elə, bu mütəkkələri, yan döşəklərini içəri daşı..
Dodağımın altında: Bu da vaxt tapdı də... –demişdim ki, babamın növbəti dəfə çəkdiyi qıyyanın qorxusundan mütəkkəni qapıb özümü alaçığa güclə yetirdim.
P.S. Mən bir elin köçünü qələmə aldım. Üzü dağlara, üzü firavanlığa. üzü bərəkətə tərəf gedən bir elin hekayəsidir bu. Və o köcün acıları olacaq. O köç geri dönəcək .O zaman artıq köç olmayacaq, köçkün olacaq. 1993-cü il 2 aprel.. O günə isə hələ xeyli var... Davamı olacaq...
Əntiqə RƏŞİD