BÖYÜK MÜHARİBƏYƏ HAZIRLIQ: Dünyanın siyasi elitası savaşı seçdi!
ABŞ və Avropa ölkələrini borc, Rusiyanı isə total korrupsiya buna vadar edir
Xeberinfo.com: (Bu yazı hələ iki il bundan əvvəl qələmə alınıb və «AzPolitika.info» qəzetində hissə-hissə dərc olunub. Hal-hazırda Yaxın Şərqdə cərəyan edən proseslər dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Fəqət, nədəndirsə, əksər hallarda bu proseslərə yanaşmalar yarımçıq-qüsurluluğu və ya məqsədli-yanlışlığı ilə diqqəti çəkir. Dünyanın iki superdövlətini böyük müharibəyə aparan səbəblər ya nəzərdən qaçır, ya da bilərəkdən geniş ictimaiyyətdən gizlədilir. Müharibə hər iki dövlətin sərhədlərindən xeyli uzaqlarda gedir. Yaxın Şərq nəhəng bir poliqona çevrilib – burada güclü dövlətlər yeni silahlarını və döyüş taktikalarını sınaqdan keçirir, etnik təmizləmələr aparır, bölgələrin demoqrafiyasını dəyişdirir. Həm də müharibəyə aparan səbəblərin strukturu elədir ki, burada kimin qalib, kimin məğlub olmasının heç bir əhəmiyyəti yoxdur – başlıcası budur ki, müharibə davam etsin.
Ümumiləşdirilmiş formada, bunu belə ifadə etmək olar: ABŞ-ı (ümumilikdə, Qərb dövlətlərini) müharibəyə vadar edən iki əsas səbəb var: Birincisi, nəhəng borc öhdəlikləri; İkincisi – ərəblərin xilafət qurmaq «qorxusu».
Rusiyanı isə böyük və üzücü müharibəyə iki əsas səbəb sürükləyir: Birincisi, ölkəni sarmış total korrupsiya. İkincisi isə imperiya nostalgiyası.
Beləliklə, mövzunun aktuallağını nəzərə alıb, materialı təkrar dərc edirik)
Ukraynada cərəyan edən proseslər, yaşanan qanlı toqquşmalar, separatizmin tüğyan etməsi, Suriya qırğını, Liviyadakı, İraqdakı, Yəməndəki xaos bu gün dünyanın bütün tərəqqipərvər qüvvələrini ciddi düşünməyə vadar edir. Hər kəsi bir sual düşündürür – nə baş verir, bu müharbə kimə və nə üçün lazımdır?
Araşdırma və təhlillər göstərir ki, Ukraynada, yaxın Şərqdə cərəyan edənlər təsadüf yox, ciddi şəkildə düşünülmüş qlobal senarinin tərkib hissəsidir və baş verənlərin təməli hələ çoxdan qoyulubmuş.
Heç şübhə yeri yoxdur ki, Ukrayna olyaları – «Maydan» hadisələri, daxili qarşıdurma, hakimiyyət dəyişikliyi, ardınca Krımın Rusiya tərəfindən bir göz qırpımında ilhaq edilməsi, ölkənin şərqində separatizm ocaqlarının qəflətən alovlanması, Yaxın Şərq olayları, Türkiyədə yaşanan son hadisələr və s. açıq-aydın göstərir ki, bütün bunlara çoxdan gizli-aşkar hazırlıqlar. Böyük müharibəyə hazırlıqlar! İndi qarşı-qarşıya dayanmış iki cəbhə «göz oxşayır» – biri ABŞ başda olmaqla Qərbin güclü dövlətləri, digəri isə Rusiya. Lap «soyuq müharibə» dövründəki kimi. Təhlillər göstərir ki, bu müharibədə tərəflərin hərəsinin öz maraqları var. Konkret faktlara, mənbələrə istinad edərək, gerçəkdə bu maraqların nədən ibarət olduğunu ortaya qoymağa calışacam…
Yelin, Oksfordun, Harvardın, «MDU»-nun məzunlarının hamısı birdən dəli olub?
