Redaktor seçimi
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Baba Rzayevin köhnə dostu Baxış Babayevlə işbirliyinin arxasında nələr durur? -
Ağalar Vəliyevin “Kristal Abşeron”u və qalmaqallı tarixçəsi -
Ramin Abdullayev hələ də cəzasız qalıb: Yuxarı instansiyalar cəza tədbiri görə bilmir? -
Günün xəbəri

Ana dili və əlifba qayğılarımız...

 



<!--[endif]-->

Tarix boyunca bir millət olaraq bizi sevməyənlərin başımıza gətirdikləri, yaxud özümüzün biganəliyimiz, ya bir-birimizi sevməməyimiz ucbatından yaranan fəlakətlər səbəbindən ana dilimiz çoxsaylı zərbələr alıb. Baxmayaraq ki, əksər hallarda dilimiz mətinliyini qoruyub, ancaq zərbələr ona təsirini göstərib. Çox hallarda dilimizin gözəlliyi haqqında ritorik, bəlağətli söyləmələrdən o yana gedə bilmirik. Son nəticədə hər birimizin biganəliyi damla-damla yığışır, bütövlükdə biganəliyimizi təsdiq edir. 

*** 

Dil – ruhaniliyin ifadəsidir, bu səbəbdən də o, zamandan, gerçəklikdən, quruluşdan üstündür. Əgər dil ictimai hadisə olsaydı, çoxsaylı quruluşlarla birgə dilimiz də ölüb gedərdi. Hər bir xalq öz adıyla bağlı olan dilin yaradıcısı, yaşadıcısı, qoruyucusudur. 

*** 
Dil – hər bir xalqın müəyyənliyi, özünəməxsusluğudur. Dünyada gərginliklərin artdığı bir çağda xalqların, dövlətlərin dil qoruyuculuğu məsələsində daha da bərkidiyi göz önündədir. Dil uğrunda savaş əslində ulusal müəyyənlik uğrunda savaşdır.
Hər bir xalqın dili o xalqın təfəkkürünü, səviyyəsini göstərir. Ən əski çağdan bəri, yəni xalqın ilkin inancları yarandığı çağlarda dilin imkan verdiyi səviyyədə həmin özəlliklər yaşayıb, sonradan yetkinləşib, bugünümüzə gəlib çıxıb. Dil özündə tarixi çox gözəl ifadə edir, yaşadır. 
Qəhrəmandır dilimiz, ona görə ki, biz bir xalq olaraq sarsıldığımız, hətta özümüzdən ayrıldığımız çağlarda belə o, ruhumuzu ölməyə qoymayıb, kamil şəkildə qoruya bilib.

*** 
Güney Azərbaycanda ana dilimizə qarşı olan bütün basqılara baxmayaraq Türkcəmiz ölmür, itmir, varlığını qoruyub saxlayır. Orada dilimiz dövlət səviyyəsində qəbul edilmədiyinə, ana dilimizdə məktəblər olmadığına görə daha çox şifahi ədəbiyyatımız inkişaf edib. İndi Güneyimizdə yaşayan 35 milyondan çox soydaşımızın fars şovinizminin basqısı altında qalması üzündən onların ana dilimizdə istənilən səviyyədə danışmasına belə imkan verilmir. Bu gün orada türkcəmizin ardıcıl şəkildə farslaşdırılması üçün İran hökuməti əlindən gələni edir. Sevindiricidir ki, aşıq sənəti Güneydə yayılmaqdadır. 


***

Heç bir dil özünə qapanıb qalmır. Onun başqa dillərlə əlaqəsi, təbii ünsiyyəti olur. Dillər bir-birindən sözlər alırlar. Tarixin çox dönəmlərində xalqların bir-birini işğal etməsi həm də bir dilin başqa dili işğal etməsinə gətirib çıxarıb. 
Tarixən türk qılıncının gücünü dadmış çinlilərin dilində bu gün türk sözlərimizin sayı azdır. Türklər anadangəlmə yaradıcılıq, bənzərsizlik keyfiyyətlərinə malik olduqları dərəcədə həm də təəssüf ki, arxayınlaşıblar. Dilimizi gərəyincə qorumamışıq. Bu arxayınçılıq indi də bizdə qalmaqdadır.

***

Dili qorumaq – milləti qorumaq, eləcə də dövlətçiliyi təsdiq etməkdir. Bu gün ədəbi dilə sayğı məsələsində hələ də məsuliyyətimiz tam deyil. Bu, hər şeydən qabaq aydınlarımızdan ana dilimizin tələbinə uyğun səviyyədə köklənməyi tələb edir. Yoxsa bundan sonra dilimizə daxil olacaq çoxsaylı yeni terminlərin qarşısında yenə də "ağ bayraq" qaldıracaq, dilimiz əlimizdən gedəcək – gerçəklik budur! 
Ona görə də dialektlərimizdə olan, bölgələrdə işlədilən sözlərin ümumişlək olmağa gərəklilərini seçərək onların özgə sözlərin qarşılığında işlədilməsinə çalışmalıyıq. Bu gün ucqar kəndlərimizdə "dialekt" adıyla işlədilən türkcəmizdəki bir çox sözlərin varlığı əslində o bölgələrə "mədəni inqilabın" gedib çıxmaması ilə bağlıdır. Bunun yaxşı cəhəti ondadır ki, oralarda türkcəmiz yad sözlərə yenilməyib. 

*** 
Bu gün demək olar, Azərbaycanda söz yaradıcılığı ilə məşğul olan yoxdur. Təəssüf ki, sovet dönəmindən indiyə kimi dilimizdə barmaqla sayılası qədər söz yaranıb. Bu gün Azərbaycan dilçiləri söz yaratmaq məsələsini yenə də şair və yazıçıların üzərinə atırlar. XX yüzildə şair-yazıçılarımız tərəfindən çox az söz yaradılıb. Bu, onu göstərir ki, söz yaratmaq ayrıca bir hadisə kimi mütəxəssislər tərəfindən olmalıdır. "Dədə Qorqud dastanları"nda söz yaradıcılığı, əslində milli ruh qoruyuculuğu ilahi bir səviyyədə ənənələşib. Bu anlamda Azərbaycana indi aşırı təsir edən elmi-texniki inkişaf dönəmində yeni gələn termin və sözlərə qarşı mümkün qədər "çəpər çəkilməli", onların qarşılığının tapılmasına çalışmalıyıq. Başqa bir fəlakətli hal isə Azərbaycanın şəxs adlarının çoxusunun özgə dillərdəki adlardan ibarət olmasıdır. 

*** 
Sovet dönəmində yazarların dillə bağlı məsuliyyəti indikindən çox idi. Sovet dönəmi ədəbiyyatımız üçün poeziyada Səməd Vurğunun, nəsrdə isə Mövlud Süleymanlının dili örnək sayıla bilər. Ancaq əsərin dilinin gözəl, axıcı olması da problemin çözümü deyil. Bu, işin bir tərəfidir, biçimlə bağlıdır. Əsər daha çox məzmunla yadda qalır. Gözəl milli məzmun həm də gözəl biçim yaradır. 

*** 
Yazar xalqını umacaqsız sevdiyi, ona ruhən qovuşduğu dərəcədə gözəl əsərlər yarada bilər. Yazar ruhlu, inamlıdırsa, əsəri də gözəl olacaq. 
Yazıçının yaradıcı müstəqilliyi mənsub olduğu xalqdan asılı olmalı, o, xalq qarşısında məsuliyyətini unutmamalıdır.

*** 
Yazarlarımız bacardıqca ana dilimizdə yeni sözlər yaratmalıdırlar. 
Öz dilinin təəssübünü çəkməyən yazıçı mahiyyətcə antimillidir.
Özünü Azərbaycan yazıçısı, şairi sayan kimsə türkcəmizi incəliklərinə kimi bilməlidir. Bunun bir yolu da folklora dərindən yiyələnməkdir. Çünki xalqın folklor dili qədər duru, anlaşıqlı dili yoxdur.

*** 
Milli dəyər ölçüsü olmayan, həmin dəyər əsasında yaşamayan yaradıcının əsəri də milliliyə qarşı çevrilir. 
Yazıçı xalqının adından danışdığına, yazdığına əmin olmalıdır. Yazıçı ilə xalq bir-birinə mənsub olmalıdır. 
Özgə dildə yazıb özünü xalqdan (türkdən) saymaq – suçdur. 
Yaradıcılığıyla bir millətə, milli mənsubiyyəti ilə başqa bir millətə məxsus olmaq – özümlüyü, müəyyənliyi itirməkdir, öz millətini şübhə altına qoymaqdır. Yazıçının yaradıcılıq dili onun mənsub olduğu millətin dili olmalıdır. 

***
Hər kəsin ana dili (buna “doğma dil”, “milli dil” də deyə bilərik) – mənsub olduğu millətin dilidir. Mənsub olduğu millətin dilindən başqa insanın düşündüyü, daxili nitqini qurduğu, ünsiyyət yaratdığı dili ana dili saymaq yanlışdır. Dünyada ana dilinə belə yanaşanlar da çoxalmaqdadır.
Belə olduqda qəribə durum yaranır: əgər bir adam üç-beş dil bilirsə və indiki işgüzar dünyada hamısını eyni səviyyədə işlədirsə, onda həmin şəxsin üç-beş ana dili olduğunu qəbul etməliyik. 
Ana dili isə birdir. Çünki adamın bir anası (atası, milləti) olur. 
Ana dili – milli dildir, şəxsin mənsub olduğu millətin dilidir. 

*** 
Gələcəkdə yığcam janrlara gərəklik artacaq. Bu mənada çağdaş yazarlar Mütləqə İnam Ocağın yaratdığı milli fəlsəfədən yararlanmalıdırlar: yığcamlıq, mənalılıq, özünəməxsusluq yaradıcılığın başlıca yönü olmalıdır. Dilin və əsərin gözəlliyi yazarın ruhunun gözəlliyindən, gücündən asılıdır.

*** 
Çağdaş dönəmdə yazarlarımzın yaradıcılıqda müəyyən axtarışları olsa da, ancaq oturuşmuş fərdi üslublar yoxdur, çünki indi hamı dünyaya bənzəmək istəyir. 
Fərdilik isə – özünə bənzəməkdir.
Yarımçıq qəhrəmanlıq – qəhrəmanlıq deyil. 
Fərdlər müstəqil ulusal İnama, İdraka, Mənəviyyata, İradəyə yüksəlmədən ana dilinin hər anlamda qorunması mümkün olmayacaq. Belə bir Milli İnam artıq 36 ildir ki, meydandadır: İnam Atanın (Asif Atanın) Mütləqə İnam Dünyabaxışı, Fəlsəfəsi. 
Qəhrəman Türkcəmizin qəhrəman da qoruyucuları olmalıdır. 

***
Çağdaş dönəmdə adına "Azərbaycan əlifbası" dediyimiz gerçəkdir ki, latın qrafikalıdır; o deməkdir ki, hərfi mənada "sözümüzün geyimi", yəni qrafik işarələrimiz özümüzünkü deyil... Bir xalqı özgələşdirmək istəyirsənsə, öncə onun əlifbasını əlindən al; Stalin bunu çox gözəl anlayırdı. Bu səbəbdən də Azərbaycanla Türkiyə arasında "Ermənistan" adlı bufer dövlət yaradıldıqdan sonra latın qrafikalı əlifba da dəyişdirildi. Baxmayaraq ki, bu qrafika da özümüzünkü deyildi. İmperiya qorxurdu ki, Azərbaycanla Türkiyə arasında bağı məhz əlifba yaradacaq. Əlifba dəyişdiriləndə artıq coğrafi Türküstan da param-parça olmuşdu. Buradan bir daha aydın olur ki, Türkün sabahında özünəməxsus əlifbasının olması, ya da Orxon-Yenisey qrafikalı əlifbasına yiyəlik etməsi necə gərəkli bir işdir. Hecə olur ki, Çin minlərlə heroqlifi olan əlifbasından əl çəkmir, erməni ordan-burdan yığdığı qondarma əlifbası ilə meydan sulayır, gürcünün öz əlifbası var, ancaq 300 milyonluq türk xalqının əlifbası olmasın? Axı bizim bir xalq olaraq yaradıcılıq potensiyamız qətiyyən tükənməyib. Deməli, sabahımızı gec də olsa, bu sarıdan da düşünməliyik.

 

   İşıqlı Atalı

   Mütləqə İnam Ocağının Yükümlüsü

 

 

 


<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam