KAMANÇA SERYOJA
Xeberinfo.com: (yumoristik hekayə)
Seryoja adlı bir qonşumuz vardı. Milliyyətcə erməni idi, lakin Azərbaycan türkcəsində xeyli sərbəst danışırdı. Seryoja orta boylu, dolu bədənli, astakəl, bir sözlə tipik torbabədən erməni idi. Saçı alın tərəfdən anormal şəkildə tökülmüşdü. Yarı zarafat, yarı ciddi deyirdi ki, saçımı bu günə bizim arvad qoyub, zalım qızı kefi qalxdımı məni qaz kimi çığırda-çığırda yolur. Arvadı Sveta milli mənsubiyyətinə görə rus idi. Boyca Seryojadan xeyli uca, həm də iri gövdəliydi. Adama elə gəlirdi ki, bir Svetadan dörd Seryoja çıxar. Boy-buxunları arasındakı bu qeyri-mütənasibliyə görə onları birlikdə görənlər özlərini gülməkdən saxlaya bilmirdilər.
Sveta qardaşı Vladimirlə uşaq evində böyümüşdü. Qardaşı ondan altı yaş balaca idi. Sveta gəncliyində yaxşı basketbol oynayırmış, Moskvanın “Dinamo” klubunda və SSRİ-nin yığma komandasında uzun müddət aparıcı oyunçulardan olub. Bu səbəbdən də onu tez bir zamanda mənzillə təmin etmişdilər. Dövlətdən ikiotaqlı mənzil alan kimi Vladimiri də yanına gətirmiş, bacı-qardaş birlikdə rahat yaşamağa başlamışdılar. Sonra Vladimir də peşə məktəbinə girərək, avtomobil çilingəri peşəsinə yiyələnmişdi.
Svetanın Seryoja ilə tanışlığı da elə o illərə təsadüf edir. Seryoja yığma komandanın masajçısı imiş. Onlar məşqlərlə əlaqədar vaxtlarını bəzən aylarla bir yerdə keçirirmişlər. Cavanlığında xeyli gözəl olan Sveta Seryojanın diqqətini çəkmişdi. Lakin ürəyini Svetaya aça bilməmişdir. Boyları arasındakı ciddi fərq daim onu fikrindən çəkindirmişdir. Svetanın yığma komandanın baş məşqçisi ilə gözünün qarşısında min oyundan çıxmasına baxmayaraq, Seryoja onu sevməkdə davam edirdi. Sveta dizindən ağır zədə aldıqdan və basketbolu buraxmalı olduqdan sonra Seryoja ona evlənmək təklif etmişdi. Yığma komandanın baş məşqçisinin evli olduğunu və onunla sadəcə vaxt keçirdiyini yaxşı anlayan Sveta da dərhal razılıq vermişdi. Evləndikdən sonra da yığma komandanın baş məşqçisinin Svetadan əl çəkmədiyini görən Seryoja arvadını da götürüb ata-anasının yaşadığı Şamaxının Mədrəsə kəndinə köçmüşdü. Mədrəsədə işlərinin düz gətirməməsi üzündən oradan da köçərək bizim rayona yerləşmişdilər.
Sveta restoranda xörəkpaylayan işləyirdi. Bir az aksentlə danışsa da, dilimizdə gedən danışıqları yaxşı anlayır, həm də fikrini asan çatdırırdı. Bir uşağı olandan sonra Sveta gözəl idmançı bədənini tamam itirərək əcayib görkəm almışdı.
Seryoja ilə Svetanın gözlərinin ağı-qarası bircə öğulları vardı, adını Satur çağırırdılar. Boy-buxunda anasına çəkmişdi. Bir az ağıl qıtlığı vardı və buna görə də Saturu əsgər aparmadılar. Sənədlərini bir neçə dəfə ali məktəbə versə də, qəbul oluna bilmədi. Moskvada yaşayan dayısıgilə qonaq gedən Satur bir daha rayona qayıtmadı. Deyilənə görə, Moskvanın peyk şəhərciyi adlandırılan Zeleneqradda yaşayır.
Seryoja yaxşı kamança çalırdı. Gəncliyi Azərbaycanda keçən Seryoja kamança çalmağı Şamaxıda yaşamış bir Azərbaycan türkündən öyrənmişdi. O qədər də tanınmamış bu sənətkarın beş-altı şagirdindən biri də Seryoja olmuşdur. El şənliklərində və rayonda keçirilən hökümət tədbirlərində kamança caldığından Seryojanı rayonda tanımayan yox idi. Azərbaycan müsiqisini kamançada insafən gözəl ifa edirdi. Bəzən belini bir qədər bükərək kamançanın üzərinə əyiləndə bu dünya ilə əlaqəsinin kəsildiyini zənn edirdik. Rayonda hamı ona Kamança Seryoja deyirdi.
Kamança Seryoja Svetadan, necə deyirlər, it selbədən qorxan kimi qorxurdu. Bir neçə dəfə Svetanın Seryojanı necə amansızlıqla döydüyünün şahidi də olmuşduq. Sveta qəzəblənəndə qızmış dəvəni xatırladırdı. Maraqlıdır ki, arvadının qəzəbləndiyini görən Seryoja qaçıb canını qurtarmaq əvəzinə, stulda oturub qoyun kimi başını aşağı sallayır və əlləri ilə bədəninin yalnız baş nahiyəsini müdafiə edirdi. Sveta da iri, ağır əlləri ilə onu yaxşıca şillələdikdən sonra ayağındakı başmaqları çıxarıb bir xeyli də onlarla döyürdü. Qonşular tökülüşüb Seryojanı Svetanın əlindən almasaydılar, yəqin ki, o, ərini ölənə qədər döyərdi. Onların dava-dalaşı həmişə pul üstündə olurdı. Sveta dədəsi Maksim Maksimoviçin qəbrinə and içirdi ki, Seryoja qazandığı pulların hamısını içkiyə xərcləyir, qazancından evə bir qəpik də gətirmir.
Həqiqətən də Kamança Seryoja qırmızı şirin şərab həvəskarı idi. Bütün günü içsəydi, yenə də doymazdı. Bir-iki butulka şərab boşaltdıqdan sonra ovqatı əməllicə yüksəlir, başına gəlmiş hadisələrdən gülməli tərzdə danışır və dinləyicilərini əyləndirirdi.
Bir dəfə dostlarımla çayxanaya girərkən Kamança Seryojanı orada oturmuş gördük. Stolun üstündə dibində bir az şərab qalmış yeddi yüz millilitrlik butulka vardı. Qarşısındakı stəkan şərabla dolu idi. Yanında üç nəfər orta yaşlı kişi oturmuşdu. Şübhəsiz ki, şərabı Seryojanın söhbətlərinin həvəskarı olan bu kişilərdən biri almışdı. Görünür, onu danışdırıb ovqatlarını qaldırmaq istəmişdilər.
Dostlarımla keçib Seryoja oturan stolun yaxınlığındakı boş yerlərdə əyləşdik. On altı-on yeddi yaşlarında yeniyetmələr idik. Dərslərimizdən əlavə xeyli kitab oxuyur, oxuduqlarımızı birlikdə müzakirə edirdik. Ətrafımızda baş verən hadisələrlə ciddi şəkildə maraqlanır, həyatı olduğu kimi qavramağa çalışırdıq. Seryojanın məzəli söhbətlərini dinləmək istədiyimizdən ona yaxın oturduq. Elə bu zaman yanında əyləşmiş kişilərdən biri üzünü Seryojaya tutaraq dedi:
– Ay Seryoja, bilirsən də, mən sənin söhbətlərinin vurğunuyam. Olub-ötənlərdən yadında qalanı varsa, danış, bir az şənlənək.
– Canımcün, Nəbi kişi, o qədər xatirələr var ki, danışmaqla qurtaran deyil. Allah sizin də övladlarınıza qismət eləsin. Bir dəfə kənddə toydayıq. Toya gələn qonaqların sayı-hesabı yox idi. Ara elə qarışmışdı ki, nəinki it yiyəsini, hətta yiyəsi də öz itini tanımırdı. Sifariş verən o qədər idi ki, bilmək olmurdu kim-kimdi. Sifarişləri də mən qəbul edirdim. Başım şişib qazana döndüyündən sifariş verənlərin növbəsini qarışdırmışdım. İki saat əvvəl sifarış etdiyi oyun havasını gözləməkdən təngə gəlmiş bir qədər yaşlı xanım mənə yaxınlaşıb:
– Ay Kamança Seryoja, “Qaytağı” sifariş etmişdim, harda qaldı, – dedi.
– Xanım, başım elə şişib ki, lap unutmuşam. Sən Allah bağışlayın! Səndemə xanım çox zarafatcıl imiş, gülümsəyərək başıma baxdı və dedi:
– Sənin başının olçüsü neçədir ki?
– Vallah nə bilim, həmişə belə olur, toydan əvvəl əlli səkkiz, toy zamanı şişib altmış altıya çatır. Xanım ürəkdən qəhqəhə çəkib mağardakı yerinə döndü.
Seryojanın danışdığı əhvalat çayxanadakıları xeyli güldürdü. O, bir qədər ara verib stəkandakı şərabın yarısını içdi və söhbətinə davam etdi:
– Bir dəfə yenə də kənddə toydayıq. Kolxoz sədri oğluna böyük toy edirdi. Günortadan bir az keçmiş başlanan toy gecə saat birdə qurtardı. Oynayanların əlindən başımızı qaşımağa macalımız yox idi. Toyqabağı yediyimiz çörəyin üstündə idik. Fikirləşirdim ki, toy qurtardıqdan sonra adət üzrə bizə stol açacaq, yedirib, içirib yola salacaqlar. Bu kəndin şərab zavodunun məhsulu dünyada məşhur idi. Bilirsiz də, mənim də yaxşı şərabdan ötrü ürəyim gedir. Deyilənə görə, zavodda iyirmi-iyirmi beş, hətta əlli-altmışillik şərablar var. Bu şərabları iri palıd çəlləklərə doldurub zirzəmilərdə, xüsusi temperaturda saxlayırlar. İllər keçdikcə özlülüyü artan şərab sanki doşaba çevrilir. Aromatından, dadından elə oradaca məst olursan. Bu məhsullar, adətən, Bakıda və Moskvada təşkil olunan hökümət ziyafətlərində yüksək rütbəli xarici qonaqlara təklif olunur. Bu şərabların böyük şəfaverici gücü də var. Qanazlığından əziyyət çəkən xəstələrə həkimlər səhərlər acqarına ondan yüz qram içməyi məsləhət görürlər. Nə isə... Toy qurtaran kimi yoldaşlarım dedilər ki, biz yeməyə qalmırıq, Topal Hüsünün tələkə “QAZ-21”nə doluşub toy yerindən uzaqlaşdılar. Mən onlarla getməkdən imtina etdim. Yoldaşları yola saldıqdan sonra kamançamı köynəyinə yerləşdirdim. Bir azdan sonra çalğıçılar üçün hazırlanmış stolun ətrafında əyləşdik. Toybəyi gedən yoldaşlarımın arxasınca gülə-gülə:
– Allah evinizi özünüz istədiyiniz proyekt üzrə tiksin, adə, adam da belə bir süfrəni qoyub gedərdi, bunlarda heç ağıl yox imiş ki, – dedi.
Gülümsəməklə bu məsələdə toybəyi ilə həmrəy olduğumu bildirdim. Bir azdan stolun ətrafında boş yer qalmadı. Sağlıq sağlığa calandı. Məclis yenidən qızışdı. Yedik, içdik, kef elədik. Hamı xeyli şənlənmişdi. Bu zaman stol arxasında əyləşmiş qalstuklu oğlan mənim kamança çalmamı xahiş etdi. Nağarasız, qarmonsuz kamançada çalmağın çox çətin olduğunu söylədim və əlavə etdim ki, ən azı nağara olmalıdır. Digər məclis iştirakçıları da çalmağımı arzuladılar. Masabəyinin işarəsi ilə beş dəqiqədən sonra nağaraçalanla qarmonçalan alətləri ilə birlikdə məclisdə hazır oldular. Məcbur qalıb kamançamı köynəyindən çıxardım, kökləyib bir qədim Azərbaycan xalq mahnısı – “Sarı Gəlin” ifa etdim. Mahnı bitənə yaxın qalstuklu oğlanın hönkürtü ilə ağladığını gördüm və ara vermədən başqa bir şən mahnı ifa etməyə başladım. Bu mahnı da bitəndən sonra qalstuklu oğlan mənə bir göy iyirmibeşlik uzatdı, minnətdarlıq etdim, lakin pulu almadım. Bu zaman yerbəyerdən mənə səsləndilər ki, sənətkar, Nadir müəllimin xətrinə dəymə, verdiyi pulu al. Tanınmış alimdi, vətəndən uzaqlarda yaşayır, Azərbaycan müsiqiləri üçün çox qəribsəyib. Sən də ən kədərli xalq mahnılarımızdan birini ifa etməklə onu son dərəcə kövrəltdin. Yanımda əyləşən pəhləvan cüssəli kişi pulu Nadir müəllimdən alıb bir iyirmibeşlik də öz cibindən çıxarıb üstünə qoydu və dörd qatlayıb əynimdəki yarımqol köynəyin döş cibinə soxdu. Təşəkkür etməkdən başqa çarəm qalmadı. Bundan sonra daha bir qədim Azərbaycan xalq mahnısı – “Apardı sellər Saranı” mahnısını ifa etdim. Bu ifamı da cox bəyəndilər. Nadir müəllim bu mahnının yaranması ilə əlaqədar bir əhvalat danışdı. Əhvalatda nişanlısını dünyalar qədər sevən bir çobanın, el qəhrəmanının nakam məhəbbətindən, faciəli həyatından bəhs edilirdi. Doğrusu Xan çobanın böyük faciəsi haqqında mən də birinci dəfə idi ki, belə əhatəli məlumat dinləyirdim. Nadir müəllimdən sonra mən də oz fikrimi bildirərək dedim:
– Həqiqətən də, Azərbaycan xalq mahnılarının böyük tarixi var, olduqca dərin təsir effektinə malık bu şedevr əsərlər yalnız Azərbaycan türklərinə məxsus ola bilər. Bu mahnılarda xalqın ruhu çırpınır, qəhrəmanlıq tarıxı, adət-ənənələri, sevinci, ağrı-acıları əks olunub. Bu mahnılar bu xalqın həyatını, qəlbini güzgü kimi əks etdirir desək, yanılmarıq. Hamı mənim dediklərimlə razılaşdı. Daha iki oyun havası ifa etdim, dörd çavan oğlan durub rəqs elədi. Saat dördə yaxın məclis başa çatdı. Hər kəs ünvanıma təşəkkür səsləndirdi. Onlar məni rayon mərkəzinə qədər maşınla aparmaq istəsələr də, imtina edib aylı gecədə asta-asta piyada yeriməyin xeyli faydalı olduğunu bildirdim. Sağollaşıb ayrıldıq. Kamançamı çiynimə qoyub rayon mərkəzinə doğru yol aldım.
Söhbətin bu yerində Seryoja yenidən ara verib stəkanda qalan şərabı sona qədər içdi və əhvalatın davamını danışmağa başladı.
– Hə... Keyfim o qədər yüksək idi ki, olmayan kimi. İcdiyim iyirmi beşillik, gözəl ətirli şərabın təsirindən başım bir qədər dumanlansa da, özümü çox şən hiss edirdim. Nə gizlədim, keyfimin yüksəlməsində əlavə qazandığım əlli manatın da rolu az deyildi. Yaxşı bələd olduğum kəndarası yollarla rayon mərkəzinə doğru irəliləyirdim. Kənd camaatı çoxdan yuxuya getmişdi. Ətrafda dərin süküt hökm sürürdü. Kəndin kənarındakı hündür qaratikan çəpərli həyətin yanından keçəndə bir it hürməyə başladı. Hürməsindən hiss olunurdu ki, olduqca iri və acıqlı itdir. Lakin çəpər hündür olduğundan itin yola çıxa bilməyəcəyinə çox inanırdım. Mən irəlilədikcə it də çəpərin o biri tərəfində irəliləyir, daha bərkdən hürərək məni az da olsa qorxuya salırdı. Nəhayət çəpər sona yetdi, mən artıq kənddən uzaqlaşmaqda idim. Əlli metrə qədər getmişdim ki, bayaqkı it hürə-hürə arxadan mənə yaxınlaşmağa başladı. Dönüb baxanda ay işığında itin artıq on-on beş metrliyimdə mənə doğru qaçdığını gördüm. Dədəm vay, bu necə də iri, bədheybət bir it idi! Hirsindən elə bil bir anda dağılacaqdı. Əməlli başlı qorxuya düşsəm də, özümü itirmədim. Şübhəsiz, içdiyim şərab mənə cəsarət vermişdi. Əyilərək bir əlimi yerə qoydum, digər əlimlə də çiynimdəki kamançanı tutdum və hürməyə başladım. Mənim hürməyimi görən it tez dayandı və hürməsini kəsdi. Hürə-hürə ona tərəf getdiyimi görən it geriyə doğru addımlamağa başladı. O gerilədikcə mən irəlilədim. Mən irəlilədikcə o gerilədi. Gedib çəpərə çatdıq. İt çəpərin dibindəki xəndəyə düşdü, mənə baxa-baxa belini xəndəyin qarşı tərəfdəki divarına söykədi. Mən xəndəyin kənarında dayanıb daha acıqlı hürdükdə it qabaq ayaqlarını havaya qaldıraraq sanki danışıqsız təslim olduğunu bildirdi. Qəzəbdən hədəqəsindən indicə çıxacaqmış kimi görünən gözlərimi onun sanki tutduğu işdən dərin peşmanlıq çəkən gözlərinə zilləmişdim. Bir neçə dəqiqə bu vəziyyətdə qaldıq, sonra mən ayağa qalxıb kamança da çiynimdə itdən uzaqlaşmağa başladım. On-on beş metr getdikdən sonra dönüb arxaya baxdım, it həmin yerdə, həmin vəziyyətdə arxamca baxa-baxa qalmışdı. Öz-özümə düşündüm, indi it arxamca baxır və fikirləşir ki, sən oləsən bu da bizlərdəndit, amma bunun kamança çalmağı da var.
Seryojanın danışdığı hekayənin sona yetməsi ilə məclisdə iştirak edənlər uğunub getdilər. Seryoja butulkada qalan şərabın hamısını stəkanə süzüb asta-asta içməyə başladı.
Babək XALİSTÜRK
Biologiya üzrə elmlər doktoru,
şair-publisist