ABŞ-Azərbaycan münasibətlərindəki gərginliyi kimlər yaradır?
Cənubi Qafqazın geosiyasi əhəmiyyəti haqqında müxtəlif təhlillər aparılıb, proqnozlar verilib
"Xeberinfo.com": Məlumata görə, bu region indi böyük bir məkanda sabitlik və inkişafa ciddi təkan verə bilər. Lakin təəssüf ki, son vaxtlar ABŞ-ın bir sıra dairələri Azərbaycana qarşı qondarma ittihamlar irəli sürürlər. Onlar faktları təhrif edərək, ölkə haqqında həqiqətdən uzaq olan fikir formalaşdırmağa çalışırlar. Bunun kökündə hansı məqamların dayandığı çox maraqlıdır. Bakı həmişə Vaşinqtonla səmimi münasibətlər qurub və onu indi də davam etdirir. Deməli, problemin mənbəyini qarşı tərəfdə axtarmaq lazımdır. Bu zaman meydana düşündürücü məqamlar çıxır.
Xarici siyasətin qüsurları: Vaşinqton ardıcıl deyil
Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi böyük geosiyasi güclərin maraq dairəsindədir. O cümlədən ABŞ-la münasibətlər hazırda aktuallıq kəsb edir. Təəssüf ki, Amerikanın bir sıra məmur və ekspertləri iki ölkə arasındakı əlaqələrin əhəmiyyətini sona qədər dərk etmir və əsassız fikirlər irəli sürürlər. Hətta Dövlət Departamentində çalışan vəzifə sahiblərindən uydurma ittihamlar eşidilir. Onlar, əsasən, Azərbaycanda insan haqlarının, söz azadlığının məhdudlaşdırıldığından və demokratik qaydaların təmin olunmadığından danışırlar.
Bu vəziyyəti iki aspektdə qiymətləndirmək olar. Birincisi, problem bütövlükdə Vaşinqtonun xarici siyasətindəki qeyri-müəyyənlikdən qaynaqlanır. İkincisi, Qərbdə müəyyən dairələri var ki, müxtəlif səbəblərdən (məsələn, erməni lobbisi ilə yaxınlığa və ya hansısa qüvvənin enerji maraqlarına görə) Azərbaycanın beynəlxalq aləmdə mənfi obrazını yaratmağa cəhd edirlər.
Amerikanın xarici siyasətində müəyyən qaranlıqların olması və bu siyasətin sistemsizliyi haqqında mütəxəssislər fikir bildirirlər. Z.Bjezinski "İkinci şans: üç prezident və Amerika fövqəldövlətinin böhranı" adlı kitabında bu məqama toxunub. O qeyd edir ki, ABŞ-ın üzərinə dünya liderliyini həyata keçirmək məsuliyyəti düşür. Lakin hazırda bunu reallaşdırmağa imkan verən məqsədyönlü xarici siyasət kursu yoxdur. Belə ki, rəsmi Vaşinqton "problemdən problemə" müdaxilə əsasında fəaliyyət göstərir.
Bu cür fəaliyyət isə dünyanın müxtəlif regionlarında münaqişələrin, ixtilafların və silahlı toqquşmaların meydana gəlməsinə imkan yaradır, terror dalğasının geniş vüsət almasına səbəb olur. Çünki problemdən problemə keçid taktikası mənzərəni bütöv şəkildə görməyə mane olur. O zaman ədalətli və səmərəli məqsəd müəyyənləşdirmək də çətinləşir. İstər-istəməz mövcud problemlərdən öz marağı üçün istifadə etmək arzusu yaranır.
Yaxın Şərq və Cənubi Qafqaz nümunəsində bunu aydın görmək olar. İraq, Suriya, Liviya, Misir hadisələri göstərdi ki, rəsmi Vaşinqton çox ziddiyyətli addımlar atır. O, özünə sərfəli olanda, qətiyyətli olur. Məsələn, Liviya dərhal bombalandı. Misirdə qanuni seçilmiş prezidenti devirənlərə qarşı tərəddüd edildi. Suriyada Amerikanın konkret nə istədiyi hələ də tam bəlli deyil. İraqda sabitliyin olmaması və terrorun tüğyan etməsi birbaşa ABŞ-ın yanlış siyasətinin nəticəsidir. İndi orada nə dövlətin təhlükəsizliyinə təminat var, nə də terrorun qarşısını almaq mümkündür.
Həmin regionda bu cür proseslərin getməsi bütövlükdə çoxlu sayda xalqları fəlakət qarşısında qoyub. Hər an Yaxın Şərqdə regional müharibə baş qaldıra bilər. Ən təhlükəlisi isə budur ki, bu bölgə dünyanın müxtəlif regionlarına "terror ixrac edən məkan"a çevrilib. Bu qədər təhlükələr meydana gətirən xarici siyasət yürüdən bir ölkə necə dünya lideri ola bilər?
ABŞ-ın xarici siyasəti Cənubi Qafqazda da xeyli çətinliklərlə üz-üzə qalıb. Burada ikili standartlar özünü açıq göstərir. Sözdə beynəlxalq hüququn qaydalarına əməl etməkdən, obyektivlikdən, demokratiyadan və ədalətdən danışırlar, lakin uzun müddətdir ki, kiçik bir ölkə olan təcavüzkar Ermənistanı cilovlamırlar. Özü də nəzərə alaq ki, Ermənistan geosiyasi cəhətdən xarici qüvvələrdən asılı vəziyyətdədir. Onun müstəqil qərar qəbul etmək üçün gücü yoxdur. Qərbin belə bir ölkəyə gücü çatmır?
Səmimilik: ABŞ-ın buna ehtiyacı var
Əlbəttə, çatır və hətta qısa müddətdə onu zərərsizləşdirə bilər. Bunun əvəzində İrəvana nəvaziş göstərilir və Dağlıq Qarabağdakı separatçılara hər il milyonlarla dollar yardımlar edilir. Təsəvvür edək ki, hansısa müsəlman dövləti İŞİD-ə yardım göstərsin! Vaşinqton dərhal hay-küy salar və xeyli ittihamlar irəli sürər. Özü isə erməni terrorunun ayaq tutub yeriməsinə müxtəlif bəhanələrlə dəstək verməkdədir.
Bu dövlətin ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyəti də qənaətbəxş deyil. İndiyə qədər rəsmi Vaşinqton bir dəfə də olsun işğalçıdan qəti surətdə Azərbaycan torpaqlarından çıxmasını tələb etməyib.
Amerika Gürcüstan və ya Ukraynanın ərazi bütövlüyünün pozulmasına sərt reaksiya verdi. Yalnız sözdə deyil, reallıqda konkret addımlar atdı. ABŞ indi də Gürcüstanın müstəqilliyinin təmin edilməsində ciddi rol oynayır. Ukrayna ilə bağlı isə Rusiya kimi böyük dövlətlə qarşı-qarşıya gəlməkdən çəkinmir. Tətbiq etdiyi sanksiyalarla bu ölkəni diz çökdürməyə çalışır.
Bunların fonunda Ermənistana güzəştə gedilməsi böyük ədalətsizlikdir. Təəssüf ki, bu istiqamətdə vəziyyətdə dəyişiklik hiss olunmur. Görünür, ABŞ xarici siyasətində ciddi dəyişikliklər etməsə, ziddiyyətli məqamlar və sistemsizlik qalacaq. Bunlara görə bütövlükdə Cənubi Qafqazda vəziyyətin sabitləşməsi çətin olacaq.
Rəsmi Vaşinqtonun xarici siyasətində özünü göstərən həmin faktorlarla yanaşı, başqa ölkələrin daxili işlərinə qarışmaq cəhdi də reallıqdır. Son dövrlərdə T.Malinovski, D.Kramer kimi adamlar Azərbaycanla əlaqəli əsassız fikirlər ifadə etməklə növbəti dəfə yuxarıdakı tezisin doğruluğunu sübut etdilər. Onlar vətəndaşı olduqları ölkənin daxilində baş verən insan haqlarının pozulması hallarından danışmaq əvəzinə Azərbaycandakı proseslərə "qiymət" verməyə can atırlar. ABŞ indi daxili mühitində ziddiyyətlərin artığı bir ölkəyə çevrilib. Bu proses getdikcə güclənir və elə bir həddə çata bilər ki, bütövlükdə dövlət çətin vəziyyətə düşər. Amerikalılar bunun üzərində niyə düşünmürlər? Görünür, onlar liderlik iddiasına o qədər aludə olublar ki, daxili nöqsanları görə bilmirlər. Etiraf edək ki, bu, böyük qüsurdur.
Bunlar onu göstərir ki, ABŞ-Azərbaycan münasibətlərinin aktuallığını Vaşinqtonda daha çox anlamalıdırlar. Azərbaycan tərəfi həmişə ədalətli, sülhpərvər və bərabərhüquqlu əməkdaşlıq mövqeyində dayanır. Onun beynəlxalq hüquq qaydalarına tam sadiqlik göstərdiyinə şübhə yoxdur. Bakı müxtəlif enerji layihələrində aktiv iştirak edir, Şimali Atlantika Alyansının təşəbbüslərinə qatılır, terrora qarşı mübarizədə aktiv iştirak edir. Bütün bunlar adi faktlar olmayıb, Cənubi Qafqazın lider dövlətinin həyata keçirdiyi ardıcıl və sistemli xarici siyasətin tərkib hissələridir.
Burada bir həqiqəti də vurğulamaq gərəkdir. Dünyanın böyük dövlətləri Cənubi Qafqazda Azərbaycan kimi bir ölkənin müstəqilliyini əhəmiyyətli hadisə kimi qəbul etməlidirlər. Çünki məhz bu dövlət regional sabitliyin və əməkdaşlığın aktiv iştirakçısıdır. Təcrübə göstərir ki, regionun müstəqillik əldə etmiş digər dövlətləri bu kontekstdə səmərəli fəaliyyət göstərə bilmirlər. Azərbaycan burada marağı olan bütün böyük dövlətlərlə normal və tarazlaşdırılmış siyasət qura bilib.
Bu deyilənlərdən mühüm bir nəticə hasil olur: ABŞ-Azərbaycan münasibətləri Cənubi Qafqazın sabitliyində çox ciddi rol oynaya bilər. Əgər bu məsələdə hansısa çətinlik varsa, bunun məsuliyyət rəsmi Vaşinqtonun üzərinə düşür. Maraqlıdır, nəyə görə Amerika bunları bilərək regionda ədalətə deyil, ikili yanaşmalara əsasən davranır? Bəlkə burada xaosun hökm sürməsində onun özünün marağı var?
Əgər doğrudan da belədirsə, çox təəssüf etmək olar. Çünki olduqca həssas olan müasir dünyada bütün dövlətlərin təhlükəsizliyi bir-birinə bağlıdır. O cümlədən özünü lider hesab edən ölkə belə təhdidlərdən sığortalanmayıb. Müəyyən zamanda dağıdıcı qüvvələr onun da daxilində xaos yarada bilər. Təhlükəsizlik məsələsində yalnız kiçik dövlətlər maraqlı deyillər. Böyük güc sahibləri bu işdə daha çox məsuliyyət daşıyırlar. Bu səbəbdən Azərbaycanın daxili işlərinə qarışmaq əvəzinə onunla səmimi əməkdaşlıq kursunu seçmək bütün tərəflərə sərfəlidir.(Newtimes.az)