ŞANLI KƏNGƏRLİ TARİXİNDƏN UNUDULMAZ ANLAR: General İsmayıl xan Naxçıvanski Bəyazidin müdafiəsində necə iştirak edib? -ARAŞDIRMA
Yenixeber.org: …Tarixin ən amansız döyüşlərindən biri də Bəyazid vuruşması olub. Bəyazid döyüşlərində Osmanlı imperiyasının qoşunlarının önündə Şeyx Şamilin oğlu Qazi Məhəmməd, rus qoşunlarının önündə isə Ehsan xanın oğlanları – Kalbalı xan (Xanlar xanı) və İsmayıl xan Naxçıvanskilər vuruşublar. Bu da taleyin bir işidir…
Bu döyüşdə igid sərkərdə, general-leytenant İsmayıl xanın şücaəti hələ onun sağlığında başqalarının adına yazılıb.
Bu igid sərkərdələrin döyüş hünərləri barədə ermənilər özləri bildikləri yöndə yazıblar. Moskvada və digər şəhərlərdə həqiqətdən uzaq kinofilmlər də quraşdırılıb. İlk dəfə ermənipərəst kinematoqraflara etiraz səsini ucaldan isə Azərbaycanda hamının hörmət bəslədiyi mərhum rus qafqazşünası Rudolf Nikolayeviç İvanov olub.
İvanov tarixçi və qafqazşünas kimi, Şeyx Şamil, Hacı Murad və Qafqaz süvariləri haqqında sanballı kitablar da yazıb. Ən böyük elmi işi isə “General Maqsud Əlixanov – səfər və faciə” adlı sənədli kitabıdır. O, həmin kitabda Naxçıvanskilər haqqında əsl həqiqətləri yazıb, Bəyazid döyüşləri barədə uydurmaları isə sərt tənqid edib.
Rudolf İvanovun “Bəyazidin müdafiəsi: yalanlar və həqiqətlər” kitabı da işıq üzü görüb.
Gürcüstanda Milli Arxivdə axtarışlar apararkən, İsmayıl xanın “Kavkaz” qəzetində müsahibəsini maraqla oxudum. Müsahibəni general İsmayıl xandan alan və çap etdirənsə Maqsud Əlixanov-Avarski olub.
Qeyd edək ki, Mqsud Əlixanov-Avarski, İsmayil xanın qardaşı Kalbalı xanın qızı Zərrintac bəyimin həyat yoldaşı olub. Və onu azacıq ixtisarla oxucularımızın nəzərinə çatdırmağı özümə borc bilirəm.
Bəribaşdan onu da deyək ki, həmin illərdə Naxçıvanın taleyi İsmayıl xanın Bəyazidi necə müdafiə etməsindən çox asılı idi…
Beləliklə, general-leytenant İsmayıl xan Naxçıvanskinin 12 aprel 1895-ci ildə “Kavkaz” qəzetində dərc edilən müsahibəsini təqdim edirəm:
***
“Bir il bundan əvvəl general Heyns məktubla məndən xahiş edirdi ki, ona Bəyazidin müdafiəsi barədə bildiklərimi yazım. Mən onun xahişini yerinə yetirə bilmədim. O vaxt da, indi olduğu kimi, fikrim belə idi ki, mənim söylədiklərim olub-keçənlərə sönük bir kölgə sala bilər.
Mən artıq qocalmışam – 18 il bundan öncə olan hadisələri ardıcıl danışmaq halında deyiləm. Ona görə də yaddaşıma həkk olunanları danışacağam.
Müharibə başlamazdan əvvəl, mən yerli əhalidən təşkil edilmiş İrəvan süvari polkuna yenidən komandir təyin edildim. Bizə general Terqukasovu rəis təyin edib, Türkiyə sərhədinə göndərdilər.
İrəvan dəstəsinin hücumu zamanı mənim polkum İqdırda, kiçik qardaşım II Kalbalı xanın komandirlik etdiyi briqadanın tabeliyində qaldı. Bizə verilən əsas tapşırıq düşmən tərəfin İrəvan quberniyasının Lındıl tərəfdən olan hücumunun qarşısını almaq idi.
Sərhədi keçəndən 2-3 gün sonra müharibə başladı. Terqukosov Türkiyənin şimal-qərbində, İqdırdan 50 verst uzaqlarda olan Bəyazidə hücum etmək istəyirdi. Avropalıların təbirincə desək, Bəyazid qala deyil, heç qəsr də deyil. Girişi çox çətin olan bir mövqedə yerləşmişdi. Belə ki, su və ərzaq ehtiyatı, həmçinin döyüş sursatı kifayət qədər olarsa, 2-3 batalyonun hücumunun qarşısı alınardı.
O vaxtlar burada yerləşən Türkiyə qarnizonu zəif təchiz olunmuşdu, 3 dağ silahı və 60 atlısı olan batalyondan ibarət idi.
Aprelin 17-də İrəvan dəstəsi Qarabulağa gələn kimi, Türkiyə ordusu Vana tərəf çəkildi. İrəvan dəstəsi səhərisi gün hücuma başlayacaqdı.
O vaxtlar türk qoşunlarının geri çəkilməyini müxtəlif cür izah edirdilər. Bir qisimi söyləyirdi ki, qala minarəsindən çoxsaylı rus qoşunu görünən kimi, onlar geri çəkiliblər. Başqaları isə bunu Muxtar paşanın planı kimi yozurdular – İrəvan dəstəsini şirnikləndirib ölkənin içərisinə gətirmək və əvvəlcədən bərkidilmiş mövqelərdə qarşılaşmaq.
Türklər İrəvan dəstəsinin sayını hələ müharibədən əvvəl öyrənə bilmişdilər. Və onlar, çox güman ki, qoşunun azlığından və müdafiənin zəifliyindən Bəyazid qalasını boşaltmışdılar.
Hansı səbəbdənsə boş qalan Bəyazidi aprelin 19-da iki top və kazak komandasıyla Stavropol batalyonu tutdu. Komandir podpolkovnik Kovalevski idi. Amma İrəvan dəstəsi isə Fərat çayının vadisi ilə Dayaz və Dramdağ tərəfə getməyə başladı. Rəqibin qoşunları əsasən kürdlərdən və çərkəzlərdən ibarət idi. Terqukasov buradan getdiyi üçün qarnizon Krım polkunun 2 rotası və Surpdan göndərilən 200 kazakla gücləndirildi.
Bəyazid rayonu qoşunlarının hamısına podpolkovnik Paçeviç rəhbərlik edirdi. Ay yarım idi ki, müharibə başlanmışdı. Elə görünürdü ki, hər şey yaxşıdır. Heç bir yerdə müqavimətə rast gəlməyən Terqukasov dayanmadan Dramdağ aşırımına tərəf irəliləyirdi.
Ancaq iyunun 4-də türklərlə üz-üzə gəldi.
Biz İqdırda olduğumuzdan, ilk qanlı toqquşmadan xəbərsiz idik. Səhv etmirəmsə, iyunun 4-də qardaşım təcili xəbər tutdu ki, türklər böyük qüvvə ilə Muş tərəfdən Bəyazidə hücuma başlayıblar. O, yubanmadan bu haqda baş komandan Böyük Knyaza teleqrafla xəbər verdi. Mənə isə əmr etdi ki, polkun 400 əsgəri ilə Bəyazidə gedib işin nə yerdə olduğunu ətraflı öyrənim.
Biz əlüstü toplaşıb yola düşdük. Həmin gecə, ya səhərə yaxın Çınqıl yüksəkliyini aşdıq və Bəyazid vadisinə enməyə başladıq. Boz rəngli dağların sinəsindən Bəyazid tikililəri və onların arasında qala məscidinin minarəsi görünürdü. Təxminən, səhər saat 8-də mən artıq Bəyazid qalasının yarım verstliyində idim. Qaladan göndərilən kazaklardan biri məlumat verdi ki, türk qoşunları Muş tərəfdən gəlirlər. Bu istiqamətdə hərəkət edib gördüm ki, doğrudan da, qarşı tərəfdən çoxsaylı süvari və piyada qoşunları gəlməkdədir. Hamısı kürdlərdən ibarət idi. Artilleriya yox idi. İsmayıl paşanın komandirlik etdiyi qoşun yüksəkliyi ələ keçirərərk, yubanmadan hücuma başladı.
Təxminən, səhər saat 10-da kürdlər üstümüzə güllələri yağdırmağa başladılar. Günortaya yaxın türk piyada qoşunları da onlara qoşuldular. Mənim 400 nəfərdən ibarət milis dəstəm var idi. Onlar da kəndlərdən yığılmışdı və intizamlı deyildilər, həm də dayanmadan 60 km yol gəldiklərindən, yorğun və yuxusuz idilər.
Rəqib tərəfin qoşunları getdikcə artırdı. Bütün güllələri atıb qurtardıq, ona görə də qalaya adam göndərdim ki, müdafiəni möhkəmləndirməkdə mənə kömək etsinlər. Oradan mənə bir zabitlə 25 nəfər göndərdilər. Biz bu azacıq köməklə türklərin cəhənnəm odunu xatırladan atəşlərinə dözürdük. Ancaq kürd dəstələri mənim cinahımı tutmağa başladılar, hətta atlarını çapıb arxaya keçdilər. Ehtiyatlandım ki, qaladan aralı düşə bilərik. Ona görə də geri çəkilməyə qərar verdim. Yaxınlıqdakı kürdlər elə cəld tərpəndilər ki, dəstəmdəkilərin çoxunu öldürdülər, əsir tutdular, qalanları isə geri qaçmağa üz qoydu. Mənimlə 28 əsgər və 4 zabit qaldı. Oğlum da bunların içərisində idi. Əsgərlərimə əmr etdim ki, hər kəs öz atına əlavə olaraq bir əsgər götürsün. Beləcə, atlarımızı Bəyazid qalasına tərəf çapdıq. İki gün idi ki, bizim qoşunlarımız qalada yerləşmişdi.
Bəyazid eyni adlı sultanın şərəfinə tikilmişdi. Onun yerləşdiyi yer əlahiddə mənzərəlidir.
Mən qaladakı vəziyyəti qarnizonun ən yaşlısı podpolkovnik Paçeviçdən öyrəndim. Həmin gün səhər, türklərlə döyüş zamanı podpolkovnik Kovalevski ağır yaralanmışdı və arvadının qolları üstə canını tapşırmışdı.
Bizim qarnizonun əsgərlərinin sayı 1000-ə çatırdı. İki döyüş silahımız və təxminən, 200-ə yaxın yük, artilleriya, kazak və zabit atlarımız vardı. Hərbi lazaretlərdə yüzə yaxın yaralı var idi. Bunların da çoxu general Terqukasovun dəstəsindəniydilər.
Türklər suyu kəsmişdilər. Artıq ikinci gün idi ki, atlar susuz idi. 3-4 günlük azuqəmiz qalırdı. Qarnizonu ərzaqla təmin etmək işi erməni Movses Arakelova tapşırılmışdı. Hətta bu iş üçün ona yaxşıca qızıl pul da vermişdilər. Amma deyirdilər ki, o, ərzaq gətirmək üçün pul xərcləmirdi. Guya, İrandan – Maku xanlığından ərzaq gözləyirdi. Əlbəttə, ona inanmaq olmazdı. Çünki belə vəziyyətdə heç nəyə nail ola bilməzdi.
Birinci gecə türklər bütün yüksəklikləri tutdular. Aclıq yavaş-yavaş öz qanun-qaydasını diktə etməyə başladı: insanlar sutka ərzində bir ədəd suxarı yeyirdilər. Artıq müharibədə idik.
Blokadanın dördüncü günü qəfildən rəqib tərəfin atəşi kəsildi. İsmayıl paşanın elçisi sifətiylə bir kürd ondan bizə məktub gətirdi. İsmayıl paşa yazırdı: “Sizin vəziyyətiniz çıxılmazdır, köməyə ümid yeri yoxdur. Terqukasov məhv edilib. Ağıllı məsləhətimə qulaq asın, təslim olun və bizim mərhəmətli Sultana xidmət edin”.
Həmin kürd elçi bu cümlələri bir neçə dəfə oxudu. Biz ona tapşırdıq ki, İsmayıl paşaya çatdırsın: “Bir əsgər qalanadək, təslim olmaqdan söhbət gedə bilməz”.
Yarım saat keçməmiş, türklər daha qızğın döyüşlərə başladılar.
Axşam mənim adamlarımın sırasından iki ovçunu seçdik. Onlarla qardaşıma və general Terqukasova vəziyyətimizin çox böhranlı olması ilə bağlı xəbər göndərdik. Ona görə “göndərdik” deyirəm ki, qarnizonun bütün zabitləri bir yerə yığışıb hər bir sual ətrafında məsləhətləşmişdik, məktubun altında isə mənim və qalanın rəsmi komendantı Ştokviçin imzası qoyulurdu.
Günlər ötdükcə, qarnizonda vəziyyət daha da pisləşdi. Yaralıların və ölənlərin sayı çoxaldı. Suxarının miqdarı olduqca azaldı. İnsanlar zəiflədilər, atlar qırılmağa başladı. İstilər daha dözülməz oldu. Su əldə etmək xeyli çətinləşdi. Tranşeyin çaya çıxış yerində türk əsgərləri dururdular. Əgər bir qoçaq su içməyə gedirdisə, məhv olurdu. Bir qazança su neçə-neçə həyatı canlandırırdı. Və su içməyə gedənlərin meyidləri artıq tranşeyin çaya yaxın yerini elə iyləndirmişdi ki, suyu yaxına belə tutmaq mümkün deyildi. Bunun nəticəsində insanlar arasında müxtəlif xəstəliklər başladı və adamlar düşmən atəşindən çox, xəstəliklərdən ölməyə başladılar.
Bütün bu çətinliklərə, ağır vəziyyətə baxmayaraq, Bəyazidin müdafiəçiləri, əsl həqiqəti deyirəm, ruhdan düşmürdülər. Bunlar, əsasən, 30 nəfər zabit idi.
Bizim ailədə nadir hallarda yanlışlıq olardı. Podpolkovnik Paçeviç və bir neçə adam mənimlə söhbətlərində dəfələrlə deyirdilər ki, əgər təslim olmasaq, dəhşətli surətdə həlak olacağıq. Əlbəttə, mən belə bir sonluğun olacağını inkar etmirdim. Amma hər dəfə təkrar edirdim ki, Bəyazid qalasının təslim olmasına heç vaxt razı olmaram. Çünki müsəlmanam. Bilirəm ki, bunu əsas götürəcək, digər minlərlə səbəblər axtaracaqlar.
Səhv etmirəmsə, mühasirənin beşinci, yaxud altıncı günü idi, bir nəfər topçu zabit tələsik, qaçaraq yanıma gəldi. O, çox həyəcanlı idi.
– Polkovnik, qalanı təslim edirlər! – deyə o qışqırdı.
– Siz nə danışırsınız, necə yəni təslim edirlər?! – deyərək mən ilan sancmış adam kimi, yerimdən atıldım.
– Paçeviç ağ bayraq qaldırıb, artıq türk qoşunları qalanın ağzına toplaşıb, – deyə o, yenidən qışqırdı.
Bundan sonra mən həyətə qaçdım. Həyətdə zabitlər və əsgərlər toplaşmışdı. Gördüm ki, divara bərkidilmiş bir uzun ağacın ucuna bərkidilmiş ağ bayraq yellənir. Onun ətrafında isə Paçeviç və bir neçə zabit dayanıb.
– Ağalar, siz nə edirsiniz?! – deyə qışqırdım. – Buna görəmi biz and içmişik? Belə təslimlə özümüzü biabır edək?! Ayıbdır! Nə qədər ki, damarlarımızda bir damla qan var, biz padşah (çar) uğrunda vuruşmağa borcluyuq və Bəyazidi müdafiə etməliyik! Kim başqa cür hərəkət etməyi fikirləşirsə, o, satqındır. Mən əmr edəcəyəm ki, həmin adamı dərhal güllələsinlər! Rədd olsun ağ bayraq, atəş açın, uşaqlar!
Buna cavab olaraq ucadan “Ura!” səslərini və “Ölərik, təslim olmarıq!” sözlərini eşitdim.
Bir neçə dəqiqədən sonra bizim tərəfdən atəşlər açıldı və qalanın qapısını balta və daşlarla döyən türk qoşunları geri çəkildi. Yubanmadan rəqib tərəf də güllələri yağdırmağa başladı. Güllələr arı pətəyi kimi, vızıldayırdı. Podpolkovnik Paçeviç ağır yaralandı və ertəsi gün vəfat etdi. Öz gülləmiz, yaxud düşmən gülləsi dəymişdi, bunu qəti deyə bilmərəm. Çünki bu haqda müxtəlif fikirlər var idi. Ancaq Paçeviçi kürəyindən vurmuşdular…
Belə bir epizoddan sonra, elə bil ki, taleyin Bəyazid əzabkeşlərinə yazığı gəldi: leysan yağış yağdı. Həm su içmək, həm də ehtiyat su yığmaq imkanı yarandı. Bu suyu sonrakı günlər biz damla-damla işlədirdik. Günbəgün vəziyyətimiz pisləşirdi. Başqalarının keçirdiyi hisslər haqqında da uzun-uzadı danışmaq olardı. Qarnizonun rəhbəri kimi, mən həmin vəziyyəti mühakimə edə bilərdim.
Savaşın 25-ci günü idi ki, döşəyim daş piltələr üstünə sərdiyim paltom olurdu. Mənimlə yanaşı, eyni vəziyyətdə başından qranat kontuziyası almış oğlum huşsuz halda yatırdı.
Neçə gün idi, ac idim. Paltarım əynimdə, asılqanda oduğu kimi, yellənirdi. Bugünlərdə bizi acından ölməyə qoymayan, adamlarımdan birinin qəbiristanlıqdakı zibillikdən tapdığı türk peçenyeləri idi. Biz ikimiz həmin peçenyeləri bir həftə yedik. Amma aclıq və dəhşətli susuzluq idi. Biz ötən 8 gün ərzində suyu qurtumlarla içirdik. O da cəmi 2 butulka iylənmiş yağış suyu idi. Unutmayın ki, yayın ən qızmar vaxtları idi. Yazıq qarnizonun atları! Mən bir neçə dəfə üzülüb əldən düşmüş, az qala tanınmayacaq dərəcədə dəyişən atlarıma baş çəkirdim. Onlarsa bunun əvəzində yavaş-yavaş öz başlarını mənə tərəf uzadırdılar və qurumuş dillərini sorurdular. Onların tutqunlaşmış gözlərində elə yalvarış var idi ki, özümü saxlaya bilmirdim, gözlərimdən yaş tökülürdü. Onlar hamısı susuzluqdan yıxılırdılar və hamısının təpədən dırnağa əti yeyilirdi.
Mən heç vaxt ağlıma da gətirmirdim ki, rəqib tərəfdən döyüşü dayandırmaq xahişi edim. Ətrafda susuzluqdan ölənləri görəndə, qərara aldım ki, üstümdəki 6 min qızıl pulu İsmayıl paşaya təklif edim. Qoy o, heç olmasa, 1 günlüyə içməli suyu qalaya buraxsın. Paşa razılaşdı.
Mənim uğursuz və yerinə düşməyən su almaq cəhdim qarnizonda vəziyyəti dəyişdirdi. Elə bil ki, insanların sifəti işıqlanmışdı. Bu arada İsmayıl paşanın yenə bir kürd elçisi gəldi. O, bir vaxtlar rus təəbəsi olmuşdu. Müharibə başlayanda isə türklərin tərəfinə keçmişdi. Bu satqın öz yalançılığı ilə məni hiddətləndirdi. Məktubu verməklə kifayətlənmədi, ucadan çığırmağa başladı ki, sizin sayılası günləriniz qalır:
– Öz aramızda, paşa yaxşı bilir ki, insanlar burada milçək kimi qırılırlar. Əgər təslim olmasanız, iki gündən sonra sizin boynunuza kəndir keçirəcəklər.
– Əvvəlcə mən sənə göstərəcəyəm ki, bütün satqınların axırı necə olur, – deyə cavab verdim və əmr etdim ki, onu assınlar.
Əmr dərhal yerinə yetirildi.
28 iyunda səhər çağı Çınqıl təpəliyindən bizə tərəf hərəkət edən rus qoşunu göründü. Ayın 12-də olduğu kimi, az deyildi. Bütün İrəvan dəstəsi qardaşım Kalbalı xanın rəhbərliyi ilə Bəyazid qalasına yaxınlaşırdı.
Hər iki tərəfdən onlarla top guruldadı, on minlərlə tüfəng səsləri şaqqıldadı. Qanlı döyüş gedirdi. Elə bir döyüş ki, bunu heç bir sözlə təsvir edə bilmirəm.
Bu “musiqi”nin altında axşamüstü saat 5-də Bəyazid əzabkeşləri, nəhayət, qala qapılarını açdılar. Öz silahlı qardaşları ilə qucaqlaşdılar. Azadlığa çıxdıqlarına görə dua edənlər və hönkürtü ilə ağlayanlar da vardı. Mənim yaddaşımda qalan əsas bunlardır…
Biz Bəyazid qalasını müdafiə etməklə bütün İrəvan dəstəsinə böyük xidmət göstərdik. Bəyazid müharibəsi Terqukosovun ucbatından baş vermişdi. Çoxlu sayda türk qoşunları onun dəstəsini izləyirdi. Onların 5 mininin başı Bəyazid döyüşlərinə qarışdığından, Terqukosov xilas ola bilmişdi.
Bəyazid müdafiəçilərini Baş komandan yüksək qiymətləndirdi. İqdırda keçirilən paradda arıqlayıb əldən düşmüş döyüşçüləri özünə yaxın buraxdı. Əmr etdi ki, bütün İrəvan dəstəsi “fəxri qarovul”da dayansın və bayraqları aşağı salsınlar.”
Musa Rəhimoğlu (QULİYEV)
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun böyük elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru