Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"QÜRBƏTDƏN GƏLƏN SƏS"

                   Fərman Kərimzadə anıldı          

   

Xeberinfo.com:  Şairin səsi Vətəndən, onun quş qonmaz dağlarından, barlı- bəhrəli bağlarından, göz yaşı kimi təmiz bulaqlarından, xınalı daşlarından, ətirli gülündən, çiçəyindən, süfrəsinin bərəkətindən, tamlığından, millətinin adət-ənənəsindən, tarixindən, mədəniyyətindən, keçmişindən, gələcəyindən, igidliyindən, qəhramanlığından ... gəlməlidir. Şairin səsi millətin, dövlətin sevincindən, uğurundan, dərdindən, sərindən gəlməlidir. Şairin səsi qürbətdən gəlməməlidir.

   Şair qürbətdə olanda Vətən ağrısı, Vətən həsrəti çəkir, el-obası üçün göyüm-göyüm göynəyir, sızım-sızım sızlayır. Vətən sevgisi yazdığı hər bir şerin sətirlərində zərrə-zərrə, damla-damla axır, xalqına, millətinə, doğulduğu torpağa bağlılıq, vurğunluq misralarda açılır, kövrək, həzin duyğuları, yüyrək xəyalları poeziya ilhamının, imkanlarının qanadında qürbət şeirləri yaranır. Bu şeirlərdə adi təsadüfdən yox, yaşam ehtiyacı ilə bağlı olan, köksü qəriblik hissiləri ilə od tutub yanan arzunun məqamlarından yaranır. Onun içindən diz qoyub bulağının diş göynədən suyundan içmək, dağlarında , meşələrində nəğmə oxuyan quşlarının, qıy vuran qartallarının səsini eşitmək keçir. Heyhat, bu mümkünmü? Xeyir! Mümkün deyil. Ona görə mümkün deyil ki, şair də insandır. Özü də Tanrının ən çox sevdiyi insan. Tanrının ən çox sevdiyi insanın da əyin-başı var, arvad-uşağı var, hamı kimi yemək tələb edən mədəsi var. Bütün bunlar üçün o çalışmalıdır, alın təri tökməlidir. Tez-tez deyirlər ki, Allah sevdiyi bəndəsini dah çox sınağa çəkir, bərkə- boşa salır. Bu bəndələrdən biri də şair Vahid Xəyalidir. Mən onu tanıyandan o Tanrının sınağındadır. Çox şükürlər olsun ki, bu sınaqlardan həmişə yaxşı çıxıb.

   Şair söz adamıdır. Dediyi söz onun mənəviyyatıdır. Və söz olan mənəviyyatını o heç nəyə dəyişmir. Dəyişməyə haqqı da yoxdur. Tarixdə azmı olub ac-yalavac qalan, maddi sıxıntılar keçirən, amma mənəviyyatını dəyişməyən şairlər?

   Şair Vahid Xəyali uzun illərdir ki, mənəviyyatını da götürüb uzaq Rusiyaya- Tümen şəhərinə maddiyat dalınca gedib. Orda min əziyyətlə əldə etdiyi maddiyatla kənddə qoyub getdiyi, ildə bir-iki ay üzünü gördüyü ailəsini dolandırır. Belə dolanışıq- ailəsindən, Vətəndən ayrılmaq sözünə də, səhətinə də pis təsir edir.Şeirlərində bunu yana-yana, sızlaya-sızlaya təsvir edir. Aşağdakı misralardan bunu aydın görmək olar.

                                   Yerimi-yurdumu xəbər alan "dost".

                                    Düşünmə yaylaqda, çəməndəyəm mən.

                                     Bir zaman babalar sürgün olunan,

                                     şaxtada,sazaqda, Tümendəyəm mən.

                                    

                                     Ayrı fikirlərə düşmə sən qəti,

                                      Bil məni yaçadır el məhəbbəti.

                                     Üzür ürəyimi Vətən həsrəti-

                                      Vətəndən uzaqda, çox gendəyəm mən.    

  Göründüyü kimi şairin bu şerinin hər bir misrasında Vətən sevgisi, vətən həsrəti var. Bu həsrətin onu nə günə saldığını. ürəyini həsrət oduna yandırdığını bir Allah bilir.

  Artıq zaman, dövür dəyişib. İndi nə çar rusiyası var, nə repressiya dövrüdür, nə də ölkəmiz Böyük imperiyanın tərkibindədir. Çox-çox şükürlər olsun ki,bu gün müstəqil, demokratik, dünya ölkələri arasında sayılıb-seçilən bir respublkadayıq. Amma çox təəssüf ki, bir qarın çörək, ruzu dalınca on minlərlə soydaşımız yaxın-uzaq ölkələrə səpələniblər. Bunlardan biri də Vahid Xəyalidir. O, da bir tikə çörəyə görə ailəsindən, qohum- əqrabasından, elindən-obasından ayrı düşüb. Bu ayrılığı poetik dillə şair belə ifadə edir:

                                  Özüm öz xoşumla "sürgündəyəm" mən.

  Bəhs etdiyim şeir şairin 2007-ci ildə işıq üzü görmüş kitabındandır. Bu yazıda məqsədim şairin heç də bütün yaradıcılığından yox,bu il çıxan "Qürbətdən gələn səs" kitabı haqqında dəyərli oxuculara məlumat verməkdir. Göründüyü kimi şairin qürbət ağrıları bütün yaradıcılığında özünü göstərməkdədir.

 Deyirlər həyat çox qəribədir. Mən də deyirəm, qəribə olduğu qədər də amansızdır, qəddardır, zalımdır, haqsızdır. Heç nəyə,heç kimə baxmır. Bəzən yaxşını  cəzalandırır, pisi mükafatlandırır. Birinə heç nədən yurd-yuva verir, digərini yurdundan-yuvasından didərgin salıb qaçqına, köçkünə çevrir.

  Vahid Xəyali söz adamı olaraq bunları başqalarından daha yaxşı görür, haqsızlığa dücar olan,incidilən  adamın yerində özünü görür, ürəyi ağrıyır, dünyanın haqsızlığına, amansızlığına, haqqı bilə-bilə nahaqqın ayağına verməyinə dözə bilmir, sözüylə bunlara qarşı üsyan edir, bağrır, hayqırır. Bağırtısını, hayqırtısını dünyanın kar qulaqlarına çatdırmaq istəyir. Amma dünya o qədər kardır ki, həqiqət deyilən sözü yalan, böhtan, riya deyilən sözdən ayrıb eşitmir və yaxud da xristian təəssübkeşliyi ilə eşitmək istəmir.

  Vahid bir tikə çörək dalınca düşüb, özü demiş könüllü "sürgünə"gedibsə, onun şair dostu İsmayıl İmanzadə erməni faşistlərinin (şəxsən mən ermənilərə faşist deməyi faşistlərə qarşı təhqir sayıram. Axı faşistlər ermənilər qədər amansız və qəddar olmayıblar) torpaq idiasının qurbanı olub. Onların qeyri-insani hərəkətləri nəticəsində öz ata-baba yurdundan qaçqına,köçkünə çevrilib, kiminsə dar,kasıb komasına sığınıb, verilən yardıma əl uzatmağı qüruruna, mənliyinə sığışdırmayıb.

Şair İsmayıl müəllimin yurdsuzluğunu, qaçqın, köçkünlüyünü özünə məxsus ürək ağrısıyla belə verib:

                            İndi o yurd yad əllərdə qalıbdır,

                            Çəmənlər saralıb, güllər solubdu.

                            Qayaları daş olsa da donubdur,

                             Qartal olub necə süzüm o yerdə.

  Mənə görə dünyada ən böyük dərd, üzüntü torpaq, ev-eşik itirməkdir. Necə olur ki, illərlə dişin, dırnağınla qurub sığındığın isti ocağını duz-çörək verdiyin, süfrənin yuxarı başında oturtduğun namərd qonşun "mənimdir" deyib yağmalayır?! Bu namərdliyi, alçaqlığı, şərəfsizliyi bağışlamaq olarmı? Heç vaxt! Gecə yuxu yatanda da, gündüz yol gedəndə də doğulduğun yer, böyüdüyün həyət-baca heç vaxt gözünün önündən çəkilmir, elə səni için-için göynədir, sızladır. "Məni düşmən tapdağında niyə qoydun", itihamını üzünə çırpır. Bu ağır ittihamın qarşısında balacalaşıb bir əlçim yumağa dönürsən. Əlindən heçnə gəlmir, məcbur olub bülbülə üz tutub düşmən üçün oxumamağını, bənövşəyə qoxumamağını təvəqqə edirsən. Yağı üçün o səs,o qoxu haramdır deyirsən.

                             Tez-tez girir yurd yerləri yuxuma,

                             Sarı bülbül qəmli-qəmli oxuma,

                             Qız bənövşə, yadlar üçün qoxuma-

                              Əlim çatmır səni üzüm o yerdə.

  Əlimiz hər yerdən üzüldü, beynəlxalq təşkilatlar boşboğazlıq elədi, böyük dövlətlər xristian təsübkeşliyi etdilər. Və beləcə üçüncü on illikdir ki, torpaqlarımız əsrlikdə, bizsə qapılarda verən əllərə baxırıq. Özü də ata ət, itə ot verən ATƏT-in yağlı vədlərinə aldana-aldana. Axı nə vaxta qədər!!!

   İstər klassik, istərsə də müasir Azərbaycan ədəbiyyatında dağlara şeir yazmayan şair çox az tapılar. Hər şair də dağları özünə məxsus deyimlərlə, ifadələrlə tərənnüm edib, onu oxucularına sevdirib. Dağlar bizim ucalığımız, vüqarımız, arxamız olub.Düşmənlə döyüşdə səngər kimi, təbi fəlakətlərdən qorunmaqda sığınacağ kimi hayımıza çatıblar. Bu mənada dağlara borcumuz çoxdur.

                                  Sal daşların al şəfəqə boyanıb,

                                  Kəkliklərin yenə erkən oyanıb.

                                  Qayaların ərən kimi dayanıb,

                                   Ceyranın, cüyürün balalı, dağlar.

  Şair sankı rəssamdır və dağları söz fırçasıyla çəkib gözümüz önünə gətirir. Biz onun əzəmətini, vüqarını, nadir heyvanat ailəmini, yaşıllığını, min çalarlı gülünü, çiçəyini görürük.

 Həyatda istər insan olsun, istərsə də dağ-daş unudulub tənha qalanda kövrəkləşir, kiçilir, balacalaşır. Sanki bunun niyəsini bilmirsənmiş kimi öz-özündən soruşursan: Bu dağlar belə balaca deyildi indiki kimi heç vaxt. Bu dağlar niyə balacaşdı, niyə əridi? Dağ , daş da kiçilərmi, alçalarmı, Allahım? Qıy vuran qartalı görünməz, kəkliyi oxumaz. Çoxdan köç edib onlar, bu kiçilən, əriyən dağlardan. İndi bu dağların çəni, dumanı da yoxdur. Çən, duman alçaq dağlara gəlməz hər zaman.

  Arxasız qaldı, yiyəsiz qaldı, düşmənə qaldı. Bax, ondan kiçildi, ondan əridi bu dağlar, bu daşlar. Bu da öz-özünə verdiyin sualın cavabı.

 Bu gün şerimizdə dağlarla bağlı belə ağrılı, göynərtili, düşündürücü şeirlər də çoxdur. Deyirlər dağ-dağa söykənər, düşməni dəf edər. Biz nə torpağımızı, nə dağ, daşımızı arxalı düşməndən qoruya bilmədik. Bizsizlikdən daşı balacalaşdı, bulağı qurudu dağların.

   Vahid Xəyalinin özünə məxsus yazı üslubu var. O, nikbun duyğularını sadə deyim formasında cilalayır, onu müxtəlif rənglərlə bəzəyir və baxımlı bir tablo yaradır. Bu tablodakı rənglər ecazkar durumda oxucunu sehirləyir.   

  Şairin yaradıcılığında satira hər zaman aparıcı yer tutub. O, iti qələmiylə nöqsanlara, çatışmamazlığlra qarşı amansız, barışmaz olub. Gördüklərini yazmaq və onlara qarşı barışmaz olmaq onun xalq, millət və tanrı qarşısında olan borcudur. Bu borcu layiqincə ödəmək onun vətəndaş və şair borcudur. Şairin "Elə zəmanəyə gəlib çatmışıq", "Səni", "Vüqarını satan gördüm", "Gərək" və s.şeirlərində vətəndaş möqeyi daha qabarıq görünür.

                              Heç vaxt gülmə fağırlara-kasıblara,

                               İmkan varsa kömək eylə, düşsə dara.

                              Çox güvənmə nə dövlətə, nə də vara,

                              Üç arşın ağ qucağına alar səni.

  Vahid Xəyalinin hər misrasında vətənpərvər, elinə-obasına bağlı bir övladın, bir şairin ürəyinin çırpıntısı eşidilir. O, yaradıcılığında Vətən obrazını canlı və bütöv yaşadır.

  Bu gün V. Xəyalinin səsi qürbətdən- qarlı, şaxtalı, sazaqlı Tümen şəhərindən gəlir. Bu səsdə bir kövrəklik, bir inciklik, bir umu-küsü də var. Mən şair dostuma yüzə-yüz haqq qazandırıram. Yaşının bu vaxtında (66 yaşının içindədir) qürbətdə bir tikə çörək üçün yaşamağı onu üzür. Arzu edək ki, bundan sonra şairin səsi bütün varlığı ilə bağlandığı vətəndən gəlsin, onun düşmən üzərində möhtəşəm qələbəsini və uğurlarını tərənnüm etsin.

                                               

Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam