SƏN UNUDULMADIN SÜCAƏT
Xeberinfo.com: Sücaət müəllim həyatdan vaxtsız köçsə də xalqın dilində onun haqqında gözəl xatirələr yaşayır. Deyilənə görə o, çox xeyirxah insan olub, lakin yeri gələndə haqsızlığa qarşı həmişə barışmaz mövqe tutardı. Bu xasiyyət ona atasından, Yunus kişidən keçmişdi. Eşitdiyimə görə şairin atası Yunus kişi rayonda müxtəlif vəzifələrdə, o cümlədən kolxoz sədri işləyən vaxtlarda haqsızlıq edən adamı sillələməkdən belə çəkinməzmiş. Atasından görüb -götürən Sücaət müəllim özü də haqsızlığa düşmən olduğunu belə ifadə edib:
“Yaxşı-yaman bilən gündən,
Elin səsi,- səsim olub.
Biri haqsız döyüləndə,
Qəlbim əsim-əsim olub.”
Sücaət müəllimin xeyixahlığı da onu tanıyanlar arasında çox danışılırdı. Deyirlər bir dəfə Sücaət müəllim görür ki, kasıb ailədən olan 12-13 yaşında bir uşaq, velosipedi olan tay-tuşlarindan xahiş edir ki, velosipedi versinlər o da sürsün, yoldaşları isə onu aldadaraq ələ salırlar. Kənardan vəziyyəti görən Sücaət müəllim həmin uşağı mağazaya aparıb, ən bahalı velosipedi alıb ona hədiyyə edir. Baxın...xalqın sevimilisi olan şair Sücaət, belə Sücaət idi... Mən ədəbi mühitdə olduğumdan Sücaət müəllim haqqında çox eşitmişdim və həmişə arzu edirdim ki, onun kitablarını oxuyum. Əslində yaradıcılığa başladığım vaxtlarda özüm də hiss edirdim ki, şeirlərim bədii cəhətdən zəifdir. Zaman-zaman seirlərim mətbuat səhifələrində yayıldıqca söz sahibləri mənə öz məsləhətlərini verməkdən çəkinmirdilər.Günlərin bir günü sözünü demiş qələm dostum məndən müasirimiz sayılan Sücaətin şeirlərini oxuyub-oxumadığımı soruşdu. Şairin yaradıcılığı haqqında deyilənlər məni düşündürdü və elə o vaxtdan Sücaət müəllimin kitablarının axtarışına çıxdım. Əslində bilmirdim onun şeir kitablarını necə əldə edə bilərəm. Adı hafizəmdə həkk olan Sücaət müəlimin kitablarını əldə etmək üçün söz adamlarına müraciət etdim. Bəzi yazarlar söz versələr də təəssüf ki kitab əldə edə bilmədim.Müasirimiz sayılan Sücaət müəllimin kitabının mənim də kitabxanamda olmasını çox arzulayırdım. Amma həyat təsadüflərlə doludur deyənlər yanılmayıb, həqiqətən həyatda nəyisə çox arzu etsən Allah onu öz bəndəsinə qismət edər. Həhayət, uzun axtarışdan sonra hamının sevimlisinə çevrilən, şeirləri dillər əzbəri olan Şücaət müəllimin 2008-ci ildə nəşr edilmiş "Sücaəti unutma sən" kitabı mənim kitabxanamın qiymətlisinə çevrildi. Şairin yaradıcılıq yoluna ayna tutduqca onun şeirlərinin dilimizə necə yatımlı olduğunu görürəm. Şairin qələmində yurd sevgisi, vətən sevgisi şeirlərinin hər misrasında sanki göz yaşı kimi şairin qəlbindən misralara süzülür. Sücaət müəllimin "Görmüşəm" şerində onun ürək yanğısını görməmək mümkün deyil.
“Öz doğma gülşənimin gözəlliyin, ləzzətin,
Perik düşüb qürbətə qonanda görmüşəm mən.
Vətənin boranının, qarının hərarətin,
Qərib eldə soyuqdan donanda görmüşəm mən.”
