İnam Ata (Asif Ata) – 80
"Xeberinfo.com": Asif Ata Ömrü: Bir Kök Üstə
Sentyabrın 25-də Asif Atanın 80 yaşı tamam olur. İnam Atada (Asif Atada) başlıca məqsəd İnsandır. İnsanın var olması özündən qıraqdakı quvvəyə yox, insandakı mənaya, mütləqlik (əzəli, əbədi, sonsuz, kamil) imkanına əsaslanır. Ata ulusumuz üçün yeni, qədimlik üstə yön, yol, gözümüzü özgəliklərdən yığmaq üçün ulusallığa əsaslanan inam, idrak, mənəviyyat, iradə imkanını ortaya qoydu. Azərbaycan insanının özümlü əsasda var ola bilməsini sübut etdi. O, yaratdığı dünyabaxış – Mütləqə İnam əsasında özünü var etdi. İnsan haqqında deyilən, yazılan bədbin fikirlərə uymadı, hamının insandan üz döndərdiyi bir çağda insanlığa üz tutdu. Özü demişkən, insanda yanılsa da, insanlığa inandı.
Onun geniş, sınırsız idraki imkanları, İnamı var. Ona görə «var» deyirəm ki, Ata haqqında keçmiş zamanda danışmaq gerçəkdən mümkün deyil. Ona görə ki, ardıcıllarının ağlında, ürəyində, əməllərində hər an yaşayır, yaşadılır.
Ata idealının özülü, cövhəri, baş ünvanı ruhani (insani) ömrüdür. O, bəşər tarixini qaralama sayırdı. Tarixdə idealı olmadı, özü və ardıcılları üçün ideal oldu. Onun yazdıqlarında iynənin ucu boyda da olsun, cəfəngiyyat yoxdur. Ona görə ki, dərin idrakiliyə, bənzərsiz düşüncəyə əsaslanıb.
İnam Ata öz örnəyində kamil insanlığın ölçüsünü yaradıb. Nisbi insanlıq olmur. İnsanilik mütləqdir. Görünən imkanların arxasındakı, özülündəki imkandır insanları yaşadan.
İnsanilik imkanına yetməyin, özünü yaratmağın, var etməyin yolunu göstərir Ata: Mütləqləşmək – var olmaqdır; Nisbi var olan – yox olur əslində; Yalnız – Mütləqiliyə yetən - var olur; Zaman ölçüsündə yaşamaq – yox olmaqdır; Özümlüyünə yetmək istəyirsənsə, insanilik ölçüsündə yaşamalısan.
Atanın üslubu ömrü kimi bənzərsizdir: qısa, mahiyyəti canlı, diri ifadə edir.
Mütləqə İnamın gəlişi o deməkdir ki, ulusumuzun üzünü özünə tutması imkanı var - ulusumuz özinamlı olur.
Atanın Bitiqləri (Kitabları) Türk Ulusu olaraq dünyaya sözümüzdür. Qoy insan ölməsin, uluslar ölməsin. Onda bəşər də ölməz. Bəşərin varlığı ulusların özinamlı olması ilə bağlıdır. Mütləqə İnam dünyabaxışı hər bir ulus üçün bu imkanları açır.
***
İnam Ata (Asif Ata) tənqidində əsas məqsəd yazıçının görmədiyini görmək, demədiyini deməkdir. Bu, qətiyyən yazıçının, yaradıcının imkanlarını inkar etmir, daha da o imkanların genişliyini göstərir. Ata tənqidinin – təhlilinin məqsədi insanilik uğrunda döyüşdür. O, ədəbi tənqiddən hünər istəyirdi, onun döyüşkənlik ölçüsünü yaradırdı: «Tənqid – ədəbiyyatla xalq arasında körpüdür, ədəbiyyat vasitəsilə xalqla danışmaqdır. Xalqı öyrənmək və öyrətməkdir”.
