ZELENSKİYƏ İLK ZƏRBƏ –Parlamenti buraxa bilməyəcək
Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin vəzifəsinin icrasına başlayan kimi parlamenti buraxacağı gözlənilirdi. Lakin ölkə qanunvericiliyindəki bəzi özəlliklərdən istifadə edən Ali Rada yeni prezidentin bu addımının qarşısına alacaq bir addım atıb.
Yenixeber.org: Parlamentdə təmsil olunan “Xalq Cəbhəsi” Partiyası təmsil olunduğu hakim koalisiyadan çıxdığı barədə qərarını elan etdiyi üçün Zelenski parlamenti buraxa bilməyəcək. Ukrayna qanunvericiliyinə görə, prezident parlamenti 3 halda istefaya göndərə bilər: hökuməti formalaşdıra bilməyəndə, 1 ay müddətində iclas keçirilmədikdə və parlament çoxluğunu təşkil edən koalisiya olmadıqda. Zelenskinin məhz koalisiyanın olmamasını əsas gətirərək, parlamenti buraxacağı gözlənilirdi. Belə ki, sənəd üzərində Pyotr Poroşenkonun bloku, Yuliya Timoşenkonun partiyası, “Xalq Cəbhəsi” partiyası və daha iki partiyanın yaratdığı koalisiya mövcud olsa da, Yuliya Timoşenkonun partiyası və digər iki partiya onu tərk etdiyi üçün faktiki olaraq, çoxluğu təşkil edən (ən azı 226 deputatı birləşdirən-red.) hakim koalisiya yox idi və Zelenski bu məqamdan istifadə edəcəkdi. Hətta ötən gün yeni prezidentin sözçüsü Dmitri Razumkovparlamentin buraxılacağının anonsunu da vermişdi.
Lakin “Xalq Cəbhəsi” Partiyası faktiki olaraq, yalnız Pyotr Poroşenkonun bloku ilə ikisinin qaldığı hakim fraksiyadan mayın 17-də çıxdığını rəsmən elan edib. Qanunvericiliyə görə isə belə hallarda parlament sədri 30 günlük yeni müddət təyin edir və həmin müddətdə yeni parlament çoxluğunu təşkil edən fraksiya yaradılır. Yalnız 30 gündən sonra fraksiya yaradıla bilməsə, prezident parlamenti buraxa bilər. Lakin qanunda o da var ki, növbəti parlament seçkisinə 6 aydan az vaxt qaldığı təqdirdə parlament buraxıla bilməz. Bu baxımdan Zelenskinin parlamenti yalnız mayın 28-dək buraxmaq imkanı vardı. Ancaq indi o, yeni fraksiyanın yaradılması üçün nəzərdə tutulan bir ayı gözləməli olacaq. Bir aydan sonra isə artıq seçkiyə 5 ay qalacaq və prezidentin Ali Radanı buraxmaq hüququ olmayacaq.
Göründüyü kimi, deputatlar qeyd edilən manevri həyata keçirərək, Zelenskini parlamenti buraxmaq imkanından məhrum ediblər və payızda keçiriləcək seçkiyə qədər vaxt uda biliblər. Təhlilçilər bunu yeni prezidentə endirilən ilk zərbə hesab edirlər.
Qeyd edək ki, “Xalq Cəbhəsi” Partiyası 2014-cü il seçkisində 22 faizdən yuxarı səs toplayaraq, birinci olsa da, keçirilən son sorğuların nəticələrinə görə əhali arasında cəmi 1 faiz dəstəyə malikdir və demək olar ki, reytinqi yoxdur. Bu səbəbdən vaxtilə Yuliya Timoşenkonun yaxın adamları olan Arseni Yatsenyuk, Aleksandr Turçinov kimi siyasətçilərin və erməni əsilli nazir Arsen Avakovun təmsil olunduğu bu partiya payıza qədər vaxt udmağa və növbəti seçkidə nəyəsə nail olmağa çalışır.(azpolitika)