AT İGİDİN YARAŞIĞIDIR
Yenixeber.org: At ta qədim zamanlardan əkinçinin, döyüşçünün, ovçunun, səyyahın sadiq dostu olub. Eyni zamanda at həmdə ən etibarlı və rahat nəqliyyat növü olub. Azərbaycanda qədim zamanlardan “Çovkan”, “Sürpapaq” kimi xalq oyunları vardı. Bu oyunlar atlarla keçirilirdi. Azərbaycanın şifahi xalq ədəbiyyatında at qədər çox xatırlanan heyvan yoxdur. Dastan və nağıllarımızda at igidin dostu, qardaşı, hətta dardan qürtaranı kimi göstərilir. Qoç Koroğlunun qıratı, düratı, Qaçaq Nəbinin boz atı onların yaraşığı olmuşdur. Atı igidin qardaşı səviyyəsinə qaldıran Koroğlu qıratı belə qiymətləndirmişdi:
Əylən, deyim Qıratın qiymətini,
Səksən min sərkərdə mala da vermə!
Səksən min ağ tüklü qəmər öyrəcə,
Səksən min xəzinə pula da vermə!
Günü bu gün də yaxşı atın qiyməti yüksəkdir. Yaxşı yadımdadır, dağ kəndində yaşayan bir qohumumun təkcə atının yəhərinin qiyməti min manatdan yuxarı (pulun pul vaxtı) idi.
Azərbaycanda ilk cins atlar Qarabağda yetişdirilmişdir. Bu atlar dözümlülüyünə və gözəlliyinə görə dünyada ilk sıradadır. Vaxtıyla bu atlar Rusiyaya və Qərbi Avropa ölkələrinə aparılmışdır. 1956- cı ildə Sovet hökuməti böyük Britaniya kraliçası Yelzevataya Zaman adlı Qarabağ atı bağışlamışdı.
Bu gün əsrimiz maşın əsri olsa da, atlar öz əhəmiyyətlərini itirməyiblər. Onlardan ucqar dağ kəndlərində yük daşımaq üçün istifadə edirlər. Atlar dağlarda kəşfiyyat işləri aparan geoloqlara, Vətənimizin sərhədlərini göz bəbəyi kimi qoruyan sərhədçilərimizə sədaqətlə xidmət edirlər.
Azərbaycanda atçılıq qədim idman növü kimi ta qədim zamanlardan məlumdur. Ölkəmizin atsürənləri rəsmi beynəlxalq yarışlarda uğurla iştirak edirlər.
Bu gün adı dünya tarixində anılan, xatırlanan şahlar, sərkərdələr hamsı igidliklərini, qəhrəmanlıqlarını at belində göstəriblər. At belində dağlar aşıb,çaylar keçib, ölkələr fəth edib, elimizi- obamızı yağı düşmənlərdən xilas ediblər.
Azərbaycan xalqı igid, qəhraman xalqdır. Bu xalqın Cavanşirinin, Babəkinin, Koroğlusunun,Nəbisinin, İsrafilinin, Kərəminin igidliyi, qəhramanlığı dillərdə dastan olub. Şənlərinə mahnılar qoşulub, şeirlər yazılıb, dastanlar bağlanıb. Bu gün Koroğlunun igidliyindən danışanda onun Qıratından, Duratından söhbət açmamaq mümkün deyil.
Ata- babalarımız ta qədim zamanlardan atı qeyrət biliblər. Bir kişini sındırmaq , aşağılamaq üçün onun atının quyruğunu, yalmanını qırxardılar. Yalmanı, quyruğu qırxılmış atı da əsil kişilər minməzdi. Ya atı öldürüb itlərə verərdi, ya da yiyəsiz bir dərəyə buraxıb canavarlara yem edərdi.
Bir dostum danışır ki, atamgilin kəndində bir kişinin atının gecə vaxtı çöldə quyruğunu və yalmanını qırxırlar. Bundan xəbər tutan at sahibi sübh tezdən heç kim xəbər tutmamış, ürəyi qan ağlaya- ağlaya atı meşədə ağla gəlməyən, ün yetməyən bir yerdə güllələmişdi. Sonralar qeyrətinə sataşan adamı da tapıb ondan qisasını almışdı.
