KOÇARYANIN YENİDƏN HƏBSİ KİMƏ LAZIMDIR?–Paşinyana qarşı təxribat, yoxsa "1 mart işi"nə yol açmaq? - TƏHLİL
Sarqis Arsruni
“1in.am”, Ermənistan, 07 dekabr 2018-ci il
Yenixeber.org: Apelyasiya Məhkəməsinin hakim Ruben Mxitaryanın sədrliyi ilə keçirilən iclasında Robert Koçaryanı müdafiə tərəfinin ölkənin ikinci prezidentilə bağlı həbs qətimkan tədbiri seçən birinci instansiya məhkəməsinin qərarından etdiyi şikayətlə əlaqədar qəbul edilən qərar elan olunub.
Bu qərar əsasında Koçaryanın həbs ediləcəyini qeyd edən ikinci prezidentin vəkili Ayk Alumyan deyib: “Bizim şikayətimiz rədd edildi, birinci instansiya məhkəməsinin qərarı qüvvədə qaldı. Məhkəməyə görə, o, həbs olunmalıdı, qətimkan tədbiri olaraq həbs seçilib”.
Beləliklə, parlament seçkilərinə cəmi iki gün qalmış Robert Koçaryan həbs edildi və heç şübhəsiz, bu hadisə, xüsusilə seçki kontekstində, həlledici əhəmiyyət kəsb edəcək.
Ayrıca, Koçaryanın həbsinin siyasi nəticələri çoxqatlıdır: bu, cəmiyyəti “Mənim addımım” ətrafında daha sıx birləşdirəcək, sonuncunun qələbəsini daha sarsıdıcı və əsaslı edəcək.
Digər tərəfdən, bu halda əsaslı qələbə anlayışı tamamilə şərtidir, çünki Nikol Paşinyanın bloku 90% səs alsa da, Konstitusiyaya əsasən, müxalifətin 30%-lik təmsilçiliyi olmalıdır. İnqilab komandası istənilən halda, hətta Robert Koçaryan həbs edilməsəydi, konstitusiya çoxluğunu alacaqdı.
Bu nöqteyi-nəzərdən, seçkiyə cəmi iki gün qalmış Koçaryanın həbsinin nə üçün hakimiyyətə belə çox lazım olması tam aydın olmur. Xüsusən də öncədən məlum idi ki, Ermənistan Respublika Partiyası (ERP) “seçkiyə cəmi iki gün qalmış hakimiyyət bizim seçicilərimizi qorxutdu” deyərək, bütün beynəlxalq strukturları şikayət və müraciətlərlə dolduracaq.
Bu cür qiymətləndirmələrdə, dəqiq olaraq, nöqsan olmayacaq. Xüsusən də ona görə ki, cəmi iki gün öncə Nikol Paşinyanın Artur Vanesyanla (Milli Təhlükəsizlik Xidmətinin direktoru – tərc.) olan telefon danışığının nəşr edilən səsyazısı spekulyasiya üçün yeni meydan açıb.
Robert Koçaryan, deyək ki, 10 və ya 11 dekabrda da həbs edilə bilərdi və bu, manipulyasiyalara, açıq seçkiqabağı spekulyasiyalara gətirib çıxarmazdı. Bu nöqteyi-nəzərdən, məhkəmə iclasının 7 dekabra təyin edilməsi, mümkündür ki, elə məhkəmə hakimiyyəti və ya kölgədə olan digər qüvvələr tərəfindən Nikol Paşinyana yönəlik olaraq təşkil olunmuş təxribatın təzahürü olsun.
Lakin bu məsələ siyasi spekulyasiyalara nə qədər bəhanə versə də, Koçaryanın həbsi “1 mart işi”nin tam açılması üçün çox mühüm və əhəmiyyətlidir. Çünki aydındır ki, ikinci prezident azadlıqda olaraq, bu işdə adı keçən çox sayda adama birbaşa və dolayı yolla təsir edərək, istintaq orqanının fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Bu gün Apelyasiya Məhkəməsi, mahiyyətcə, ədaləti bərpa etdi. Ayrıca, bütün əlamətlərə əsasən görünür ki, Koçaryan bu dəfə uzunmüddətli həbs olunub. Çünki bir neçə gün öncə Kassasiya Məhkəməsi, mahiyyət etibarilə, birinci instansiya məhkəməsinin qərarını qanuni hesab edərək, ona hüquqi qiymət verib.
Koçaryanın vəkilləri, ən yaxşı halda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ümid edə bilərlər. Lakin bizə görə, Xüsusi İstintaq Xidmətinin motivləri elə möhkəmdir ki, Koçaryanın hətta Strasburq məhkəməsində belə heç bir şansı yoxdur.
Beləliklə, bir neçə gün ərzində inqilab dəyərlərinin kapitallaşması tamamilə simvolikdir. Robert Koçaryan həbs edilərək, “1mart işi”nin tam açılmasına yol açılır, ERP isə, göründüyü kimi, parlamentə keçə bilməyərək, kriminal oliqarxiyanın ölümünü simvollaşdırır. Tərcümə Strateq.az-ındır