Hasarlar boy vermir
"Xeberinfo.com": Orta məktəbdə bir bəməzə müəllimimiz vardı.Yeni dərsi izah edəndə birdən qəfil dayanar və üzünü bizə tutub hamımızdan soruşardı:
-Uşaqlar,bilirsiniz nə var?
Biz bir-birimizin üzünə baxar və xorla müəllimə deyərdik:
-Yox,müəllim.Bilmirik,nə var?
O da, şirin bir təbəssümlə qımışar və deyərdi:
-Dənizdə su var.
Müəllimin bu cavabından sonra biz qəh-qəhə çəkib gülərdik.Hər dəfə də müəllim bu sualı verəndə xorla cavab verərdik və bununla da özümüzü hər şeyi bilirmiş kimi göstərərdik.
Quş qanadlı illər uçub getdi və biz orta məktəbi bitirib hərəmiz bir tərəfə üz tutduq.Mən Bakıya gəldim.Ömrümdə birinci dəfə dənizi və o dənizin içində illərcə müəllimimizin bizə dediyi suyu gördüm. Boş vaxtlarımda imkan eləyib dənizin sahilinə gəlir,kükrəyib şahə qalxan dalğalarını,sahilə dəyən ləpələrini seyir edirdim.Hətta Bakının istisindən pöşələnəndə özümü verirdim Xəzərin qoynuna.Yaxşıca sərinləyirdim.
Aradan illər keçdi.Dünya dəyişdi,yetmiş il tərkibində yaşadığımız imperiya ilə savaşıb, qan töküb,can verib müstəqillik qazandıq.Və yetmiş il bəyənməyib,tənqid etdiyimiz bir cəmiyyətdə yaşadıq.İnsanlar təbəqələşdi-ən varlılara və ən kasıblara bölündü.Onların aralarında olan sahə boş qaldı.
Hərdən o vaxt sahilində sərbəst gəzdiyim,istədiyim yerində çimdiyim ana Xəzərin sahilinə gəlib.hündür hasarlarından baxmaq istəyirəm ki,görüm müəllimimizin dediyi və mənim qabaqlar gördüyüm dənizdə su var,ya yox. Amma dənizi özəlləşdirənlərin sahil boyu çəkdiyi hasarlar boyuma boy vermir.
Sən qarışma
Hava bürküydü,nəfəs almaq olmurdu. Oturmuşdum sərinkeşin qabağında.Özümü xəyalən gəndimizdəki durna gözlü "Novlu bulağ"ın başında hiss edirdim.Məni şirin xəyaldan ev telefonunun aramsız zəngi ayırdı.Dəstəyi qaldırdım. Qonşunun qızı Laləydi.O,həyacanla:
- Əmi.tez bizə gəlin.Atam anamı öldürür.
Qızdan atasının anasını niyə öldürməyinin səbəbini soruşmadan,özümü saldım qonşunun həyətinə.Doğurdan da Leylanın atası Nazim arvadı Zərini salmışdı ayağının altına.Zərinin əsil adı Zərnişan idi.Nazim Zərnişanı əzizləmək üçün Zəri deyirdi.Biz qonşularda böyüklü,kiçikli hamımız Nazimin diliylə Zərnişana Zəri deyirik.
Nə isə,indi Zərnişanı oxuculara geniş təqdim etməyin yeri deyil.Əsas məsələ qəzəbindən şirə dönmüş Nazimin əlindən Zərini almaqdır. bir azda geciksəm Zəridə Zərilik qalmayacaq,ya o, o dünyalıq,ya da xəstəxanalıq olacaq.Ona görə də var səsimlə Nazimə:
- Nə edirsən ə?-deyib,Zərinin başına çırpmaq üçün qaldırdığı əlini havada tutdum.
O əlini əlimdən aralamaq üçün qəzəblə:
-Müəllim,sənlik deyil. Sən qarışma,-deyib. zorla əlini əlimdən çıxarıb Zərinin üstünə yeridi.Zəri zavallı da yerdə uzanıqlı halda qalıb, bir əliylə başını tutmuşdu ki,Nazimin təpikləri,yumuruqları başına dəyməsin,o biri əliylə də donunun ucundan aşağı çəkmişdi ki,baldırları görünməsin.
Zəriyə lap yazığım gəldi və bu yerdə cin başıma necə vurdusa Nazimin qarşısını döyüşkən bir görkəmdə kəsib üstünə çığırdım və dedim:
-Ə,dayan.bu dəqiqə səni dəli inək balasını tapdalayan kimi tapdalayacam.
Mənim bu dəli nərəmdən sonra Nazimin Zərini vurmaq üçün havaya qalxmış əli iri gövdəli ağacın kəsilmiş budaq kimi yavaş-yavaş aşağı düşdü.Köpü yatdı.Nazim kənd adamı olduğuna görə dəli inək balasını necə tapdaladığını gözəl bilirdi.
Qonşudakı münaqişəni yoluna qoyub,qalib görkəmdə evə qayıtdım.
Məhərrəm Şəmkirli