”Rusiyada hökm sürən rejim, çox böyük ehtimalla duruş gətirə bilməyəcək”
Vladimir Putin güclüdür, yoxsa zəif? Rusiya kağız pələngdirmi? Bəlkə doğrudanda o, nərildəməyi bacaran həqiqi pələngdir?
"Xeberinfo.com": Belə suallara cavab tapmaq istəyənlər heç də az deyil. Hazırda bu məsələ Rusiya üzrə ekspertlər arasında qaynar müzakirə mövzusuna çevrilib və həmin diskussiyaları izləmək çox maraqlıdır. Çünki bu müzakirələr zamanı, Rusiya liderinin öz tamahkar məqsədlərini həyata keçirməyə necə müvəffəq olması aydınlaşır. (Bloomberg)
Məsələ ilə əlaqədar Qlazqo Universitetindən Brendon Valeriano və Şimal-Şərq Universitetindən Rayan Meyness “Foreign Affairs” jurnalında müzakirəyə başlayıblar. Onlar iddia edirlər ki, Putin, göründüyü kimi güclü deyil. Digər tərəfdən isə həmin ekspertlər bildirirlər ki, Ukraynaya müdaxilə etməklə, İrana silah satmaqla, enerji daşıyıcıları vasitəsilə şərqi Avropaya təzyiq göstərməklə və həm də öz dünya rəqiblərinə qarşı kiber müharibəyə cəhd göstərməklə, Rusiya əsaslı bir şey əldə edə bilməyib.
Söylənilən bu tərz fikirlər, Putinin tərəfdarlarından sayılmayan Mərkəzi Bank sədrinin keçmiş müavini Sergey Aleksaşenkoda qıcıqlandırıcı reaksiya yaradır. O, xəbərdarlıqla bildirib ki, Kreml rəhbərini lazımı səviyyədə qiymətləndirməmək, həmin mövzuya düzgün yanaşmamaqdan irəli gəlir .
Məsələ ilə əlaqədar Aleksaşenko bildirib: ”Görünür ki, Putin istədiyinə nail olmaq üçün, Qərbdən fərqli daha az “yumşaq gücə” malik olan Rusiyanın “sərt gücdən” istifadə etməsi yolunu seçib. Onun Avropa və Asiyanın ərazi bütövlüyünü pozmayacağına və ya İran, Suriya, Şimali Koreya ilə bağlı Qərbin planlarına mane olmayacağına ümid bəsləmək olmaz. Əgər Putin və Rusiya zəifdirsə, onda Avropa və ABŞ bunu bütün dünyaya və eləcə də Rusiya prezidentinin özünə nümayiş etdirməlidir.”
Aparılan müzakirələrə Oslodakı dünya problemlərinin araşdırılması İnstitutunun nümayəndəsi Pavel Bayev də qoşulub. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı aşağı yuvarlanmaqda davam etsə də, tam dibə getməyib. Lakin digər tərəfdən hərbi güc də zəifləyir. Bayev yazır: ”Putinin Kremlin bütün xoşagəlməz sirləri və orada əyləşənlərin çirkli yollarla topladıqları var-dövlət barəsində yaxşı məlumatı var. O, Kremlə hədsiz dərəcədə etibar edə bilməz. Ona görə də Putinin ali hakimiyyəti, göründüyündən xeyli kövrəkdir”.
Bayevin fikrinə görə, Putin sadəcə olaraq, hərbi üstünlüyün qalıqlarından istifadə etməyə cəhd göstərməklə, hakimiyyətini saxlamaq istəyir. Bayev Rusiyanın gücü ilə bağlı olan məsələdə Aleksaşenko ilə razılaşmayaraq, Qərbə Putinlə daha sərt davranmağı məsləhət görür.
Aleksaşenko və Bayevlə yanaşı bu mövzudakı diskussiyaya əlavə iki iştirakçı da qoşulub. Amanda Taub Putinin tənqidçiləri ilə apardığı söhbətlər əsasında, ”Vox” informasiya portalında geniş məqələ dərc edib. Onun fikrinə görə, Rusiya prezidenti hakimiyyəti saxlaya biləcəyinə tam əmin deyil. Kolumbiya Universitetinin aspirantı Mariya Sneqova isə Putin barəsində yazdığı məqaləsində qeyd edir ki, Putin heç də sındırılmayıb və çox güman ki, o, yenidən səsini çıxara biləcək. M.Sneqova yazır: ”Rusiyada hökm sürən rejim, çox böyük ehtimalla duruş gətirə bilməyəcək. Görkəmli iqtisadçı Keynsin vaxtı ilə söylədiyi kimi, bizim hamımız nə zamansa öləcəyik”.
