Dünyanın siyasi elitası müharibəni seçdi!
"Xeberinfo.com": ABŞ və Avropa ölkələrini borc, Rusiyanı isə total korrupsiya buna vadar edir
(Birinci yazı)
Ukraynada cərəyan edən proseslər, yaşanan qanlı toqquşmalar, separatizmin tüğyan etməsi bu gün dünyanın bütün tərəqqipərvər qüvvələrini ciddi düşünməyə vadar edir. Hər kəsi bir sual düşündürür – nə baş verir, bu müharbə kimə və nə üçün lazımdır?
Araşdırma və təhlillər göstərir ki, Ukraynada cərəyan edənlər təsadüf yox, ciddi şəkildə düşünülmüş qlobal ssenarinin tərkib hissəsidir və baş verənlərin təməli hələ çoxdan qoyulubmuş.
Heç şübhə yeri yoxdur ki, Ukrayna olayları – «Maydan» hadisələri, daxili qarşıdurma, hakimiyyət dəyişikliyi, ardınca Krımın Rusiya tərəfindən bir göz qırpımında ilhaq edilməsi, ölkənin şərqində separatizm ocaqlarının qəflətən alovlanması və.s açıq-aydın göstərir ki, bütün bunlara çoxdan gizli-aşkar hazırlıqlar gedirmiş (Bu günlərdə haqqın.az saytına müsahibə verən Ukraynanın informasiya siyasəti naziri də məhz bu fikri önə çəkib).BÖYÜK MÜHARİBƏYƏ HAZIRLIQLAR! Nəticədə, qarşı-qarşıya dayanmış iki cəbhə «göz oxşayır» – biri ABŞ başda olmaqla Qərbin böyük dövlətləri, digəri isə Rusiya. Lap «soyuq müharibə» dövründəki kimi. Təhlillər göstərir ki, bu müharibədə tərəflərin hərəsinin öz maraqları var. Konkret faktlara, mənbələrə istinad edərək, gerçəkdə bu maraqların nədən ibarət olduğunu ortaya qoymağa calışacam…
Yelin, Oksfordun, Harvardın, «MDU»-nun məzunlarının hamısı birdən dəli olub?
Qərb və Rusiya siyasi dairələrinin günümüzdəki davranışlarını böyük müharibəyə hazırlıq kimi dəyərləndirsək, bu zaman onların hərəkətlərinin nə qədər məntiqi və məqsədyönlü olduğunu görərik. Əgər düşünsək ki, onlar sülh uğrunda mübarizə aparırlar, o zaman onların davranışları absurd görünər. Dünyada çox sayda qeyri-adi və səfeh adamlar olsa da, onların sayı o həddə çatmır ki, Yelin, Oksfordun, Harvardın və MDU-nun (Moskva Dövlət Universiteti) məzunlarının hamısının eyni vaxtda dəlilik həddinə çatdığını düşünəsən!
Son dövrün prosesləri açıq-aydın göstərir ki, «böyük boss»lar ciddi-cəhdlə böyük müharibəyə hazırlaşırlar! Artıq bu, müzakirə və mübahisə mövzusu deyil. Bəs səbəb nədir? Neftin variasiya edən qiymətləri? Yox! Hadisələrin zənciri başqa səbəbə barmaq tuşlayır.
«Zəncir»ə diqqət yetirək. Əvvəlcə, Nyu-York birjası çökdü. 2000-ci il yanvarın ortalarında Dow Jones-un indeksi 11722 rəqəmli yuxarı həddə çatdı, ardınca enməyə başladı, Bununla da 90-cı illərdən bəri davam edən və bərabəri olmayan yüksəliş sona çatdı (Böyük Depressiya dövründəki kimi – 1929 il).
2000-ci ildə Qərb iqtisadi sisteminin böhranı başladı. Dərinliyinə və miqyasına görə, Böyük Depressiya ilə müqayisə oluna biləcək böhran. Amma bu barədə geniş ictimaiyyətə heç nə deyilmədi. Bəs söz azadlığı, müstəqil ekspertlər hara yoxa çıxdı? Heç yerə – sən demə, azad mətbuat və müstəqil ekspertlər bir pultdan idarə olunurmuş. Pultun sahibi düyməni basan kimi hamı birdən susdu.
