“Azərbaycanlılar bizim postu ələ keçirdi və mən təcili Ağdərəyə qayıtdım” –DİNDİRİLMƏDƏN DETALLAR
“2008-ci ilin fevral ayının 29-dan mart ayının 1-nə keçən gecə Ağdərənin ön xətt mövqelərindən birində gərginlik baş verdi. Azərbaycanlılar bizim postu ələ keçirdi və mən təcili Ağdərəyə qayıtmışam. Mən gecə saat 3 radələrində İrəvandan qayıdarkən növbətçidən daxil olan zəngi qəbul etdim”.
Yenixeber.org: 2008-ci ildə Ermənistanın işğal altında olan Qarabağdakı “hərbi birləşməsi”nin 10-cu dağ atıcı diviziyasının komandiri Kamo Vardanyanın “1 Mart” hadisələrinə görə verdiyi ifadəni təqdim edir:
Şahid qismində mənim hüquqlarım və vəzifələrim izah edilib. Vəkilin iştirakında dindirilmək istəmirəm. Mənə hansı cinayət işi üzrə dindirilməyə çağırıldığım izah edilib və bu barədə sualları cavablandıracağam. 1992-ci ilin sentyabr ayından indiyədək “hərbi birləşmə”də qulluq edirəm. Müxtəlif vəzifələrdə olmuşam. 2013-2017-ci illərdə isə “hərbi birləşmə”nin Qərargah rəisi vəzifəsində olmuşam. Daha sonra Moskvada Baş Qərargahın akademiyasının dinləyicisi olmaqla, hazırda akademiyanın ikinci kursunda oxuyuram, general-mayor hərbi rütbəsi daşıyıram. 2008-ci ildə “hərbi birləşmə”nin tərkibindəki 10-cu dağ atıcı diviziyanın komandiri olmuşam. Həmin vəzifəni 2007-2013-cü illər ərzində icra etmişəm.
Verilən sullarla bağlı bildirirəm ki, 2008-ci ilin fevral ayının 22-də “hərbi birləşmə”nin komandiri Movses Hakopyanın təlimatı ilə Ermənistan prezidentinin iqamətgahında keçiriləcək müşavirədə iştirak etmək üçün, onunla bərabər İrəvana gəlmişəm. Gecə Qarabağdan çıxaraq, İrəvana gəlmişik və müşavirə fevral ayının 23-də baş tutub. Bizimlə bərabər İrəvana hərbi birləşmə komandirinin müavini Samvel Karapetyan (Oqanovski) və 18-ci diviziyanın komandiri Kamo Ağacanyan da gəlib. Hamımız bir avtomobildə gəlmişik. Müşavirə Bağramyan 26 ünvanında saat 11:00 radələrində başlayıb.
Müşavirədə hərbçilər, Ermənistan Milli Təhlükəsizliyinin və polisinin əməkdaşları, bütün komandir heyəti daxil olmaqla, 50-yə yaxın şəxs iştirak edib. İştirak edənlərdən Ermənistan Müdafiə naziri Mikayel Harutyunyanı, onun müavinlərini, Ermənistan SQ Baş Qərargah rəisi Seyran Ohanyanı xatırlayıram. Müşavirəni Ermənistan prezidenti Robert Köçəryan keçirib, Baş nazir Serj Sarkisyan da iştirak etsə də, heç bir şey deməyib.
Robert Köçəryan çox sərt tonda danışıraq deyib ki, ölkədə daxili siyasi vəziyyət sabit deyil. Xatırlamıram, deyəsən Yeranosyan Lyovaya, yoxsa başqa bir şəxsə xitab edərək, dedi ki, gedib Manvel Qriqoryana desinlər ki, könüllüləri (yerkrapahçıları) Yerkrapah birliyinin binasından dağıtsın və öz xidmətinə qayıtsın. Köçəryan müşavirə zamanı deyirdi ki, ölkədə gərgin vəziyyət yaranıb, bu yolverilməzdir, elə etməliyik ki, vəziyyət qaydaya düşsün, daxili siyasi həyat öz axarına qayıtsın. Həmin dövrdə Ermənistanda mitinqlər keçirilirdi. Mitinqlərin keçirilməsinə səbəb 2008-ci ilin 19 fevral tarixində baş tutan seçkilərdən sonra prezidentliyə namizəd Levon Ter-Petrosyan tərəfdarlarının seçkinin nəticələrini qəbul etməməsi və bu nəticələrin saxtalaşdırılmasını iddia etmələri idi. Çox sayda insan İrəvanın azadlıq meydanında mitinq keçirirdi. Köçəryan məhz bunu nəzərdə tutaraq qeyd edirdi ki, ölkənin daxili siyasi vəziyyəti sabit deyil, nümayişlər keçirilir, gərginlik var, elə etməliyik ki, vəziyyət sabitləşsin.
Prezidentin dediyi konkret kəlmələri xatırlamıram, lakin bu müşavirənin məzmunu məhz bundan ibarət idi. Anladığımız qədər prezident Manvel Qriqoryandan narazı idi. Ehtimal edilir ki, Qriqoryanın yaranmış vəziyyətlə bağlı fərqli fikirləri vardı və bir neçə tərədarını Yerkrapah birliyinin binasında toplamışdı. Bizim hamımızın iştirakında prezident Qriqoryandan nizam-intizama gəlməyi tələb etdi. Müşavirə çox qısa, təqribən 15-20 dəqiqə ərzində keçirilib. Prezident qeyd edirdi ki, belə bir vəziyyət yolverilməzdir.
Bundan sonra Hakopyan bizə İrəvanda qalmağa dair göstəriş verdi. Ona görə ki, Qarabağdan İrəvana qoşun göndərilməli idi. Prezident yanındakı müşavirədən sonra Hakopyana belə bir əmr verildiyi məlum idi. Ola bilər ki, bu göstərişi Ermənistan Müdafiə naziri verib, konkret məlumatım yoxdur.
Hakopyan dedi ki, Ermənistan Müdafiə nazirinin əmri əsasında Qarabağdan İrəvana qoşun gətirilməlidir. O, özü bu məsələ ilə məşğul olmaq üçün Xankəndinə gedir.
Daha sonra Qarabağdakı “hərbi birləşmə”dən daxil olan əmrə əsasən 10-cu dağ atıcı diviziyanın bölmələrindən müvafiq sayda şəxsi heyət İrəvana göndərilib. Artıq məsələdən 10 il keçdiyinə görə, konkret xatırlamıram neçə nəfər olduğunu, təqribən 100 nəfər olub. Göndərilənlərin hamısı zabit, gizir və müqaviləli hərbi qulluqçular olub. Seçilən qoşun diviziyanın idarə heyətinin hərbi hissələrinin kəşfiyyat və ümumqoşun tərkibindən təşkil edilib. Döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyət postlara getməyib, digər hərbi qulluqçularla əvəz olunub. İrəvana göndərilən şəxsi heyət təxminən 20 ay orada qalıb. Diviziya tərkibindən yaradılmış seçmə bölmənin başçısı olaraq, müavinim Mikayel Arzumanyanı təyin etmişəm. Qeyd edim ki, xatırladığım qədər Mikayel Harutyunyan tərəfindən verilən əmrə əsasən “hərbi birləşmə” komandiri tərəfindən əmr verilib və həmin əmr əsasında qoşun İrəvana göndərilib. Mən seçmə taborun tərkibinə daxil edilməmişəm və diviziyaya qayıtmalı idim. Sadəcə bir neçə gün qoşunu yerləşdirmək üçün İrəvanda qalmışam. Ümumi təşkil edilmiş taborun tərkibi xatırladığım qədər 300 hərbi qulluqçudan ibarət olub.
Onlar ümumi kolonla 2008-ci ilin 23 fevral tarixində İrəvana gəliblər. Qoşun İrəvan şəhərinin Çarbax məhəlləsində yerləşən Ermənistan MN-in mərkəzi çağırış məntəqəsində yerləşib. Seçmə taborun komandiri “hərbi birləşmə” komandirinin müavini Samvel Karapetyan təyin edilib. Mərkəzi çağırış məntəqəsində hərbi qulluqçular kazarmalarda yerləşdirilib. Onlar öz ştat silahları, döyüş mərmiləri, tam döyüş dəsti ilə gəliblər. 10-cu diviziyadan seçmə taborun tərkibinə, həmçinin polkovnik Mxitar Avşaryan da daxil edilib. Avşaryan mənim müavinim olub, digərləri isə aşağı vəzifə tutan zabit və gizirlər olublar. Qoşun adi səhra geyimində olub. Hərbi qulluqçular mərkəzi çağırış məntəqəsinə “hərbi birləşmə”nin maşınları ilə gəliblər. Mən mərkəzi çağırış məntəqəsində deyil, İrəvanın “Hrazdan” mehmanxanasında olmuşam. Bir iki gecə də Şirak mehmanxanasında yerləşmişəm. Əgər səhv etmirəmsə, Samvel Karapetyan da həmin dövrdə çağırış məntəqəsində qalmırdı, müxtəlif yerlərdə gecələyirdi.
Həmin vaxt dostum insult keçirmişdi, xəstəxanada yatırdı. Buna görə də İrəvanda bir neçə gün artıq qalmışam. Əks halda elə 24-25 fevral tarixində Qarabağa qayıdardım. Mərkəzi çağırış məntəqəsində qoşun xüsusi bir şeylə məşğul olmayıb, orada gözləmə vəziyyətində olub. İki dəfə Qarabağdan gələn şəxsi heyətə baş çəkmişəm, onların vəziyyəti ilə maraqlanmışam, hər şey normal görünürdü. Konkret əmrlər verilənədək gözləmək tapşırılmışdı. 2008-ci ilin fevral ayının 29-dan mart ayının 1-nə keçən gecə Ağdərənin ön xətt mövqelərindən birində gərginlik baş verdi. Azərbaycanlılar bizim postu ələ keçirdi və mən təcili Ağdərəyə qayıtmışam. Mən gecə saat 3 radələrində İrəvandan qayıdarkən növbətçidən daxil olan zəngi qəbul etdim.
Bir daha həmin hadisələrlə bağlı İrəvana qayıtmamışam. Bundan sonra daha bir seçmə tabor İrəvana göndərilib. Bu artıq dəqiq xatırlamasam da mart ayının 5-6-da baş verib. Bununla bağlı eyni qaydada əmr verilib. Qeyd edim ki, qoşunun bütün fəaliyyəti, hərəkəti müvafiq əmrlər əsasında baş tutub, əmr olmadan bu prosesi təşkil etmək mümkün deyildi. Bu əmrlər “hərbi birləşmə” komandiri tərəfindən verilib. Qoşunların istənilən hərəkəti əmrləşdirilir.
Sual: Deyin, Qarabağdan Ermənistana gələn hərbi qulluqçular qarşısında hansı tapşırıqlar qoyulmuşdu. Niyə bu sayda hərbi qulluqçunu İrəvana göndərmisiniz?
Cavab: Biz müvafiq əmrlərin tələblərini yerinə yetirmişik. Qoşun qarşısında konkret tapşırıq qoyulmayıb. Deyilib ki, xüsusi göstəriş olanadək gözləyin. Konkret mənim bu seçmə taborla əlaqəm olmayıb. Taborun öz komandanlıq heyəti vardı. Sadəcə şəxsi işlərimlə əlaqədar İrəvanda qalmışdım və mənim diviziyam tərkibindən İrəvana gətirilən hərbi qulluqçulara qarşı laqeyd ola bilməzdim. Buna görə də mərkəzi çağırış məntəqəsinə gedərək şəxsi heyətə bir neçə dəfə baş çəkmişəm. Artıq qeyd etdiyim kimi, həmin vaxt Ermənistanda 2008-ci ilin fevral ayının 19-da baş tutan prezident seçkiləri ilə bağlı mitinqlər keçirilirdi. Əhalinin bir hissəsi nümayişlər keçirirdi və mənim fikrimcə qoşunları İrəvana ictimai asayişin qorunub saxlanması məqsədi ilə gətirilib. Mənim təsəvvürümə görə bizi İrəvana bina və tikililəri mühafizə etməyə, qəfil gərginlik və toqquşmaların qarşısını almağa görə göndərmişdilər. Mən daha sonra bilmişəm ki, 1 Mart tarixində şəxsi heyət Ermənistan hökumətinin binasına köçürülüb, orada qalıb və bununla da onlar şəhərə çıxmayıblar. Nümayişlər zamanı şəxsi heyət çöldə xidmət aparmayıb.
Sual: İstintaq zamanı “hərbi birləşmə” avtomobillərinin nömrə nişanları və şəxsi heyətin geyimlərinin fərqlənmə nişanlarının dəyişdirildiyi barədə informasiya əldə edilib. Bununla bağlı nə deyə bilərsiniz?
Cavab: Mənim məlumatım yoxdur. Qarabağdan gələn hərbi qulluqçuların məsələləri ilə mən məşğul olmamışam. Bizim şəxsi heyətin başçısı Arzumanyan idi. Ümumi qoşunun isə öz komandanlıq heyəti vardı.
Sual: Qarabağdakı hərbi birləşmənin tərkibindən təşkil edilən seçmə taborun heyətinin yalnız zabitlər və gizirlərdən ibarət olmasını nə ilə izah edərsiniz? İş üzrə əldə edilən informasiyalara əsasən seçmə tabor yalnız yerlilərdən təşkil edilib. Onun tərkibində yalnız Qarabağda yaşayan şəxslər təmsil olunub. Bununla bağlı nə deyə bilərsiniz?
Cavab: Mən əmrdə necə göstərildiyini xatırlamıram, lakin şəxsi heyətin seçimini əmrin tələblərinə əsasən həyata keçirmişəm. Müddətli xidmət hərbi qulluqçularının olmamasının göstərildiyi ehtimal edilir. Buna görə də bu cür hərəkət edilib. Mən qoşunun yalnız Qarabağda yaşayan zabit və gizirlərdən ibarət olduğunu iddia edə bilmərəm. Əgər belə olubsa, demək “hərbi birləşmə” komandanlığından bu cür təlimat verilib. Bunu dəqiq xatırlamıram.
Sual: Deyin, Qarabağın polis və təhlükəsizlik xidməti bölmələrinin əməkdaşları gəliblər, yoxsa yox? Onlar mərkəzi çağırış məntəqəsində qalıblar, yoxsa yox?
Cavab: Məlumatım yoxdur, heç bir şey deyə bilmərəm.
Sual: İbtidai istintaq zamanı əldə edilən məlumatlara görə, Qarabağdan Ermənistana gəlmiş “hərbi birləşmə”nin əməkdaşları, həmçinin Ermənistan prezidentinin iqamətgahında, konstitusiya məhkəməsinin binasında, daha sonra “Şirak” mehmanxanasında yerləşdirilib. Bu barədə nə bilirsiniz?
Cavab: Şirak mehmanxanasında 2 gün mən qalmışam. Mənimlə birlikdə sürücüm də həmin mehmanxada olub. O, Aprel döyüşlərində ölüb. Başqa hərbi qulluqçuların həmin mehmanxada qalıb-qalmadığından məlumatım yoxdur. Dindirmə zamanı qeyd edilən ərazilərdə Qarabağdan gələn “hərbi birləşmə”nin qalıb-qalmadığı barədə məlumatım yoxdur.
Sual: Deyin, hərbi qulluqçulara necə ərzaq veriblər. İstintaq yolu ilə əldə edilən məlumatlara görə, Qarabağdan gələn hərbi qulluqçulara orduya verilən ərzaqdan kifayət qədər fərqlənən qida məhsulları verildiyi bildirilir. Bu məlumatlara görə həmin ərzaq iş adamı Samvel Aleksanyan tərəfindən verilib.
Cavab: Məlumatım yoxdur. Mərkəzi çağırış məntəqəsindəki qoşunların ərzaq təminatı və digər məsələləri ilə məşğul olmamışam.
Sual: Deyin, Ermənistanın mərkəzi çağırış məntəqəsində, yaxud İrəvan şəhərinin digər ərazilərində Ermənistan prezidentinin iqamətgahında keçirilən müşavirədən sonra, Köçəryanı, Sarkisyanı, Harutyunyanı, Xaçaturovu, Ohanyanı görmüsünüz, ya yox?
Cavab: Harutyunyan bir dəfə, dəqiq gününü xatırlamasam da, mərkəzi çağırış məntəqəsinə gəlib. Onu cəmi bir dəfə görmüşəm. O, Qarabağdan gələn qoşunların vəziyyəti ilə maraqlanıb, başqa bir söhbətin iştirakçısı olmamışam, digərlərini görməmişəm. Qeyd edim ki, Xaçaturovu da görməmişəm, ancaq eşitdiyimə görə bilirəm ki, Karapetyanın rəhbərlik etdiyi seçmə tabor həmin dövrdə eyni zamanda İrəvan qarnizonunun komandiri olan Xaçaturova tabe idi.
Sual: Deyin, Qarabağdan İrəvana gələn “hərbi birləşmə”nin içərisində snayper olub, ya yox?
Cavab: Bəli, olub. Müxtəlif silah növləri olan hərbi qulluqçular İrəvana gəliblər.
Sual: Snayperlər niyə İrəvana gətirilib? Onlar hansı tapşırığı almalı idi?
Cavab: Mən deyə bilmərəm, əmr veriblər, biz də icra etmişik.
Sual: İbtidai istintaq zamanı 2008-ci ilin fevral ayında Qarabağdan İrəvana gələn hərbi qulluqçulara vaxtaşırı 25-30 min həcmində erməni dramı verildiyi haqqında informasiya əldə edilib. Bundan başqa Karapetyanın rəhbərlik etdiyi qoşunun tərkibindən 20 nəfər ayrıldığı və həmin şəxslərin zərurət olduğu halda xalqa atəş etməyə razı olduqları, bununla da İrəvan küçələrinə çıxdıqları, nümayişçilər istiqamətinə atəş açdıqları haqqında məlumat əldə edilib. Bu barədə nə deyə bilərsiniz?
Cavab: Heç bir şey deyə bilmərəm. Dindirmə zamanı bütün məqamlar mənə tanış deyil. Nə pul, nə də xalqın üzərinə atəş edən hərbi qulluqçular barədə eşitməmişəm. Bizim diviziyanın hərbi qulluqçuları Qarabağa qayıtdıqdan sonra deyiblər ki, onlar hər hansı atəş etməyiblər. Belə bir tapşırıq qoyulmayıb. Ayrıca qrupların təşkil edilməsi mümkünlüyü haqqında məlumatım yoxdur.
Sual: Qeyd etdiniz ki, fevral ayının 29-u, mart ayının 1-nə keçən gecə İrəvanda olarkən döyüş postu itirmisiniz və qısa zaman keçdikdən sonra Ağdərəyə qayıtmısınız. Deyin, bəs niyə İrəvana gəlmişdiniz? Niyə təcrübəli zabitləri İrəvana gətirmişdiniz? Onlar (Azərbaycan əsgərləri-red.) da bu fürsətdən istifadə edib, Qarabağdakı “hərbi birləşmə”nin nəzarəti altında olan döyüş postunu ələ keçirməyə nail ola bilmişdi.
Cavab: Mən hərbçi olmuşam və əmr icra etmişəm. Hərbçilər əmrləri müzakirə etmir, onu icra edirlər. Bu barədə hər hansı fikir söyləyə bilmərəm.
Sual: Deyin, bəs bu sayda istisnasız olaraq, zabit və gizirlərin İrəvana gətirilməsi, qoşunların döyüş qabiliyyətinə təsir edib, ya yox?
Cavab: Təbii ki, müəyyən təsiri olub. Bu addım qoşunlara mənfi təsir göstərib. Ancaq istəyirəm qeyd edim ki, müdafiəsiz qalmayıb. Əldə qalan qüvvələrlə döyüş növbətçiliyini həyata keçirməyə, qarşımızda qoyulmuş tapşırıqları yerinə yetirməyə davam etmişik.
Sual: İstintaq zamanı Qarabağdan İrəvana gələn qoşunların tərkibində Seyran Ohanyanın oğlunun olması barədə informasiya əldə edilib. Bu barədə nə deyə bilərsiniz?
Cavab: Ohanyanın oğlu bizim diviziyada qulluq etməyib, məlumatım yoxdur.
Sual: İstintaq zamanı əldə edilən məlumatlara əsasən, Qarabağdan İrəvan şəhərinin Çarbax qəsəbəsində yerləşən hərbi hissəsinə 1500 hərbi qulluqçu gəlib. Bu barədə nə deyə bilərsiniz?
Cavab: Qarabağdan İrəvana ilk növbədə 300 hərbi qulluqçu, daha sonra əlavə 400 nəfər də gəlib.
Sual: İbtidai istintaq zamanı əldə edilən informasiyaya görə, 2008-ci ilin fevral ayının 20-də Ermənistan prezidenti yanında keçirilən müşavirə zamanı Köçəryan bildirib ki, həmin gündən etibarən Ermənistanda fövqaladə vəziyyət elan edib. Bu barədə nə deyə bilərsiniz?
Cavab: Mən belə bir şey xatırlamıram, Köçəryan çox qəzəbli danışırdı. Ancaq belə sözlər deyib-demədiyini xatırlamıram. Ümumi fikir bundan ibarət idi ki, ölkənin vəziyyəti qarışıqdır, daxili siyasi həyat qeyri-sabitdir, bu da yolverilməzdir və nizama salınmalıdır. Lakin bizim qarşımızda konkret tapşırıq qoyulmayıb. Artıq müşavirədən sonra bizə dedilər ki, qoşunu İrəvana gətirək.
Sual: Ermənistan Müdafiə nazirinin 2008-ci il fevral ayının 23-də 0038 nömrəli əmrinə əsasən İrəvan şəhər qarnizonunun rəisi, nazirin müavini general-leytenant Yuri Xaçaturovun fəaliyyətinin təmin edilməsi məqsədi ilə qarnizon rəisinin administrasiyası yaradılıb. Administrasiya Ermənistan hökumət binasında yerləşib və Ermənistan Müdafiə nazirliyi, Qarabağdakı müxtəlif bölmələrdən təşkil edilən seçmə bölmələrə rəhbərlik edib. Bu barədə nə deyə bilərsiniz?
Cavab: Mən bu əmrin nömrəsi barədə son vaxtlarda eşitmişəm. Bilirdim ki, müdafiə naziri əmr verib və bunun əsasında Qarabağdan qoşun gətirilib. Lakin əmrin nömrəsini bilmirdim. Yuri Xaçaturovun rəhbərliyi ilə təşkil edən administrasiya haqqında isə məlumatım yoxdur. Bilirdim ki, həmin dövrdə Xaçaturov qarnizon rəisidir.
Sual: Siz ifadənizdə qeyd etdiniz ki, eşitməklə bilirsiniz ki, Karapetyan həmin dövrdə Xaçaturova tabe olub. Bu barədə nə deyə bilərsiniz?
Cavab: Mən, əsaslanaraq belə demişəm. Ona görə ki, o, qarnizon rəisinə, yaxud Müdafiə nazirinə tabe olmalı idi. Xüsusi yaradılan administrasiya barədə məlumatım olmayıb. (Ordu.az)