Ümumiyyətlə isə bu müzakirələrdə iki xoşəgəlməz məqam xüsusi yer alır.
Birincisi, demək olar ki, hər gün Putin haqqında yazılan məqalələrdir. Elə bu faktın özü Putinin gücündən xəbər verir. Belə ki, Kreml rəhbərinə qarşı düşmən əhval-ruhiyyəsində olanlar, onu rəhbərlik etdiyi ölkə – Rusiya ilə eyniləşdirirlər. Seçkilər zamanı opponentləri tərəfindən Putinin populyarlığının aşağıya salına biləcəyi də istisna edilmir. Ancaq başlıca fakt ondan ibarətdir ki, hazırda ölkə vətəndaşlarının əksəriyyəti Putin tərəfindən onlara sırınmış, bütün dünya güclərinin Rusiyaya qarşı yönəlmiş qorxulu fitnə-fəsadlar nəzəriyyəsinə inanırlar. Ona görə də, Putin müvəffəqiyyətlə, özünü ölkənin ən yaxşı qoruyucusu rolunda təsvir etməyi bacarır.
İkincisi, bütün bu məqalələrin hamısı ümumən xoşağəlməz bir xüsusiyyət daşıyır. Rusiyanı zəif və ya güclü, Putinli və ya Putinsiz, düşmən və təhlükəli ölkə hesab edirlər. Kreml diktatoru istənilən halda qorxulu görünür. Sual olunur; görəsn o, küncə sıxışıbmı və ya planetdə xaos törətməyə hazırdırmı? Putinin bu cür təsəvvür edilməsinin özü də, Rusiya prezidentinin əlində hansısa “yumşaq güc”ün olmasının sübutlarından biridir. Putinin davranışları təhlükə və inamsızlıq hisləri oyadır ki, bu da bir çox hallarda onun xeyrinə işləyir.
Bu günlərdə Ufa şəhərində BRİCS ölkələrinin və Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilib. Moskvadakı Karnegi Mərkəzinin əməkdaşı Aleksandr Qabuev həmin sammit barəsində yazıb: ”Bu sammit il yarımlıq diplomatik blokadanın, Qərb ölkələrinə səyahət yasağının, Soçidə keçirilməsi nəzərdə tutulan G-8 sammitinin kompensasiya olunmasıdır”.
Ufada keçirilən bu tədbir, bir daha Rusiyanın böyük ərazi və mühüm coğrafi əhəmiyyətini göstərir. Putinlə və ya Putinsiz, ölkənin özü ona doğru yönəlmiş təcridedilmə siyasətindən müdafiə olunmağa cəhd göstərərək, istənilən aqressivliyə qarşı zəif reaksiya verə bilmə xüsusiyyətinə malikdir.
Qərbin bu və ya digər taktiki gedişləri Putini güclü edir. Ona görə ki, o öz əhalisinin gözündə haqlı görünür. Bəli, bu məsələyə də düzgün yanaşma metodu tapılmalıdır.Putindən sonrakı Rusiyanı idarə etməyi bacaracaq adamların tapılması Qərb üçün çox mühüm və vacib məsələdir. Çox güman ki, hakimiyyətə gələcək bu yeni şəxslər özünü doğrultmayan müxalifətin içərisindən olmayacaq.
Qərb, həmçinin mütləq bir yol tapıb, sadə rusiyalıları inandırmalıdır ki, onların Rusiyanı dağıtmaq istəyi yoxdur. Qərbin Rusiyaya qarşı düşmən olması barəsindəki Putinin sözlərinə xalq inanana qədər, o güclü lider kimi qalacaq. Qərb tərəfindən Putin rejimi üçün yox, rusiyalıların yararına xidmət edəcək siyasət yürütmək, heç də asan məsələ deyil. Çox sadə qərarlar, münaqişənin dondurulmasına yol açmaqla bərabər, əsas etibarilə zəif rejimin ayaqda qalmasını möhkəmləndirir. Çünki Rusiyadakı indiki rejimin yaşaması üçün, daimi xarici düşmənin varlığı çox vacibdir.
AzPolitika.info