"Qərib eldə soyuqdan donanda görmüşəm mən"- misrasında işlədilən fikir və məqamlar oxucuya aydındır. Şair oxucusuna qürbətdə, qürbət saydığı yerlərdə nələr çəkiyini anlatmağa çalışır. Elə anlaşılmasın ki, şair qərib el deyəndə vətəndən kənarda olan halını qələmə alır. Şair öz elində, öz vətənində həsrət qaldığı Qarabağın füsünkar gözəlliklərini doğulub boya-başa çatdığı, indi isə can yanğısına çevrilən Kəlbəcəri göz önünə gətirir. Bu kitabda belə nümunələrə çox rast gələ bilərik. Başqa bir nümunəyə diqqət edək. Şair özü çəkdiyi əzablardan dolayı köksü qanlı vətənin göz yaşını silərək deyir:
Əsir Vətən, həzin-həzin,
Sən ağlama mən ağlayım.
Sürünürük dizin-dizin,
Sən ağlama, mən ağlayım.
Yanmışamsa, külüm hanı,
Obam hanı, elim hanı?
Axı, belə zülüm hanı?
Sən ağlama, mən ağlayım.
"Axı, belə zülüm hanı"? deyən şair göz yaşı tökə-tökə doğulub boya-başa çatdığı düşmən tapdağında əsir olan Kəlbəcərin, ən ümdəsi Qarabağın dərdinə şərik olur. Şairin qələmindən süzülən misralarda oxucu hiss edir ki, nədənsə Sücaət müəllim ruhən də dərdli insan olub. Şairin qəlbinin "dərd camı" olduğunu görən qələm dostu Allahverdi Qəmkeş onun halını belə vurğulayır:
“Cavanlıqdan kədər qəlbin yeyirdi,
Şər-böhtanlar qapısını döyürdü.
Haqq dalınca ayaqyalın yüyürdü,
Düzlüyü müqqəddəs bildi Sücaət.”
Guman edirəm ki, şairin qəlbinə yaxın dost olan Allahverdi Qəmkeş yaşadığı dönəmin onun həyatına necə zərbə vurduğunu və həyatda nələrin çəkdiklərini dostcasına şairin oxucularına çatdırır. Amma şairin elə anları olub ki, haqqı taptalandığı vaxtlarda vətənin dərdl də onu üstələyəndə qəlbi yana-yana belə deyərdi:"Oldu, nə oldu".
“Az dolandım o dağların başına,
Taleh mənə qənim oldu, nə oldu,
Elə bil ki, bu günahın ucundan,
Dərdin çoxu mənim oldu, nə oldu.
Əbəs imiş harayımda, hayım da,
Bir amansız zəhər varmış payımda!
Bu zülümdən günəşim də, ayım da,
Sıx dumanım, çənim oldu, nə oldu...”
"Bir amansız zəhər varmış payımda" deyən şair öz taleyinə gileylənir və "olan oldu, nə oldu" deyir. Şairin yazdığı şeirlərin misralarında onun qəlbinin harayını, naləsini eşitməmək mümkün deyil. Şairin ən böyük istəyi yenidən Vətənə dönmək və yurdunun qoynunda gəzib dolanmaq buz bulaqlarından, qaynayan çeşmələrindən yazmaq və yenidən sevə-sevə gördüklərini vəsf etmək idi. Lakin illər keçdikcə o görürdü ki, Qarabağ düyünü müşkülə çevrilib, Qarabağın qaytarılmaması sanki şair Sücaəti getdikcə həyata bağlılığını azaldaraq ümüdsizliyə sürükləyirdi. O bəzən dərdinin yanğısından qələmi ilə ağı deyib, oxucunu ağladaraq göz yaşı tökməyə vadar edirdi. O, ağlayırdı göz yaşı tökürdü.
“Yağıların ayağının altında ,
İnildəyən torpağım ooy...dağım ooy...
Sızım-sızım sızıldayan bulağım,
Viran olmuş gülşənim ooy...bağım ooy...”
