NATO sammiti işə başladı
Bu gün Uelsin paytaxtı Kardiff şəhərində NATO-nun ənənəvi illik sammiti işə başlayıb
"Xeberinfo.com": Sammitdə alyansa üzv olan 28 ölkənin dövlət və hökumət başçıları, habelə 27 tərəfdaş ölkənin yüksək rütbəli nümayəndələri, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.
Sammitin gündəliyində dayanan əsas məsələlər Ukrayna böhranı və İŞİD-in Suriya ilə İraqın ərazilərinin bir hissəsində yaratdığı qəddar “İslam xilafəti”dir.
Tədbirin rəsmi gündəliyində yer almasa da Kardiffdə Qarabağ məsələsinə dair müzakirələrin olacağı da gözlənilir. Belə ki, bu məsələ Azərbaycan prezidentinin NATO sammiti kuluarlarında keçirəcəyi ikitərəfli görüşlərdə əsas müzakirə mövzularından biri olacaq. Habelə Kardiffdə ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş də gözlənilir. Hərçənd ki, hələlik nə rəsmi İrəvan, nə rəsmi Bakı belə görüşün olacağını təsdiq etməyiblər.
Qarabağ münaqişəsinə dair məsələnin NATO sammitinin yekun bəyannaməsində də yer alacağı istisna deyil. Bundan əvvəl alyansın sammitində Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin vacibliyi yer almışdı və NATO-nun ərazi bütövlüyü prinsipini müdafiə etməsi Ermənistanı ciddi məyus etmişdi.
Hətta 2012-ci ildə NATO-nun Çikaqoda keçirilən sammitinin yekun bəyannaməsində Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyinə dair müddəanın yer alacağını biləndən sonra Ermənistan prezidenti Serj Sərkisyan bu sammitə qatılmaqdan imtina etmişdi.
NATO-nun Kardiff sammiti Əfqanıstana dair müzakirələrlə başlayıb. Qeyd etmək lazımdır ki, NATO-nun indiki sammiti alyansın öz tarixi boyu üzləşdiyi ən dərin böhranlarla bir vaxtda keçirilir. Rusiyadan dəstək alan separatçıların Ukraynanın şərqinə nəzarəti ələ aldığı, Ukrayna ordusunun bu döyüşləri uduzduğu bir vaxtda NATO-nun Şərqi Avropadakı üzvləri ciddi təşviş keçirirlər. Polşa və Baltik ölkələri narahatdır ki, NATO-nun Rusiyanın Krımın ilhaqına və Donbassın itirilməsinə qarşı heç nə edə bilməməsi onları gözləyən gələcək təhlükələrdən xəbər verir.
NATO sammitinə yola düşməzdən əvvəl Estoniyaya səfər edən ABŞ prezidenti Barak Obama isə həmin ölkələri sakitləşdirmək üçün eston mətbuatının yazdığı kimi tarixi çıxış edib. Obama bəyan edib ki, NATO-nun öz üzvlərini müdafiə edəcəyinə heç kimin şübhəsi olmamalıdır.
NATO-nun Rusiya təhlükəsinə görə narahatlıq keçirən üzvlərini qoruması üçün çevik mexanizmin yaradılması da Kardiff sammitinin əsas mövzusudur. Sabah, sammitin ikinci günü alyans üzvləri NATO-nun 4 minlik çevik reaksiya qüvvələrinin yaradılmasına dair məsələni müzakirə edəcək. Təyyarələr, tanklar, ağır artilleriya ilə təchiz olunacaq bu qüvvələri NATO-nun yeddi ölkəsi-Böyük Britaniya, Danimarka, Baltik ölkələri, Norveç və Niderland təsis etməlidir. Çevik qüvvələr 48 saat ərzində dünyanın istənilən nöqtəsində, xüsusən də Avropanın Rusiya ilə sərhədləri boyu dislokasiya oluna biləcək. Bu məqsədlə NATO Rusiya ilə sərhəd boyu operativ bazalar yaratmağa hazırlaşır. Bu bazalar Baltik ölkələrində, Polşa və Rumıniyada yerləşdirilə bilər.
Alyansın təmsilçiləri deyirlər ki, çevik reaksiya qüvvələrinin yaradılması zərurəti Ukraynadakı hadisələrə görə yaranıb. Rusiya qoşunlarının Krımı cəmi bir neçə günə ələ keçirməsi NATO-nu hazırlıqsız və qəfil yaxaladı. Bundan sonra alyansın bir çox üzvləri çevik reaksiya qüvvələrinin yaradılması zərurətini dərk etməyə başladılar. Lakin çevik reaksiya qüvvələrinin yaradılmasını heç də alyansın bütün üzvləri istəmir. Bunun üçün alyans üzvləri “əllərini ciblərinə salmalıdır” və hərbi büdcələrini artırmalıdır.
Alyansın planına görə, üzv ölkələrin hərbi büdcələri onların ÜDM-nin 2 faizindən az olmamalıdır. Lakin ötən il cəmi dörd NATO ölkəsi-Böyük Britaniya, Yunanıstan, ABŞ və Estoniya bu həddə çatıb.
2008-ci ildən başlayaraq Rusiyanın öz hərbi büdcəsini 50 faizdən çox artırdığı, hərbi xərclərin illik artımının 10 faizdən çox olduğu bir vaxtda NATO ölkələri iqtisadi böhran qarşısında hərbi xərclərini durmadan azaldıblar. Nəticədə alyans Rusiya təhlükəsi qarşısında gücsüz duruma düşüb.
Sammitdə Ukrayna məsələsinə dair hansı qərarların qəbul olunacağı hələ məlum deyil. Bununla belə ABŞ prezidenti Barak Obama deyib ki,Ukraynaya NATO-nun üstün tərəfdaşı statusu verilə bilər. Bu, üzvlüyə xeyli yaxın statusdur.
Lakin NATO Ukraynaya hərbi yardım göstərməyə qərarlı deyil. Sammiti ərəfəsində NATO generallarının Ukraynanın şərqindəki müharibə haqda məxfi məruzəsi “Der Spiegel” jurnalının əlinə keçib.
Orada deyilir ki, Ukrayna prezidenti Pyotr Poroşenko müharibəni artıq uduzub və indi onun gücü ancaq mühasirədəki əsgərlərinin sağ qalanlarını çıxarmağa çata bilər. NATO generalları bildirirlər ki, Ukraynanın şərqində hərbi əməliyyatların gedişinin Ukraynanın xeyrinə dəyişməsi artıq mümkün deyil və hər şey bitib.