VƏTƏN HƏSRƏTLİ ŞAİR
Xeberinfo.com: AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü tədqiqatçı - publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) “Vətən həsrətli şair” yazısını təqdim edirik:
Əziz oxucular, diqqətinizi bir anlıq, vətənpərvər insan, gözəl bir müəllimin və heç kimə boyun əymədən, öz gücünə həyatda bir çox nəaliyyətlər əldə etməyi bacaran zəhmətsevər şair-publisist Adil Həmidin keşməkeşli həyat yollarına yönəldirəm.
Adil İbrahim oğlu Həmidov (Adil Həmid ) 07.12.1967- ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər rayonununda anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra arzuladığı M.F.Axundov adına APRDƏ institutuna daxil olub və 1995- ci ildə fərqlənmə diplomu ilə bitirib. Ali təhsil illərində həmkarlar təşkilatının sədri, bədii-özfəaliyyət dərnəklərinin fəal üzvü olmaqla yanaşı tədbirlərdə öz şeirləri ilə dəfələrlə çıxış etmişdir.
Kəlbəcər işğal olunduğu üçün institutdan azad təyinat götürərək Rusiyanın Novosibirsk şəhərində müəllim işləməyə başlamışdır. 1997-ci ildə vətənə dönərək əvvəl 88 saylı liseydə, sonra Binəqədi rayon 157 saylı məktəbdə müəllim işləyib. 2001-ci ildən həmin məktəbdə direktor müavini işləyir. Rayonun bütün ictimai-siyasi tədbirlərində fəal iştirak edir. YAP-nın fəal üzvü, Ərazi İlk Partiya Təşkilatının sədr müavinidir.1999-cu ildən bu günədək MSK-ın üzvü və katibidir. Dəfələrlə dövri mətbuatda şeirləri çap olunub. “Qisasa çağırır” almanaxda, dəyərli ziyalılarımızdan filologiya üzrə fəlsəfə doktoru, şair Adil Cəmil və Məhəmməd Nərimanoğlu tərəfindən ərsəyə gələn “Kəlbəcər dünyası” antalogiyasında şeirləri dərc olunmuş, “Müəllim ömrü”, kitabının müəlliflərindən biri, “Təmənnasız sevgi yoxmuş” və doğma el-obasının görkəmli adamları, adət-ənənələri haqqında ensklopedik kitab olan “Nəcəfalılara geden yol” kitabının isə müəllifidir.
Təbiətcə romantikdir. Kəlbəcəri xəyallarında yaşadır…
Əslində :
…Bilin, Yer üzünün xoşbəxtiyəm mən .
Çünki , təmiz eşqim, məhəbbətim var.
Kasıb deməsinlər mənə bu gündən.
Ən böyük sərvətim –Səadətim var. – deyə öz təmiz məhəbbətini bütün sərvətlərdən üstün tutan və
...Gecələr yatmayıb duaçın olan,
Həsrətdən gül təki saralıb,solan,
Görəndə hər dəfə kövrələn,dolan,
Bir cüt həsrət dolu göz gətirmişəm – söyləyərək eşq yolunda bir cüt gözünə belə qıyan şair məhəbbət şairi olmalı imiş. Amma taleyin acı həqiqətləri onun dilinə, yaradıcılığına həsrət, intizar, hicran dolu fəryadlar da gətirmişdi.
Bir səhər şəhəri bürüyən duman onu bərk kövrəltmişdi deyə yazır:
Göynərdi həsrətdən burnumun ucu
Duman, Çiskin, Çən yadima düşəndə.
Necə oldu, şəhərə qonaq gəlmisən?
Səhər tezdən sən yadıma düşəndə?
... və yaxud hər yazın gəlişi onda qəmgin notlar yaradır :
Yenə elimizə ilk bahar gəlir.
Gedib qoymadıqım dizimdən daniş.
Oğul, qismət olsa ,barı mən əvəz
Ona həsrət qalan gözümdən danış…
İzsiz ötüşmədi keçən bu illər.
Şairi can üstə, arifi inlər.
KƏLBƏCƏR deməkdən qabardı dillər.
Qəlbimdə yurd salan közümdən danış.
Çox oldu qəlbimi dələn,teyləyən.
Olmadı dərdimə çarə eyləyən.
ADİLİ qürbətdə bükən, bələyən
Cəmi üçcə arşın bezimdən danış.
İlin hər fəsli ona vətəni xatırladır. Yazda yazını, yayda yayını :
... Çox axtardım yaxınını, yadını,
Hər nə daddım, verəmmədi dadını,
Fəxr edib , fərəhlə çəkdim adını,
Tay sənə yox, NƏCƏFALIM,hardasan?
Bu günlərdə doğum günü olduğunu bildiyimdən ona baş çəkməyi qərara aldım Məni görəndə çox sevinib dedi :
Cəmilə xanım, neçə illərdir diqqət yetirirəm. Siz mərd, zəhmətkeş, həm də çox diqqətcil adamsınız. Kəlbəcərin ən sanballı adamı, saz-söz dünyasinda ustad və dədəlik zirvəsinə yüksələn Aşıq Şəmşir haqqında kitab yazmağı qərara alanda mənim də fikirlərimin orda olmasını istəmişdiniz. Şükürlər olsun ki, bu ağır və məsuliyyətli yükün altından uğurla çıxaraq zərif duyğular, əziz xatirələrlə dolu 5 səviyyəli kitab yazıb ərsəyə gətirdiniz. Sizin “Arı çiçəyə gəlib” və “Sazımız ağlayır dağlar başında” adlı kitablarınızda mənim də könül pıçıltılarım var.
Dedim, Adil müəllim, siz böyük adamsız! Əslində bu gözəl günlərdə sizi kədərləndirmək istəmirəm, amma bu qədər itkilər qarşısında necə dayanmağınız özü də bir örnəkdir. Sizə bu gücü verən nədir?
– Başıma gələnlərin hamısını bir alın yazısı, bir tale hökumü bilib dözürəm. Bir də deyirlər İlahi istədiyi adamı sınadıqdan sonra aldıqlarının əvəzini ona qaytarır; indi mənim gozəl ailəm var, hər nemətdən üstün olan tərbiyyəli savadlı oğul övladım, xətrimi istəyən kollektiv yoldaşlarım, hər an çiçəkləyən və inkişaf edən Binəqədi rayonunun sakiniyəm. Günü-gündən onun abadlaşan guşələrində Kəlbəcərə bənzəyən yerlər axtarıram və bəzən də tapıram.Vətəndə əbədi uyumağa yallnız bir məzar yeri mənə qismət olsaydı, nə xoş halıma deyərdim…!
– Allah sizə kömək olsun! Ömür adlı ağacınızdan düşən növbəti bir yarpaq da xeyirli olsun və 49-cu qışınız şaxtasız, tufansız keçsin!
Ad gününü təbrik edib Adil müəllimdən ayrıldım. Amma içimdə bir nisğil sızıldadı. Kaş o yerlərdə görüşmək qismət olaydı. Axı, Adil Həmid demişkən:
Duzlaq duzsuz qalibdi.
Bağlar susuz qalibdi.
Tukənibdir Dəlidağın qonağı,
Biz vətənsiz, vətən bizsiz qalibdir…