“Cıdır düzündən durub Topxana meşəsinə baxıram...”
...Yenə bir bahar gəldi, yenə növbəti bir 8 may günü amansızcasına qapımızı döydü. Həm də elə bərk döydü ki, o ahəngsiz taqqıltı səsi əvvəl qulaqlarımızı , sonra beynimizi, daha sonra isə ürəyimizin başını deşdi. O ahəngsiz taqqıltı səsi: Şuşa işğaldadır, Şuşa yağıdadır, Şuşa sizi haraylayır. Şuşa can üstədir”...deyib, hirsini-hikkəsini töküb gedir. Düz 27 ildir belədir. Düz 27 ildir, həsrətlə nəyisə gözləyirik... Taqqıltınımı, taqqıltının verdiyi acınımı?Bəlkə gözümüzdə xatirələrə dönmüş Şuşanın gercək özünü görmək həsrətimi?Bax elə bu an dodaqlqrım görkəmli şairimiz Bəxtiyar Vahabzadənin bu misralarını pıçıldayır:
Bu bahar oxuma, bülbül, sən Allah!
Zülmətdir,
Yoluna şam tutanın yox.
Şuşan ağlar qaldı, köçdü el-oba,
Şirin cəh-cəhinə dəm tutanın yox.
Deyilənə görə, Səməd bəy Ağaoğlu xatirələrində yazırmış ki, Əhməd bəy Ağaoğludan (Atatürkün silahdaşı olmuş qorxmaz və cəsur şuşalı Ə. Ağaoğlu) soruşduq ki, ata, nə üçün Şuşa haqqında xatirələrini yazmırsan? İstanbulda ömrünün son illərini yaşayan Əhməd bəy oğluna belə cavab vermişdi: “O xatirələrə toxuna bilmirəm, mənim üçün çox ağır olur”.
İndi düşünürəm...Bəlkə şuşalılar da bu həzin, eyni zamanda sarsıdıcı ayrılıq dərdindən qorxurlar?Bəlkə onlara da ağır gəlir, Şuşanı anmaq, şuşalı günlərə, xatirələrə toxuna bilməmək? Bəlkə elə bunun izahını şuşalıların özündən soruşaq?
Sualımı Meydan məhləsində doğulmuş, nəinki o aralıqları, o kücələri, lap elə yerə döşənmiş o caylaq daşlarını da unutmayan, onların qoxusunu hər zaman burnunda tutan Faiq İsgəndərova ünvanlayıram. Əvvəlcə, susur, gözləri yol cəkir. Elə görünür ki, ya danışmaq istəmir, ya da danışa bilmir... hardan , nədən başlayacağını düşünür. Hə, nəhayət söhbətə başlamağa bir ip ucu tapdı. Şuşanın gözəlliklərindən, bütün fəsillərdə Şuşaya gələn turistlərdən, İsa bulağının lətif suyundan, pioner düşərgəsindən, Cıdır düzünün əsrarəngizliyindən, qarın dənəvər-dənəvər, sakit-sakit yağmasından, o ağğappaq qarın üstündə sürüşmək ücün “dava-şava” salan uşaqlardan...
-Faiq, Şuşa işğal olunanda neçə yaşın vardı?
- Mən 1974-cü ildə anadan olmuşam. Orta məktəbi bitirən kimi ordu sıralarında xidmətə başlamışam. Döyüşlərdə iştirak etmişəm. Həmin gün Şuşa üzərinə 11 min erməni əsgəri hücuma keçmişdi. Ordumuzun sayı onların sayından xeyli az idi. Müqavimət göstərən batalyonlar nə qədər kömək gözləsə də kömək gəlib çıxmırdı. Nə qədər igidlərimiz bu gözəl yurd uğrunda şəhid oldu...Amma təssüf ki aradan 27 il keçməsinə baxmayaraq Şuşamız hələ də erməni tapdağında inləyir...
- Səfərbətlik olsa, gedərsiniz?
-O günü Allahdan arzu edirəm... Ən böyük arzumdur ki, bizim əsgərlər ermənilərə həddini bildirsin, Şuşaya qələbə bayrağını sancsınlar. Bax o qələbənin bir damcısında mənim də əməyim olsun! Hər yerdə sinəmə döyüm ki, biz qalib bir ölkənin vətəndaşıyıq...Amma hələ də Şuşanı yuxularımda görmək məcburiyyətindəyəm. Mən döyüş istəyirəm, müharibə olsun! Çünki o quldurlar yurdumuzu sakitcə tərk etməyəcəklər. Onları düz Mesopotomiyaya qədər qovmaq lazımdı. Nəinki mən, elə bir şuşalı olmaz ki, Şuşanı arzulamasın, Şuşa uğrunda ölmək istəməsin.
Hədiyyə Bağırovanın valideynləri əslən Ağdam rayonundan olsa da, o doğulmamışdan çox əvvəllər Şuşaya köçüblər. Bu səbəbdəndə o özünü şuşalı kimi hiss edir. Şuşalı günləri kədərlə xatırlayır. Həyat yoldaşı Nemətlə yenicə ailə qurmuş, ailə şirinliyini, ana duyğularını Şuşada yaşamışdı. 4 övladı da o gözəl məkanda dünyaya göz açıb.Amma harda, necə bir cənnətdə dünyaya gəldiklərinin fərqinı anlamaq məqamında yurdlarından perik düşüblər. Şuşadan gənc ana, təzə gəlin kimi ayrılan Hədiyyə xanım indi nənədir. 60 yaşı var. Deyir, yaş üstə yaş gəldikcə yurdum ücün daha çox darışıram, necə deyərlər, lap burnumun ucu göynəyir :” Şuşadan, xatirələrdən danışmaqla qurtaran deyil. Daşından, torpağından doymadığım Şuşamın hansı möcüzəsindən yazsam sakitləşərəm?bilmirəm! İlk addımımı atdığım, havasından suyundan içib böyüdüyüm Şuşanın Ağadədəli məhəlləsidənmi, ayaqyalın oynadığım sulama daşlıqdanmı? İlk dəfə əlimə çanta alıb 4 saylı məktəbə getdiyimdənmi? Acılı- şirinli uşaqlıq illərimdənmi? Yoxsa həsrət qaldığımız Cıdır düzünün o füsünkar gözəlliyindənmi? Qayaların arasından bitən kəklikotundanmı deyim?Yoxsa Üçmıx dağının xarıbülbülündənmi danışm? Həsrət qaldığımız İsa bulağındanmı, Soyuq bulağındanmı danışım, bacım? Qış olanda narın-narın yağan, yeridikcə ayaq altında xışıldayan qarın gözəlliyindənmi? Bəzən yuxularımda Cıdır düzündən durub Topxana meşəsinə baxıram.Yuxunun içində dilim söz tutmur, nəsə deyə bilmirəm. Yuxudan ayılandan sonra dönə-dönə təkrarlayıram: “ Kaş ölüb orda qalaydım. Ruhum o dağlarda, meşələrdə, Ağadədəlidə gəzəydi. Kaş ki..”
Kövrəltdin məni! Bir dəfə təsadüfən evimizin yeni çəkilmiş şəklini sosial şəbəkədə gördüm. Ermənilər çəkib paylaşmışdı. Bir həftə özümə gələ bilmədim.Şəkli böyütdürüb, çərçivəyə salıb, divardan asmışam. Ağlar qalan Şuşamın ağlar sakinləriyik. Şəkillərdə yaşadırıq, xatirələri qoruyub saxlayırıq. Amma bir ümid var qəlbimdə. Allah son ümidimizi əlimizdən almasın.İnanıram bir gün qara bulud Şuşamın səmasından çəkiləcək . Doğacaq günəşi görmək üçün Allah ömür versin bizlərə”.
Şuşalıların, ümumən bütün qarabağlıların bir amalı var; ana qucağı kimi isti, əziz olan doğma yurdlarına dönmək amalı. Bəli, artıq bu arzu deyil, amaldır! Şuşalı Şuşaya, cəbrayıllı Cəbrayıla, laçınlı Laçına, bir sözlə hər kəs yenidən öz yuvasına qovuşmalıdır!
Bütün şüşalılara, laçınlılara, ağdamlılara, xocalılılara, xocavəndlilərə , bir sözlə, qarabağlılara o günə qovuşmağı arzu edirik!
Əntiqə Rəşid