Yazıçılar Birliyində Asif Atanın 80 illiyi ilə bağlı tədbir keçirilib
Oktyabrın 8-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Asif Atanın 80 illiyi ilə bağlı tədbir keçirilib.
"Xeberinfo.com": Məlumata görə, bu haqda Asif Ata Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib. Tədbiri giriş sözüylə İşıqlı Atalı açıb, iştirakçıları salamlayıb, bildirib ki, Asif Ata yubileydən artıq hadisədir.
AYB-nin katibi İlqar Fəhmi ürək sözlərini yetirib: “Buradakı insanların çoxu Ata ilə həmsöhbət olublar. Bizlər kiçik yaşlarımızdan Asif Atanı teleekranlardan görmüşük, söhbətlərinə qulaq asmışıq, diqqətimizi cəlb edib, qəlbimizi ələ alıb. İnsanlığa, mənəviyyata, işığa xidmət edən istənilən bir fikir alqışlanmalıdır”.
İşıqlı Atalı 80 yaşlı Asif Atanın mahiyyətcə 800 yaşında olduğunu bildirib: “Bu, sadəcə, obraz deyil. Zamanı aşan, zamana sığmayan Atanın ömrü kənddən, ilkinlikdən başlayıb. Ömür ilkinliyini, bənzərsizliyini o, özü yaradıb. Heç kəsə oxşamamaq, özü olmaq yaradıcılığın başlıca şərtidir. Çox zaman insanı yaradıcılığından ayırırlar. Ancaq Asif Atada ömür elə yaradıcılıq deməkdir, yaradıcılıq ömür deməkdir. Asif Atanın ömrü başlanğıcdan sona kimi bir kök üstə olub”.
İşıqlı Atalı Atanın ömrünün gedişlərini təhlil edib, onun tələbəçilik (Moskva dövrü), ilk yaradıcılıq dövrünə nəzər salıb, fəlsəfi-bədii tənqidçiliyinin mahiyyətini açıb: “Asif Atanın tənqidində əsas cəhət yazıçının görmədiyini görmək, demədiyini deməkdir. Ümumiyyətlə, Atanın yaradıcılığında özünəməxsusluq, bənzərsizlik ömrü boyu davam edib. Artıq 80-ci illərin əvvəllərindən başlayaraq Asif Ata fəlsəfi-bədii tənqidçiliklə yanaşı sırf inam fəlsəfəsi əsərlərini yazıb”.
Tədbirdə Azərbaycanın tanınmış aydınları iştirak edib, Asif Atanın yaradıcılığı, şəxsiyyəti ilə bağlı fikir bölüşmələri olub.
Professor Nizami Tağısoy deyib: “Ədəbi-fəlsəfi təfəkkürümüzün inkişafı üçün son dərəcə rolu olan, orijinal şəkildə düşüncəmizi istiqamətləndirməyi bacaran Asif Ata haqqında danışmaq həm asandır, həm də olduqca məsuliyyətli və çətindir. Asif Atanın əsərləri ilə tanış olduqda tamamilə bənzərsiz bir təfəkkür sahibinin özünəməxsus dünyasına baş vura bilirsən”. O, A.Atanın indiyə kimi olan baxışlardan fərqli baxışının olduğunu bildirib: “Bəşər A.Atanın dediyi kimi yaşaya bilsə, bu gün rastlaşdığı fəlakətlərdən qurtula bilər”.
Tanınmış şair Abbas Abdulla A.Atanın fəlsəfi-tənqidi əsərlərinin vaxtilə “Ulduz” jurnalında çapından danışıb, ona yazılan tarixi məktubu oxuyub.
Şair Qəşəm İlqar Ruhdaş Ata ilə bağlı xatirəsini danışıb, şeirini oxuyub.
Şair, professor Paşa Qəlbinur Asif Atanın şəxsiyyətinə sayğısını ifadə edib, onun yaradıcılığının insanlığa, bəşərə gərəkliyini bildirib.
Tanınmış diktor, əməkdar artist Eldost Bayram Asif Atanın rübailərini oxuyub.
Yolruh Atalı Asif Ata fəlsəfəsinin özünəməxsus cəhətlərini açıb: “Bəşər tarixinin elə bir məşhur hadisəsi, siması yoxdur ki, A.Atanın onun haqqında fikri olmasın”.
Eləcə də tədbirdə Əlisahib Əroğul, Zaməddin Ziyadoğlu, Məhəmməd Hatəmi, Rafiq Turabxanoğlu, Razim Əliyev, Xeyrulla Ağayev, Amil Avey, Sədaqət Kamal, Maşallah Məftun və başqaları çıxış ediblər.