KAŞ İNSAN OLDUĞUMU BİLƏYDİM
Xeberinfo.com: Çox vaxt öz-özümə belə bir sual verirəm: Niyə? Özümü çox gözlətmirəm, əlüstü özümə cavab verirəm: Bizdə belədir də. Dözməlisən, qəbul etməlisən, dinməməlisən, camaat necə sən də elə, barışmalısan. Əlindən başqa nə gəlir ki? Dillənərsən ağzını cırıb, dilini kəsərlər, yazarsan qələmini əlindən alıb gözünə soxarlar. Beləcə müti olarsan, hər şeyi qəbul edib ona boyun əyərsən.
Son illər neftin dünya bazarında günü-gündən ucuzlaşması hökuməti narahat etməyə, başqa sahələrə diqqət yetirməyə, yəni qazancı ordan götürməyə məcbur edib.Bu başqa sahələrdən biri də turizm sahəsidir ki, bir çox tanıdığımız yaxın və uzaq ölkələr ondan gələn xarici valyuta ilə xalqın dolanışığını təmin edir. Heç uzağa getməyək qonşu Gürcüstan və Türkiyə bu sahədə bizdən çox-çox qabaqdadırlar. Onlara gələn xarici turistlərin sayı bizə gələn turistlərin sayından heyrət ediləcək dərəcədə çoxdur. Ona görə ki, onlarda xidmət yüksək, otellər ucuz, yeməklər cibə uyğundur. Bizdə isə mədəni xidməti soyğunçuluqda görürlər. Azərbaycana gələn turist bu bahalığı görüb birdə buralara üz tutmur. Daha münasib ölkələrə üz tuturlar. Bizdə olan bu təfəkkürlə, düşüncəylə ölkədə turizmi inkişaf etdirmək yox, tənəzzülə uğratmaq olar.
Keçən ay yaxşı dostların təklifi və dəvəti ilə mən də Quba rayonunun gəzməli, görməli və baxımlı yerlərində oldum. Hər tərəf gözəlliyi, əsrarəngliyi ilə qəlbimi oxşayıb ruhumu təzələdi. Amma bir şeyə təccüb qaldım ki, heç bir iaşə obyektində menyuya rast gəlmədim. Kim necə istəyir o formadada müştərini soyur. Bir stakan çay içəndə də, bir tikə çörək yeyəndə də ürəyindən qara qanlar axır ki, sonda sənə hansı fantastik qiyməti oxuyacaqlar. Deyilən qiyməti ödəmək gücündə olacaqsanmı? Yaxşı olmazmı ki, yemək masalarının üstünə menyular qoyula və hər kəs cibinə uyğun da sifarişini verib bir tikə yemək yesin. Nəyin ki, qiyməti görüb təbiətdən aldığı zövq burnundan gəlsin.
Bu yerdə bir hadisəni xatırlatmasam olmaz. 2015-ci ilin yay fəsilinin son ayı idi. Dostlarla Xınalıq tərəfə səfər etmişdik. Yolun qırağında heç bir şəraiti olmayan bir kafedə turşumuş armud mürəbbəsiylə bir stakan çay içdik.Kaş içməyəydik. Bizdən bir xırda çaynik çaya və dörd ədəd qıcqırmış cır armud mürəbbəsinə görə 5 manat pul aldılar. Bu əsil soyğunçuluq və insafsızlıq idi.
Respublikanın meşələrində, dağlarında, istənilən yol kənarında ala başına,kül başına quraşdırılan kafelərdə (belə yerlərə ad tapa bilmədiyinə görə kafelər yazdım ha), restoranlarda, ailəvi istirahət yerlərində menyunun olmamasının üstündən bəlkə də sükutla keçmək olardı. Axı biz heç vaxt verdiyimiz pula bərabər xidmət görməmişik. Hər zaman, hər yerdə ödəmələrimiz xidmətdən qat-qat yüksək olub.
Şəhərimizdə yüzlərlə kafelər, restaranlar tanıyıram ki, orada menyunun nə olduğunu bilmirlər və heç bilmək də istəmirlər. Ona görə ki,menyu onlara sərf eləmir.
Deyirəm görəsən yer üzündə bizim can azərbaycanda olan qədər özbaşnalıq, qəraitçilik, soyğunçuluq,qanunsuzluq varmı? Məncə yoxdur və heç olmaz da.
Bu yaxınlarda üç il bundan qabaq ailəsi ilə Almaniyaya köçüb gedən bir tanışımdan FB vasitəsi ilə bir məktub aldım.Kefimi, dolanışığımı soruşurdu. Yazdım ki, sən gördüyündən bir az da çətin. Çünki hər şeyin qiyməti qalxır, insanınkı enir. Soruşdum, bəs sən necə dolanırsan? Yazdı ki, qardaş, bura gələndən insan olduğumu bildim. Burda insana dəyər verirlər. Bu yerdə ürəyimdən ən ali bir istək keçdi: Kaş mən də nə vaxtsa Azərbaycanda insan olduğumu bilib insan kimi yaşayaydım. İnsan olmaq üçün burnumun ucu göynədi.
Məhərrəm Şəmkirli