Şahın yerinə mat olan Şuşam
"xeberinfo.com": May ayının 8- ni hər ilin üzü qara günü kimi göz yaşıyla yola salırıq. Gözəllər gözəli Şuşa növbəti dəfə də belə anılır. Təbiətin gözəl, dilbər güşəsi, elimizin-obamızın qeyrət qalası olan Şuşam mənim, Azərbaycanımızın qızıl tacı. Tacımızı başımızdan nankorlar, çörəyi dizinin üstündə olanlar götürdülər, tacsız qaldıq.
Yüz dəfə, min dəfə üzür istəyirik, biz övladlarını bağışla, bağışla ki,səni- qeyrət qalamızı, baş tacımızı xəyanətdən, satqınlıqdan qoruya bilmədik. Çıxmış, ovcumuza tökülmüş gözümüzü qırpmadan əlimizdən verdik. Verdik bizimki deyilmiş kimi, verdik istədiyimizi əldə etmək üçün.
Bu rusvayçılıq belimizi əysə də, üzümüzü qaradan-qara eləsə də 22 ildir ki,sınmış çiynimizdə daşıyırıq. Torpaq,Vətən yolunda şəhid olmaq istəyənlər üçün nə yaman ağırdır bu yük,ilahi.
Mənim əsir Şuşam. Vaxt vardı sənin yaxın uzaq ölkələrə səs salan nər ürəkli, şir biləkli qeyrərli müdafiəçilərin var idi. Bizdə belə bir inam formalaşmışdı ki, quş quşluğu ilə sənə daxil ola bilməz.Qanad salar, çox təəssüflər olsun ki, xainlər, siyasi aləmdə parlamaq, ad san qazanmaq, var- dövlət toplamaq olan məmurlar fitnə fəsad yolu ilə mərdləri,qeyrətliləri, vətənpərvərləri pərən-pərən elədilər və dedilər Şuşa qalası heç vaxt,heç zaman düşmənə məğlub olmayacaq. Çünki onu biz qoruyuruq. Sadəlövh olan bizlər bu boşboğazlığa, yalana uyduq, qalanın yeganə qapısı müdafiəsiz qaldı.
Bəli, 22 ildir ki, əlin- qolun bağlı erməni əsirliyindəsən, 22 ildir ürəkləri ehtizaza gətirən musiqin pərdə- pərdə dağlara, oradan da düzlərə yayılmır, 22 ildir yalançı, haqsız, həqiqəti görməyib kor olan dünyanın arxa durduğu murdar erməninin əlində əsir- yesirsən, 22 ildir nəmli gözlərin yollarda əsil insan səsi eşitməyən qulağın səsdə. özün dəmir qəfəsdəsən.
Atalar deyib ki, yaman günün, ilin ömürü az olar. Qanla, ölümlə qurulan ,ucaldılan, elə qan içində də boğular. Sən bir az da döz, biz dözümlüyük. Düşmənin mənəm- mənəmliyi uzun sürməyəcək. Qeyrətli oğullar ayağa qalxacaq, ermənilərin burunlarını ovub onlara indiyə kimi verilməyən dərsi verəcəklər. Ümidlə yaşa, ümidini kəsmə. Mənim gözəl Şuşam!
Məhərrəm Şəmkirli