Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ANA YALANI

ANA YALANI

 

Xeberinfo.com:   (hekayə)

       

Nərmin müəllimə yumruğunu stola çırparaq ayağa qalxdı. Nəhayət ki, qəti qərara gəlmişdi. Son üç ildə üzünü görə bilmədiyi övladlarına, əsasən də nəvələrinə qovuşmanın yeganə yolunu yalan danışmaqda görmüşdü.

Nərmin müəllimə qırx üç ildən artıq orta məktəbdə riyaziyyatdan dərs deyib və həmişə qabaqcıl maarif işçisi kimi bütün rayonda başqalarına nümunə göstərilib. O, iki il əvvəl təqaüdə çıxıb. Odur ki, bekarçılıqdan özünə yer tapa bilmir. Hərdən nə iləsə başını qatmağa çalışsa da bir nəticəsi olmur. Bir ara son vaxtlar nəşr edilmiş bədii ədəbiyyat nümunələrinin mütaliəsi ilə vaxtını keçirməyə cəhd göstərdi, lakin bundan da bir şey çıxmadı. Fikirləri hərlənib, dolanır yenidən oğullarının, qızının, onların həyat yoldaşlarının və nəvələrinin üzərində cəmlənirdi.

Nənmin müəllimə dörd övlad böyüdüb. Üç oğlu və bir qızı var. Böyük oğlu Rəsul, kimya üzrə elmlər doktoru, professordur. Ortancıl oğlu Rəhim də professordur. Lakin tarixçidir. Kiçik oğlu – Ruslan texnika üzrə elmlər doktoru, Dövlət mükafatı laureatı, sonbeşiyi – Pərvanə isə tibb üzrə elmlər namizədidir. Onların hamısı Rusiya Federasiyasında yerləşmişlər. Rəsulla Rəhim Moskva, Ruslan Sank-Peterburq, Pərvanə isə Kazan şəhərlərində yaşayırlar. Tale elə gətirmişdir ki, bu bacı-qardaşlar öz tələbə yoldaşları olan Azərbaycan türkləri ilə ailə qurmuşlar. Son dərəcə mehriban və səmimi ailələri var. Bu isə, həyatda az-az adama müyəssər olan xoşbəxtlikdir. Təbii, hər birinin başı öz ailə qayğılarına, vəzifə borcuna, elmi yaradıcılığına, eləcə də yaşadıqları şəhərlərdə yaradımış Azərbaycan diasporasının tapşırıqlarının yerinə yetirilməsinə qarışıb.

Rəsulun bir qızı və bir oğlu var, qızına anasının adını verib. Nərmin on iki yaşındadır. Qardaşının isə səkkiz yaşı təzəcə tamam olub. Rəhimin doqquz və beş yaşlarında iki oğlu var. Ruslan dörd ildir ki, evlənib, lakin istəmədiklərinə görə hələ övladları yoxdur. Hələ ki, özü də, həyat yoldaşı da yalnız elmi karyeraları barədə düşünürlər. Pərvanənin oğlunun altı, qızının isə dörd yaşı var. Bu qədər övladı olan Nərmin müəllimə son üç ildə heç birinin üzünü görə bilməməsini böyük ədalətsizlik hesab edir və buna görə də yalana söykənən bir qərar verməkdə özünü tam haqlı sayır.

Nənə nəvələri barədə düşünərkən az qalır ki, qəhərdən boğulsun. Bəzən gözləri çox-çox uzaqlarda yerləşən məchul bir nöqtəyə zillənir və öz-özünə  “yəqin indi xeyli böyüyüb, daha da şirinləşiblər, yanımda olsaydılar, günüm onlarla necə də xoş keçərdi, maraqlı və mənalı ötərdi” deyə qəmlənirdi. 

İki il əvvəl təqaüdə çıxmış olsa da, Nərmin müəllimə övladlarından hansısa birinin yanına yığışıb onunla yaşaya bilmir. Həm oğulları, həm də qızı bu təklifi ona dəfələrlə etmişlər. Lakin ata-anasının, bacı-qardaşlarının və ən nahayət qırx iki il bir yastığa baş qoyduğu ərinin qəbrini buraxıb getmək ona mümkünsüz gəlir. Nərmin müəllimə güman edir ki, rəhmətliklərin ruhu hər gün onun başı üzərində dolaşır... Hər ay qəbiristanlığa baş çəkir, orada əbədi uyuyanların ruhuna yasin oxuyur, sonra yarım saata qədər yaxınları ilə söhbətləşir. Qəribədir, bu söhbətləşmədən sonra Nərmin müəllimə qəlbən xeyli yüngülləsir, rahatlıq tapır. Bu dünyanın fani və yalan olduğuna inamı daha da artır. Əslində onun bu halını daxili təmizlənmə də adlandırmaq olar. Bu anda insan bütün həyatını yalan üzərində quran, dünya malından ötrü mənliyini itirən insanların halına ürəkdən acıyır...  

Nərmin müəllimə paltarını dəyişdikdən sonra çantasını götürüb evdən çıxdı. O, xəstəxanaya gəldi. Orta məktəbdə dərs dediyi Rafiq doktorun kabinetinin yerini qarşısına ilk çıxan cavan tibb bacısından soruşdu. Tibb bacısı Nərmin müəlliməni düz baş həkim Rafiq Ağalarovun kabinetinin qarşısına gətirdi. Nərmin müəllimə tibb bacısına təşəkkür etdi və kabinetin qapısını yüngülcə döydü. İçəridən “Buyurun” dəvətini eşidincə daxil oldu. Rafiq doktor qarşısındakı sənədləri nəzərdən keçirirdi. Nərmin müəllimə:

– Salam, doktor,– deyə onun diqqətini özünə cəlb etdi.

Olduqca tanış səsə başını qaldıran Rafiq doktor Nərmin müəlliməni kabinetində görüncə cəld yerindən qalxdı. Stolunun arxasından çıxıb böyük ehtiramla keçmiş müəlliməsinin salamını cavablandırdı:

 – Əleyküm salam, Nərmin müəllimə! Xoş gəlmisiniz! Sizi görməyimə dünyalar qədər şadam!  Xahiş edirəm, əyləşin.

Rafiq doktor böyük yazı masasının qarşısındakı yurnal stolunun baş tərəfində qoyulmuş rahat kresloda Nərmin müəlliməyə yer göstərdi, müəllimə əyləşdikdən sonra özü də üzbəüzdəki kresloda əyləşdi və gülümsər gözlərini keçmiş müəlliməsinin üzünə dikərək dedi:

–Nərmin müəllimə, bir daha xoş gəlmisiniz... Mənə dair qulluğunuz?

– Sağ ol, oğlum! Sənə bir işim düşüb.

Rafiq doktor bir qədər qəmləndi, elə zənn etdi ki, Nərmin müəllimənin sağlamlığından şikayəti var. Odur ki, müəlliməsinə qayğıkeşlik göstərməyə çalışaraq dedi:

–Nə qulluğunuz varsa, mən hazır, əziz müəlliməm. Siz bütün ömrünüzü bizim təhsilimizin yolunda şam kimi əritmisiz. Sizin sağlamlığınızın qeydinə qalmaq da bizim həm həkimlik, həm də övladlıq borcumuzdur.

– Oğlum, deyəsən sən məni düz başa düşmədin. Mən xəstə deyiləm. Allaha şükürlər olsun, özümü  praktik olaraq sağlam hiss edirəm. Mənim səndən başqa xahişim olacaq.

– Buyurun, Nərmin müəllimə! Xahiş deyil, əmriniz olsun. İstənilən əmrinizi yerinə yetirməyə hazıram.

Nərmin müəllimə söhbəti uzatmadan gəlişinin əsas səbəbinə keçdi:

– Son üç ildə oğullarımı, qızımı, onların həyat yoldaşlarını və ən əsası nəvələrimi görmədiyimə görə çox darıxıram. Digər tərəfdən də, oğlum, ömrə vəfa yoxdur. Bu gün varam, sabah yox. Allahın işini nə bilmək olar... Odur ki, övladlarıma teleqram göndərib hamısını bir yerə yığmaq fikrindəyəm. Teleqramlarda mənim Allahın rəhmətinə qovuşduğum barədə məlumat verilməli və dəfn mərasiminin üç gündən sonra həyata keçiriləcəyi göstərilməlidir. Bu teleqramları sənin göndərməni xahiş etmək istəyirəm. Xəstəxananın baş həkimi kimi sən bunu etsən, daha inandırıcı olar.

– Nərmin müəllimə, ölüm xəbərinizi eşidib övladlarınız bərk sarsıla bilərlər. Bəlkə teleqramlarda sizin vəfat etdiyiniz deyil, ağır xəstə olduğunuz göstərilsin...

– Hansınınsa, nəyisə bəhanə edərək gəlməməsini istəmirəm. Hamısının mütləq gəlməsi üçün öldüyüm barədə xəbər almaları daha ciddi səbəbdir.

Xəstəxananın baş həkiminin əsas olmadan bu məzmunda teleqram göndərməsi qanun pozuntusu, ən azı vəzifəsindən sui-istifadə etmək demək idi, buna görə Rafiq doktoru ciddi cəzalandıra bilərdilər. Ancaq müəlliməsinə bu barədə bir söz demədi. O, müəlliməsinin öz övladlarına qovuşması üçün istənilən cəzanı çəkməyə hazır idi və dedi:

– Əziz müəlliməm, hər şey sizin istəyinizcə olacaq. Sabah, iş gününün əvvəlində teleqramları yola saldıracağam.

Nərmin müəllimə oğullarının və qızının tam ünvanlarını Rafiq doktora verdi:

– Təşəkkür edirəm, oğlum! Salamat qal, Allah səndən razı olsun, – deyib kabinetdən çıxdı.

Nərmin müəllimə getdikdən bir qədər sonra Rafiq doktor katibəni çağırıb teleqramların mətnini də, unvanları da ona verdi və səhər iş saatı başlayan kimi göndərilməsini tapşırdı.

 Nərmin müəllimə hər şeyi hesablamışdı. Üç gün ərzində övladları gəlib yetişəcəkdilər. Həqiqətən də teleqramlar göndərilənin üçüncü günü günortaya yaxın oğulları, qızı, onların həyat yoldaşları və nəvələri bir nəfər kimi rayondakı ata-baba mülkünün darvazası önündə idilər. Küçədəki və həyətdəki sakitliyi görüb dəfn mərasiminə gecikdiklərini düşünürdülər. Hamı böyük kədər içində idi. Nərmin müəllimənin oğulları da, qızı da dərin düşüncələrə dalmışdılar, onları dünyaya gətirmiş, bütün həyatını sağlam və gümrah böyümələrinə, yaxşı təhsil almalarına sərf etmiş ananın son nəfəsində belə yanında olmadıqları üçün olduqca peşman idilər.

Yarım saata qədər idi ki, həyət qapısının qarşısında qalmışdılar. Qapını açmağa kimsə cürət etmirdi. Nəhayət Rəsul qabağa düşüb qapını açdı və həyətə girdi. Rəsulun ardınca digərləri də həyətə keçdilər. Nəzərlər evə dikilmişdi. Lakin eyvanda heç kim gözə dəymirdi. Elə bu zaman evin qapısı asta-asta açılmağa başladı. Qapıya dikilmiş on dörd cüt göz onun nə vaxt tam açılacağını böyük intizarla, kirpik qırpmadan izləyirdi. Nəhayət qapı tamam açıldı və Nərmin müəllimə göründü. Nərmin müəllimə məktəbdə işlədiyi zaman hamının ona çox yaraşdığını söylədiyi yasəmən rənngli kostyumunu geyinmiş, saçını səliqəyə saldırmışdı. Ana eyvanın kənarına gələrək övladlarının hamısını həyətdə cəm şəkildə gördükdə ürəyi dağa döndü, sevincdən axan göz yaşlarını saxlaya bilmədi, yalnız başının hərəkəti ilə övladlarını salamladı. Həyətdəkilər donmuş vəziyyətdə bu mənzərəni seyr edirdilər. Dillənib sükutu pozmağa heç kimin cəsarəti çatmırdı. Bir dəqiqədən sonra ana pillələrlə həyətə endi:

– Evinizə xoş gəlmisiniz, övladlarım, – dedi və qollarını geniş açaraq onlara tərəf yeridi.

Hamı şokda idi. Ananı sağ-salamat görmələri hər birini olduqca sevindirmişdi. Eyni zamanda, onlarla görüşmək üçün ananın bu variantı seçməsinin, yalan danışmasının səbəbkarı kimi özlərini bərk qınayır, xəcalət təri tökürdülər. Onların xəcalət çəkmələrinin bir səbəbi də bütün bunların öz övladlarının gözləri qarşısında baş verməsi idi.

Hamıdan əvvəl Nərmin nənəsinin boynuna sarılaraq ağlamağa başladı. Nərminin göz yaşları sel kimi axırdı. Nərmin müəllimə də özünü saxlaya bilmədi. Elə bil ki, nənə-bala bahar suları kimi çağlayan göz yaşları ilə illərdən bəri ürəklərdə yığılıb qalmış bütün həsrət acılarını bir andaca yerli-dibli yuyub atmağa çalışırdılar.

 

 

Babək XALİSTÜRK


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam