Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ONUN BÖYÜK ÜRƏYİ

 

Xeberinfo.com:  Rza müəllim ikinci dərsə girməyə hazırlaşırdı ki, cib telefonuna zəng gəldi. Zəng edən bacısı Sənubər idi. Sənubər olduqca qəmli bir səslə dedi:

– Qardaşım, təcili bizə gəl, anamızın halı xarabdı, səni görmək istəyir.                       

– Oldu, – deyib Rza müəllim telefonu qapadı, 214-cü qrupdakı dərsini boş qoymamağı kafedranın dosenti İbrahim müəllimdən xahiş etdi və avtomobilinə əyləşib bacısıgilə tələsdi.

Həqiqətən də Sona müəllimənin halı pisləşmişdi, o özündə deyildi, çətinliklə nəfəs ala-ala gözünü qapıya zilləmişdi. Rza müəllim cəld Sona müəlliməyə yaxın gəldi, əllərindən yapışaraq onunla danışmağa çalışdı. Lakin Sona müəllimə onu dinləmədən qırıq-qırıq deyirdi:

– Oğlum, vaxtım çox azdı... mən gedirəm. Hər ikinizin... üzü ağ olsun. Mən sizdən... dünyalar qədər ... razıyam. Sizə sərf etdiyim ... bütün əməyim... halal xoşunuz... olsun. Siz də mənə... halallıq ... verin. Bir... birinizi... qoruyunnn. 

Rza müəllim sakitləşdirmək məqsədi ilə Sona müəlliməni qucaqladı və dedi:

– Anacan, sən nə danışırsan, İnşallah hələ nəvələrinin toyunu görəcəksən, bu mənim də, qızının da ən böyük arzumuzdur. Elə bu anda Rza müəllim hiss etdi ki, Sona müəllimənin bədəni tamam süstləşdi. Sona müəllimə artıq nəfəs almırdı. O, Rza müəllimin qucağındaca haqqın dərgarına qovuşmuşdu. Sənubər, onun qızı Güllü, Rza müəllimin həyat yoldaşı Dürdanə xanım və orada olan qonşu qadınlar eyni zamanda hönkürtü ilə ağlamağa başladılar. Bir neçə dəqiqədən sonra Rza müəllim göz yasları yanaqları ilə aşağı süzülə-süzülə həyətə endi. Blokun çıxacağında göz yaşlarını qurulayaraq həyətdə toplaşmış cavanlara müəyyən göstərişlər verdi. Hər kəs öz vəzifəsini dəqiq bildikdən sonra hərəkərə keçdilər. İki saatın içərisində həyətdə çadır quruldu, cənazə məsciddə yuyulub gətirildi, qəbir qazıldı ...

Saat dörd tamamda mollanın işarəsi ilə cənazə qaldırıldı, mərhumə şəhərin köhnə qəbiristanlığında dəfn ediləcəkdi. Cənazəni cənazə maşınına yerləşdirdilər. Cənazə maşını qabaqda minik avtomobilləri isə onun arxasınca qəbiristanlığa doğru yol aldı. Dəfn mərasimindən sonra hamı bir nəfər kimi hüzür yerinə qayıtdı, molla bir yasin xətm etdikdən sonra süfrəyə göy-göyərti, pendir, kərə yağı, çörək, çay və şirniyyat düzüldü. Molla bismillah deyərək məclisdəkiləri çörək kəsməyə dəvət etdi. Çay-çörəkdən sonra məclisdəkilər başsağlığı verərək yavaş-yavaş dağılışmağa başladılar. Məclisdəki adamlar tam dağılışandan sonra Rza müəllim bacısıgilin mənzilinə qalxdı, stolun arxasında oturub bir stəkan çay istədi. Güllü bir göz qırpımında dayısının qarşısına çay qoydu. Rza müəllim çayını içə-içə anasının həyatını kino lenti kimi gözünün önündən keçirir, onun fədakarlığını, necə böyük ürəyə malik olduğunu səssizcə götür-qoy edir və ixtiyarsız olaraq axan göz yaşlarını durdura bilmirdi. Rza müəllim dünən olubmuş kimi aydın xatırlayırdı: o altıncı, bacısı Sənubər isə birinci sinifdə oxuyurdular. Ədəbiyyat müəllimi uşaqlara ana haqqında yazmağı tapşırmışdı. Sinifdəki şagirdlərin hamısı tapşırığı yerinə yetirmiş, uşaq təxayyülünün imkanları daxilində hərə öz anasının necə mehriban, gözəl, bacarıqlı olması barədə xeyli yazmışdı. Rza isə heç nə yazmamışdı. Müəllimə onu məzəmmət etdikdə Rza ədəblə ayağa qalxdı və günahkar görkəm alaraq:

– Mənim anam yoxdu, müəllimə. Mən və bacım anamızı da, atamızı da üç ay əvvəl avtomobil qəzasında itirmişik,  – dedi və yaşla ləbələb dolu gözlərini müəllimənin gözlərinə dikərək yalvarışla dolu bir səslə:

– Müəllimə, nə olar, siz bizim anamız olun daaa, – dedi və boynu bir qədər sol çiyninə əyilmiş vəziyyətdə gözlərini Sona müəllimənin dodaqlarına dikdi.

Sona müəlliməni qəhər boğdu, bir söz deyə bilmədi, yalnız Rzanın başını sinəsinə sıxaraq saçını sığalladı. Onlar bir neçə dəqiqə bu vəziyyətdə qaldılar. Sinifdəki şagirdlər nəfəs almadan bu kədərli, ürək parçalayan mənzərəni seyr edir, Sona müəllimənin nə qərar verəcəyini, nə deyəcəyini səbirsizliklə gözləyirdilər. Ani şaşqınlıqdan sonra özünə gələn Sona müəllimə bir söz demədən stolunun arxasına keçdi, stulda əyləşib sinif jurnalını açdı və qələmi əlinə aldı. Özünü məşğul imiş kimi göstərsə də, fikri Rzanın son cümləsində ilişib qalmışdı: “Müəllimə, nə olar, siz bizim anamız olun daaa”. 

Sona müəllimə də bu rayonda dünyaya gəlmişdi. Evləri rayon mərkəzində idi. Orta məkrəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, ali təhsil aldıqdan sonra yenidən rayona qayıdaraq rayon mərkəzindəki bir saylı orta məktəbdə ədəbiyyat və Azərbaycan türkcəsindən dərs deməklə pedaqoji fəaliyyətə başlamışdı. İki aydan sonra həmin məktəbdə üç ildən bəri riaziyyatdan dərs deyən Cəfər müəllimlə ailə həyatı qurmuşdu. Lakin onların ailə həyatı cəmi beş il davam etmiş, boşanmağa məcbur qalmışdılar. Məlum olmuşdu ki, Sona müəllimənin heç zaman övladı olmayacaq. Təbiət onu dünyaya övlad gətirmək kimi müqəddəs vəzifədən məhrum etmişdir. Cəfər müəllimin valideynləri isə tək övladlarından nəvə gözləyirdilər. Elə Cəfər müəllimin özü də övlad həsrəti ilə qovrulur, tez-tez yuxusunu qatırdı. Sona müəllimə bütün bunları görür, Cəfər müəllimə də, onun valideynlərinə də haqq qazandırır, lakin əlindən heç nə gəlmirdi. Sona müəllimə çıxış yolunu yalnız Cəfər müəllimdən boşanmaqda görmüşdü. Elə onun təkidi ilə də boşanmışdılar. Boşandıqdan üç gün sonra Sona müəllimə iş yerini Rzagilin kəndinə dəyişmişdi.

... Bir aydan sonra Sona müəllimə Pzanı və onun bacısı Sənubəri qanuni yolla övladlığa götürdü, onların tərbiyəsi və təhsili ilə ciddi şəkildə məşğul oldu. Doğma övladları kimi onların normal qidalanmalarını, təmiz, səliqəli geyinmələrini, sağlam və gümrah böyümələrini təmin etdi. Pza da, Sənubər də orta məktəbi qızıl medalla bitirdilər. Rza Azərbaycan Dövlət Universitetinin biologiya, Sənubər isə Azərbaycan Tibb İnstitutunun müalicə işi fəkültələrinə qəbul oldular. Hazırda Rza müəllim biologiya elmləri doktoru, professor, beynin öyrənilməsi sahəsində dünya şöhrətli alimdir. Özəl univürsitetlərin birinin biologiya fakültəsində “İnsan və heyvan fiziologiyası” kafedrasının müdiri vəzifəsində çalışır. Sənubər isə tibb elmləri namizədi, gözəl həkimdir və klinik xəstəxanada hər gün neçə-neçə xəstəyə şəfa verir.

Gecədən xeyli keçmiş Rza müəllim dərin ah çəkərək:

 

– Allah sənə rəhmət eləsin, Sona ana! Ruhun şad, məkanın cənnət olsun, – dedi və göz yaşlarını silərək ayağa qalxdı.

Babək XALİSTÜRK


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam