POETİK DUYĞULARIN BÖYÜKLÜYÜ
Böyük yaşantılarını şeirə gətirən gənc şair Faiq Hüseynbəylinin “Yer üzü bir beşikdi” kitabı haqqında
"Xeberinfo.com": Faiq Hüseynbəyli adı gənc şairlər arasında hörmətlə çəkilir. Bunu onun haqqında yazılmış məqalələrdən də hiss etmək mümkündür. O, yeniyetmə yaşlarından şeir yazmağa başlayıb, on altı yaşında ikən “Dolanıb, qələm, başına, Səndə bəxtimi gəzirəm” adlı ilk poetik toplusu çap olunub. Faiq həm də Azərbaycan Yazıçılar Birliyinin sıralarına qəbul edilən ən gənc şairlərdən biri olub. Müxtəlif ədəbi müsabiqələrin qalibidir və xeyli ədəbi mükafatı var. Yeddi poetik toplusu və bir ədəbi-publisistik kitabı işıq üzü görüb.
Faiq Hüseynbəyli Texniki Universitetin Nəqliyyat fakültəsini bakalavr və magistr dərəcələri üzrə fərqlənmə diplomu ilə bitirib. Gənc olmasına baxmayaraq, zəngin həyat yolu keçib. “Siqnal” idarəsində işləyib, tikinti təşkilatında fəhlə kimi çalışıb, qəzetdə və televiziyada müxbir kimi fəaliyyət göstərib, mühafizəçi olub və hazırda ticarət təşkilatında çalışır. Maraqlıdır ki, Nəqliyyat fakültəsini fərqlənmə diplomu ilə bitirən Faiq ixtisasına uyğun peşə üzrə işləməyib. Bunun səbəbi ali məktəblərdə təyinat sisteminin ləğv edilməsidir. Onu da əlavə edim ki, Faiq Hüsynbəyli həm də yol hərəkətinin təşkili üzrə maraqlı elmi məqalələrin müəllifidir. O, ixtisasına uyğun iş axtara-axtara qapılar arxasında qalsa da, yaradıcılıq uğurları onun üzünə gülümsəyib.
Faiq Hüseynbəylinin uşaq şeirləri də, hərbi vətənpərvərlik şeirləri də məhəbbət şeirləri qədər “şirindir”. Çünki Faiq öz həyatını, yaşantılarını poetikləşdirir. O, Azərbaycanın Sibiri adlandırılan Murovda hərbi xidmətdə olarkən ən gözəl vətənpərvərlik şeirlərini yazmışdır. Faiqin şeirləri hərbi hissənin əsgərləri tərəfindən hərbi marşlar kimi ifa olunurdu. Burada, Murov dağındakı səngərlərdə öz sağlamlığını qismən itirən, qospitallarda müalicə alandan sonra belə səhhətində hərbi xidmət zamanı aldığı zədələri canında daşıyan Faiq Hüseynbəyli heç zaman ruhdan düşmür, böyük ehtirasla yazıb-yaradır.
Faiq Hüseynbəyli 1983-cü il dekabrın 20-də Cəlilabad rayonunun Alar kəndində bölgənin tanınmış şairi Bilal Alarlının ailəsində dünyaya gəlib. Onun atası Bilal Alarlı həm də folklorşünas-alimdir, yaşadığı bölgənin folklor örnəklərini toplayıb çap etdirir və araşdırır. Faiqin anası məktəb kitabxanasının müdiridir. Onun qardaşları da ali təhsil alıblar. Hətta qardaşı Afiq Hüseynbəylinin Urdu ədəbiyyatı ilə bağlı monoqrafiyası da çap olunub. Görünür, ailənin ziyalı aurası Faiqin dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb.
Faiq Hüseynbəyli şeirdən-şeirə, kitabdan-kitaba inkişaf etmiş, dəbdə olan ifadə ilə desək, püxtələşmişdir. Bu yaxınlarda Faiqin “Yer üzü bir beşikdi” adlı şeirlər toplusu gözəl bir tərtibatla işıq üzü görüb. Kitab onun sayca altıncı poetik yaradıcılıq məhsuludur. Kitaba istedadlı tənqidçi Nərgiz Cabbarlı “İnsanlıqdan şairliyə bir addım” adlı ön söz yazmışdır. Ön sözdə Faiqin poetik dünyası ətraflı şəkildə təhlil olunur. Nərgiz xanım təqdimatını bu sözlərlə bitirir: “Şeir elə bir gücə sahib ki, öz müəllifini aradar da, unutdurar da... Mən bu imzanın arananlardan olacağına inanıram”. Böyük ümiddir və bu ümidi tənqidçidə Faiqin şeirləri yaradıb.
Poetik toplu onun son bir neçə ildə yazdığı şeirləri əhatə edir. Şeirlər yazıldığı illər üzrə qruplaşdırılmışdır. Bu da Faiqin şeirdən-şeirə necə dəyişdiyini, inkişaf etdiyini aydın şəkildə izləməyə imkan verir: “Ölüm qızılgülə dönsün” (2011), “Yer üzü bir beşikdi” (2012), “Tanrıya gedən yol” (2013) və “Söz qalası” (2014) təkcə ayrı-ayrı illərdə yazılmış şeirləri birləşdirmir, bu bölgülər altında Faiqin oxşar poetik yaşantıları verilir.
Faiq Hüseynbəylinin “Yer üzü bir beşikdi” kitabında toplanmış şeirlərində diqqətimi cəlb edən ən yüksək keyfiyyət buradakı mürəkkəb fikirlərin sadə şəkildə ifadə olunmasıdır. Belə bir fraza var ki, fikri və təfəkkürü aydın olanın nitqi də aydın olar. Faiq şeirinə mövzu seçdiyi bütün olayları o qədər sadə şəkildə ifadə edir ki, heyrətlənməyə bilmirsən. “Başıma gələn hava” şeirindən:
Başıma gələn hava,
Hava, qanadın varmı?
Sözə gəlmir adın da,
Başqa bir adın varmı?
Kim atlana, kim minə
Bu şeytana, bu cinə?
Hər havanın ritminə
Oynayan qadın varmı?
Faiq Hüseynbəyli şifahi söz sərvətimizdən ustalıqla yararlanır, dilin folklor qatına enə bilir. “Mən adlı Tanrı” şeirində mifoloji baxışlar məhz Faiqə məxsus ifadə üslubuna uyğun şəkildə özünə yer almışdır. Klassik poeziyadan və folklor motivlərindən bəhrələnmə bu şeirdə özünü qabarıq şəkildə göstərir:
Bu dünyada tək qalaq,
Bir mən olum, bir sən ol.
Bir qovulaq cənnətdən,
Göy mən olum, Yer sən ol.
Oxu eşq nəğməsini,
Söz mən olum, dil sən ol.
Bu sevgi baxçasında
Mən bağbanam, gül sən ol.
Ayə-ayə düzülüm
Sevənlərin ahında.
Səcdə elə mən adlı
Tanrının dərgahında.
Faiqin bütün şeirlərində dilin folklor qatı aparıcı mövqedədir. Frazeoloji birləşmələr, atalar sözü və məsəllər onun qələmində yeni anlamda təqdim olunur, bu cür folklor nümunələrinin müxtəlif çalarları verilir. “Hamı özünə dönür” şeiri həcmcə kiçikdir, lakin burada folklordan geninə-boluna bəhrələnmə mövcuddur:
Qızıla dönmə, danış,
Dərdini mən də bilim.
Səndən bu yana həyat,
Səndən o yana ölüm.
Gəl, yol yoldaşı olaq,
Tut sözümdən, gedirəm.
Hamı özünə dönür,
Mən özümdən gedirəm.
Atalar sözündə deyilir: “Danışmaq gümüşdürsə, susmaq qızıldır”. El arasında deyirlər ki, insan öləndə Haqqa qovuşur. Haqq Allahın min bir adından biri sayılır. Faiq Hüseynbəyli bu deyimləri şeirin birinci bəndində yığcam və dolğun şəkildə ifadə edə bilmişdir. İkinci bənd də folklor mənbəlidir. Biri deyir, qardaşın necə adamdır, o biri cavab verir ki, yol yoldaşı olmamışam. “Tut sözümdən” deyimi də “dilindən tutmaq” frazüoloji birləşməsinin müəllifə məxsus şəkildə ifadəsidir. Özünə dönmək, özündən getmək frazeoloji birləşmələri də Faiqin dilində çoxçalarlı şəkildə səslənir. Özündən getmək – ürəyi getmək, özündən getmək – fikrindən daşınmaq, özündən getmək – öz mülkündən ayırıb vermək və sair anlamlardadır. Onun bu kiçik şeirində sadaladığımız məna çalarlarının hamısı ifadə olunmuşdur.
352 səhifəlik iri həcmli bir poetik topluda yer almış şeirləri bir məqalədə təhlil etmək imkan xaricindədir. Amma bu şeirləri birləşdirən bir yönüm var. Bu, bütün şeirlərin folklora söykənməsi, el yaradıcılığından qədərincə faydalanması ilə bağlıdır. Folklor araşdırıcısı kimi bu fikirdəyəm ki, Faiq Hüseynbəylinin yaradıcılığında folklorun mövqeyi ayrıca öyrənilməyə dəyər. Çünki Faiq təkcə şeirlərində folklora müraciət etmir, o həm də folklor kitabları haqqında məqalələr yazır, özü də folklor araşdırmaları aparır. Bəlkə də bu hal onun folklorşünas ailəsində dünyaya göz açması və zəngin şəxsi folklor kitabxanası olan evdə böyüməsi ilə bağlıdır. Şübhəsiz, onun yaradıcılığı həmin folklor çeşməsindən su içmişdir.
Faiq öz kitabına da oxucunun yaddaşını silkələyən bir ad seçmişdir: “Yer üzü bir beşikdi”. Eyniadlı şeirdə ana laylasının ritmi var. Şeirin hər misrası layla kimi yeddi hecalıdır. Lakin burada layladan yüksəkdə dayanan çox müdrik fikirlər vardır. Şair bu şeirdə ritmi misraların “canına” yeridə bilmişdir. Hətta xalq mahnılarından alınmış bütöv misra Faiqin şeirində tamam başqa ovqat yaradır:
Yer üzü bir beşikdi,
Küləklər layla səsi...
Göy üzündən asılıb
Şairlərin nənnisi.
Hər gün ölüb-dirildik,
Can üstədi canımız.
Kədər ilə qonşuyuq,
Qoşadı eyvanımız.
Söz də söz olmaz, canım,
Deyilməsə anında.
Min illərin yükü var
Hər kəlmənin canında.
Faiq Hüseynbəylinin şeir yaradıcılığı haqqında çoxları yazıb. Əvəz Qurbanlı, Əli Rza Xələfli, Əbülfət Mədətoğlu, Fərqanə Mehdiyeva, Vəfa Mürsəlqızı, Dayandur Sevgin, Faiq Balabəyli və başqaları bu gənc şairin yaradıcılığına diqqət çəkməyə çalışmış, onu müxtəlif yöndən təhlil etmişlər. Hətta atası Bilal Alarlının da Faiq haqqında yazısı var. Bilal müəllimin yazısında məni təsirləndirən bir məqam da var. O, həmişə oğlunun şeir yazmasının əleyhinə olduğunu bildirir. Amma etiraf edir ki, Faiq fitrətən şairdir, mən isə şeirin texnikasını bildiyimə görə yazıram. Bilal Alarlının öz şeir yaradıcılığına verdiyi qiymətlə razılaşmıram. Razılaşdığım məqam onun Faiqi fitrət şairi adlandırmasıdır.
Nə yaxşı ki, Faiq atasının məsləhətinə qulaq asıb qələmi yerə qoymayıb, günümüzün şair bolluğu içərisində öz yerini arayıb-axtarıb. Faiq Hüseynbəylinin şeirlərinə həm tənqidçi, həm də oxucu marağı güclüdür. Belə olmasaydı, onun şeirlərinə musiqi yazılmazdı və bu nəğmələr teledalğalarda müntəzəm oxunmazdı. Belə olmasaydı, çağdaş ədəbiyyatımız istedadlı bir gənc şairi itirmiş olardı.
İnam yerimiz olan Quranda şairin ucalıq mərtəbəsi peyğəmbərdən sonra gəlir. Belə demək mümkünsə, şair insanlığın fövqündə dayanır. Faiq Hüseynbəylinin qəzəllərindən birində şairin insanlıqdan uca olması bu şəkildə ifadə edilib:
Min ildi ki, Faiq hələ insan ola bilmir,
Şair hara, insan hara? İnsan, məni tərk et!
Fikrimi kitaba ön söz yazan Nərgiz Cabbarlının bir cümləsinə kiçik dəyişiklik etməklə bitirmək istəyirəm: Yaşanan poetik duyğuların böyüklüyü şairin böyüklüyüdür. Yaşından asılı olmayaraq, böyük yaşantıları şeirə gətirə bilən şair böyük şairdir. Faiq Hüseynbəyli artıq çağdaş ədəbiyyatımıza öz sözünü demiş bir şairdir. Yazdığı böyük həqiqətlərlə...
Cəmilə Çiçək (İsbəndiyarova), AYB və AJB-nin üzvü, AMEA Folklor İnstitutunun doktorantı