PREZİDENTİN ŞƏKİLİ
"Xeberinfo.com":Hakimiyyətə cavankən gəlmişdi. Artıq iyirmi il idi ki, fasiləsiz olaraq ölkəyə rəhbərlik edirdi. Necə edirdi, nə təhər edirdi, onu iyirmi ildə kölə halına saldığı yerdəki xalq və bir də göydəki Allah bilirdi. Nə kölə xalq köləliyindən qurtarmaq istəyirdi, nə də bu əzabı görən Allah onun bəlasını verirdi. Xalqın nə vaxt oyanması bilinmirdi, amma Allah vaxtı, vədəni gözləyirdi ki, bir gün əzilən bəndəsinin qisasını ondan alsın. Onun iyirmi illik hakimiyyəti azmış kimi, ölkəni talamaq üçün başını buraxdığı məmurları onun ömürlük prezident olmasını istəyirdilər. Ölkənin qanunvericilik orqanında xalqın xeyrinə bir gün yox, bir saat da belə işləməmiş ona ana yasanın maddəsini dəyişmək üçün məsələ qaldırdılar. Və istədiklərinə də nail oldular. Çünki deputatların əksəriyyəti hakimiyyəti təmsil edirdilər. Ölkədə müxalifət yox idi, nə vaxt yaranacağı da məlum deyildi.
Prezidentin fasiləsiz hakimiyyətinin 21-ci ilində Əbdüləzizin ailəsində bir oğlan uşağı dünyaya gəldi. Uşağın ata-anasından buna daha çox baba Əbdüləziz sevindi. Məscidə getdi. Allaha dualar etdi, verdiyinə şükr dedi.
Əbdüləziz yeni doğulmuş nəvəsini ölkənin gələcək ədalətli, demokratik prezidenti kimi görürdü. Bunun üçün də səbrlə illəri gözləmək lazım idi. Əbdüləziz də ümidlə gözləyirdi. Ümid onun həyatında şirin bir şeyə çevrilmişdi.
Əbdüləzizin nəvəsinin doğulmasından altı ay keçmişdi, amma uşaq heç altı aylıq uşağa oxşamırdı: cılız və balaca idi. Bu da onun tam ana südü ilə qidalanmamsı idi. Çünki ananın südü uşağı doyuracaq qədərində deyildi. Bir də ana özü nə yeyirdi ki, südü də olsun. Ona görə də uşağa çətinliklə də olsa əlavə uşaq yeməkləri alıb verirdilər. Lakin bu yeməkləri uşağa yedirdənə kimi istər ananın, istərsə də nənənin anadan əmdikləri süd burunlarından gəlirdi. Əbdüləziz gəlininə də, arvadına da dönə-dönə tapşırırdı ki, uşağın yeməyini vaxtlı-vaxtında versinlər, gecikdirməsinlər. Uşaq yaxşı yeməsə zəif düşər, böyüməyi ləngiyər, Əbdüləzizin prezident ümidi gecikər. Doğrudan da uşaq zəif idi, amma diribaş və çevik idi. Anasının qucağında bütün günü balaca çöpə oxşayan əlləri ilə divarı, qapı-pəncərəni döyəcləyirdi.
Evin girəcəyində iri və nəfis tərtibatlı divar təqvimi asılmışdı. Hər səhifəsində də prezidentin müxtəlif görüntülərdə şəkilləri verilmişdi. Bu təqvimdən ölkədəki bütün evlərdə, idarələrdə, mağazalarda və bir sözlə hər yerdə vardı. Xalq prezidenti sevdiyindən onun əksi olan təqvimləri evlərindən asmamışdılar. Hakimiyyətin göstərişi belə idi. Əbdüləzizin evi də istisna deyildi.
Hərdən Əbdüləziz nəvəsini qucağına alıb həyət-bacada gəzdirirdi. Bir dəfə adəti üzrə yenə nəvəsini həyətə gəzməyə çıxarırdı. Qapının ağzında asılmış təqvimdən prezident onlara baxırdı. Amma baxışında mehribanlıq, dodağında təbəssüm yox idi. Əbdüləziz prezidentin şəklinə diqqətlə baxdı, sanki birinci dəfəydi görürdü. Nə axtarırdı Əbdüləziz bu qəzəbli, kinli sifətdə, özü də bilmirdi. Birdən uşaq əlini prezidentin şəkilinə atdı, pişik kimi onu cırmaqlamağa başladı. Əbdüləziz bundan qorxdu. Allah eləməmiş, birdən kimsə qəflətən içəri girsə və bu səhnəni görsə, Əbdüləzizin yeri o dünyalıq idi. Ona görə də nəvəsinə:
- A bala, bu prezidentdir, ona adi söz demək belə təhlükəlidir, nəinki şəklini cırmaqlamaq. Heç nədən bizi işə salarsan. Gedək həyətdə səni gəzdirim. Gəzdirim ki, təmiz hava alıb rahat yatasan.
Uşaq divardan qonmurdu, dayanmadan şəkili döyəcləyir və cırmaqlayırdı, hərdən də balaca yumruqlarını düyünləyib prezidentin başına vura-vura öz uşaq dilində nəsə deyirdi.
Uşağın dilini anası bilər deyiblər, amma bu dəfə baba Əbdüləziz nəvəsinin dilini başa düşmüşdü. Uşaq gələcəkdə oyanacaq xalqın ilk rüşeymi idi. Indidən üsyan edir, prezidentin uzun və üzücü hakimiyyətinə qarşı çıxırdı.
Əbdüləzizin ürəyinə nəvəsinin bu hərəkətindən ümid qığılcımı düşdü, və yavaş-yavaş şölələnməyə başladı. Hər tərəf işığa qərq oldu.