Türkiyə yüksələcək, Rusiya çökəcək, Çin lider ola bilməyəcək…
Yeni ilin gəlişi ilə dünyanın geosiyasi gələcəyi ilə bağlı verilən proqnozlara diqqət daha da artıb.
Xeberinfo.com: Keçən ilin fevral ayında ABŞ-ın “Stratfor” özəl kəşfiyyat-analitik mərkəzi 2015-2025-ci illər üçün dünyanın bütün regionlarında cərəyan edən hadisələrlə bağlı bir sıra proqnozlar verib. Müəlliflərin təhlilləri və irəli sürdükləri tezislər maraq doğurur. Təbii ki, onları “olacaqlar” kimi qəbul etmək düzgün deyil. Ancaq bu təhlillər indi müşahidə edilən geosiyasi proseslərin yaxın perspektivdə meydana çıxara biləcəyi problemlər haqqında təsəvvürlərin formalaşmasında əhəmiyyətli informasiya qaynağı hesab oluna bilər. Bu kontekstdə bizi Avrasiya məkanı ilə bağlı müəlliflərin mövqeyi maraqlandırırdı. Həmin məsələ üzərində düşünməyə ehtiyac olduğu qənaətindəyik.
Yeni mürəkkəblik səviyyəsində qarşıdurmalar və əməkdaşlıq perspektivləri
2016-cı ilin gəlişi ilə analitiklər yaxın 5-10 il müddətində dünya miqyasında geosiyasi prosesləri proqnozlaşdırmağa çalışırlar. “Stratfor” analitik mərkəzi də öz təhlillərini hələ bir neçə ay əvvəl təqdim edib. Lakin indi müşahidə edilən geosiyasi proseslərin fonunda onlar çox aktual təsir bağışlayır.
Müəlliflər qlobal siyasətə geniş aspektdə yanaşaraq müxtəlif regionlarda baş verə biləcək dəyişikləri ayrıca təqdim ediblər. Biz bu yazıda Avrasiya məkanı ilə bağlı həmin mərkəzin təhlillərinə və proqnozlarına diqqət yetirməyə çalışacağıq.
Yaxın 10 ildə dünya miqyasında ciddi geosiyasi dəyişikliklərin olacağı ilə bağlı əksər analitiklər fikir bildiriblər. Henri Kissincer də son müsahibələrinin birində dünyanın “yeni mürəkkəblik səviyyəsinə” qalxdığını xüsusi qeyd edib. O, daha çox Yaxın Şərqdə gedən proseslərdən narahat olduğunu bildirib. Lakin bütövlükdə dünyanın əksər regionlarında təşviş doğuran hadisələrin baş verdiyini vurğulayıb. Onların bir-birindən fərqlənməsinin ortaq mövqeni formalaşdırmağa mane olduğuna diqqət yetirib. Tanınmış analitik burada yaxın perspektivdə qlobal geosiyasi prosesləri tənzimləmənin vahid meyarlarını müəyyənləşdirməyin çox çətin olacağını ifadə edib.
Maraqlıdır ki, “Stratfor”un təhlillərində də bu məntiq özünü göstərir. Müxtəlif bölgələrdə çoxlu sayda qeyri-müəyyən proseslərin meydana gələcəyi vurğulanır və bunların mümkün nəticələrini öncədən proqnozlaşdırmağın xeyli mürəkkəb olacağı xüsusi qeyd edilir. Bu prizmadan Avrasiya məkanında da kifayət qədər mürəkkəb dinamikalı hadisələrin cərəyan edəcəyi təxmin edilir.
Burada proseslərin mərkəzində Rusiya Federasiyası dayanır. “Stratfor”un ekspertləri hesab edirlər ki, yaxın 10 ildə Rusiyanın indiki formada mövcud olması ehtimalı yüksək deyil. Müəlliflər bununla bağlı yazırlar: “…biz Rusiya Federasiyasının indiki formada 10 il də mövcud ola biləcəyini düşünmürük. Təbii xammalın ixracatından yüksək asılılıq və neftin qiymətinin qeyri-müəyyənliyi Moskvaya ölkənin bütün ərazisində dövlət institutlarını saxlamağa imkan verməyəcək. Biz Moskva hakimiyyətinin ciddi surətdə zəifləyəcəyini gözləyirik…”.
Bu cür gedişat iki məsələni Avrasiya məkanında aktuallaşdıra bilər. Birincisi, nüvə silahlarına nəzarəti zəiflədər ki, bundan da müxtəlif radikal qruplar faydalanmağa çalışa bilər. Beynəlxalq ictimaiyyətin bu hala hazırlığı yox dərəcəsindədir. O cümlədən Qərb nüvə silahlarını nəzarətdə saxlamaq mexanizminə malik deyil. Bu səbəbdən Avrasiya məkanında təhlükələr arta bilər.
İkincisi, Rusiyaya yaxın ərazilərdə proseslər böyük bir geosiyasi məkanda risklərin çoxalmasını stimullaşdıra bilər (bax: əvvəlki mənbəyə). Polşa, Macarıstan və Rumıniya itirdikləri torpaqları geri tələb edə bilərlər. Şimali Qafqazda Rusiyanın hökmranlığı zəifləyər, Mərkəzi Asiyada qeyri-sabitlik baş qaldırar. Kareliya Finlandiyanın tərkibinə qayıtmağa cəhd edər. Uzaq Şərq regionları isə daha çox Yaponiya, Çin və ABŞ-a meyllənə bilərlər. “Stratfor” yazır: “Əsas ideya belədir: Moskvaya qarşı üsyan olmayacaq, əksinə, zəifləyən Moskva özündən sonra boşluq qoyacaq”.
Geosiyasi konfiqurasiyaların dəyişməsi: qeyri-müəyyənlik azalırmı?
Burada boşluq dedikdə, müəlliflər Rusiya Federasiyasının ayrı-ayrı “fraqmentlərə bölünməsini” nəzərdə tuturlar. Təbii ki, bunlar bir analitik mərkəzin mövqeyidir. Lakin proseslərin böyük bir geosiyasi məkanda ciddi böhrana aparıb çıxara biləcəyini unutmaq olmaz. Yuxarıda vurğuladığmız kimi, nüvə silahı terrorçuların əlinə keçə və yaxud etnik-dini ixtilaflar təhlükəli həddə çata bilər. Buna qarşı hansı tədbirlərin görülə biləcəyi barədə mərkəz konkret fikir söyləyə bilmir. Yalnız “çox ağır durumun ortaya çıxacağı” vurğulanır.
Bütün bunların fonunda Türkiyə ilə bağlı “Stratfor”un proqnozları maraq kəsb edir. Avrasiya məkanının mühüm ölkələrindən hesab olunan Türkiyənin yaxın 10 ildə regionun böyük dövlətinə çevriləcəyi proqnozlaşdırılır. Onun Rusiya və İranla münasibətlərinin kəskinləşəcəyi haqqında yazırlar. Xüsusilə Tehran-Ankara xəttində gərginlik yeni səviyyəyə yüksələ bilər. Bunun hətta açıq hərbi ixtilaf formasını da ala bilməsi istisna olunmur.
Lakin “Stratfor” hesab edir ki, Türkiyə İran və Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq üçün qapıları açıq saxlamağı bacaracaq. Müəlliflər bu kontekstdə vurğulayırlar: “Türkiyə-İran rəqabəti zaman keçdikcə yalnız şiddətlənəcək. Ancaq Türkiyə Tehran və Ər-Riyadla əməkdaşlıqdan imtina etməyəcək. Situasiyanın dinamikasından asılı olmayaraq, Türkiyə baş verənlərin mərkəzində olacaq” (bax: əvvəlki mənbəyə). Çox müxtəlif hadisələrin baş verəcəyi gözlənilir.
Belə ki, indi hər tərəfdən ərəb ixtilafları ilə əhatə olunan Türkiyə gec və ya tez münaqişələrə cəlb olunacaq. Buraya Qara dəniz və Xəzər hövzəsində mövcud olan münaqişələri də əlavə etmək lazımdır. Hələlik Türkiyə bütün istiqamətlərdə müstəqil siyasət yeritməyə hazır deyil. Bu səbəbdən Ankaranın Vaşinqtonla əməkdaşlığa üstünlük verməsi ehtimalı yüksəkdir. Bu isə Gürcüstan və Azərbaycanla münasibətlərə xüsusi məzmun verəcək. Həmin ölkələrin təhlükəsizliyinin təminində müsbət əlamətlər qeydə alınacaqdır.
Yaxın Şərqdə qeyri-sabitliyin güclənməsinə qarşı Türkiyə müxtəlif çevik koalisiyalar yarada bilər ki, bu da Ankaranın Şimali Afrikaya qədər nüfuz dairəsini genişləndirməsinə imkan yaradar. Lakin Türkiyənin problemləri yalnız Yaxın Şərqlə məhdudlaşmayacaq. Rusiyanın zəifləməsi fonunda avropalılar türklərin ənənəvi nüfuz dairəsində olan məkanlara təsir göstərməyə çalışa bilərlər. Buna misal olaraq, Qara dəniz ətrafı və Balkanları göstərmək mümkündür. Buna qarşılıq Ankara siyasi və iqtisadi təsir mexanizmlərindən və çox zəif formada hərbi gücdən istifadə edə bilər. Nəticədə, Türkiyə “Balkanlarda yeganə böyük güc halına gələr”.
Bütün bunların yekunu olaraq, Türkiyə öz daxilində dünyəviliklə dini dünyagörüşünün sintezini yarada bildiyi halda, regionun ən güclü dövlətinə çevrilə biləcəkdir. “Stratfor”un analitikləri hesab edirlər ki, bütün hallarda Türkiyə regionda lider olacaq.
Avrasiya məkanında Çin faktorunu da arxa plana atmaq mümkün deyil. Analitik mərkəz hesab edir ki, Pekin yaxın 10 ildə xeyli güclənəcək, lakin dünya lideri ola bilməyəcək. Bunun əsas səbəbi isə Çində iqtisadi inkişaf tempinin aşağı düşməsi və rəsmi Pekinin daha sərt idarəetmə mexanizmi tətbiq etməyə başlaması olacaq. Həmin əsasda Pekinin Avrasiyadakı proseslərə təsirinin artacağı proqnozlaşdırılır, lakin Uzaq Şərqdə Yaponiyanın lider olması ehtimalı daha böyükdür. (Newtimes.az)