Eldar Həsənov necə “deşifrə” olub? –Yeni həbslər gözlənilir...
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun şübhəli şəxs qismində tutulması ölkənin siyasi gündəmində bomba effekti yaradıb.
Yenixeber.org: O, Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxsləri barəsində başlanan cinayət işi üzrə istintaqa cəlb edilib. Rəsmi məlumatda qeyd edilir ki, maliyyə yoxlamaları zamanı Eldar Həsənovun xeyli miqdarda büdcə vəsaitini təyinatı üzrə istifadə etməməsi və digər qanun pozuntuları törətməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində səfir şübhəli şəxs qismində tutulub.
Eldar Həsənov diplomatik fəaliyyətdən əvvəl Azərbaycanın Baş prokuroru vəzifəsində çalışıb. O bu vəzifəyə 1995-ci ildə təyin olunub, 2000-ci ildə istefaya göndərilib. Eldar Həsənov Baş prokuror olduğu müddətdə daim intriqalarla gündəmə gəlib. Onun birinci müavini İsa Nəcəfov və müavini Xanlar Vəliyevlə çəkişmələri barədə mediada çox yazılıb. Adıçəkilən şəxslər arasında ziddiyyətlər o həddə çatıb ki, hətta mərhum Prezident Heydər Əliyev buna görə hər üç şəxsi tutduğu vəzifədən azad edib. Bununla bağlı xüsusi müşavirə keçirib və Baş Prokurorluğun rəhbərliyi arasındakı ziddiyyətlərdən danışıb.
Eldar Həsənov həm də Daxili İşlər Nazirliyinin (DİN) İstintaq İdarəsinin keçmiş rəisi Nizami Qocayevi həbs etməklə yadda qalıb. Bu məsələ də Eldar Həsənovun hakimiyyətdəki rəqiblərinə zərbə vurmaq kontekstində şərh edilir.
Keçmiş Baş prokuroru ambisiyalı şəxs kimi xarakterizə edənlər hesab edir ki, onun tutulması da əslində iddiaları ilə bağlı ola bilər. Hətta Eldar Həsənovun müxalifətlə işbirliyində olması barədə fikirlər səsləndirlir. Doğrudur, bu iddiada olanlar ortaya tutarlı arqument qoya bilmirlər. Onlar yalnız keçmiş Baş prokurorun iddialı şəxs olduğunu önə çəkərək bu nəticəyə gəliblər. Bununla belə, ictimai-siyasi seqmentdə belə qənaət yaranıb ki, Eldar Həsənovun həbsi hakimiyyətə qarşı mübarizə aparan “görünməz qüvvələr”in deşifrə olunması prosesinin başlanğıcıdır. Ehtimal edilir ki, keçmiş Baş prokurorun ardınca daha bir neçə nəfər həbs edilə bilər.