Biz aldadılanlardanıq
"Xeberinfo.com": Atalarımızın gözəl bir məsəli var: "Yalan üz ağartmaz".Amma atalarımız bu sözü zamanlar üçün yox,öz zamanları üçün deyiblər. Mənə elə gəlir ki,elə atalarımızın yaşadıqları vaxt kişi sözü, kişi hərəkəti olub. Yalan danışmağı kişililiklərinə sığışdırmayıblar, ləyaqətlərini,şərəflərini gözləyiblər. Dillərinə həqiqəti,yalnız həqiqəti gətiriblər və həqiqətlə başqalarının yanında üzləri ağ, alınları açıq olublar.
Bu günün adamları,ələlxüsusda məmurları yalan danışa-danışa özlərini elə aparırlar ki,sanki həyatda bunlardan başqa aydan arı,sudan durusu yoxdur.Deyirəm qırmızı yalan danışmaq üçün gərək adamda qırmızı sifət də ola, vicdan deyilən nəsnədən xəbərsiz ola. İlahi,bu gün bunlar nə qədərlərmiş?!
İllərdir Dövlət Yol Polisi və Nəqliyyat Nazirliyinin əməkdaşları sadə xalqın Anayasa hüququnu öz kobudluqları ilə pozur,onu alçaldır,döyür,təhqir edir.
Bu günlərdə cənab prezident gərək ki,Kürdəmir rayonunda insanların qarşısında bir mənalı şəkildə bəyan elədi ki,üzləşdiyiniz, raslaşdığınız qanunsuzluqlar,gördüyünüz nöqsanlar haqqında yerli icra orqanlarına məlumat verin, əgər onlar ölçü götürməsələr, qanunuların aliliyini təmin etməsələr bir başa bizi məlumatlandırın.
Deyək ki, cənab prezidentin TV-lərə baxmağa, dövrü mətbuatı oxumağa vaxtı,imkanı yoxdur. Bəs,onda görəsən məmurlar nəylə məşğuldurlar ki,məsul olduqları sahələrdə nələrin baş verməsindən, kimlərin qaz vurub, qazan doldurmasından, hər yaramazlığını meydan bilib at oynatmağından xəbərləri yoxdur? Hər gün TV kanallarında ağızları köpüklənə-köpüklənə gördükləri "işlərdən",məlum qurumların özlərini reklam etmələrindən xalq bezib.Bu qədər abırsızlıq, həyasızlıq, qırmızılıq olmaz axı! Hanı bunların yaratdıqları qayda-qanunlar? Qanunu, göstərişi verməyə nə var ki,oğul istəyirəm onun icrasını yerinə yetirsin.Çox təəssüf,hələ ki,belələri yoxdur.
Bu gün Azərbaycan kimi xırda bir ölkədə baş verən qəzavü-qədərlər əhalisinin sayı 70-80 milyon olan ölkələrdə baş vermir.Məlum Bakı- Sumqayıt yolunda baş verən ölümlü-itimli faciədən sonra görün Nəqliyyat Nazirliyinin sözçüsü nə deyir? O təklif edir ki, milyon manatlarla vəsait xərclənib quraşdırılmış dəmir hasarlar sökülüb betonla əvəzlənsin.Qəzalar baş verəndə maşınlar betonlara çırpılsın,ölüm-itim də az olsun.Vallah-billah, mənə görə bu təklif gülünc bir təklifdir,heç bir məntiqə söykənmir.Mənə gün kimi aydındır ki,yuxarıları insanların həyatı yox,yeni qazanc yeri maraqlandırır.Mən bilmirəm nə vaxta kimi xalqın küllü miqdarda pul vəsaiti keyfiyyətsiz yolların çəkilməsinə, iki gündən bir yenidən qurulmasına xərclənəcək?!
Mənə elə gəlir ki, bizdə olan sürücü mədəniyyətsizliyi dünyanın ən geridə qalmış ölkəsində belə ola bilməz. Sürücü mədəniyyətindən bol-bol danışan Nəqliyyat Nazirliyinin yüksək çinli məmurları,marşurut sahibləri bir saat yox.yarımca saat marşurutla yol getsin,sürücülərin hansı mədəniyyətin sahibi olduqlarını öz gözləri ilə görsünlər.Necə ki, sadə xalq görür və bunun əziyyətini çəkir.
Bu günlərdə 65 saylı marşurutda işləyən avtobusla nəvəmi məktəbdən gətirirdim. Avtobus ağzına kimi sərnişinlə dolu idi,istidən də nəfəs almaq olmurdu. .İsdidən bir təhər olmuş sərnişinlər sürücüdən tələb edirdi ki,kondisoneri işə salsın.Sərnişinlərin haqlı tələbindən əsəbləşib özündən çıxan sürücü Nəqliyyat Nazirliyinin yanında avtobusu saxladı və hökümlə camaata:-Düşün, getmirəm.
Buna sürüşünün qudurmuşluğundan başqa bir ad tapmadım.Belə hadisələr təkcə 65 saylı marşurut avtobusuda olsaydı.üstündən keçmək olardı.Amma belə əxlaqsız,mədəniyyətsiz sürücülərlə əksər marşurutlarda rastlaşmaq olur.Axı nə vaxta qədər,ay Nəqliyyar Nazirliyinin özündən razı məmurları?!
Məhərrəm Şəmkirli