PUTİN DÜNYANI NƏ İLƏ TƏHDİD EDİR?
"Xeberinfo.com": Vladimir Putinin Valday klubu konfransındakı çıxışında ABŞ-ın ünvanına xeyli kəskin hücumlar yer alıb. Amma digər yandan, əgər biz acı kinayəni bir kənara qoysaq, görərik ki, Rusiya prezidenti Qərbə müəyyən təkliflər də edib. Onun təklifinə görə, Qərb ya daha ədalətli dünya nizamının yaradılması üçün digər inkişaf etməkdə olan ölkələrlə olduğu kimi, Moskva ilə də əməkdaşlıq etməli, ya da hər şey çox pis olacaq. Lakin onun söylədiyi bu fikirlər izahsız qalıb. Əgər onun dediyi qaydalardan və təklifdən imtina edilərsə, qlobal təhlükəsizlik öz-özünə necə zəifləyəcək? Yoxsa xəbərdarlıq kimi haqqında danışılan həmin qeyri-stabilliyi Rusiya özü gücləndirəcək?
Böyük Britaniyanın “The Finacial Times” qəzeti bu suallara cavab axtararkən qeyd edir:
“Bir rus şərhçi tərəfindən “yeni xarici siyasət doktrinası” adlandırılan Putinin çıxışında iddia olunur ki, ABŞ özünü soyuq müharibənin qalibi elan etdikdən sonrakı iyirmi il ərzində “birtərəfli diktat” metoduna əsasən, bütün dünyada hökmranlığa cəhd göstərir. Putin Soçidə toplaşan xarici jurnalistlərə və alimlərə müraciətində söyləyib ki, ABŞ –Kosova, Əfqanıstan, İraq və Liviyada dəfələrlə müharibələrə qoşulub və (hərdən NATO və avropalı müttəfiqləri ilə birlikdə) həmçinin də, uğursuz “rəngli”inqilabları da qızışdırıb. Öz çıxışında Putin əlavə edib ki, amerikanlar hətta öz mübarizə vasitələri kimi terrorist və neofaşistlərdən də istifadə ediblər. O deyib: ”Bütün bunlardan sonra dünya daha da təhlükəli olub. Amerikanlar apardıqları siyasətlərinin acı nəticəsinə qarşı döyüşür və özlərinin yaratdıqları riskləri aradan qaldırmaq üçün xeyli qüvvə sərf edirlər”.
Putin tərəfindən həqiqətin bu şəkildə təqdim olunması Qərbin nöqteyi nəzəri ilə kəskin formada diametral ziddiyyət təşkil edir. ABŞ və Avropa Birliyi bəyan edir ki, Krımın Rusiya tərəfindən ilhaq olunması və Ukraynanın şərq bölgələrinə müdaxilə edilməsi İkinci Dünya Müharibəsindən sonra yaradılmış ümumi əmin-amanlıq qaydalarının kobud sürətdə pozulmasıdır. Lakin Rusiya prezidenti israrla onların hərbi birləşmələrinin qonşu ölkə ərazisində olmadığını bildirir. Konfransda Putin bəyan edib ki, dünyaya hüquqi, siyasi, iqtisadi əsasları olan sülh qaydaları lazımdır ki, stabilliyi və təhlükəsizliyi təmin etməklə yanaşı sağlam rəqabətə də yol açılsın. Putinin düşüncə istiqaməti ilə yaxşı tanış olanlar deyirlər ki, onun əsas məqsədi son 30 ildə Rusiya-Amerika münasibətlərinin nə qədər geriyə getdiyini bir fakt kimi etiraf etmək və bunun necə zərərli olduğunu dünyaya çatdırmaqdan ibarət olub. Öz çıxışında Putin Qərbin dialoqa hazır olacağı təqdirdə, Moskvanın da qarşılıqlı addım atacağına eyhamlar vurub. Putin deyib ki, əgər yeni qaydaların işlənib hazırlanması təklifi reallaşarsa, Rusiya tərəfdən heç bir təhlükə olmayacaq, ona görə ki, Sovet imperiyasının dirçəldilməsinin hər hansı bir zəmini və əsası yoxdur. Amma Ağ Ev rəhbəri Barak Obamanın bu yaxınlarda Rusiyanı dünyaya təhlükə kimi İŞİD və Ebola ilə bir yerə qoyması Moskvanı bərk qəzəbləndirib. Rusiya “Siyasi Texnologiya Mərkəzi”-nin analitiki Tatyana Stanova veb saytların birində Putinin hərəkətinin məntiqi haqqında yazıb: ”Əgər ABŞ qlobal siyasətin xaosa çevrilməsinə cavabdehlik daşıyırsa, onda Rusiya da özünə onlar kimi davranmağı rəva görür. ABŞ üçün heç bir qayda-qanun yoxdursa, deməli Rusiya üçün də heç bir qayda mövcud ola bilməz”.
Putin auditoriyasının ABŞ-dan olan bir neçə nümayəndəsi güman edir ki, prezidentin çıxışındakı ton Vaşinqton ilə Mokvanın qarşılıqlı fəaliyyət imkanlarını azaldır. ”Eurasia Group” konsaltinq şirkətinin rəhbəri Kef Kupaç bu barədə deyib: ”Yəqin ki, bundan sonra tərəflər arasındakı münasibətlər zəifləyəcək və Ukrayna böhranı məsələsindəki Rusiya-Amerika əməkdaşlığı şansı da xeyli azalacaq”.