DEYİMLƏR
Alın yazısı
Tanrım,deyirlər alın yazısını sən yazırsan,amma bilmirəm doğru deyirlər,ya sənin böyüklüyünü göstərirlər. Eləsə,niyə yaxşı adamların alın yazısını pis,pis adamların alın yazısını yaxşı yazırsan? Sən də ədalət meyarını itirirsənsə,onda sənin yaratdığın bəndələrindən bunu gözləmək əbəsdir. Neçə ki,gec deyil on il yataq xəstəsi olan gözəlin alın yazısını poz,yenisini yaz. Yazmaq istəmirsənsə, bir dəfəlik canını al,əzabdan qurtarsın.Vallah,billah bəndəsini sevən ona belə alın yazısı yazmaz.
Qayıt
Heç gözləmədiyim halda sən qayıt. Qayıt.Qayıdışından mən heyrətdə qalım.Sual dolu gözlərimlə üzünə baxım.Uzun müddət dilim söz tutmasın,handan-hana özümə gəlim. Və bir anlıq sevinc içində üzüm,gözüm gülsün: Nə yaxşı gəldin, gəlişin mübarək!- deyim sənə.
Özümünkülər
Siz məni tapdalayın,ayaqlayın. Mən də qürurlanım,fərəhlənim,zövq alım. Bilim ki,daha yad ayağı kürəyimi yağır eləməyəcək.Bilim ki, bundan sonra əkilib, səpilib,yığılıb məhsulumla düşmən qarnını doyurmayacam. Doğmalarım üçün ayaqaltı olacam,onlar üçün var olacam,onlar üçün,yalnız və yalnız onlar üçün.Çünki onlar mənim övladlarım,mən onların anasıyam.
Qoca palıd
Ehey... qoca palıd,ən cavan budağında saxladığın o tənha yarpaq nədir? Bəlkə yaza aparmaq istəyirsən? Görürəm cavan budaqlarını tərpədirsən, onlara arxayınsan, amma yanılırsan,apara bilməzsən.Burax, yerə düşüb torpağa qarışsın. Həyatın gedişatı gəlimli, gedimlidir.
Danışdım...
Salxım söyüdün kölgəsində görüşdük. Yanba- yan oturduk,sakit,dinməz. Sən məndən cəsarətli çıxdın.Dedin,bir şey danış.Mən danışdım. Danışdım,kəndimizdən,onun təmiz insanlarından,havasından, suyundan,dağından,dağından. Danışdım qoca palıdından, uca çinarından.
Gördüm fikirin heç məndə deyil,xəyalın dağılıb uzaqlarda gəzir. Soruşdum: Məni dinləyirsən? Könülsüz və laqeyid halda dedin,Hə,danış,maraqlı danışırsan.
Könülsüz cavab verməyini,eyhamını başa düşdüm.Sən məndən İlahi sevgidən,saf məhəbbətdən,səni dəlicəsinə sevməyimdən danışmamı istəmisən. Gör mən nələrdən danışmışam,İlahi! Ay mənim...
Özünə gəl
Yenə kədərli,qəmli görünürsən.Sanki gəmilərin dəryaya qərq olub. Özünə gəl,özünə. Bir özündən soruş, mən niyə qəmli,niyə kədərli olmalıyam? Mən ki,güllərin,çiçəklərin ətrini ,torpağın iyini duyuram. Məyər sevinmək, xoşbəxt olmaq üçün bunlar bəs eləmir mənə? Axı bir ömür bunları görməyənlər, duymayanlar var.
Güclüyəm
Heç bilirsən mən necə güclüyəm, yenilməzəm? Bilməzsən. Deyərsən cılız bədəndə hansı güc, hansı yenilməzlik olar? Haqlısan. Mən cılızam,balacayam,enli kürəyim,tunc bədənim,əyilməz qolum yoxdur. Amma mənim cılız bədənimdə ulusunu,onun insanlarını, dağını,daşını İlahi bir məhəbbətlə sevən ürək var. Mən ürəyimdəki sevgiylə güclüyəm, yenilməzəm.
Vətən olan torpaq
Bu gün üstündə gəzdiyin torpağa Vətən deyirsən. Unutma,torpaq hər adama Vətən olmur.Torpağın Vətən olması üçün əvvəl onun şərtini qəbul etməlisən: “Öldür məni,dirildim səni”.
Düşünmə ki,bu sondur. Yox,son deyil,bəlkədə öndü.Özünü öldürtdürüb, səni yaşadan torpağı düşməndən gözünün bəbəyi kimi qorumalısan.Onun yolunda qan tökməlisən,can verməlisən.Bundan sonra torpaq sənin üçün Vətən olur,Ana olur.
Zaman və mən
Dünyaya gələndən zamana yoldaş oldum.Yol getdim deyə,gülə.Nə o məni qabaqladı,nə də mən onu.Beləcə illərlə aramızda nə umu oldu,nə küsü.Artıq yaşlaşmışam,zamanla ayaqlaşa bilmirəm. Ona narazığılığımı bildirirəm,ondan giley eyləyirəm, bu qədər sürətlə getmə deyirəm. Amma zaman məni eşitmir. Sürət götürüb. Yaman tələsiyir,yaman. Bilmirəm hara. Zaman,sən nə yamansan,nə insafsızsan. Mənim yaşımı nəzərə al,nə olar bir balaca yavaş get,yavaş.
Tək qaldım
Qamətim əyildi,yerişim ləngidi. Gur danışığım,qəhqəli gülüşüm dünən də qaldı. Dostlar,tanışlar uzaqlaşdı məndən.Tək qaldım,kimsəyə lazım olmadım- qurumuş ağac kimi. Kiminlə həsöhbət oldum dedi,bir az ucadan danış,eıitmirəm. Kiminlə yol getdim dedi,bir az ayaqlı ol. Tanrım, bu nədir, yoxsa məni uşaqlığıma qaytarırsan?!
Torpaq
Mən sənə lazımam- üstümdə yaşamağın,gəzməyin, dolanmağın üçün.Mən sənə lazımam- bir ömür rahat yaşamağın üçün. Mən sənə lazımam- həyatının sonunda qoynumda yatmağın üçün. Neçə ki, çanında can var məni qoru,məni. Mənim adım Torpaqdır,Torpaq.
İnsan qıtlığı
Tanrım,bu qədər adam yaratmaq olarmı? Bunun yeməyi var,içməyi var. Torpaq şoranlaşı,hava zəhərlənir,xəstəliklər baş alıb gedir,müharibələr səngimir. Hər gün yeni-yeni müharibə ocaqları yaranır. Ədalət,həqiqət,insaf, mürvət yoxa çıxıb.Bütün bunların günahı adamlardadır,adamlarda. Tanrım, bilirsənmi ki, bu gün dünyada adam çoxluğu,insan qıtlığı var?
Ayaqlarım
Bu gün ayaqlarım dərd olub mənə. Elə bilirdim bir ömür mənə sadiq yoldaş olacaq, ürəyimin istədiyi yerə bədənimi o aparacaq. Amma onun heç yoldaşlığı yoxmuş. Tərpənmir yerindən elə mənə əzab verir. Ağır yük olub bədənimə,dərd,ağrı verir ürəyimə.
Aldanma
Qışın iki günlük ilıq təbəssümünə aldanma,aldanma badam ağacı. Birdən aldanıb çiçək açarsan. Açma! Qışın qarı var,boranı var. Birdən qarı yağar, boranı olar. Çiçəklərin solar,bar gətirə bilməzsən. Sənə barsız deyib, qurumuş ağac kimi kəsərlər. Sonra da oda atıb yandırarlar. Unutma,unutma badam ağacı, həyatda bir dəfə səhv eləmək, bir ömür əzab ,’km’kdir.
Şeirdir
Şair qələm,dəftər götürüb çağlayan bulağın üstünə getdi. Məqsədi bulağa şeir yazmaq idi. Bulağın ecaskar səsini,həzin nəğməsini dinlədi. Sonra şeirini yazmaq istədi. Amma nəillah elədi söz tapa bilmədi. Bulağın başında göy çəmənlikdə oturub fikirə getdi və birdən axtardığını tapıbmış kimi dedi: Məgər, bulağın bu şırıltısı nəğməyə çevrilmiş şeir deyilmi?!
Bilmirəm
Sənə deyəcəyim bir kəlmə sözə görə səninlə göüş yeri və vaxtı təyin eləmişdik. Mən çoxdan görüş yerindəyəm. Dediyimiz vaxtdan xeyli keçib. Amma sən hələ gəlməmisən. Bilmirəm gələcəksən,ya gəlməyəcəksən. Ümidim tükənməyib. Gəlsən “hə” deyəcəksən, ya “yox” deyəcəksən onu da bilmirəm. Bunu unudub sənə deyəcək sözümün məşqini edirəm. Gəl,gəl,gözüm sən gələn yolun yorğunudur.Gəl,ya məni İlahinin yanına qaldır,ya məh elə.
Sənə çatacaq
Bilirəm mənim ölüm xəbərim hamıdan qabaq sənə çatacaq. Bilmirəm mənim olümümə sevinəcəksən, ya için- için ağlayacaqsan? Amma onu bilirəm ki, mənim necə əzab çəkib ölə bilməməyimə heyfislənmisən. Gözümdən uzaq olub Tanrıya əl açıb ondan mənə ölüm istəmisən. Tanrı illərlə səni eşitməyib. Dözməmisən,bezmisən mənə qulluq etməkdən. Bir gün mən yataq xəstəsini xəstə anamın ümüdünə qoyub getmisən.Artıq mən yoxam,dərdimi də özümlə aparmışam.Qayıt,qayıt xəstə anama həyan ol.Yoxsa Tanrının qəzəbinə gələrsən.
Məni eşitmirsən
İllərdir üzümü sonsuz göylərə tutub Tanrıya dua edib ona yalvarıram: Tanrım,nə olar son qoy xəlq elədiyin dünyanın başalıb gedən haqsızlığına,ədalətsizliyinə. Elə elə ki,nə əzən olsun,nə əzilən,nə işğalçı olsun,nə işğal eləyən.Çoxdan nizamı pozulmuş dünyanın nizamını özünə qaytar. Axı yerin, göyün yiyəsini səni bilmişik.Amma səndən səs çıxmır,ya məni eşitmirsən, ya da daha yerin,göyün yiyəsi olmaqdan imtina etmisən. Bəlkə də yeri,göyü qolu güclü dövlətlərə vermisən.
Səbir elə
Ta uşaqlıqdan məndən böyüklər dedi, bir iş görəndə yüz ölç, bir biç,səbir elə.Bəzi məndən kiçiklər də özünü böyük kimi,çox bilmiş kimi göstərib dedilər,səbr elə,səbirli ol.Məndən böyükləri də,özünü böyük kimi göstərən kiçikləri də eşidib hər zaman səbrimi basıb səbirli oldum. Bir ömür qarşılaşdığım ədalətsizliyə,haqsızlığa,həqiqətsizliyə boyun əyib səbir elədim. Düzələr dedim,Allah kərimdir. Beləcə səbrimimin boyunu yerdən göyə kimi ucaltdım.Bilirəm, mən öləndə bəziləri deyəcək,rəhmətlik böyük səbir yiyəsi idi, bəziləri də deyəcək,gönü qalın adam idi.
Kimi qınayım
Yaddaşımda mənə dost deyən neçə-neçə adamın adı vardı.Sayıb qurtara bilmirdim. Vaxt keçdi,zaman dəyişdi. Çoxları yaddaşımdan silinib yox oldu. Axtardıqlarımı tapa bilmədim. Sanki heç yaddaşımda olmayıblar.Axı hələ yaddaşımdan şikayətim yoxdur.Bəs onda niyə xatırlaya bilmirəm,mənə “dost” deyənləri? İndi mən kimi qınayım,zamanımı,yoxsa zamanın içində itib-batanlarımı?
Şığıdı (Mübariz İbirahimovun əzəz xatirəsinə)
Atalarımızın gözəl bir deyimi var: “Vuran oğul atasına baxmaz”
Gəlişini heç kimə demədən, qəflətən sonsuz səmamalardanmı,yoxsa dəryayi- xəzərdənmi bir ağ atlı oğlan çıxdı meydana.Lazım gəlsə yox,lazımdır,özü də lap çoxdan lazımdır deyib, yel qanadlı ağ atını əbədi və əzəli düşmənimizin üstünə sürdü. Sürmədi,şığıdı. Qartal ovuna şığıyan kimi.Baş bir yana,leş bir yana.Ermənilər yaman çaşdılar,yaman qorxdular. Son illər beləsini heç görməmişdilər. Onların üstünə gələn insan deyildi.Ayrı bir varlıq idi.Bu varlığın kürəyi nəhənk bir dağ idi,arxasında yüzlərlə insan gizlənərdi, qolları sanki tuncdan tökülmüşdü.Qaranlıq gecəyə işıq saça-saça insan yox, əjdaha gəlirdi Bu əjdaha elə belə gəlmirdi. Gəlirdi ki, yad yerdən müqəddəs torpağımıza düşmüş alaq otlarını kökündən kəssin. Və elə kəssin ki, bir də bu zəhərli alaq göyərməsin, kök atıb çoxalmasın.
Məhərrəm Şəmkirli