Deyirlər, igid at belində olar. Və bir də deyirlər ki, torpaq üstündə at ayaqlarının səsi, kişnərtisi gəlirsə o torpağa yağı bata bilməz. Təəssüf ki, igidlərimiz at belindən tez düşdülər, torpaqlarımızdan at kişnərtisi kəsildi, düşmən üstümüzə ayaq açdı. Və beləcə zaman- zaman el- obamızı qarış- qarış itirə- itirə bu günlərə çıxdıq.Çevrilib bu gündən dünənimizə baxmağımız bizə baha başa gəldi. Nə sovet dönəmində, nə də müstəqillik illərində tarixən at belində olan bir millətin at belində bir heykəlini belə qoymadıq. Doğrudur, müstəqilliyimizin ilk illərində qədim Naxçıvanda və Şəmkirdə xalq qəhramanı Koroğlunun abidəsini ucaltdıq. Koroğlunun mindiyi at Qırata yox, eşşəyə oxşayır. Lazim idi ki, Naxçıvanın, Şəmkirin əvəzinə Bakı şəhərinin çıxışında- Biləcərinin dikində Koroğlunun at belində əzəmətli bir heykəlini qoyaq. O vaxtkı hakimiyyət belə bir qərar qəbul etdi. Abidənin qoyulacağı yer də müzakirə olundu, amma sonralar hər şey yaddan çıxdı və heykəl qoymaq məsələsi də həmçinin.
2009- cu ildə Azərbaycan Respublikasının prezidenti cənab ilham Əliyev Bakıda xalq qəhramanı Koroğluya abidə qoymaq üçün fərman imzaladı. Bu şad xəbər yayıldı dalğa- dalğa yaxınımıza, uzağımıza. “Gözün aydın Azərbaycanım, qeyrətli, cürətli,igid, qəhraman Koroğlu babamız Qırat belində dəliləri ilə gəlr Bakımıza. Koroğlu babam, xoş gəlirsən, qədəmin uğurlu olsun! O gün olsun ki, Cavanşirim, Babəkim, Səttar xanım, Qaçaq Nəbim, qaçaq Kərəmim gəlsin görüşünə”- dedik.
İşi həvalə etdilər görkəmli heykəltaraş Tokay Məmmədova. O, da uzun illər Koroğlu obrazının üzərində işlədi. Bir çox variantda yaradılan abidənin bir modeli Bakıda ucaldılmalı idi. O (abidə) görkəmli, baxımlı,dinamik formada olmaqla bərabər, xalq qəhrəmanımızın milli koloritini tərənnüm etməli, həmçinin at belindəki qəhraman əsl cəngavər, sərkərdə, bahadır baxımlı təsviri olmalıdır.
Tokay Məmmədovun əl işləri olan Ü.Hacıbəyli, İ. Nəsimi, M. Hüseyinzadə, Bülbül və b. heykəlləri Azərbaycan insanına tanışdır. Hər biri möhtəşəm əsərlərdi. Sənətkarlığına söz ola bilməz. Amma Koroğlunun abidəsi heç bir cəhətiylə insanların yaddaşına köçə bilmədi. Heykəli ilk görənlər ağız büzdülər. Bu abidə də Naxcıvan və Şəmkirdə xalq qəhrəmanına qoyulmuş abidələrə bənzədi.
Dəqiq yadımda deyil. Deyəsən keçən il bir müxbirin Azərbaycan Dövlət Rəssamlıq Akademiyyasının rektoru, akademik Ömər Eldarovla olan müsahibəsini oxudum. Müxbir akademikdən Koroğlu abidəsinə münasibətini soruşanda o, cavab vermişdi ki, nə deyim. Sənət yoldaşımdır.
Eşitdiyimə görə Bakıda böyük sərkərdə Babəkə də abidə qoyulacaq. Çox gözəl. Amma onu da, Koroğluya, şah babamız, şah oğlu Xətaiə qoyulacaq abidə kimi, abidə qoyulacaqsa, bəri başdan götür- qoy eləsinlər. Bəlkə heç lazım deyil.
Mənə görə Babək at belində olmalıdır və abidə şəhərin şimal girişində- Biləcərinin dikində qoyulmalıdır.
Məhərrəm Şəmkirli