Kennedinin öldürülməsini yada salın. Bu qətli kimin «sifariş etdiyi»ni anlamaq üçün onun ölümündən sonra ABŞ-ın vitse-prezidentinin əmri ilə ilk növbədə Kennedinin qəbul etdiyi hansı qərarların ləğv olunduğuna diqqət yetirmək kifayətdir. Kennedinin ölümündən bir-iki il sonra Çikaqo qəbristanlıqlarında 100-dən artıq «həddindən artıq çox bilən və görən» insanlar dəfn olundu. Bu, hələ geniş ictimaiyyətə məlum olanlardır, məlum olmayanların sayı qat-qat çoxdur…
Dollar düşdü – ağızlar açıldı
Dollar düşməyə başlayan kimi ağızal açıldı, böhran barədə söhbətlər başladı. Çünki bu, çoxlarının cibinə təsir göstərməyə başladı – gizlətməyə lüzum qalmadı. ABŞ-da böhranın müzakirəsinə qoyulmuş qeyri-rəsmi qadağa götürüldü. Fəqət, böhran təkcə ABŞ-ı sarmırdı…
2001-ci ilin ortalarına qədər birja indeksləri düşməkdə davam etdi. Kapitalizmin ümumi böhranı göz qabağında idi. Təcili olaraq nə isə etmək zazım idi. Özünü çox gözlətmədi. 11 sentyabr 2001-ci ildə «Boinq»lər uçub gəldi – ÜTT-nin qülləsini vurdu və bütün dünyada terrorla mübarizəyə start verildi. Ardınca Əfqanıstan kampaniyası oldu, 2003-cü ildə İraqın işğalı yaşandı və… səhmlərin qiymətləri sürətlə qalxmağa başladı. Xatırdadaq ki, 2000-ci ilin əvvəlindən 2003-cü ilin yanvarına qədərki mərhələdə dünyanın bəzi aparıcı indeksləri ortalama, 25-49 faiz, bəziləri isə hətta 2-3 dəfə düşmüşdü.
Amerkalılar və ingilislər İraq neftini ələ keçirəndən dərhal sonra birjalarda neftin qiyməti qalxmağa başladı. Qiymətlərin qalxmasında bir çoxları Nyu-york və London birjalarından olan möhtəkirləri günahlandırır. Amma belə deyil. Yetər ki, İrak neftinin ələ keçirilməsindən sonra ABŞ prezidenti Buşun davranışlarına diqqət yetirək. Məlumdur ki, hadisələrdən az sonra prezident Buş bioyanacaq istehsalı barədə «milli proqram»ı böyük səs-küylə elan etdi – dərhal ərzaq məhsullarının qiyməti sürətlə qalxmağa başladı…
Nəticə
Borc böhranı qaçılmaz həddə çatan kimi (miqyasına görə 1929-cu ildə başlanan Böyük Depressiyanı geridə qoyan!) kapital akulaları Böyük müharibəyə hazırlıq görməyə girişdilər.Yerdə qalanların hamısı – yeni nüvə fuqaslarının işlənməsi, təyyarə-robotların yaradılması, «vəhhabilərin ekspansiyası», NATO-ya yeni-yeni üzvlərin qəbulu, Qərb ölkələri tərəfindən alınan müddətli xarici borclar və s. məhz Böyük müharibəyə hazırlığın elementləri idi. Neft burada yalnız effektli «tətik» rolunu oynayır. Səbəbi isə Qərbin siyasi-iqtisadi sisteminin daxilində axtarmaq lazımdır. Beləliklə, Qərbin qarşısında iki variant dayanmışdı: Birincisi, bu sistemin özünü dəyişmək (yeni oyun qaydaları tətbiq etmək və maliyyə kapitalının spekulyativ gəlirlərini önləmək); İkincisi isə müharibəyə başlamaq! Dünyanın siyasi elitası müharibəni seçdi…
Növbəti yazıda ABŞ və digər Qərb ölkələrinin borc öhdəliklərinə, Rusiyada isə korrupsiyanın miqyası və dövlət hakimiyyətinin effektsizliyi məsələlərinə nəzər salacam…
Azpolitika.info