"Viran olmuş gülşənim ooy...bağım ooy.." Oxucu bu misralarda ağının naləsində şairin fəryad səsini eşidir və şairlə bərabər o acını yaşayır. Şair oxucusuna demək istəyir ki, mən Vətənimi, elimi belə sevirəm. Zənnimcə şair oxuusundan da tələb edir ki, siz də mənim kimi vətən üçün şam kimi əriməyi, sevməyi məndən öyrənin. Mən bu gün çox sevinirəm ki, Sücəat müəllimin kitablarından biri mənim stolüstü kitabıma çevrilib. Kitabı vərəqlədikcə hiss etdim ki, "Sücaəti unutma sən..." deyən şairin kitabına biganə qala bilməzdim. Şair haqqında bir-iki kəlmə mən də söz deyə bilmişəmsə şairin bibisi oğlu Rafiq Nadirova minnətdaram. Bu kitabın mənim kitabxanamda yer almasının səbəbkarı Rafiq müəllimdir. Rafiq müəllim, kitabı oxuduqca hiss edirəm ki, doğrudan da şair Sücaət unudulası şairlərdən deyil. Hörmətli oxucular, onu da nəzərinizə çatdırım ki, həqiqətən bəzi qələm sahibləri və şairlər düz deyiblərmiş ki, mən Sücaətin şeirlərini oxuyum və onun qələmindən nəyisə öyrənə bilim. Sücaətin qələmi sadə dillə öz oxucusu ilə dərdləşir və hər misranı, hər sözü aydın şəkildə oxucusuna çatdırır və sevdirir. Kitabda redaktordan gələn fikir də mənim diqqətimi cəlb etdi. Kitabın çap edilməsində maddi dəstəyini əsirgəməyən millət vəkili Cavid Qurbanov vurğulayır ki, şairin çox şeirlərini lazımı qədər elin dilindən toplaya bilmədik. Şairin kitaba daxil edilməmiş çox şeirləri var ki, onu sevənlər əzbər bilirlər. Nəzərinizə çatdırım ki, şairin həyat yoluna səyahət etdikcə hiss edilir ki, doğrudan da Sücaət saray şairi deyil, təmiz ruhlu və haqqın carçısı sayıla bilən xalğının şairidir. Bu gün şair aramızda olmasa da onun kitabları da, misra-misra şeirləri də xalqın dilindədir. Xalqına millətinə əziz olan şair, Allah sənə qəni-qəni rəhmət eləsin, torpağın nurla dolsun. Ey adın kimi sücaətli vətən oğlu, guman edirəm ki, ruhunla hiss edirsən ki, bu gün də Qarabağ azad deyil. Düşmən yenə də torpaqlarımızda meydan sulayır. Bəlkə illər sonra da azad olmayacaq. Sənə rəhmət olsun, Xalqın şairi, bilərəkdən yazmısan "Qaytar geri" şeirini.
Sən ey vətən xaini, sən ey millət düşməni,
Sirinin zəhər oldu, acını qaytar geri!
Azərbaycan xalqının ləkəsiz namusunu,
Azərbaycan xalqının tacını qaytar geri!
Dönməz igidlərimi kürəyindən atılan,
Məsum körpələrimi tonqallara çatılan,
Diri -diri kəsilib ağalara satılan,
Cavanların qolunu-qıçını qaytar geri!
Bədəni parça-parça, zindanlara atılmış,
Hər cür təhqir olunmuş, hər cür ələ salınmış,
Erməninin əliylə bircə-bircə yolunmuş,
Qızımın-gəlinimin saçını qaytar geri!
Şairin kitabındakı şeirləri oxuduqca bir vətəndaş, milli ruhu bədəninə biçilən bir şəxsiyyət göz önünə gəlir. Doğrudan da mən oxucuyamsa, gəldiyim qənaət belədir ki, belə bir vətən sevdalısı çox yaşaya bilməzdi və gec ya tez o haqqın dərgahına qovuşmalı idi. Sən unudulmadın SÜCAƏT...
TƏRANƏ ŞƏMS