Evdar kişi
Xeberinfo.com: Kəndimizdə Seyfi adlı bir kişi vardı. Adına hamı "evdar Seyfi" deyirdi. Seyfi arvadzad deyildi ha, lopa bığlı, çatma qaşlı,cantıraq birisiydi,heç işsiz də deyildi.İşi-gücü başından aşırdı. Axı indi işsiz kişilərə "evdar"kişi deyirlər.Seyfi ev işləriylə- sırf qadına aid olan işlərlə məşğul olduğuna görə adının əvvəlinə "evdar" kəlməsini əlavə etmişdilər.
Kənddə mənəm deyən hər bir qadının gördüyü işi Seyfi çətinlik çəkmədən görürdü, özü də nöqsansız filansız.Məsələn: o, sacda yuxa salır,xörək bişirir,arbadının sağı süddən qatıq çalır,nendir tutur və s.Bir sözlə, kənd qadınının görəcəyi işlərin hamsını o görürdü.Bircə tövləyə girib malın altını təmizləmirdi,inək sağmırdı.Bu da səbəbsiz deyildi.Mal təzəyinin iyinə qarşı alergiyası vardı.Ona görə də bu işi görməyi arvadı Zərəngizə həvalə eləmişdi.
Bir dəfə evdar Seyfi qonşusu pota Məmmədin qızının toyunda başı xamırlı tut arağından o qədər vurmuşdu ki, alergiyasını unudub, özünü salmışdı tövləyə. Ona görə ki,təpəl inəyin buzovu kəndirdə boğulurdu.Onu xilas etmək lazım idi. Arvadın əlinin tutumunun ucbatından Seyfi iki gün sərasər asqırdı. Asqırmaqdan Seyfinin başı o boyda bədəninin üstündə durmur, ona ağırlıq edirdi.Hər asqıranda da Seyfi arvadı Zərəngizə və təpəl inəyin balasının qarasınca yağlı bir söyüş söyürdü.
Nə isə. Mətləbdən uzaqlaşmayaq, qayıdaq hekayəmizin əvvəlinə. Yuxarda demişdik ki,çox qadının görə bilmədiyi işi Seyfi kişiliyi ilə görürdü.Məsələn, otuz ilin arvadı olan qonşusu Məsmə arvadın otuz ildə qapısında bir toyuq yox, yoluq bir cücə belə görən olmamışdı.Çünki arvad deyildi,lodurun,tənbəlin,bacarıqsızın biriydi. Buna baxmayaraq maqazindən aldığı toyuğu bişirəndə yaxşı tikələri öz qabına qoyardı. Evdar Seyfinin qapısında isə toyuq-cücədən tərpənmək olmurdu. Elə ki, payız gəlirdi onun şəhərdəki qohumları qarğa-quzğun kimi tökülürdülər beçələrin üstünə. Yeki, yeyə bildikcən.Ta axırına çıxmamış Seyfinin evini tərk etmirdilər. Yazıq Seyfi, qalırdı boğula-boğula. Utandığından,abır elədiyindən qonağa deyə bilmirdi ki,ay zalım uşağı, qoyun gələn ilə də damazlıq qalsın.
Bir dəfə evdar Seyfi çil toyuq kürd düşəndə toyuğ yumurtası olmadığına görə onun altına qaz yumurtası qoymuşdu. Vaxtında, vədəsində çil toyuq altına qoyulmuş 15 yumurtadan,elə 15 dənə də sap-sağlam qaz çıxartdı. Çil toyuq qaz çıxarmağının fərqində deyildi.Onun üçün önəmli olanı balaydı. Bu balalar bir neçə gündən sonra özlərini yaxınlıqdakı arxa verdilər. Toyuq balaları üçün həyacan keçirdi,balalarının qabağına yeridi,onların arxa gedən yolunu kəsdi, amma qaz balaları "ögey" analarına məhəl qoymadılar. özlərini arxa verdilər. Başladılar arx yuxarı üzməyə.Çil toyuq arxın qırağı ilə haray-həşirlə balalarının üzdüyü istiqamətə doğru qaçırdı. Sanki arxın qırağında maraqla ona baxan adamlardan kömək istəyirdi. Zarafat deyildi,birdən-birə onun 15 balası "təhlükədə" idi.Heyhat, çil toyuğa kömək eləyən yox idi. Amma arxın qırağında bu mənzərəni seyr edən insanlar başqa cür düşünürdülər.Qaz suda üzmək üçün yaranmışdı,toyuq kimi tara çıxmaq üçün yox. Elə bu səbəbdən də heç kim çil toyuğun təlaşına, haray- həşirinə fikir vermirdi.
Ana üçün balanın qiyməti yoxdur,istər o sağlam olsun,ya da şikəst. Bala baladır.
Məhərrəm Şəmkirli