"Cəmil Həsənli haqqında “yanıldığını” söyləyən yazar səmimiyyəti dəfn edib"
Yaxud, Xalid Kazımlı Ilham Əliyev haqqında nə öyrənib?
Bəlkə də hər gün zamana təşəkkür etməliyik. Çünki, zaman kimin “2"-yə kimin ”5"-ə layiq olduğunu dəqiq göstərir. Bu gün ölkədə ikiqütblü sistem formalaşıb. Bu qütblər hakimiyyət və yeganə müxalifət qurumu olan Milli Şuradan ibarətdir. Indi zamanın “2" yazdığı adamlar hakimiyyətdən ”5" almaq üçün Milli Şuranı yenidən hədəf seçiblər.
Ötən gün “Yeni Müsavat” qəzetinin yazarı Xalid Kazımlının Milli Şura sədri Cəmil Həsənli haqqında peşimançılıq yazısını oxudum. Guya, yazar 2013-cü ildən sonrakı dövrdə Cəmil Həsənli haqqında ciddi kompromatlar əldə edib və buna görə də onu dəstəklədiyinə peşiman olub. Təbii ki, müəllif bu “ciddi kompromat”lar haqqında heç bir məlumat vermir və ümumi sözlərlə vəziyyətdən çıxmağa çalışır. Əsas arqument də budur ki, Cəmil Həsənli hamının lideri ola bilmədi. Əslində, bu arqumentdə həqiqət var. Çünki Cəmil Həsənli satılmışların, keçmişinə xəyanət edənlərin, masqalıların lideri olmaqdan imtina etdi. Səngəri qoyub qaçanlar istəyir ki, Cəmil Həsənli fərarilərin də lideri olsun.
Heç kimə sirr deyil ki, “Yeni Müsavat”da işıq üzü görən bu qaranlıq yazının məqsədi tamam başqadır. Bu hakimiyyətin Etibar Hüseynov kimi “brend”lərə ehtiyacı var və irəliyə getmək üçün “brend”ə çevrilmək lazımdır.
Amma məsələnin daha maraqlı tərəfi var. Gəlin təsəvvür edək ki, Xalid Kazımlı haqlıdır və Cəmil Həsənli haqqında qalaq-qalaq kompromatlar tapdığı üçün məyus olub. O zaman Arifoğlunun yazarına bir sualla müraciət etmək istəyirik.
Bu illər ərzində nə baş verdi ki, Ilham Əliyevə qarşı da mövqeyiniz dəyişdi? Axı Cəmil Həsənlidən fərqli olaraq Ilham Əliyevlə bağlı korrupsiya faktları ortaya çıxdı, ölkədə siyasi məhbusların sayı artdı, ədalətsizlik ərşə dirəndi və.s
Yəni, bu hakimiyyətin tərcümeyi-halı ləkənədikcə, “Yeni Müsavat”çıların Ilham Əliyevə rəğbəti artmağa başladı.
Xahiş edərdik ki, Xalid Kazımlı bu sirri bizə açsın. Çünki, Cəmil Həsənli və Ilham Əliyevə qarşı münasibətin 360 dərəcə dəyişməsi olduqca maraqlı mənzərədi.
“Bizim Cəmil müəllim” yazısına görə peşiman olan müəllif, “Bizim Ilham müəllim”ə keçidin ağlabatan izahını verə bilərmi?
Maraqlıdır, Cəmil Həsənlinin dəyişdiyini müşahidə edən yazar, çalışdığı qəzetin 360 dərəcə dəyişdiyini niyə müşahidə edə bilmir?
Xalid Kazımlının məntiqi ilə yanaşsaq “Səs”, “Yeni Azərbaycan” kimi qəzetlər ədalətin carçısıdır. Çünki, bu qəzetlər Xalid Kazımlının öyrəndiyi “həqiqət”ləri daha öncədən tirajlamağa başlayıblar.
Biz başa düşürük ki, bu ölkədə real müxalifət, həqiqəti yaza bilən jurnalist olmaq çətindir. Onu da başa düşürük ki, səsi kəsilmişlərin “Səs”ə pənah aparması təbiidir.
Amma istənilən halda insan bu qədər aşağı düşməyi qəbul etməməlidir. Yuxarıda ünvanladığımız suallar da göstərir ki, Cəmil Həsənli haqqında “yanıldığını” söyləyən yazar səmimiyyəti dəfn edib.
Etiraf edin ki, siz yeni qibleyi-aləminizi tapmısız və siyasətinizi də onun maraqlarına görə müəyyən edirsiz. Yəni, kimin hansı yuvanın quşu olduğunu, bu quşlara kimin dən verdiyini biz də bilirik.
Allah heç kimi belə peşiman eləməsin. Çünki, belə peşimançılıq adamı peşiman eləyir.
P.S Görəsən dostları Xalid Kazımlıya Cəmil Həsənli haqqında nə deyib? Fürsətdən istifadə edib biz də Xalid Kazımlıya Əliyevin Londondakı villasını, hakim ailənin nəzarətində olan bankları, Vircin adasındakı 48 milyardı xatırlatmaq istəyirik. Yəqin, bu xatırlatmadan sonra Ilham Əliyevlə bağlı da peşiman olacaq.
Azadlıq.info