Qərb və Rusiya siyasi dairələrinin günümüzdəki davranışlarını böyük müharibəyə hazırlıq kimi dəyərləndirsək, bu zaman onların hərəkətlərinin nə qədər məntiqi və məqsədyönlü olduğunu görərik. Əgər düşünsək ki, onlar sülh uğrunda mübarizə aparırlar, o zaman onların davranışları absurd görünər. Dünyada çox sayda qeyri-adi və səfeh adamlar olsa da, onların sayı o həddə çatmır ki, Yelin, Oksfordun, Harvardın və MDU-nun (Moskva Dövlət Universiteti) məzunlarının hamısının eyni vaxtda dəlilik həddinə çatdığını düşünəsən!
Son dövrün prosesləri açıq-aydın göstərir ki, «böyük boss»lar ciddi-cəhdlə böyük müharibəyə hazırlaşırlar! Artıq bu, müzakirə və mübahisə mövzusu deyil. Bəs səbəb nədir? Neftin variasiya edən qiymətləri? Yox! Hadisələrin zənciri başqa səbəbə barmaq tuşlayır.
«Zəngir»ə diqqət yetirək. Əvvəlcə, Nyu-York birjası çökdü. 2000-ci il yanvarın ortalarında Dow Jones-un indeksi 11722 rəqəmli yuxarı həddə çatdı, ardınca enməyə başladı, Bununla da 90-cı illərdən bəri davam edən və bərabəri olmayan yüksəliş sona çatdı (Böyük Depressiya dövründəki kimi – 1929 il).
2000-ci ildə Qərb iqtisadi sisteminin böhranı başladı. Dərinliyinə və miqyasına görə, Böyük Depressiya ilə müqayisə oluna biləcək böhran. Amma bu barədə geniş ictimaiyyətə heç nə deyilmədi. Bəs söz azadlığı, müstəqil ekspertlər hara yoxa çıxdı? Heç yerə – sən demə, azad mətbuat və müstəqil ekspertlər bir mərkəzdən (pultdan) idarə olunurmuş.
Pultun sahibi düyməni basan kimi hamı birdən susdu.
Kennedinin öldürülməsini yada salın. Bu qətli kimin «sifariş etdiyi»ni anlamaq üçün onun ölümündən sonra ABŞ-ın vitse-prezidentinin əmri ilə ilk növbədə, Kennedinin qəbul etdiyi hansı qərarların ləğv olunduğuna diqqət yetirmək kifayətdir. Kennedinin ölümündən bir-iki il sonra Çikaqo qəbristanlıqlarında 100-dən artıq «həddindən artıq çox bilən və görən» insanlar dəfn olundu. Bu, hələ geniş ictimaiyyətə məlum olanlardır, məlum olmayanların sayı qat-qat çoxdur…
Dollar düşdü – ağızlar açıldı
Dollar düşməyə başlayan kimi ağızal açıldı, böhran barədə söhbətlər başladı. Çünki bu, çoxlarının cibinə təsir göstərməyə başladı – gizlətməyə lüzum qalmadı. ABŞ-da böhranın müzakirəsinə qoyulmuş qeyri-rəsmi qadağa götürüldü. Fəqət, böhran təkcə ABŞ-ı sarmırdı…
2001-ci ilin ortalarına qədər birja inteksləri düşməkdə davam etdi. Kapitalizmin ümumi böhranı göz qabağında idi. Təcili olaraq nə isə etmək zazım idi. Özünü çox gözlətmədi. 11 sentyabr 2001-ci ildə «Boinq»lər uçub gəldi – ÜTM-nin qülləsini vurdu və bütün dünyada terrorla mübarizəyə start verildi. Ardınca Əfqanıstan kampaniyası oldu, 2003-cü ildə İraqın işğalı yaşandı və… səhmlərin qiymətləri sürətlə qalxmağa başladı.Xatırdadaq ki, 2000-ci ilin əvvəlindən 2003-cü ilin yanvarına qədərki mərhələdə dünyanın bəzi aparıcı indeksləri ortalama, 25-49 faiz, bəziləri isə hətta 2-3 dəfə düşmüşdü.
Amerkalılar və ingilislər İraq neftini ələ keçirəndən dərhal sonra birjalarda neftin qiyməti qalxmağa başladı. Qiymətlərin qalxmasında bir çoxları Nyu-york və London birjalarından olan möhtəkirləri günahlandırır. Amma belə deyil. Yetər ki, İrak neftinin ələ keçirilməsindən sonra ABŞ prezidenti Buşun davranışlarına diqqət yetirək. Məlumdur ki, hadisələrdən az sonra prezident Buş bioyanacaq istehsalı barədə «milli proqram»ı böyük səs-küylə elan etdi – dərhal ərzaq məhsullarının qiyməti sürətlə qalxmağa başladı…
Borc böhranı qaçılmaz həddə çatan kimi (miqyasına görə 1929-cu ildə başlanan Böyük Depressiyanı geridə qoyan!) kapital akulaları Böyük müharibəyə hazırlıq görməyə girişdilər. Yerdə qalanların hamısı – yeni nüvə fuqaslarının işlənməsi, təyyarə-robotların yaradılması, «vəhhabilərin ekspansiyası», NATO-ya yeni-yeni üzvlərin qəbulu, Qərb ölkələri tərəfindən alınan müddətli xarici borclar və s. məhz Böyük müharibəyə hazırlığın elementləri idi. Neft burada yalnız effektli «tətitk» rolunu oynayır. Səbəbi isə Qərbin siyasi-iqtisadi sisteminin daxilində axtarmaq lazımdır. Beləliklə, Qərbin qarşısında iki variant dayanmışdı: Birincisi, bu sistemin özünü dəyişmək (yeni oyun qaydaları tətbiq etmək və maliyyə kapitalının spekulyativ gəlirlərini önləmək); İkincisi isə müharibəyə başlamaq! Dünyanın siyasəi elitası müharibəni seçdi…
Savaşa doğru!
2003-cü ildə Qərbdə, bağlı qapılar arxasında «yekun qərar» qəbul olundu. İctimaiyyətə bu barədə bir kəlmə də deyilmədi. Fəqət, amerikalılar İraqa soxulanda hər kəs özü-özlüyündə anlayırdı ki, məsələ İraqla bitməyəcək…
Birdən-birə inkişaf etmiş dövlətlərin əksəriyyəti sanki «komanda altında» nəinki borc götüməyə, sözün gerçək mənasında, «boğaza qədər borca girməyə» başladı. Borc məbləğləri o qədər nəhəng idi ki, prinsipcə qaytarılmasının mümkünsüz olduğu əvvəlcədən aydın idi. Məsələn, İsveçrə cəmi bir neçə il ərzində əhalsinin adambaşına 177 min dollar xarici borca girdi. İngiltərə ondan bir qədər geri qalırdı – adambaşına 172 min dollar (rəqəmlər 2000-2008-ci illər üzrə «The World Factbook»un hesabatından götürülüb). Əgər borc məbləğdərini hər işləyən isveçrəlinin və ingilisin sayına bölsək, onda adambaşına 1/3 milyon dollar xarici borc düşür. Əcəba, bunlar dəli olublar?!2007-ci ilin əvvəlinə olan məlumata görə, ən çox borcu olan dövlətlərin siyahısına – İrlandiya, İsveçrə, İngiltərə, Niderland, Belçika, Norveç, Avstraliya, Danimarka, Honkonq, Fransa, İsveç, Almaniya, Finlandiya, İspaniya, ABŞ (ABŞ siyahıda 15-ci yerdə gedirdi), İtaliya, Portuqaliya daxil idi. Bunun günahkarı məgər neft və qaz idi?
Absurd iqtisadiyyatı!
Suala çavab tapmaq üçün siyahıya diqqətlə baxmaq lazımdır. Sıra ilə 6-cı yerdə Norveç dayanıb ki, bu ölkə lap son vaxtlarda hər bir norveçliyə 100 min dollar hesabı ilə borc götürmüşdü. Hamıya məlumdur ki, Norveç dünyanın ən iri neft-qaz ixracçılarından biridir – o, hər bir norveçliyə hesalamaqla, gündə 116 litr neft ixrac edir və bu göstəriciyə görə yalnız Küveytdən geri qalır (gündə adambaşına 125 litr neft). Norveç adambaşına hesablamaqla gündə 16 min kubmetr qaz ixrac edir ki, bu göstərici üzrə o, yalnız Qatar və Bruneydən geri qalır. Bu göstəricilər imkan verirdi ki, həmin dövrün qiymətləri ilə hesablasaq, norveçlilər ümumiyyətlə, işlməsin və il ərzində maral qoşulmuş xizəklə gəzib, əylənə bilsinlər (necə ki, Küveytililər dəvə ilə gəzirlər). Amma bunun əvəzində, Norveç qızdırmaya tutulmuş xəstə kimi, borc götürməyə girişmişdi!
Əgər 2003-cü ilə qədər Norveçin «xarici borc» qrafasında «Norveç yalnız xarici kreditordur» yazılmışdısa, 2007-ci ildə bu ölkə artıq 469 milyard dollar borc öhtəliyi altına girmişdi. Razılaşaq ki, cəmi-cümlətani 4,6 milyon əhalisi olan bir ölkə üçün pis sıçrayış deyil!
ABŞ və İngiltərə ümümiyyətlə, son vaxtlar hər il 2,0 trilyon dollar borc gütürür (ABŞ-ın borcu barədə ayrıca söhbət açacam). Bəs, belə nəhəng borcu necə qaytarmaq olar və ümumiyyətlə, qaytarmaq olarmı? Cavab birmənalıdır – heç cür!
Tarixə ekskurs
Ümumiyyətlə, borc qaytarmağın 3 mümkün varniantı var: Daha çox məhsul satmaq, yenə borc götürmək və kreditoru öldürmək. Ən sadə, populyar və asanı isə göründüyü kimi, kreditoru öldürməkdir. Bu istiqamətdəki tarixi təcrübə xeyli ibrətamizdir. Məsələn, məlumdur ki, Fransa kralı əvvəlcə ölkədə fəaliyyətdə olan ən varlı cəngavər ordeni olan tampliyerlədən böyük məbləğdə borc alıb. Ardınca isə kral həmin ordeni qanundan kənar elan edib, üzvlərinə divan tutub (1310-cu il), xəzinəsini isə mənimsəyib.
Roma Papası da buna etiraz etməyib, çünki… onun da tampliyerlərə borcu var imiş. Ona görə də Papa tampliyerləri iblisin xidmətçiləri elan edib.
Bu yerdə, ingilis yazıçısı (jurnalisti) H.K.Çestertonun keşiş Braun atanın dilindən dedikləri yada düşür:
- …Ağıllı adam yarpağı harada gizlədər?
– Yarpaqların arasında.
- Bəlkə yarpaq yoxdur?
– Meşə salar.
- Ağıllı adam ölü yarpağı harada gizlədər?
– Ölü yarpaqların arasında?
– …
– Ölü yarpaq yoxdursa, ölü meşə salar.
- Bəs ağıllı adam meyiti harada gizlədər?
– Meyit qalağının altında.
Buradan belə çıxır ki, meyit qalağı yoxdursa, müharibəyə başlamaq lazımdır ki, ölənləri qalaqlayıb bir yerə yığsınlar…
Digər misallar də gətirmək olar, amma yazdıqlarım da kifayətdir ki, hörmətli oxucular fikir axarıma köklənə bilsinlər…
«Sərsəmlik»?
Bu «sərsəmliyi» yalnız aşağıdakı fikirlə izah etmək olar – heç kim borcunu qaytarmaq fikrində deyil! Ona görə də 2003-cü ildə Böyük müharibəyə başlamaq və dünyanın valyuta sistemini tam buraxmaq barədə prisipial qərar qəbul olundu. Elitası seçilmişlərin klubuna daxil olan və buna görə də baş verənlərdən xəbərdar dövlətlər istənilən faizlə borc götürməyə, isitənilən vekseli imzalamağa hazır dayanmışdılar. Seçilmişlər klubuna dəvət edilməyən Honkonq elitası 2007-ci ilə qədər nə baş verdiyini müəyyən etmək üçün baş sındırdı. Məsələni anlayan kimi bircə ilin içində 0,5 trilyon dollar (adambaşına 70 min dollar!) borc götürdü! Bunun adı nədir – absurd iqtisadiyyatı?!
Xeyir, bu, sadəcə Böyük müharibəyə hazırlıqdır və məlumdur ki, əvvəlcədən hazırlanmış siyahı üzrə kreditorların mövcudluğuna son qoyulacaq.
Bir misal da maraqlı olardı. Buşun prezidentliyi dövründə ABŞ-ın hərbir büdcəsi 75,0 faiz artaraq, 0,5 trilyona çatmışdı (nəhəng məbləğdə borcunun olmasına rəğmən). Çinin hərbi büdcəsi 1/3 trilyona çatmışdı. Bütün bunlar Böyük müharibəyə hazırlıq deyil, bəs nə idi?..
ABŞ və Avropa ölkələrini borc, Rusiyanı isə total korrupsiya buna vadar edir
Krımın ilhaqından sonrakı dövrdə Rusiyada cərəyan edən proseslər KİV-nin gündəmindən düşmür. Bu ölkənin arqessiv davranışı yaxın-uzaq qonşuları qorxuya salır, onları mümkün qədər ehtiyatlı davranmağa sövq edir. Araşdırmalar göstərir ki, Rusiyanın özündə də «ayıq başla düşünənlər» var. Ölkədə baş verənləin fonunda dünyanın mütərəqqi kəsiminin Rusiyadan sürətlə uzaqlaşması rusiyalı vətənpərvərləri hamıdan çox narahat edir. Nədən ki, öz naqis davranışlarının məntiqi nəticəsi olaraq, getdikcə təklənən Rusiyanın yaşadığı iqtisadi tənəzzül, milli valyutanın sürətlə dəyərdən düşməsi, biznes üzərində siyasi hakimiyyətin total inhisarının bərqərar olması, ölkə siyasilərinin dilindən tez-tez müharibə çağırışlarının (hətta, nüvə hədələrinin) səslənməsi, nəhayət, sankisiyaların və s. bu ölkəyə yaxşı gələcək vəd etmədiyi indi hər kəsə gün kimi aydındır. Analitiklərin fikrincə, hətta soyuq müharibənin tüğyan etdiyi sovetlər dönəmində də dövlət xadimlərinin dilindən «nüvə hədələri» eşidilmədyini nəzərə alsaq, indi Rusiya prezidenti Vladimir Putinin dilindən səslənən «hətta nüvə arsenalımızı belə yüksək döyüş hazırlığı vəziyyətinə gətirmişdik» etirafı gerçəkdən, bəşəriyyətə, o cümlədən, Rusiyanın özünə yönəlik ciddi təhdid hesab oluna bilər. Bütün bunlar hazırkı durumun ciddiliyindən xəbər verir…
Mütəxəssislər hesab edirlər ki, Rusiyada avtoritar idarəetməyə keçid hələ 2003-cü ildən başlayıb. Bu istiqamətdə rusiyalı jurnalist, “The New Times” jurnalının baş redaktoru Yevgeniya Albatsın keçmiş DTK generalı-mayoru Aleksey Petroviç Kondaurovla «Putin: 15 il hakimiyyətdə» mövzusunda apardığı söhbət xeyli diqqətçəkəndir («Exo» radiosu, 30 mart 2015-ci il). Həmin söhbətdə xanım Albats, Kondourova açıq mətnlə deyir ki, indi Rusiya biznesində sizin kolleqalar (keçmiş DTK əməkdaşları) üstünlük təşkil edirlər.Aydındır ki, iqtisadiyyat üzərində total inhisarın (DTK inhisarının) bərqərar olması bu ölkədə azad biznesin inkişafını əngəlləyən əsas maneə hesab olunur. Çağdaş Rusiya iqtisadiyyatının rəqəmlərlə ifadəsi deyilənləri əyani surətdə təsdiqləmiş olur. Bu yöndə, bir neçə gün bundan əvvəl Rusiya iqtisadiyyatına yönəlik Avropa Parlamentində səslənən fikirlər ibrətamizliyi ilə diqqəti çəkir. KİV-in yaydığı məlumatda deyilir ki, Avropa Parlamentinin Tədqiqat xidmətinin hesabatında belə bir fikir yer alıb: «Rusiya iqtisadiyyatı Avropa iqtisadiyyatı ilə müqayisədə azı 50 il geri qalır!» Əlavə edilir ki, böyük ehtimalla, bu fərq yaxın illərdə azalmayacaq…
Kriminalın miqyası
Rusiya iqtisadiyyatının mövcud durumu barədə ötən illərdə çosaylı bədbin fikirlər səslənib, bədbin proqnozlar verilir. Məsələn, hələ 2011-ci ildə xəbər verilmişdi ki, ABŞ prezidenti Barak Obama dünyanın nəhəng kriminal sindikatlarına qarşı sankisiyaların tətbiq olunduğunu elan edib. ABŞ dövlət departamentindəki məbəyə istinad edən KİV-i qeyd etmişdilər ki, bu sırada «Qardaş çevrəsi» adlanan rus «mafiyası» da yer alıb. «Transmilli təhlükələr» adlı layihənin direktoru Arno de Borşqrafın hazırladığı «Rusiyada mütəşəkkil cinayətkarlıq» xüsusi hesabatında deyilirdi ki, Rusiyada mövcud kriminal və korrupsiya üzərində qələbə çalmaq üçün Cinayət Məcəlləsindən çox, siyasi iradəyə ehtiyac var. Mənbə yazırdı ki, hesabat müəllifinin fikrincə, mövcud şəraitdə Rusiya iqtisadiyyatının 2/3-i mütəşəkkil cinayətkar qruplaşmaların tam nəzarəti altındadır. Burada özəl sektorun payı 40 faiz, dövlət müəssisələrinin payı 60 faiz təşkil edir. Ölkədə fəaliyyət göstərən 1740 bankın yarısı mafioz strukturlara məxsusdur.
Hesabat müəllifləri qeyd edirlər ki, şəxsi maraqlar naminə Rusiyanın yüksək çrinli məmurları ölkənin milli maraqlarının əksinə getməkdən çəkinmirlər. Misal olaraq belə bir fakt ortaya atılır ki, hələ 90-cı illərdə Rusiya Federasiyası Kosmik Agentliyinin direktoru Yuri Koptev İrana nüvə texnologiyası satmağa cəhd göstərib. Müəlliflər hesab edirlər ki, ölkədə hakimiyyətin kriminallar tərəfindən zəbt olunması SSRİ dağılandan az sona – partiya nomenklaturası ilə DTK təmsilçilərinin birləşərək, mafioz struktura çevrilməsindən sonra başlanıb…
Başqa bir misal qismində Rusiya prezidenti Boris Yeltsinin ailəsinə qarşı qaldırılmış cinayət işini, bununla əlaqədar olaraq, ölkənin baş prokuroru Skuratovun şantaj edilərək, öz ərizəsi ilə vəzifədən getməyə məcbur edilməsi faktını önə çəkmək olar.Mənbələr yazır ki, məhz ölkənin indiki prezidenti Vladimir Putin bu işin ört-basdır olunması barədə qərar verib (keçmiş DTK general Kaluginin məlum müsahibəsini xatırla).
Bir müddət bundan əvvəl «Arqumentı i Faktı» qəzetinin verdiyi məlumatda deyilirdi ki,hazırda Rusiya Dövlət Dumasının deputatları sırasında 7 nəfər «qanuni oğru» yer alıb…
Təcavüzün alqışlanması
Rusiyanın indiki çıxılmaz vəziyyətə düşməsinin səbəbləri sadaladığım amillərlə bitmir. Burada ölkə iqtisadiyyatının böyük nisbətdə, neftdən asılı vəziyyətdə olması, hakimiyyətin isə onu vaxtında diversifikasiya etməməsi amilini xüsusi qeyd etmək lazımdır. Heç təsadüfi deyil ki, məlum hadisələrdən sonra Qərbin tətbiq etdiyi sanksiyaların «istisi» hakimiyfət mənsublarının «canına təsir edən kimi» prezident Putin özü diversifikasiya məsələsini qabartdı və bu istiqamətdə buraxılmış səhvləri xusisilə tənqid atəşinə tutdu. Fəqət, gec idi – məqam əldən buraxılmışdı.
Bütün bunların geniş ictimaiyyətdən gizli saxlanması, görünənlərin ara-sıra doğurduğu ictimai narazılıqların boğulması və insanların diqqətinin ölkədə tüğyan edən talan-qarətdən yayındırılması məqsədilə hakimiyyət tədricən (2003-cü ildən başlayaraq) avtoritar idarəçilik üsullarına keçməyə başladı. Bu yöndə insanların vətənpərvərlik hissləri ilə manipulyasiya olunması əməliyyatları geniş vüsət almağa başladı. Heç təsadüfi deyil ki, hələ 2006-cı ildə bu tendensiyanı görən, onun ölkə üçün dağıdıcı perspektivlərindən sarsılan mərhum Yeqor Qaydar «Rusiyada Veymar sindromu» adlı məqalə yazmışdı. Müəllif məqalədə göstərmişdi ki, insanların imperiya ambisiyalarının kütləvi xarakter almasını nəzərdə tutan «Veymar sindromu» («imperniya sindromu») hakimiyyətin əlində güclü silaha çevrilib. Onun köməyi ilə hakimiyyət geniş ictimaiyyəti ətrafına toplaya və öz reytinqini qaldıra bilər. Fəqət, bu tendensiya ölkəni fəlakətə aparır.Çünki «İmperiya sindromu»nun geniş vüsət alması, mahiyyət etibarilə, qonşu dövlətləri təhdid altına almış olur ki, bu da Rusiyanın bölgədə və dünyada təklənməsinə gətirib çıxaracaq. Günümüzdə cərəyan edənlər bu proqnozun nə qədər dorğru olduğunu bir daha ortaya qoyur. Məsələn, Rusiya KİV-nin yaydığı məlumata görə, indi Rusiya prezidentinin reytinqi 85,0 faizdən yuxarı qalxıb. Aydındır ki, Krımın ilhaqı bu məsələdə böyük rol oynayıb. İlhaq isə qonşu Ukraynının ərazisinin bir hissəsinin Rusiya itərəfitndən işğalı deməkdir. «Qəribə»dir ki, təxminən, bir əsrdən artıq dövr ərzində dünyaya «sülh və beynəlmiləlçilik»dən mühazirə oxuyan Rusiyanın əhalisi indi qonşu dövlətə qarşı təcavüzü alqışlayır, bu xidmətinə görə, öz prezidentinə olan məhəbbətini 85,0 faizə qaldırır!
Təsadüfi deyil ki, bu günlərdə Rusiyada keçirilən bir tədbirdə (Vətəndaş Təşçəbbüsləri Komitəsi) Strateji araşdırmalar mərkəzinin direktoru Sergey Belanovski elə beləcə deyib: «Bu gün Rusiyada gerçək siyasi partiya yoxdur, siyasi səhnədə isə təkcə bir oyunçu qalıb – Vladimir Putin».
«İmperiya sindromu» kabusu
Bəli, indi Rusiyanın başı üzərində çox idbar bir kabus dolaşmaqdadır – «İmperiya sindromu» kabusu! Bunun təsirindən məst olmuş ölkə siyasiləri yarışa çıxıblarmış kmimi, bir-birinin ardınca təcavüzkar bəyanatlar verməkdən ysanmır, qonşu dövlətləri müxtəlif məzmunlu təhdidlər altına alır, onların suverenliyini, ərazi bütövlüyünü hesaba almayan avantürist çıxışlar yapırlar. Bu sırada Dövlət Duması deputatlarının «xidmət»i xüsusilə diqqətəlayiqdir. Misal olaraq, bir neçə gün bundan əvvəl deputat, Rusiya LDP-nın sədri V.Jirinovskinin Azərbaycan saytı «haqqın.az»-a verdiyi müsahibədə Azərbaycana yönəlik səsləndirdiyi səsrsəm (faşist səciyyəli) fikiri önə çəkmək istəyirəm. Məlum müsahibədə Jirinovski açıq mətnlə deyib ki, Qarabağ münaqişəsini həll etmək üçün Dağlıq Qarabağa Rusiya qoşunları yeridilməli, Azərbaycanın bu bölgəsi Rusiyanın nəzarəti altına verilməlidir! Gördünüzmü? Daha faşizmin buynuzu olmaz ki!
Bu sıraya rusiyalı deputat Leonid Slutskinin İrəvanda Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri, Prezident Vladimir Putinin Qazaxıstan barədə dediklərini də («tarixdə Qazaxıstan adlı dövlət olmayıb») əlavə etsək, gözlərimiz qarşısında gerçək mənzərə bütün eybəcərlikləri ilə canlanmış olar. Buraya, Rusiyanın Baltik ölkələrinə, Moldovaya, Gürcüstana yönəlik yeritdiyi «samanaltı» siyasəti də əlavə etmək lazımdır. Belədə, gözlərimiz qarşısında aşağıdakı sual «bərq vurur»: «Bütün bunlar Rusiyaya qarşı adekvat reaksiya doğurmurmu?»
Sadaladıqlarım heç də o qənaətə gəlməyə əsas vermir ki, çağdaş Rusiya gerçək vətənpərvər insanlardan, ayıq başla düşünən siyasətçilərdən xalidir. Əsla! Müşahidələr göstərir ki, Rusiyanın çağdaş imperialist siyasəti ölkədə çoxlarını ciddi şəkildə narahat edir. Məsələn, bu günlərdə rusiyalı siyasətçi, «Levada-Mərkəz»in rəhbəri Lev Qudkov belə bir fikir səsləndirib ki, artıq Rusiya hakimiyyəti avtoritar mahiyyətini aşaraq, repressiv və despotik məzmun alıb! Bu da mahiyyət etibarilə, ölkədə siyasi özbaşınalığın tüğyan erməsi, konstitusiya qarışıq, dövlət qanunlarının hesaba alınmaması deməkdir. Fəqət, hələlik bu ölkədə despotik hakimiyyətin mövqeyi xeyli möhkəmdir. Çünki, belə vəziyyət əlahəzrət « kriminal kapital»ı qane edir…
Nəzəri mümkün ssenari
Müharibənin ssenari eskizlərini qaralamaq (cızmaq) heç də çətin deyil. Məsələn, günlərin birində «İslam terrorçuları» (səudiyyəlilər və ya iranlılar) ya Pakistandan, ya da Rusiyadan atom bombası oğurlayıb, onu Avropanın mərkəzində partladacaqlar.Bəşəriyyətə qarşı belə vəhşi cinayətin törədilməsindən sonra Amerkalılar qisas almaq məqsədilə məhdud güclü (minimal radioaktiv zəhərləmə xassəli) yeni nəsil atom fuqaslarının tətbiqi barədə qərar qəbul edəcəklər. Qeyd edim ki, bu yaxınlarda amerikalı alimlər belə fuqaslar yaradıblar. Nüvə silahı müharibəni xeyli asanlaşdıracaq – mövcud və mümkün terrorçuların (və onların himayədarlarının) yalnız külü qalacaq və s. Bu məqamda istər-istəməz düşünməli olursan: son onillik ərzində ABŞ Dövlət Departamenti tərəfindən dünyanın hər yerində vəhhabilərin (Suriyada «mötədil müxalifət»in, İraqda kürd silahlılarının, Yəməndə husilərə qarşı vuruşanların, Liviyada bir başqa «dəstə»nin və s.) açıq-aşkar himayə olunması yuxarıda yazdıqlarımla əlaqəli deyil ki?..
Borc sayğacı
Nyu-York şəhərində binaların birinin divarına vurulmuş bir tablo var (Manhetten, 6-cı avenyü ilə 44 Vest strit küçəsinin tinində) – ABŞ-ın dövlət borcunu əks etdirən nəhəng sayğac. Bu sayğaca baxmaqla, real zaman çərçivəsində ABŞ dövlət borcunun necə artdığını izləmək mümkündür. Bu sayğacda informasiya saniyə ərzində bir neçə dəfə dəyişir.
31 dekabr 2009-cu ildə ABŞ-ın xarici borcu 13,0 trilyon dollar təşkil edib. 16 yanvar 2011-ci il vəziyyətinə 14,0 trilyon dollar, 30 dekabr 2011-ci il vəziyyətinə 15,0 trilyon dollar, 08 yanvar 2015-ci il vəziyyətinə isə 18,1 trilyon dollar təşkil edib. Bu, dünya rekordu deməkdir! Bütün bunlara rəğmən, hər gün ABŞ-ın hansısa dövlətə və ya təşkilata yardım məqsədilə böyük məbləğlərdə maliyyə ayırdığı barədə məlumatlara rast gəlinir. Di gəl, bunu anla…
«Səxavətli» dövlət
ABŞ hökuməti qənaətə meylli deyil və büdcəsində də əsasən, qənaətə yer vemirir. Bu səbəbdən dolayı, hökumət tez-tez bəlli situasiya ilə üzləşir – büdcənin xərcləri gəlirlərini üstələyir. Bu zaman Konqres çox da baş sındırmadan situasiyaya ani olaraq trejerlərin (borc obliqasiyaları) buraxılması ilə reaksiya verir. Obliqasiyalar özəl investorlara və xarici dövlətlərin mərkəzi banklarına təklif olunur. Məsələn, təkcə 2012-ci ildə ABŞ Çinə və Yaponiyaya 5,0 trilyon dollar məbləğində trejer satmağa müvəffəq olub. Günümüzə olan məlumata görə, hazırda ABŞ borc kağızlarının əsas saxlancı qismində aşağıdakı ölkələr çıxış edir: Çin, Yaponiya, Böyük Britaniya, İsveçrə və s. Rusiya da bu onluğa daxildir. Maraqlıdır ki, bu kağızlar dünyada ən etibarlı borc kağızları hesab olunur. Məhz bu səbəbdən dolayı ABŞ hökuməti həmin kağızlara görə, ən aşağı faizlər tətbiq etmək imkanı əldə edir.