Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yunus Əmrənin XI qəbri və yaxud dumanlıq və toranlıqlardan boylanan işıq...

                                 

 

 

        Yunus Əmrə (Yunis Əmrə, Yunus İmrə) kimdir?

 

    "xeberinfo.com": Nədən adı əfsanələrə qarışmış, tarixin yaddaşının ilmə- ilmə çözələnməsinə, incələnməsinə baxmayaraq bu şəxsiyyət haqqında danışanda, müəyyən zaman bucağından onun ömür yolunun toranlığa və dumanlığa qarışmış görüntülərinə nəzər salanda taleyini və özünü 7-8 əsr keçməsinə baxmayaraq bizlərə tanıdan, bizlərə doğmalaşdıran misralarını xatırlamamaq mümkün olmur...

 

                         Məni məndə demə: məndə deyiləm,

                         Bir mən vardır məndən içəri...

 

Yaxud

 

                          Dərviş Yunus, gəl indi

                          Ümmanlara dal indi...

                          Ümmana dalmayınca

                          Sən dərviş olammazsan..

 

və yaxud

 

                          Netti, bu Yunus, netti?

                          Bir doğru yola getdi.

                          Bir şeyx ətəyin tutdu,

                          Mövlam gözəlim neylər?!

 

          Ensiklopedik və digər mənbələrdə onun haqqında çox qısa məlumatlara rast gəlinir. Belə ki, məlumatlarda Yunus Əmrənin xalq ozanı, təkcə şerinin yaradıcılarından biri, “vəhdəti vicud” fəlsəfəsinin ardıcılı, türkdilli müstəsəvvürlərdən biri, zaman etibarı ilə Oğuz dillərinin ilk böyük şairi kimi səciyyələndirilir.

Onun Anadoluda Porsuq çayının Sakarya çayına töküldüyü yerdə- Sərfi kəndində (bəzi mənbələrdə Sivrihasar yaxınlığındakı Sarıköydə) 1238- ci ildə (bəzi mənbələrdə 1240/41- ci illərdə) doğulduğu, mədrəsə təhsili gördüyü, Tapdıq Baba Əmrə (əmrə- aşıq, aşiq, dərviş, ozan anlamındadır) adında şeyxin şagirdi, Mövlana Cəmaləddin Rumi məclislərinin iştirakçısı olduğu , Anadolunun, Azərbaycanın, Şamın (Suriya) kəndlərini gəzdiyi, özünün mənsub olduğu fəlsəfəsini yaydığı qeyd edilir.

         O Qul Yunus, Aşıq Yunus, Yunus Əmrə, Miskin Yunus, Dərviş Yunus, Yunus imzası ilə heca vəznli qoşma, gəraylı, ilahilər, əruz vəznli qəzəl və məsnəvilərdə sufi fəlsəfəsini sadə xalq dilində təbliğ etmişdir. Dərin fəlsəfi gücə malik Y.Əmrə yaradıcılığı uzun illər sonra da istər Türkiyə, istərsə də Azərbaycan və Türkmən ədəbiyyatına öz əhəmiyyətli təsirini göstərmişdir.

         Mənbələrdə Yunus Əmrənin 1320- ci ildə (bəzi mənbələrdə (1321- ci ildə) vəfat etdiyi, doğulduğu Sarıköydə (?!) dəfn olunduğu qeyd edilir. 82 il yaşadığı bildirilən Yunus Əmrənin doğum və ölüm tarixləri kimi dəfn olunduğu yerlər haqqında da məlumatlar ziddiyyətlidir. Və maraqlı nüanslardan biri də bu böyük ozanın, övliya mərtəbəsinə yüksəlmiş, ustadına vəfalı, dövrünün ünlü ozanı, fəlsəfi şerlərin kamil yaradıcılarından biri olan şairin Türkiyədə 10 (bəzi yazılarda fərqli rəqəmlərə rast gəlinir) yerdə qəbri olduğu, XI qəbrinin isə Azərbaycan Respublikasının Qax rayonu ərazisinə təsadüf etdiyi qeyd edilir.Qax rayonu (əslində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ bölgələri) oğuz türklərinin qədim yaşayış məskənlərindəndir. Hərtərəfli zəngin və əsrarəngiz flora və faunaya malik təbiəti, az qala hər kəndinin fərqli, fərqli olduğu qədər də qədim dialektləri yaşadan dil mədəniyyəti bu bölgəni fərqləndirən amillərdəndir.

        Bölgə haqqında ilk məlumatlar antik dövrün “tarixin atası” sayılan, Heredotun yazdığı “Tarix” kitabından gəlir. Belə ki, bu mənbədə bölgə “behişt vadisi” adlandırılır.Qədim yaşayış məskənləri və toponimlərlə zəngin bölgənin az qala hər qayasında, hər daşında oğuz türklərinin izləri qalmaqdadır.Hərtərəfli gözəlliyə , zənginliyə malik bölgəni başqaları tərəfindən özününküləşdirmək istəyi, təbii ki, həmişə olmuşdur və özlərinin olmayanlara sahib çıxmaq arzusunda olanlar görkəmli tarixçilərimizin tutarlı sübutları qarşısında aciz qalsalar da gizli niyyətlər bu və ya digər şəkildə bu gün də yaşamaqdadır. Zaman-zaman Qax bölgəsi ilə bağlı açıq və yaxud gizli məqamların olduğu inkaredilməzdir.

Və yuxarıda qeyd etdiyimiz kimi Yunus Əmrənin XI qəbri məhz Oğuz türklərin qədim yaşayış məskəni olan Qax rayonunun ərazisindədir.

         Hacı Tapdıq baba (Tapdıq Baba Əmrə) və Yunus baba (Şeyx Yunus Əmrə) məqbərəsi rayonun ərazisində, Yevlax- Balakən magistral yolunun, eləcə də Oncallı kəndinin içərisinə doğru gedən kənd yolunun sol tərəfində, meşənin içərisində yerləşən qədim qəbirstanlıqda, bu görkəmli və tarixi şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur.Qeyd etmək yerinə düşərdi ki, Qax rayonu ərazisində olan qəbirlərin Yunus Əmrə və Tapdıq Əmrəyə aid olması haqqında ilkin məlumatlardan biri İlisu sultanlarının nəslindən olan, yaşadığı dövrdə Qaxda “dayı” ləqəbi ilə tanınan, yüzlərlə kitab toplanan şəxsi kitabxanaya malik, bir neçə dil bilən mərhum Sələddin Sultanov tərəfindən verilmişdir. Ötən əsrin (səhv etmirəmsə) ortalarında onun imzası ilə “Şəlalə” (Qax) qəzetində dərc olunan məqalədə Oncallı kəndindəki qəbirstanlıqdakı qəbirlərdən birinin Tapdıq, digərinin isə onun “şəyirdi” Yunus Əmrəyə aidliyi göstərilmişdir.

Kiçik haşiyə: 15 il öncənin söhbətidir. Bakıda olarkən metroda təsadüfən bir türk tarixçisi və onun yerli bələdçisi ilə tanış oldum. (Adlarını təəssüf ki, unutmuşam). Respublikanın əksər yerlərini gəzdiyini deyən tarixçidən - Yunus Əmrəni necə, tanıyırsınız- deyə soruşdum. Hocam (bələdçinin dili ilə desək) diqqətlə üzümə baxdı, Nədən tanımayım- dedi. O böyük övliyadır. Tapdıq Əmrənin şəyirdi olmuşdur. Sonra belə bir rəvayət danışdı. Yunus hocası Tapdığı çox sevdiyindən onun odun- çırpısını meşədən belində daşıyırmış. Beli oduna, çırpıya sürtündüyündən yaralanmış, yarasına hətta qurd belə düşmüşmüş... Amma hocasına bunu deməmişdir. Onu bu halda görən Tapdıq Əmrə vəsiyyət edərək “mənim qəbrimi ziyarətə gələnlər əvvəl Yunusu ziyarət etsinlər,sonra da məni”-demişdir. Və hər kəs bir balaca çırpını onun qəbrinin yanına qoysun- deyə “hoca” Yunus Əmrə və Tapdıq haqqında mənə xeyli bilgi verdi.

       Mən bu rəvayətin doğulduğum Qıpçaq kəndində və digər qonşu kəndlərdə də söylənildiyini, hər iki şəxsin qəbrlərinin bir- birindən azca aralı Oncallıdakı “Oğuz” qəbirstanlığında olduğunu deyəndə “hoca”nı təəccüb bürüdü. “Bu ola bilməz dedi... Onların Türkiyədə belə yan- yana qəbirləri yoxdur”. Sonra isə bələdçidən onu imkan daxilində həmin yerə- Oncallıya aparmağını xahiş etdi. Yunus Əmrə və Tapdıq Əmrənin qəbirlərinin məhz Oncallıdakı “Oğuz” qəbirstanlığında olmasını sübut edən ən dəyərli mənbə isə fəlsəfə elmləri namizədi, Qaxda çıxan “Şəlalə” qəzetinin mərhum redaktoru, ensiklopedik biliyə malik Hikmət Əzimov və vətənin hər daşını VƏTƏN sayan dəyərli ziyalı Şahmərdan Əhmədovun birgə zəhməti bahasına ötən əsrdə işıq üzü görən “Qax abidələri” kitabıdır.

           Müəlliflər yazırlar...

Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbirstanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbirüstü abidələrin kitabələri qədim ərəb dili epiqrafik nümunələrdən sayılır. Qəbirsatan yerli əhali arasında Oğuz adı ilə tanınır. Haqqında söhbət açdığımız iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Qəbirlərin üstündə olmuş kitabələrin biri sonralar itirilmişdir. Lakin ötən əsrin 80-ci illərinin sonlarında epiqrafik abidələri tədqiq edən tarix elmləri doktoru Məşədixanım Nemətova tərəfindən yazılı başdaşlarının surəti çıxarıldığından bu gün biz həmin məzarlarda dəfn olunanların kimliyindən xəbərdarıq.

       Müəlliflər görkəmli tarixçilərin araşdırmalarına istinad edərək qeyd edirlər: 

       Məşədixanım Nemətovanın tədqiqatlarının nəticəsi göstərmişdir ki,burada dəfn olunanlardan biri Hacı Tapdıq, digəri isə Şeyx Yunusdur. Kitabələrdə onların doğum və ölüm tarixləri göstərilməmişdir. Sadəcə olaraq, qəbirüstü abidənin kimlər tərəfindən və nə vaxt inşa edilməsi haqqında məlimatlar yazılmışdır.Kitabənin məzmunundan aydın olur ki, Şeyx Yunusun məzarının üstü təxminən 1400- cü ildə Mirzə Çələbi Soltan, İbn Məhəmməd , İbn Məhəmməd Zaman, İbn İmam Əli tərəfindən , Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh tərəfindən inşa edilmişdir.M. Nemətova məlumatları təhlil edərək abidələrin inşa tarixləri arasındakı fərqin böyüklüyünə baxmayaraq, hər iki şəxsin eyni vaxtda yaşaması fikrini irəli sürmüşdür. Bununla yanaşı, epiqrafçı alim Şeyx Yunusun böyük türk ozanı və şairi Yunus Əmrə, Hacı Tapdığın isə onun mürşidi (müəllimi) Şeyx Tapdıqla eyni şəxs olmalarına dair maraqlı bir nəticəyə də gəlmişdir. Yunus Əmrənin ölüm tarixi təxminən 1339- cu ilə aid edilir(?!.). Bu böyük türk- oğuz şairinin təkcə Türkiyədə, Anadolu ərazisində 10-dan çox güman edilən məzar yeri var. Lakin Oncallı kəndinin Oğuz qəbirstanlığındakı məzar daha qədim hesab edilr. Həm də Şeyx Yunusun müəllimi Hacı Tapdıqla bir yerdə olan yeganə məzardır. Qax rayonuna gəlmiş türkiyəli qonaqlar Yunus Əmrəyə istinad edilən məzarların heç birinin yaxınlığında Tapdıq babanın məzarının olmadığını göstərir və qeyd edirlər ki, ehtimalların ən ağlabatanı bu böyük türk şairi və ozanını Oncallıda, Oğuz qəbirstanlığında torpağa tapşırılmasıdır.

          Göründüyü kimi burada da ölüm tarixləri ziddiyyət təşkil edir. Müəlliflər daha sonra alimlərin gəldiyi nəticələri bölüşərək yazırlar...  M.Nemətovanın gəldiyi nəticəyə görə Şeyx Yunus Azərbaycanda olarkən onun hər bir vilayətini qarşı-qarşı gəzmiş və ən nəhayət Oncallı kəndində vəfat etmişdir və bu kənddə Yunus Əmrənin və Hacı Tapdığın məzarları onların şagirdləri tərəfindən inşa olunmuşdur. Ola bilsin ki, məzarlar hər hansı bir səbəbdən dağıntılara məruz qaldığından oraya nəzarət eləyən müridlər qəbirüstu yazıları tez-tez təzələmək məcburiyyətində qalmışdır.Məhz bu səbəbdəndir ki,eyni vaxtda yaşamış bu iki şəxsin qəbirüstü yazılarındakı inşa tarixləri arasında 400 ilə yaxın bir fərq əmələ gəlmişdir.

Şeyx Yunisin məzarı üstündə qoyulmuş kitabəli daş 600 ilə yaxın müddətdə öz bütövlüyünü qorusa da Haci Tapdığın məzarı üstündəki başdaşı 1786 cı ildə yenidən təzələnmişdir.

       Qəbirüstü abidələrin tarixinə dair digər mülahizələr nədən ibarətdir? Əvvəla Oncallı kəndinin adının yaranması qıpçaq türklərinin Ancaoğlu soyunun adı ilə bağlıdır.Tarixi mənbələrdən məlumdur ki, həmin tayfalar bu ərazidə məskunlaşdıqları dövrədək şamançılığa xidmət etmişdir.Qıpcaq türkləri arasında İslam dininin yayılması isə Oğuz soyundan olan din xadimlərinin fəaliyyəti ilə bağlıdır.Bu barədə ingilis şərqşünası Spenser Trimingeym köçəri tayfaları içərisində islamın təbliğinin əsas nailiyyətlərinin sufi dərvişlərinin xüsusilə də şair-ozanların fəaliyyəti ilə bağlı olduğunu qeyd etmişdir.Bu fəaliyyətdə Yunis Əmrənin adı türk dünyasının böyük şəxsiyyətlərindən sayılan Xoca Əhməd Yasəvi ilə eyni sırada çəkilmişdir. Müəlliflərin gəldiyi nəticələr yazımızın əvvəlində qeyd etdiklərimizlə demək olar ki, cüzi fərqlə üst- üstə düşür.

Deməli, buradan belə nəticə çıxır ki, oğuz müsəlman sufiləri Qax rayonun cənubi – qərb ərazisində məskunlaşmış qıpçaq türkləri arasında İslam dininin təbliği ilə məşğul olmuşlar. Yunus Əmrəni bu əraziyə gətirən də həmin ənənədir. Burada həmişəlik qərar tutan Yunus Əmrə ömrünün sonunadək Oncallıda yaşamışdır. Vəfat etdikdən sonra mürşidi Hacı Tapdığın məzarı yanında dəfn olunmuşdur.

       Oğuz qəbirstanlığı ziyarətgahdır. Burada zəvvarların gətirdikləri ağac qırıntıları Yunisin mürşüdü Tapdığın evində yandırmaq üçün odun-çırpı daşınmasına işarədir. Illərlə yığılmış ağac yığınları bu gün də diqqəti çəkir. Təsadüfü deyildir ki, Qıpçaq türkləri Yunus Əmrənin və Hacı Tapdığın dəfn olunduqları qəbirstanı öz soylarından fərqləndirmək üçün Oğuz adlandırmışlar. Ziyarətgaha yalnız yerli əhalinin deyil, həm də türkdilli ölkələrdən Əmrəsevərlərin gəlməsi Türkiyənin indiki prezidenti Abdulla Gülün ziyarətgahda olması, qəbirləri ziyarət etməsi, baş nazir Rəcəb Təyyub Ərdoğanın belə ziyarətgahda olacağı haqda ötənlərdə gedən söhbətlər (gəlişinə Qaxda hazırlıq görülsə də O Şəkidən qayıtdı) dolayısı ilə Yunus Əmrənin   XI həqiqi qəbrinin müəlliminin qəbrinin yanında məhz Qax rayonunun Oncallı kəndindəki Oğuz qəbirstanlığında olması faktını təsdiqləyir.

        Həyatı, doğum və ölüm tarixləri belə zamanın dumanlıq və toranlıqlarına qovuşsa da əlahəzrət fakt qaranlıqlardan süzülən işıq kimidir. Və bu işıqda Yunus Əmrənin həqqi qəbrinin XI qəbri olduğu aydın görünür.Yunus Əmrənin özü demişkən:

 

 

                                  Biz dünyadan gedər olduq,

                                  Qalanlara salam olsun!

                                  Bizim üçün xeyir- dua

                                  Qılanlara salam olsun!

 

                                                                                                       

 

 

 

 

        Nadir Ziyadlı( Qıpçaq).

                                                                                                       

         Qax- Bakı- Qax

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam