Bölgədə yeni siyasi reallıq –Rusiya Qafqazdan süpürülüb atılır

Yenixeber.org: Rusiyalı təbliğatçı-jurnalist, ictimai və siyasi xadim, futurist-yazıçı və publisist, “İş Partiyası”nın Federal Şurasının üzvü Maksim Kalaşnikov öz Telegram kanalında Rusiyanın uzaqgörən olmayan və aqressiv siyasəti nəticəsində geosiyasi dalana düşdüyündən danışıb. O, həmçinin Zəngəzur dəhlizi ətrafındakı vəziyyətə də toxunub.
“Açıq danışaq: bizi sadəcə olaraq Cənubi Qafqazdan süpürüb atırlar, Zəngəzur dəhlizi isə Türkiyə və ABŞ-ın nəzarətinə keçəcək. Yeni Osmanlı-Turan imperiyasının qurulması başlanacaq – Adriatikdən Xəzərə qədər. İlk mərhələdə – Azərbaycan, oradan isə neft-qazla zəngin Türkmənistana qədər. Biz isə Ukraynada ilişib qalmışıq”, – Kalaşnikov kədərlə düşüncələrini bölüşür.
Təbii ki, Rusiyanın zərərli təsirindən qurtulmağın Cənubi Qafqaz ölkələri üçün arzuolunmaz olduğunu söyləmək olmaz. Amma bunun reallıqda həqiqətə nə dərəcədə uyğun olduğu sual doğurur? Rusiya doğrudan da Cənubi Qafqaz dövlətlərinin siyasi elitalarına təsir imkanlarını tamamilə itirməyə yaxındır? Və “Adriatikdən Xəzərə qədər yeni Osmanlı-Turan imperiyasının qurulması” ilə bağlı proqnozlar bu günün reallıqlarına uyğundurmu?
Siyasi şərhçi, hüquqşünas və ictimai xadim Fuad Ağayev pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Maksim Kalaşnikovun Cənubi Qafqazda Rusiyanın geosiyasi dalana dirənməsi və Zəngəzur dəhlizinin Türkiyə və ABŞ-ın nəzarətinə keçməsi ilə bağlı qiymətləndirməsi Rusiyada müəyyən dairələrdə artan narahatlığı əks etdirir və bir çox regional və Qərb müşahidəçilərinin analitik nəticələri ilə üst-üstə düşür. “Qaçılmaz yeni Osmanlı-Turan imperiyasının qurulması” proqnozu bir qədər mübaliğəli görünsə də, bu, regionda qüvvələr balansında baş verən real və sürətlənən tektonik dəyişikliklərə işarə edir.
Rusiya Cənubi Qafqazda təsirini itirirmi? Analitiklərin yekdil rəyinə görə, bir vaxtlar Rusiyanın Cənubi Qafqazda mübahisə doğurmayan təsiri doğrudan da eroziya mərhələsindədir. Bu proses dünən başlamayıb, lakin 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi nəticəsində sürətlənib. Müharibə Moskvanın hərbi, iqtisadi və diplomatik resurslarını ciddi şəkildə tükəndirib, onun zəifliklərini üzə çıxarıb, regionda dominant oyunçu və təhlükəsizlik zəmanətçisi kimi cəlbediciliyini və imkanlarını azaldıb.
Bu, Rusiyanın mövqelərini zəiflədən əsas amillərdən biridir. Ukraynadakı münaqişə Rusiyanın resurslarını tükədir və Moskvanın etibarlı hərbi müttəfiq imicini sarsıdır. Ermənistan bunu daha yaxşı başa düşüb – İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) və Rusiya sülhməramlılarını 2020-ci ildə İkinci Qarabağ Müharibəsi və ondan sonra qeyri-effektiv fəaliyyətdə ittiham edir.
2020-ci ildəki hərbi qələbə və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı ilə Qarabağ üzərində suverenliyini tam bərpa edən Azərbaycanın regional status-kvosu kökündən dəyişib. Rusiya sülhməramlı kontingentinin öncədən müəyyən edilmiş müddətdən əvvəl Azərbaycanın ərazisindən çıxarılması da bu yeni düzənin simvolik təsdiqi olub.
Bundan əlavə, Ermənistan, Azərbaycan və Gürcüstan Moskvanın təsirindən asılılığı azaldaraq, xarici siyasi və iqtisadi əlaqələrini şaxələndirmək yolları axtarır. Ermənistan Qərb (AB, ABŞ) və İranla münasibətləri dərinləşdirir. Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyini gücləndirir, həmçinin özünü Rusiya ərazisindən yan keçən “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin əsas qovşağı kimi təqdim edir. Gürcüstan isə daxili siyasi ziddiyyətlərə baxmayaraq, Avro-Atlantik inteqrasiya kursunu davam etdirir.
Rusiyadan iqtisadi asılılıq (xüsusən də Ermənistan üçün) hələ də əhəmiyyətli olsa da, Moskvanın iqtisadi dominantlığında azalma müşahidə olunur. Moskvaya qarşı tətbiq olunan Qərb sanksiyaları və alternativ ticarət yollarının, məsələn, Orta Dəhlizin axtarışı Rusiya ilə əməkdaşlığı getdikcə daha zərərli edir.
Beləliklə, Rusiya həm “qamçı” (hərbi üstünlük), həm də “kökə” (iqtisadi cazibə və “yumşaq güc”) alətlərini sürətlə itirir. Bu, Rusiyanın tamamilə və dərhal çıxması demək deyil, lakin onun təsirinin sıxışdırılması tendensiyası artıq aydındır”, – Ağayev bildirib.
Onun sözlərinə görə, Kalaşnikovun “Adriatikdən Xəzərə qədər yeni Osmanlı-Turan imperiyası” ideyası konkret siyasi layihəni deyil, daha çox Türkiyənin artan ambisiyalarını və təsirini əks etdirir və əslində metaforadır. “Neoosmançılıq və pantürkizm (“Turan”) terminləri uzun illərdir Ankaranın, xüsusilə prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasətini təsvir etmək üçün istifadə olunur.
Burada keçmiş imperiyanın yenidən qurulmasından deyil, Türkiyənin təsir dairəsini genişləndirilməindən söhbət gedir. Bu siyasət bir neçə dayağa söykənir:
1. Azərbaycanla strateji müttəfiqlik: 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Bakı və Ankara arasında hərbi-siyasi tandem yaratdı ki, bu da regionda baş verən dəyişikliklərin əsas hərəkətverici qüvvəsinə çevrildi.
2. Türk Dövlətləri Təşkilatı (TDT): Türkiyə bu platformadan Qazaxıstan, Özbəkistan və Türkmənistanla kimi Orta Asiya ölkələri ilə iqtisadi, mədəni və siyasi əlaqələri dərinləşdirmək üçün fəal istifadə edir.
3. Enerji və nəqliyyat layihələri: Bu strategiyanın əsas elementi Türkiyəni Xəzər və Orta Asiya ölkələri ilə birləşdirən nəqliyyat-loqistika dəhlizlərinin yaradılmasıdır.
Bu kontekstdə Zəngəzur dəhlizi strateji əhəmiyyət kəsb edir. Ermənistanın Sünik vilayətindən keçməsi nəzərdə tutulan bu nəqliyyat marşrutu, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə və beləliklə Türkiyə ilə birbaşa birləşdirməlidir.
Bu, Bakı-Ankara tandemi üçün bütün türk dünyası ilə birbaşa quru əlaqəsini təmin edən layihədir və onların geosiyasi və geoiqtisadi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Rusiya və İran isə bu dəhlizin onların rolunu zəiflədəcəyini düşünür və təhlükə kimi qiymətləndirirlər.
Son vaxtlar ABŞ-ın bu layihədə iştirakı daha fəal müzakirə olunur. Dəhlizin idarəçiliyinin Amerikanın özəl şirkətinə verilməsi təklifləri səslənir. Bu, Vaşinqton üçün yalnız regionu öz şərtləri daxilində sabitləşdirmək və iqtisadi inkişafa töhfə vermək deyil, həm də Rusiya və İranı əsas logistika sxemlərindən birdəfəlik sıxışdırmaq imkanıdır.
Beləliklə, formal “imperiyanın” yaradılması real olmasa da, Türkiyənin himayəsi altında Aralıq dənizindən Orta Asiyaya qədər uzanan güclü geosiyasi və iqtisadi blokun formalaşması tamamilə real ssenaridir. Zəngəzur dəhlizi layihəsinin uğurla həyata keçirilməsi (xüsusilə Qərbin dəstəyi ilə), bu yolda ən vacib addım olacaq və Cənubi Qafqazda yeni geosiyasi reallığı təsdiqləyəcək. Bu reallıqda Rusiyanın dominant rolu üçün yer qalmayacaq”, – Ağayev bildirib.
Rauf Orucov