İndi də ictimai mühitdə bəziləri İnam Atanı çağında məşhur olan «Müdriklik səlahiyyəti» (1976) adlı kitabı ilə yada salırlar. Ancaq o, zamanını sürətlə aşdı, 4 il sonra «Mütləqə İnam» kitabına daxil olan «İnsan» kitabını yazmağa başladı ki, bu, artıq Asif Atanın Mütləqə İnam dünyabaxışının özülünü qoyması idi…
Bu dönəmdən başlayaraq onun fəlsəfi-tənqidi yaradıcılığı ilə sırf fəlsəfi-ruhsal əsərlər yaradıcılığı qoşa gedib. Artıq ömrünün son illərində Ata demək olar, tənqidi əsər yazmırdı, bütünlüklə yaratdığı dünyabaxışının kitablarını yazmağa girişmişdi.
«Müdriklik səlahiyyəti»ndə o dövr üçün şimşək çaxışına bərabər, hamını gerçəkdən heyrətləndirən əsərlər oxuculara sunuldu: «Fəlsəfə və poeziya», «Sənət və şəxsiyyət», «Şeir və ənənə», «Sənət və özünüdərketmə», «Həqiqət və yarımhəqiqət», «Şeyx Nəsrullah əsarəti», «Qəm və üsyan», «Sənətdə gənclik və sənətin əbədi gəncliyi». 30-40 yaşlarında Atanın zamandan yüksəkliyə çağıran fikirləri o çağların gəncliyinin ağlında zülmətdə işıq kimi bir şey idi. Atanın imperiyanın ən pis çağında möhtəşəm cəsarəti, özündənkeçməsi göz qabağındadır.
Atanın sağlığında işıq üzü görmüş ikinci tənqidi əsərlər toplusu isə «İnam və Şübhə»dir (1988).
Hər iki kitab böyük çətinliklər bahasına çap olunub. İnam Atanın ruhundan yaratdığı öz Nizamisi, Xaqanisi, Füzulisi, Sabiri, Cəlili, Hadisi, Cavidi, Cabbarlısı var. Ümumən dünya ədəbiyyatının klassikləri ilə bağlı da onun bənzərsiz fikirləri var.
Bu əsərlər İnam Atanın möhtəşəm irsinin bir hissəsidir, Onun Mütləqə İnam yaradıcılığının başlanğıcıdır əslində. Ata İnamının ilkin rüşeymlərini fəlsəfi-tənqidi əsərlərində ifadə edib. Atanın tənqidi əsərlərini dönə-dönə oxumaq, özümləşmək gərək...
***
KİTABLARI
Müdriklik səlahiyyəti. Bakı. Azərnəşr, 1976, 192 səh.
İnam və şübhə. Bakı. Yazıçı, 1988, 172 səh.
Mütləqə inam. Bakı. Yazıçı, 1999, 300 səh.
Yol. Ata sözü. Bakı. Örnək, 1994, 87 səh.
Siyasətdən üstün. Bakı. Nərgiz, 1999, 26 səh.
Təməl. Bakı. Örnək, 1999, 43 səh.
Həqiqət azadlığı - Cəfəngiyyat əsarəti. Bakı. Örnək, 2000, 23 səh.
İnsanilik imkanı. Bakı. Örnək, 2000, 28 səh.
Mahiyyət. Bakı. Örnək, 2000, 23 səh.
Mütləqilik. Bakı. Örnək, 1999, 78 səh.
Bədiiyyat. Bakı. Adiloğlu, 2006, 52 səh
Uluyurd aqibəti – Bütöv Azərbaycan. Bakı. Adiloğlu, 2007, 295 səh.
Kutsal Öyrəti. Bakı. Adiloğlu, 2010, 112 səh.
On Kutsal Bitiq – I cild. Bakı. Qanun, 2010, 322 səh.
On Kutsal Bitiq – II cild. Bakı. Qanun, 2010, 182 səh.
On Kutsal Bitiq – III cild. Bakı. Qanun, 2011, 360 səh.
On Kutsal Bitiq – IV cild. Bakı. Qanun, 2012, 232 səh.
On Kutsal Bitiq – V cild. Bakı. Qanun, 2013, 472 səh.
On Kutsal Bitiq – VI cild. Bakı. Qanun, 2014, 128 səh.
"İnam və Şübhə" Bakı. Gənclik, 2014, 160 səh.
İnam Ata (Asif Ata)
Ata ömrü öz diliylə
1. Dünyaya gəlişimlə bağlı söhbətlər bilmirəm. Ancaq uşaqlığım Babam Molla Məhəmmədin hikmətli söhbətləri altında keçib.
Xeyirlə Şərin Döyüşü, Həqiqətin Qələbəsi, Qaranlıq Quyular Fəlakəti, Xeyirxah Quşlar, Dünyəvi Gedişatlar, Sirrlər, Sehrlər hikməti başımın üstündə olardı daim və ömrümü Ülviyyət Ahənginə bürüyərdi; o Ahəng heç vaxt pozulmadı – nə Fərəhli, nə Kədərli anlarda, nə Tənhalıqda, nə Təqibdə: elə bil ki, ömür həmin Ahəng üstə köklənmişdi.
Həmin Ahəng faciəvi notlarda qarışmışdı. Günlərin bir günündə qapımızı döydülər, milis libasında bir kişi çayımızı içdi və Babamı apardı. Bir də Babamı görmədim. Uşaqlıq Anlarından biri: Axşamlar çırağımız keçəndə ölümü düşünürdüm; nənəmin, babamın bir vaxt həyatdan gedəcəklərini düşünürdüm – üşütmə keçirdi bədənimdən, kədər dolurdu qəlbimə...
Mən anadan olanda Atam Qasım, Anam Növrəsidə Əfəndiyevlər Bakıda Pedaqoji İnstitutda oxuyurdular. Məni Molla Məhəmməd babam və Yaxşı nənəm saxlayırdılar.
25 sentyabr 1935-ci ildə Krasnoselo rayonunun Çaykənd kəndində anadan olmuşam. Coğrafi cəhətdən Ermənistana ail edilən bu dağlı, meşəli, çöllü-çəmənli, çaylı, bulaqlı məkan – Türk Ruhuyla həmahəng idi; göyü möhtəşəm, yağışı mahnılı, qışı sərt, adamları birüzlü idi.
Atam və Anam özləri üçün yaşayan adamlar deyildilər, balaları üçün, doğmaları üçün, qohum-əqrabaları üçün yaşayan adamlar idilər.
Onlarda Təbii Fədakarlıq yaşayırdı; - indi azalan, səngiyən, az qala yoxa çıxan.
***
2. Qeyri-Adilik Halı mənim Təbiətlə Təmasımdan başladı. Yaradıcılığımın – Filosofluğumun – Tənqidçiliyimin, İnamçılığımın – əsas İdeyası – Dünya görünəndən Artıqdır; Həyat görünəndən Artıqdır; İnsan görünəndən Artıqdır; Dünyanın, Həyatın, İnsanın Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyəti, Mənası var Həqiqəti mənə bir hal kimi, davamlı Düyğü kimi, ilkin fikir kimi kənddə, uşaqlıq çağlarımda gəlib çatdı.
Mənə elə gəlirdi ki, çay – sadəcə axmır,- mahnı oxuyur, meşə qüssələnir; Qürub çağı ağlayır; Dağ özündə Vüqar daşıyır; ancaq bütün bunları adi gözlə görmək olmaz; onları Ruhun, İdrakın gözüylə görmək olar. Təbiət əslində İnsana bənzəyirdi.
Adamları ürəyimdə qınayırdım ki, Təbiət İnsaniliyini, İnsan Təbiətliyini görmürlər, Hadisədən kənara çıxa bilmirlər, Mənaya Yetə bilmirlər.
Bu Qeyri-Adi Duyğu, Hal, Fikir sonralar məni tərk etmədi və mən Ədəbiyyatda da, Fəlsəfədə də; İnamda da – Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyət, Məna axtarmağa başlladım və bu mənə hədsiz Ruhani Fərəh bəxş elədi.
***
3. Mənim Ədəbiyyata, Fəlsəfəyə və ümumən Ruhaniyyata bağlılığım İdrak Eşqindən başladı. İdraka Heyrət Duyğusu, Dünyanı, Həyatı, İnsanı dərk etmək Ehtirası – Ömrümün Təməl Hallarından biridir.
Bilik Təşnəsi – daxilimdə Yaratmaq Tələbi yaratdı: Bildiyimi Özümləşdirmək – Bildiyimi Ötmək Ehtiyacına çevrildi. Başqasını öyrənmək – özünüifadə etmək Zəruriliyi yaratdı.
Vəhysiz Hadisənin Mahiyyətinə, Mənasına çata bilməzsən.
Hadisəni təsvir edə bilərsən – ancaq Hadisənin İdeyasını aça bilməzsən. İstedad – Məncə elə Mahiyyətə Yetməkdir.
Vəhy – Zəkayla Ehtirasın Birləşməsi deməkdir; Zəkalı Ehtiras, Ehtiraslı Zəka deməkdir. İdeyanın Aqibətləşməsidir, Vəcdli Fikirdir.
Fikrin, Ehtirasın sürətli, şiddətli çağı, uçuşudur. İlhamın – ən coşğun çağıdır. Vəhy məqamında Həqiqətə tez çatırsan,- bəzən bir anda çatırsan. Ancaq Vəhy – biliyə; Aramsız, Ağır, Davamlı Düşünmə əməlinə əsaslanır.
Vəhy – İdrak Yolunun nəticəsidir.
Vəhysiz yazdığım əsər olmayıb.
Ancaq Düşünmə əməlindən ayrı Vəhyim olmayıb.
Vəhy – Yolun əvvəli deyil – Sonudur.
Vəhysizlər, İlhamsızlar mənə «Vəhyini azalt, İlhamını azalt» - deyə çox nəsihətlər verdilər; mən onları eşitmədim və düz elədim; yoxsa onlar kimi həqiqətsiz qalardım. Yazmaq – Daxili hökmdür; ona Əməl etməmək mümkün deyil.
***
4. Yaradıcılıq Qüvvəmi İnsanilikdən alıram. İnsanilik dörd keyfiyyətlə səciyyələnir: İnam, İdrak, Mənəviyyat, İradə.
İnamın Mahiyyəti – Mütləqilikdir.
Dünyanın, Həyatın, İnsanın Mütləqiliyinə İnamdan güc alıram.
İdrakın Mahiyyəti – Həqiqətdir.
Həqiqətdən Güc alıram.
Mənəviyyatın Mahiyyəti – Vicdandır.
Vicdandan Güc alıram.
İradənin Mahiyyəti – Müstəqillikdir.
Müstəqillikdən Güc alıram.
Ömrüm İnsanilik üstə qurulub, Həqiqətçiliyə həsr edilib; Həqiqətçilik sövqü ömrümə hakim olub.
***
5. Öz Ədəbi Tənqidimi Yaratmışam.
Öz Fəlsəfəmi yaratmışam.
Öz İnamımı yaratmışam.
Öz Ocağımı yaratmışam.
Özümlüyümü Təsdiq eləmişəm.
İnsaniliyimi Təsdiq eləmişəm.
Əyləncəm yoxdur. Musiqiylə daim Təmasdayam.
Muğamları, öz Haraylarımı pianoda çalıram.
Cavanlara istəyim:
İnamçı olun, İnsançı olun, Yurdçu olun – Şəraitçi olmayın, Mühitçi olmayın, Zamançı olmayın – özümlü olun, Özgəçi olmayın.
(1995)
İşıqlı Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü