ZELENSKİNİN 100 GÜNÜ… - Ukraynanın yeni prezidentinin 3 əsas uğuru, 3 uğursuzluğu
Vladimir Zelenskinin prezidentliyinin 100 günü tamam oldu. Ukraynanın 6-cı prezidenti səlahiyyətlərinin icrasına mayın 20-də başlamış və kürsüyə çıxan kimi bir çox yeni qərar və dəyişikliklərə imza atmışdı.
Yenixeber.org: Rusiyanın “rbk.ru” saytı Zelenskinin yüz gününü dəyərləndirən məqalə hazırlayıb. Məqalədə Ukrayna liderinin bu müddətdə hansı nailiyyətləri əldə etdiyinə, nələri reallaşdıra bilmədiyinə aydınlıq gətirilib. Müəllif əvvəlcə nailiyyətlərdən başlayıb.
1. Elita dəyişikliyi
“Ötən dövr ərzində Vladimir Zelenski və komandasının əsas nailiyyəti “hakimiyyətin yenilənməsi” prosesini uğurlu həyata keçirmələri olub”, – deyə parlament seçkiləri ərəfəsində Zelenskinin seçki qərargahının rəhbəri olan Aleksandr Kornienko bildirir: “Köhnə elitalar növbədənkənar parlament seçkilərinin keçirilməsinin qanuniliyini Konstitusiya Məhkəməsində mübahisələndirməyə cəhd etdilər. Onların bu müqavimətinə baxmayaraq, seçkilər keçirildi. Parlamentin tərkibinin 75 faizi yeniləndi. Bununla yanaşı, seçicilər parlament seçkiləri kampaniyası zamanı Zelenskinin bəhs etdiyi dəyişikliklərin həyata keçirilməsi üçün bizim siyasi qüvvəyə böyük dəstək verdilər”.
«Zelenski prezident seçkilərinin üçüncü turunda qalib oldu. Üstəlik onun gənc partiyası parlamentdə mütləq çoxluğa sahib olaraq Nazirlər Kabinetini, həmçinin ölkənin icra hakimiyyətini tək formalaşdırmaq hüququ qazandı”, – deyə Zelenskinin komandası ilə işləyən siyasi məsləhətçi Aleksandr Xarebin bildirir.
“Ukrayna tarixində ilk dəfə olaraq, “köhnə” siyasi elitaların çöküşü “dördüncü hakimiyyət” istisna olmaqla, hakimiyyətin bütün qollarının prezidentin əlində cəmləşməsini təmin etdi. Bu, həm də bütün baş verənlərə (həmçinin gələcəkdəki qələbələrə və məğlubiyyətlərə) görə şəxsən Zelenskinin cavabdehlik daşıması deməkdir”, deyə ekspert Xarebin əlavə edir.
2. Qubernator korpusunda dəyişikliklər
Bütün vilayətlər üzrə inzibati ofis rəhbərlərini istefaya göndərmək niyyətində olduğunu Zelenski inauqurasiyadan dərhal sonra elan etdi.
«Ukrayna prezidenti bütün qubernatorların işdən azad edilməsində israr edir. Hazırda söhbət, 13 qubernatorun işdən çıxarılmasından gedir”, – deyə prezidentin mətbuat katibi Yuliya Mendel bildirib. Mendel əlavə edib ki, hazırda regionlara yeni rəhbərlərin təyinatı ilə bağlı namizədlərin seçilməsi prosesi gedir.
3. Məhbus və əsirlərin mübadiləsi ilə bağlı işlərin gücləndirilməsi
Kornienkonun fikrincə, əsirlərin mübadiləsi tam başa çatmayan işlər arasındadır. Lakin RBK-ya danışan ekspertlərin hamısı Zelenskinin komandasının bu problemin həllinə aktiv şəkildə çalışdığı qənaətindədir.
Dənizçilərin mübadiləsi prezident üçün çox vacibdir. Zelenski seçki kampaniyası zamanı da xüsusi vurğuladığı bu məsələni Rusiya ilə münaqişənin tənzimlənməsində açar məqamlardan biri sayır.
Ötən həftə Ukrayna ombudsmanı Lyudmila Denisova Moskvaya gəldi. Onun rusiyalı həmkarı Tatyana Moskalkova isə Kiyevə işgüzar səfər üçün məzuniyyətini yarımçıq qoydu. Həmin vaxt danışıqların gedişatından xəbərdar olan mənbələr bildirmişdilər ki, tərəflər hər iki ölkədə saxlanılan vətəndaşların mübadiləsi prosesini yekunlaşdırmağa çox yaxındılar. Onların sözlərinə görə, Moskva və Kiyev 33-nəfərin 33 nəfərlə mübadiləsi formulu üzərində dayanıblar.
Məqalənin növbəti hissəsində müəllif ötən 100 gün ərzində nələri etmək mümkün olmadığını da açıqlayıb.
1. XİN rəhbərini və müdafiə nazirini dəyişmək
Ukrayna prezidentinin Ali Radada Nazirlər Kabinetinin yalnız iki üzvünün namizədliyini təsdiqlətmək səlahiyyəti var: müdafiə naziri və xarici işlər nazirinin. Lakin Radanın əvvəlki çağırışları hər iki nazirin – XİN rəhbəri Pavl Klimkinin və müdafiə naziri Stepan Poltorakın istefasını təsdiqləməkdən imtina etdi.
Radanın da razılığı ilə prezidentin iki əsas hüquq-mühafizə orqanının – Təhlükəsizlik Xidmətinin və Ukraynanın Baş Prokurorluğunun da rəhbərlərini təyin və ya vəzifədən azad etmək səlahiyyəti var. Hazırda bu vəzifələrə də təyinat olmayıb.
Zelenskinin “Kvartal 95″dəki silahdaşı İvan Bakanov mayın 22-dən Təhlükəsizlik Xidməti rəhbərinin səlahiyyətlərini icra edir. Baş prokuror isə əvvəlki kimi Yuri Luçenkodur.
2. Qanunvericilikdə dəyişiklik
Kornienkonun sözlərinə görə, bu məsələdə parlament əməkdaşlıq nümayiş etdirmədi. Və prezidentin irəli sürdüyü ilk qanunlara “müqavimət” göstərdi. Radanın ilk iclası avqustun 29-da olacaq və yəqin ki, həmin iclasda baş nazir postuna namizəd açıqlanacaq.
Seçki kampaniyasında Zelenskinin vəd etdiyi qanun layihələri arasında bunlar var – “Xalq hakimiyyəti haqqında” qanun (Ukrayna xalqının hakimiyyətin əsas vəzifələrini referendum və birbaşa demokratiyanın digər formaları ilə müəyyənləşdirməsi mexanizmin gücləndirilməsi), “Ukrayna prezidentinin, deputatların və hakimlərin toxunulmazlıq hüququnun ləğvi haqqında”, “ Ukrayna prezidentinin impiçmenti haqqında ” və “ Ukrayna xalq deputatının geri çağırılması haqqında”.
3. Korrupsionerlərə qarşı cinayət təqibi
Ekspertlərə görə Zelenskinin uğursuzluğu ölkədə hələ ki heç kimin cəzalandırılmaması və həbs edilməməsidir. Halbuki Zelenskinin partiyasının şüarı belə idi – “Yaz gələcək, həbs etməyə başlayacağıq”.
«Yaz keçib, yay bitib, lakin cəmiyyətin ədalət istəyi hələ də təmin edilməyib”, deyə Xarebin korrupsiyaya, qanunsuzluğa yol verənlərin cəzasız qaldığından gileylənib.
Onun sözlərinə görə, bu baxımdan qarşıdakı payız Zelenskinin prezident kimi gələcəyini müəyyən edən mərhələ olacaq. Eyni zamanda prezident-parlament münasibətlərində format və yekun modeli təyin edəcək.
Ali Radanın keçmiş deputatı, parlamentdə “Pyotr Poroşenko Bloku”nun rəsmi spikerlərindən olan Aleksandr Çernenko deyir ki, Zelenski daxildəki istehlakçı üçün Lukaşenko rejimini işə salıb. Bu da insanlara xoş gəlir.
Seçici nə düşünür?
“Demokratik təşəbbüslər” fondunun direktoru İrina Bekeşkina Zelenskinin reytinqinin yüksək olduğunu bildirir: “Hələ ki, o, seçiciləri elə də qıcıqlandırmır. İnsanlar onu xoşlayır, özlərindən biri sayırlar”.
Fond ukraynalılar arasında sorğu keçirərək onlardan Zelenskinin prezident kimi ilk addımlarını necə qiymətləndirdiklərini soruşub. Nəticələrdən məlum olub ki, ukraynalıların 70 faizindən çoxu bu addımları təqdir edir.
«Zelenskinin hakimiyyətə yeni simaları gətirməsi, parlament seçkilərində qələbə qazanıb mütləq çoxluğa sahib olması insanların xoşuna gəlir. İnsanlar həm də onu bəyənirlər ki, prezident məmurlarla sərt danışır, onların yol verdikləri pozuntuları üzə çıxarmağa çalışır”, – fond rəhbəri bildirir.
Siyasi texnoloq Sergey Qayday hesab edir ki, sələfi Poroşenkodan fərqli olaraq Zelenski seçki kampaniyası dövründə işlədi və indi də vədlərə yox, seçicilərin gözləntilərinə uyğun işləməyə davam edir: “Prezident postunu tutanda Poroşenko söz verdi ki, qısa müddət ərzində bütün biznes səhmlərini satacaq, qrivnanı möhkəmləndirəcək, Rusiya ilə müharibəni bitirəcək. Lakin bunun əvəzinə İlovayskda faciə baş verdi, məlum oldu ki, Lipetskdəki fabrik işini davam etdirir, Poroşenkonun biznesdəki tanışları vəzifələrə təyin olunur və s. Beləliklə, ilk yüz gündə Poroşenko elektoratının yarısını itirdi, digər yarısını isə “Xalq cəbhəsi” ələ keçirdi. Zelenskinin isə faktiki olaraq öz proqramını reallaşdırmaq imkanı olmadı. Bu yüz gün ərzində o, real dəyişikliklərlə məşğul olmadı. Bunun əvəzinə parlamentlə, yerli məmurlarla mübarizə apardı.
Gürcüstanda Saakaşvili hakimiyyətə gələndə yüz gün ərzində xeyli adamı həbsə atmış, hüquq-mühafizə orqanlarında islahatlar aparmışdı. İnsanlar onun yüz gününü necəsə qiymətləndirə bilərdilər. Lakin Zelenski seçkini udanda ictimaiyyətə bəyan etdi ki, işləyə bilmir. Radanın düşmən münasibəti ona mane olur”.
Ekspert deyir ki, Zelenski konkret heç nə vəd etməmişdi: “O, seçicilərin gözləntiləri üzərində oynadı. Ötən yüz gün ərzində Zelenski itirmədi, seçicilərin gözləntilərini yüksək səviyyəyə çatdırdı. Əslində kampaniyasını davam etdirdi. Bunu da onun nailiyyəti adlandırmaq olar”.
Tərcümə etdi: G.Hüseynova
Strateq.az