PAŞİNYAN OLİQARXLARDAN ASILI VƏZİYYƏTƏ DÜŞÜB – Baş nazir təxribat və çevriliş qorxusundan qətiyyətli addım ata bilmir -TƏHLİL
Qarnik Qevorqyan
“1in.am”, Ermənistan, 13 avqust 2019-cu il
Yenixeber.org: İlin birinci yarısının ən böyük 1000 vergiödəyicisinin siyahısı dərc edilib. Siyahıda olanlar elə keçmişdəki həmin adlardır – böyük sahibkarların, oliqarxiya qaydaları ilə işləyən inhisarçıların şirkətləridir.
Ermənistan iqtisadiyyatının əsasını, oxunu oliqarxiya təşkil etməkdə davam edir. O, keçmişdə əsasən kölgədə, qismən qanuni sahədə fəaliyyət göstərirdisə, bu gün qanuni sahədədir, ola bilər, ümumiyyətlə kölgədə deyildir. Ancaq problem, ilk baxışda göründüyü kimi, onda deyil ki, oliqarxiya kölgədə, yoxsa qanuni sahədə fəaliyyət göstərir. Hətta oliqarxiyanın qanuni sahəyə keçməsinin müsbət qiymətləndirilməsi yanlış fikir ola bilər. Hakimiyyət bunu özünün uğuru kimi də göstərə bilər. Ancaq bu, anlaşılmazlıqdır, çünki oliqarxiya, yenə ilk baxışda göründüyü kimi, öz xarakterinə və funksional təyinatına görə sadəcə iri kapital deyil, ondan daha böyük əhəmiyyət kəsb edir. Oliqarxiya, Ermənistanın öncəki iki hakimiyyətinin 20 ildən artıq müddət ərzində əsaslandığı siyasi-iqtisadi sistemin əsas, həlledici tərkib hissəsidir. Dövlətlə, eyni zamanda cinayət aləmilə çuğlaşmış oliqarxiya bu hakimiyyətlərin mövcudluğuna və “təkrar istehsalına” xidmət edib. Hakimiyyətlər isə öz növbələrində oliqarxiyanın inhisarçı maraqlarına xidmət göstərib.
Oliqarxiya olmadan, Koçaryan-Sarkisyan hakimiyyəti mövcud ola bilməzdi. Öz növbəsində, bu hakimiyyətlərin oliqarxiyaya xidməti olmasaydı, oliqarxiya həm keçmişdə, həm də hazırda malik olduğu rolu və funksional əhəmiyyəti əldə edə bilməzdi. Bu, Ermənistanın həm siyasi, həm də iqtisadi sistemi üçün geridönməz nəticələri olan üzvi, dialektik əlaqə idi.
Beləliklə, öncəki rejimlər hakim siyasi qüvvələrin timsalında siyasi təbəqədən və oliqarxiyanın timsalında iqtisadi bazisdən təşkil olunmuşdu. “Məxməri inqilab”la hakimiyyətin siyasi təbəqəsi, yalnız aysberqin görünən hissəsi, zirvəsi uzaqlaşdırıldı. Bu hakimiyyətin digər üzvi tərkib hissəsi olan oliqarxiya isə maneəsiz olaraq fəaliyyət göstərməyə və çiçəklənməyə davam edir. Dolayısilə, Ermənistanda “məxməri inqilab”la hakimiyyətin dəyişilməsi fikri yalnız səthi qavrayış şəraitində yerinə düşür. “Məxməri inqilab”la, təkrar edirəm, öncəki hakimiyyətin yalnız siyasi təbəqəsi, – istəyirsəniz, vitrin hissəsi deyin, – dəyişilib.
Ötən ilyarım ərzində yeni hakimiyyət iqtisadiyyatın oliqarxik strukturunun dəyişdirilməsi üçün nəinki heç bir sistemli addım atmayıb, eyni zamanda həmin oliqarxiya ilə dinc şəkildə birgə yaşayıb. Üstəlik, hakimiyyətdə, Nikol Paşinyanda belə yalnış təəssürat və ya hiss yarana bilər ki, keçmiş oliqarxlar bu gün artıq “özününkülər” olub.
Ancaq bu, heç bir halda, elə deyil. Əlbəttə, əgər Nikol Paşinyan oliqarxiyanın maraqlarının xidmətçisi olmaq niyyətində deyilsə. Problem ondadır ki, oliqarxiyanın məntiqinə əsasən, o, yalnız onun maraqlarına xidmət edən hakimiyyətin varlığı şəraitində fəaliyyət göstərə və inkişaf edə bilər. Ya oliqarxiya sistem kimi yox olmalıdır, ya da mövcud hakimiyyət tədricən oliqarxiyanın maraqlarına xidmət etməyə başlamalıdır.
Biz birinci istiqamətdə atılan hər hansı bir addım görmürük. Dolayısilə, istisna edilməməlidir ki, zaman ötdükcə mövcud hakimiyyət oliqarxiyanın maraqlarının xidmətçisinə çevrilə bilər. Əlbəttə, əgər artıq xidmət etməyə başlamayıbsa…
Problem ondadır ki, mövcud hakimiyyət, bu və ya başqa formada, həmin oliqarxiyadan asılıdır. Çünki oliqarxiya iqtisadiyyatda elə bir rol oynayır ki, bir saat ərzində vəziyyəti dəyişə bilər. Bu planda, demək olar ki, oliqarxiya bu gün də hakimiyyətin qəbul etdiyi qərarlara təsir edir. Ən azı, o dərəcədə təsir edir ki, hakimiyyət oliqarxiyaya qarşı hər hansı bir addım atanda, mümkün təxribatlar haqqında düşünür və onlardan çəkinir.
Neçə ki Ermənistan iqtisadiyyatında nisbət dəyişməyib, ölkənin iqtisadi modelinin dəyişdirilməsi və bunun nəticəsi olaraq oliqarxiyanın ortadan qaldırılması üçün addım atılmayıb, hakimiyyət, Nikol Paşinyan zahirən onlara sərəncam verdiklərini göstərməklə, oliqarxiya qarşısında qorxu şəraitində yaşayacaq.
Əslində, hakimiyyəti ölkənin iqtisadi həyatında öz rolunu oynamağa davam etməklə, dolayısilə məhz oliqarxiya idarə edir.
Oliqarxiya vaxt ötdükcə ya hakimiyyəti tam özünə xidmət etməyə məcbur edəcək, ya da hakimiyyəti dəyişdirmə yolları, öz maraqlarına xidmət edən hakimiyyətə malik olma üsulları tapacaq. Bu planda keçmiş hakimiyyətin və oliqarxiyanın maraqları üst-üstə düşür. Bu isə o deməkdir ki, oliqarxiyanın mövcud olduğu hər bir gün onun keçmiş hakimiyyət vasitəsilə mövcud hakimiyyətə qarşı fəaliyyət göstərməsi, son nəticədə hakimiyyətin dəyişdirilməsi ehtimalını artırır.
Keçmişi geri qaytarmaq üçün mümkün olan hər şeyi edən və edəcək oliqarxiya köhnə Ermənistanın ən böyük və həlledici qalığıdır.
Nikol Paşinyan isə özünün apardığı simasız iqtisadi siyasətilə buna yalnız töhfə verir.
Tərcümə: Strateq.az