Eldar Həsənovun həbsi:“Səbəb daha dərindir”
Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
Yenixeber.org: Məlumatı Dövlət Təhlükəsizlik Xidməti (DTX) yayıb.
DTX-nın məlumatında deyilir ki, Xarici İşlər Nazirliyində maliyyə yoxlamaları ilə bağlı istintaq gedir və Eldar Həsənovun xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Eldar Həsənovun bu ittihama münasibəti hələ bəlli deyil.
Eldar Həsənov bir neçə gün idi ki, Azərbaycandadır. O, Azərbaycana rəsmi səfərə gəlmiş Serbiyanın Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stepanoviç-i müşayiət edirdi.
DTX bundan əvvəl Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərini həbs edib. Onların arasında Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov var.
Barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almada ittiham olunurlar.
"Bu həbsin səbəbi daha dərin qatlardadır"
BBC News Azərbaycancaya müsahibəsində hüquqşünas Aslan İsmayılov Eldar Həsənovun həbsinin səbəbini "daha dərin qatlarda" görür və onun fikrincə, səfirin saxlanması "ölkə içində baş verə biləcək qarşıdurmalarla bağlı ola bilər".
Ancaq Aslan İsmayılov əlavə edir ki, Azərbaycan hakimiyyəti ölkədə heç bir qarşılıqda maraqlı ola bilməz. O, Eldar Həsənovu şəxsən tanıdığı üçün bundan başqa bir şərh verə bilməyəcəyini bildirir: "Amma deyəcəyim budur: kimliyindən asılı olmayaraq, Azərbaycan müstəqilliyinin əleyhinə olan hər bir şəxs mənə düşməndir".
Azərbaycan hakimiyyətində Eldar Həsənovun Azərbaycanın müstəqilliyinə qarşı hər hansı addımı ilə bağlı informasiyasımı var sualına hüquqşünas "deyə bilmərəm" cavabını verir: "Bildiyim odur ki, Azərbaycan Rusiya bağlılığından canını qurtarmaq istəyir".
"Bu, sıradan bir həbs deyil"
Siyasi şərhçi Azər Rəşidoğlu Eldar Həsənovun həbsini gözlədiyini, bu gözləntisini onun "çox güclü olması" ilə əlaqələndirir. "Mən iki həftə əvvəl sosial mediada yaxınlarda haylı-küylü həbs olacağının proqnozunu verəndə də Eldar Həsənovu nəzərdə tuturdum. Məsələ burasındadır ki, Eldar Həsənov çox güclü fiqurdur. Onun ölkənin bir çox siyasi dairələri ilə əlaqəsi və münasibəti vardı. Keçmiş Heydər Əliyev komandasına daxil olan şəxslərlə də xoş münasibətdə idi. O cümlədən müxalifətçilərlə də. Üstəlik, ən müxtəlif ölkələrlə də əlaqəsi vardı, xarizmatik idi və arxasında qarabağlıların əksəriyyətinin dayandığını ehtimal edə bilərik".
Azər Rəşidoğlunun fikrincə, siyasi müstəvidə Eldar Həsənov bir alternativ kimi görünürdü.
Siyasi şərhçi səfir Eldar Həsənovun xaricdəki mühacir mediasının maliyyələşməsində adının hallandığını əsas gətirərək deyir ki, bu sübut olunsa, o zaman həbslər davam edə bilər.
Azər Rəşidoğlu BBC News Azərbaycancaya deyir ki, əgər Eldar Həsənovun günahını sübut edən konkret fakt ortaya qoyulmayacaqsa, bu, "sıradan həbs olmayacaq".
"Onun kifayət qədər dayağı var və bu, bir narazılıqla qarşılanacaq. Əlbəttə, Azərbaycan hakimiyyəti hələ ki, güclüdür və Eldar Həsənov kimi güclü, xarizmatik, arxasında maliyyə imkanları və insan resursu olan bir adamın həbs olunması sıradan bir hadisə deyil".
Siyasi şərhçinin fikrincə, bu həbslərin arxası gələ və iqtidarla müxalifətə doğru uzana bilər.
Azər Rəşidoğlu əlavə edir ki, hazırda MDB məkanında, Cənubi Qafqazda elə hadisələr baş verir ki, bir neçə aydan sonra proseslərin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətinləşib. Onun fikrincə, üstəlik post pandemiya dövründə Azərbaycanda sosial narazılıqların sayı arta, cəbhə xəttində toqquşmalar, lokal savaşlar baş verə bilər. "Bu baxımdan, nəzərə alsaq ki, hakimiyyətdə mərkəzdən qaçma tendensiyaları baş verə bilər, hakimiyyət, əlbəttə ki, özünə alternativ gördüyü şəxsləri təcrid etməkdə maraqlıdır".
"Prezident hakimiyyətdə təmərküzləşmə ilə məşğuldur"
Oxford Universitetinin təhlilçisi Leyla Əliyeva BBC News Azərbaycancaya şərhində deyir ki, bu hadisəni hakimiyyətdə təmərküzləşmə kontekstindən qiymətləndirir:
"Prezident hakimiyyətdə təmərküzləşmə ilə məşğuldur. Əgər hansısa güc mərkəzi nəzarətdən çıxırsa, onda narahatlıq yaradırsa, onu neytrallaşdırır. Amma həbsin səbəbi müxtəlif ola bilər".
Eldar Həsənov kimdir?
Azərbaycanın 1995-2000-ci illərdə baş prokuroru olmuş Eldar Həsənov 2009-cu ildən Azərbaycan Respublikasının qərargahı Buxarest şəhərində olmaqla Serbiya Respublikasındakı, 2010-cu ildən Monteneqrodakı, 2011-ci ildən Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri olub.
2013-cü il martın 28-dən etibarən qərargahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqro və Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiridir.
Azərbaycanın baş prokuroru olana qədər Eldar Həsənov müxtəlif illərdə Gəncənin Polis İdarəsinin rəisi, Azərbaycanda İnterpolun Milli Bürosunun rəhbəri, daxili işlər naziri və baş prokurorunun birinci müavinləri vəzifələrində işləyib.