Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ön söz əvəzi müəllifə məktub


 

Xeberinfo.com:   Bilmirəm sənə bacımmı deyim, ay Cəmilə, qızımmı? Elə hər ikisinə tən gəlirsən. Çünki yaşımız arasında xeyli fərq var. Sənə baxanda Kəlbəcərsiz ötən illərimiz  göz önündən keçir. Sonra da Aşıq Şəmşirdən əlimiz üzüldüyü ötən əsrin 80-ci ili. Onda sənin nə yaşın vard ki?.. Heç bəlkə də görməzdin onu. 1970-ci ildən ta dünyasını dəyişənəcən hər dəfə Kəlbəcərə ezam olunanda onu görməmiş, səsini maqnitofon lentinə almamış geri dönməzdim. Nə xoş ki, görüşlərimizin izi nişanələri zaman-zaman o qocaman söz sərrafına həsr elədiyim yazılarımla qəzet səhifələrində işıq üzü görüb, Azərbaycan efir məkanlarında – radioda səslənib və bu gün də ana radiomuzun səs saxlancında qorunur. Amma... sənin gördüyün bu iş ki var ha, daha möhtəşəm, daha yaddaqalan, daha xeyirxahdı. Cəsarətlə demək olar ki, sən bu işlərinlə – “Kəlbəcərin saz qalası”, “Arı çiçəyə gəlib”, “Sən dağlardan ayrılmadın” kimi titanik zəhmət bəhrəsi olan kitablarınla hansısa bir akademiyanın müvafiq şöbəsinin işini görmüsən.

Və bir də oxuculara təqdim etdiyin son işin – “Sazımız ağlayır dağlar başında” kitabın. Bu yerdə içimdən bir sual keçir: o zərif, o ufacıq çiyinlərinlə bu boyda yükün altına necə girdin, qızım? Kəlbəcəri, o yerin qartal təbiətli adamlarını yaxşı tanıdığım üçün sualına özüm cavab verirəm: o yerlərin uca dağlarının nəinki zirvəsində, hətta ətəklərində belə dünyaya göz açan insanlar kişi və qadınlıqlarından, ixtiyar və cavanlıqlarından asılı olmayaraq dünyanın ən ağır yükünü çəkməyə qadirdirlər. Sən də eləcə, Cəmilə qızım. Bu qeyrətinlə əsl kəlbəcərli olduğunu sübut eləmisən. İlin-günün bu vədələrində qapı-qapı düşüb Şəmşirli xatirələri toplamaq, ona həsr olunmuş elmi əsərləri, məqalələri, şeirləri bir araya gətirmək hər oğulun işi deyil. Heç nə yox, tək elə bu kitabın mündəricatına ani göz yetirmək kifayətdir ki, sonra da onu hərisliklə səhifələyib, bir-birindən gözəl xatirələrdən, şeirlərdən, xüsusilə də, Məmməd Aslan demiş, Dədə Şəmşirin gül ləçəyi kimi zərif qoşqularından məst olasan.

Bir də ki, inam, gözəlim, tükənməz inam işığı var bu kitabda. Kəlbəcər el camaatının ən ağır yüklərin belə altında əzilməyəcəyinə, sabaha, gələcəyə alnı açıq, qədd-qaməti düz gedəcəyinə İNAM. Bu yükü daşımaqla həm də Dədə Şəmşirin, Ağdabanlı Qurbanın, sözlərindən bal daman onlarla, yüzlərlə kəlbəcərli şairin söz karvanına qoşulub da, o karvanın iziylə haydı Kəlbəcərə sarı! Dədənin narahat ruhu oralarda yolunuzu gözləyir.

 

 

İntiqam MEHDİZADƏ,

jurnalist-publisist

 

Cəmilə Çiçək (İsbəndiyarova). Sazımız ağlayır dağlar başında. Bakı. “Azərnəşr”, 2014, 624 s.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam